"Bir çox hallarda COVID-19 xəstəliyinə yoluxub sağalan insanların müəyyən zaman çərçivəsində qalıcı simptomlarla bağlı şikayətlərini eşidirik. Elə məhz uzun zaman qalıcı olduğuna görə də elmi ədəbiyyatda bir çox hallarda "Long-COVID" simptomlar kimi qeyd edilir".
Bunu APA-ya açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, simptomların qalıcı olmasının elmi əsasları mövcuddur:
"Bu barədə olan əsas elmi tədqiqatların nəticələrini və həmin simptomların qalıcılıq müddəti barədə elmi məlumatları bu günə qədər ictimaiyyətlə kifayət qədər paylaşmışam. Bir daha vurğulamaq istəyirəm ki, bu simptomların bu şəkildə qalıcı olmağının elmi əsası var və insanlar bu simptomlarla heç də virusa yenidən yoluxduqlarını düşünməsinlər. Bu simptomların qalıcılıq səbəbinə gəldikdə isə elmi olaraq vacib iki fikri qeyd etmək vacibdir. Bunlardan biri SARS-CoV2 virusunun orqanizmdə uzun müddət qalıcı ola bilməsidir. Belə ki, məsələn, artıq elmi olaraq sübut edilib ki, SARS-CoV2 virusu mərkəzi sinir sisteminə daxil olduqdan sonra bədənimizdə sinir sisteminin müəyyən bir yerində uzun müddət qala bilir və bu da müxtəlif simptomlara, eləcə də bəzi hallarda ciddi fəsadlara gətirib çıxara bilir. Yeri gəlmişkən, qeyd edə bilərəm ki, bu ciddi fəsaddan bəhs edən bir yazının müəlliflərindən biri də mənəm və önümüzdəki günlərdə də elmi jurnalda dərc olunan həmin yazını ictimaiyyətə təqdim edəcəm".
Azərbaycanlı alim bildirib ki, bədənimizdə uzun müddət qalan həmin virusu orqanizmdən tez bir zamanda çıxarmaq da mümkündür: "Belə ki, əgər biz immunitetimizə hər hansı bir yolla təsir edə bilsək, yəni T hüceyrələrini və anticisimləri bir daha aktivləşdirə bilsək, eləcə də B hüceyrələrinin çoxalmasına səbəb ola bilsək, bu zaman qalıq virusun bədəndən tam çıxmasına nail ola bilərik".
Tibb elmləri doktoru simptomların qalıcılığının növbəti elmi əsaslarından danışaraq qeyd edib:
"Bu simptomların qalıcı olmağının ikinci vacib səbəbi isə virusun orqanizmin hər hansı bir yerində - məsələn uzun müddət qala biləcəyi yerlərdən biri bağırsaqları götürək - orada qalması nəticəsində immuniteti bir növ zəif də olsa aktivləşdirir. Yəni immunitet o virusu bədəndən çıxarmağa çalışır və bunun nəticəsində də zaman-zaman az da olsa aktivləşir və insan da bunun nəticəsində özünü xroniki yorğun, üzülmüş, əzgin və bəzi hallarda günlərlə xəstə kimi hiss edir. Burada da əgər biz yuxarıda qeyd etdiyim kimi immunitetimizə bir zərbə ilə ciddi dəstək ola bilsək qalıq virusun bədəndən tam çıxmasına nail ola bilərik və bu da üzücü olan "Long-COVID" simptomlarından qurtulmaq deməkdir. İmmunitetə bu şəkildə ən effektiv dəstək isə hazırda olan peyvəndlərdir ki, onların tətbiqindən sonra uzun müddət sürən və insanı yoran bu "Long-COVID" simptomlarından azad olmaq olar".
"Mən təəssüf edirəm ki, pandemiya ərəfəsində Azərbaycanda dünya miqyaslı heç bir kliniki tədqiqat aparılmadı. Hansı ki, buna dövlət tərəfindən kifayət qədər şərait yaradılıb və mən də imkan olduqca bir çox təkliflərlə çıxış etdim, bunun mümkünlüyünü çatdırmağa çalışdım. Amma əminəm ki, önümüzdəki aylarda kliniki tədqiqatlar aparılan ölkələrdə peyvəndin bu təsiri barədə tədqiqat aparılacaq və ən nüfuzlu elmi jurnallarda çap ediləcək. O zaman bu cür elmi təkliflərin dəyəri daha da anlaşılacaq", - N.Abdullayev əlavə edib.