Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın xəbərinə görə, sərəncama əsasən, 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik maddi yardım verilsin.
Bu sərəncamın 1-ci hissəsinin icrası məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Prezidentin 2020-ci il dekabrın 30-dakı 1241 nömrəli fərmanının 1.6.1.1-ci yarımbəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən dörd milyon səkkiz yüz min manat ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan ailələrə ödənilməsini təmin etməli, Nazirlər Kabineti və Maliyyə Nazirliyi sərəncamdan irəli gələn məsələləri həll etməlidir.