Azərbaycan COVID-19 əleyhinə 432 min doza "AstraZeneca" peyvəndi qəbul edəcək.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin rəhbəri Hans Kluqenin mətbuat brifinqində APA-nın sualına cavab olaraq bildirilib.
ÜST-ün regional məsləhətçisi Siddhartha Datta deyib ki, artıq "AstraZeneca" peyvəndi Azərbaycana ayrılıb və bununla bağlı martın 2-də COVAX məlumat yayıb.
"Azərbaycan 432 min doza "AstraZeneca" peyvəndini qəbul edəcək. Bununla bağlı artıq qeyd etdiyim kimi məlumat yayılıb və bu ölkə peyvəndi tezliklə alacaq”, - deyə o qeyd edib.
ÜST nümayəndəsinin sözlərinə görə, peyvəndin ayrılması və tədarükü, peyvəndin çatdırılması müvafiq şəkildə tənzimlənir.
O əlavə edib ki, digər vacib məqam COVAX-da iştirak edən ölkələrin iqtisadiyyatı ilə bağlıdır: “Ölkələrin hər birinin iqtisadi durumu fərqlidir. Peyvəndlərin ayrılması və ədalətli bölüşdürülməsi ilə bağlı proses davam edir".
"Pfizer-BionTech"lə peyvəndi ilə bağlı S. Datta bildirib ki, Azərbaycan bu vaksinə də marağını ifadə edib: “Lakin bildiyiniz kimi, bu peyvəndin müəyyən limiti var. "Pfizer"in öhdəlik və tələbləri Azərbaycanın bu peyvəndi qəbul edən 18 ölkənin siyahısına daxil edilməsinə imkan verməyib".