Ən çox bu xəstəliklərə görə ambulans çağırılıb - 65 minə yaxın MÜRACİƏT
23 avqust 2024 09:16 (UTC +04:00)

Ən çox bu xəstəliklərə görə ambulans çağırılıb - 65 minə yaxın MÜRACİƏT

Bu ilin iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin "103" Çağrı xidmətinə Bakı şəhəri üzrə 64814 çağırış daxil olub. Bu çağırışlara əsasən 57776 nəfərə yerində ilk yardım təmin olunub, 6956 nəfər isə müxtəlif profilli tibb müəssisələrinə hospitalizasiya olunub. 

Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, gündəlik müraciət sayı təxminən 2238 - 2241 təşkil edib. 

Daxil olan çağırışlardan 4295-i əsassız, yəni təcili tibbi yardıma aid olmayan müraciətlər olub. 

Eyni zamanda 6187 nəfərin çağırışı nəticəsiz (haqqında çağırış verilən şəxs yerində tapılmayıb, tibbi yardımdan imtina olunub və s.) olaraq qeydə alınıb.

Çağırışlar daha çox arterial təzyiq, ürək-damar sistemi xəstəlikləri, səhhətdə yaranan ani pisləşmələr, müxtəlif növ travmalar və s. ilə bağlı olub.

Əsassız çağırışların sayının üstünlük təşkil etməsini nəzərə alaraq, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin hansı hallarda çağırışları icra etmədiyini bir daha xatırladırıq:

1. Sahə həkimi/ailə həkimi tərəfindən planlı müalicə prosedurlarının aparılması (inyeksiya, venadaxili infuziya ("sistemin köçürülməsi"), sarğı) və ya xəstəlik vərəqəsinin verilməsi; 

2. Təcili tibbi yardım tərəfindən planlı müalicə təyinatının alınması və ya planlı müayinənin (EKQ çəkilməsi) aparılması;

3. Pasiyentin öz istəyi ilə müalicə aldığı tibb müəssisəsindən digərinə ambulans ilə daşınması, köçürülməsi, təyin etdiyi tibb müəssisəsinə təxliyə olunması;

4. Tibb müəssisəsində tibbi xidmət göstərildikdən sonra pasiyentin evə və digər ünvanlara daşınması;

5. Vəfat etmiş şəxsin daşınması;

6. Stomatoloji yardımın göstərilməsi;

7. Müayinə məqsədilə gündəlik olaraq şəkərin, arterial təzyiqin və saturasiyanın ölçülməsi və s.

Vurğulamaq istəyirik ki, təcili tibbi yardım fəaliyyətinin bilərəkdən əsassız olaraq məşğul edilməsi inzibati məsuliyyət yaradır.

İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə (bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə) müvafiq olaraq həmin şəxslər barədə cərimə tətbiqi də nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1743
avatar

Arzu Qurbanlı

Oxşar yazılar