Onlayn dərslər gözlərə necə təsir edir? - Həkimdən məsləhət
05 yanvar 2021 13:27 (UTC +04:00)

Onlayn dərslər gözlərə necə təsir edir? - Həkimdən məsləhət

“Pandemiya səbəbi ilə dərslərin onlayn rejimdə davam etməsi uşaqların görməsinə təsir edə bilər. Görmənin zəifləməsi bir yox, bir neçə amilin təsirindən olur. Burada təkcə uşaqların gün ərzində telefon və kompüterdən istifadəsi deyil, həmçinin açıq havada olmamaları və vitamin D qəbul etməmələri də əsas səbəbdir”

Bu fikirləri Lent.az-a açıqlamasında pediatrik oftalmoloq cərrah Qəmər Əliyeva deyib.

Oftalmoloq cərrah Qəmər Əliyeva

Həkim qeyd edir ki, hər uşağın gözündə onlayn təhsilə görə görmə zəifləməsi yaranmır:

“Ancaq meyillik və ya daha əvvəldən hansısa bir problem olanda bu proses daha da kəsginləşir, get –gedə çoxalır. Son dövrlər valideynlər tez –tez gözdə quruluqdan, qızartıdan, baş ağrısından və gözdə sulanmadan şikayət edirlər. Buna da səbəb uşaqların uzun müddət yaxın məsafəyə baxmalarıdı. Bu isə telefon və kompüterdən çox istifadə edilən zaman yaranır. Təəssüf  ki, hazırda bunun qarşısını ala bilmirik. Çünki uşaqlar təhsillərinə davam etməlidirlər. Təhsildən əlavə uşaqları kompüter və telefondan uzaq tutmaq məsləhətdir. Telefon və kompüterdə dərs öyrənən uşaqlar ən azı yarım saat dincəlməli və bu zaman uzağa baxmalı, təmiz havada olmalıdılar. Dərs zamanı qoruyucu eynəkdən istifadə etməlidi.”

Qəmər Əliyeva gözdə sulanma, qızarma, baş ağrısı, yaxın məsafəni görməkdə şikayət olarsa o zaman həkimə müraciət eləməli, həkim təyinatı ilə süni göz yaşlarından istifadə etməyi məsləhət görür:

“Bundan sonra görmə nisbətən daha da rahatlaşacaq. Görmə zəifliyindən başqa bir də uşaqlarda son bir neçə ayda gözləri tez-tez qırpma və baş ağrıları müşahidə edilir. Bu zaman ilk olaraq göz həkimi, daha sonra isə nevropatoloq müayinə etməlidi.

Əgər uşaqlarda əvvəl göz xəstəliyi və hansısa şikayət olmayıbsa, onlayn dərslər zamanı yaranan görmə zəifliyi müalicə ilə aradan qalxa bilər. Yox əgər əvvəllər hansısa səbəblər olub, görmə zəifliyi varsa, bu zaman görmənin tam bərpası daha uzun zaman alacaq. Telefon və kompüter görmənin pisləşməsinə bir zamin yaradır.”

 Həkim oftalmoloq uşaqlara hər gün bir saat günəşin şüaları qəbul etməyi məsləhət görür:

“Bu həm vitamin D qəbuluna, həm də oksigen qəbul eləmək üçün  gözəl vaistədi. Çünki bizim gözün ön hissəsində, buynuz qişasında damarlar olmadığından qidanı oksigenlə alır. Ona görə də gün ərzində bir saat təmiz havada olmaq məsləhətdi.”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3915
avatar

Nigar Adil

Oxşar yazılar