Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır.
Lent.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə söyləyib.
BMT Təhlükəsizlik Şurası (TŞ) keçmişin qalığı olduğunu və hazırkı reallıqları əks etdirmədiyini vurğulayan dövlət başçısı deyib: “Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır”.
BMT TŞ-də Qoşulmama Hərəkatına bir daimi yerin verilməli olduğunu xatırladan Prezident əlavə edib: “Biz bu fikirdəyik ki, QH-yə, İƏT-ə və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”.