Qış fəsli insan ürəyinin sağlamlığı üçün yay fəslinə nisbətən daha təhlükəlidir.
Maraqlıdır, görəsən, bunun səbəbi nədir?
Mövzu ilə bağlı həkim-kardioloq Famil Qaflanov Lent.az-a açıqlamasında bildirib ki, ürəyin ritmi normalda 60-100 arasında dəyişir və fasiləsiz qanı orqanizmdə dövr etdirir.
Onun sözlərinə görə, ürək damarlar vasitəsilə qidalanır:
“Bu damarlarda darlıq olanda əvvəlcə stenokardiya xəstəliyi yaranır. Vaxtında və düzgün müalicəsi getməsə stenokardiya tutmaları infarkta keçə bilər. Damarların tıxanması isə əsasən xolestrol plaklari ilə əlaqədardır. Bu plaklar damarlarda tıxanıqlıq yaradaraq infarkta səbəb olur. İnfarkt təkcə ürəkdə yox, həmçinin beyində, böyrəkdə və digər orqanlarda da baş verir. İsti otaqdan çıxıb birbaşa soyuq hava ilə təmasda olduqda bədən temperaturu ilə havadakı temperatur arasında kəskin fərq yaranır. Belə olduqda damarlarda spazm yaranır. Stenokardiya xəstəliyi olan insanlarda spazm nəticəsində infarkt olmaq təhlükəsi yaranır”.
Famil Qaflanov fikirlərinə davam edərək bildirib ki, infarkt döş qəfəsinin orta nahiyəsində, çiyinlərdə, boyunda və ya qollarda başlayan ağrı ilə, bəzən bulantı və qusma şəklində gələn narahatlıqlarla özünü göstərir:
“Vaxtında qoyulmuş diaqnoz insan həyatında mühüm rol oynayır. Buna görə də insanlar ildə iki dəfə müayinə olunmalıdır”.