Bakının bir çox bazarlarında, yol kənarlarında, mağazalarda mənşəyi bilinməyən ətlər satılır. İstehlakçılar bəziləri ucuz olduğu üçün, bəziləri qəssaba inandığı üçün belə yerlərdən ət alırlar.
Amma bilmirlər ki, ət qorxunc xəstəliklərə səbəb ola bilər. Ətdən keçən xəstəliklər heyvanın özündən, heyvanın kəsilməsi, ətin doğranılması və hazırlanması zamanı çalışan insanlardan, ətin hazırlandığı alətlər və avadanlıqlardan yayıla bilər.
Lent.az ətdən yarana biləcək xəstəliklərdən bəhs edəcək.
Həkim virusoloq Nazim Süleymanovun dediyinə görə, ətdən insana salmonello, alum, çiçək, vərəm, ruam, quduzluq, qarayara xəstəliyi yoluxa bilər:
"Qırmızı ətdən keçən salmaonella da ən təhlükəli xəstəliklərdən biridir. İllər əvvəl salmonella tif xəstəliyinə səbəb olurdusa, son vaxtlar onu həzmsizlik və bağırsaq problemləri əvəz edir. Salmonella infeksiyasının simptomları şiddətli qarın ağrısı, ürəkbulanma və ishal şəklində inkişaf edə bilər. Ölümcül olmaya bilər, amma təhlükəli xəstəlikdir.
Qırmızı ətlə keçən başqa bir xəstəlik bruselladır.
Qızdırma, yorğunluq, iştahsızlıq, kilo itkisi, baş ağrısı, gecə tərləmələri, geniş yayılmış əzələ və oynaq ağrıları ilə müşahidə olunur. Toksoplazma da ət vasitəsilə insana yoluxur.
Bu virus, çiy və ya az bişmiş ət vasitəsilə ötürülür. Hamiləlik zamanı problem yaşayan heyvanlar bu virusu daşıyır. Eynilə, yeni doğulan heyvan da bu virusdan öz payını alır.
Qarayara xəstəliyində bədənin müxtəlif nahiyələrində qara qapaqlı ləkələr görünür, qızdırma sürətlə artır. Xəstəlik sürətlə irəliləyir və adətən ölümlə nəticələnir. Tif və oxşar xəstəlik mikrobları daşıyan insanlar heç vaxt ətlə təmasda olmamalıdırlar".