"Rəvani" şirniyyatı
13 may 2021 16:48 (UTC +04:00)

"Rəvani" şirniyyatı

Adını İrəvandan alan "Rəvani" şirniyyatı necə hazırlanır? - RESEPT

İstəkli yemək və yeməkbişirmə həvəskarları, Lent.az bu gün sizə TRT-yə istinadən Osmanlı saray mətbəxindən bir şirniyyat növünü təqdim edir. Biskvitli piroqun üzərinə şərbət tökülərək hazırlanan bu şirniyyatın adı rəvanidir (revani). Bu, Osmanlı saray mətbəxindən bəzi yeməklər kimi tarixin tozlu rəflərində unudulmuş bir şirniyyat deyil, hələ də evlərdə, restoranlarda hazırlanır və ləzzətlə yeyilir.

  Rəvaninin yaranması ilə bağlı geniş yayılmış bir rəvayət var. XVII əsrdə Osmanlı sultanı IV Murad Azərbaycanın İrəvan şəhərini tutur. Saray aşpazları bu qələbəni qeyd etmək üçün o günə qədər heç görünməmiş bir şirniyyat uydururlar, adını da elə İrəvanın adından götürərək “rəvani” qoyurlar. Osmanlı mətbəxindən yadigar qalan bu rəvani Türkiyənin bəzi bölgələrində "sünger tatlısı" və ya "yoğurt tatlısı" olaraq da tanınır.

  Rəvani şirniyyatını hazırlamaq üçün nələr lazımdır, əvvəlcə onları sadalayaq:

4 ədəd yumurta,
1 stəkan şəkər tozu,
1 stəkan qatıq,
1 stəkan maye yağ,
1 stəkan manna (irmik),
2 stəkan un,
1 paket qabartma tozu (droj),
1 ədəd limonun rəndələnmiş qabığı.

Şərbət


4 stəkan şəkər tozu,
5 stəkan su,
yarım (½) stəkan limon suyu,
2 xörək qaşığı rəndələnmiş hind qozu,
və bir az vanil.
  Rəvani şirniyyatı üçün əvvəlcə şərbəti hazırlamaq lazımdır. Bunun üçün şəkər tozu və suyu bir qazana tökün, zəif odda təxminən 30 dəqiqə bişirdikdən sonra limon suyunu əlavə edin, və kənara qoyun ki, ilıqlaşsın. Daha sonra yumurta və şəkər tozunu, şəkər tam həll olana qədər yumurta ilə çalın. Sıra ilə maye yağ, qatıq, vanil, rəndələnmiş limon qabığı, manna, un və qabartma tozunu əlavə edib çalmağa davam edin. Bundan sonra soba tavasını kərə ilə yağlayın və xəmiri qaba tökün. Əvvəldən isidilmiş 180 dərəcə sobada qarışığı bişirin. Yarım saat sonra sobadan biskviti çıxarıb üstünə soyumuş şərbəti tökün. Kek şərbəti tam özünə çəkdikdən sonra dilimlərin və üzərini rəndələnmiş hind qozu ilə bəzəyin, süfrəyə gətirin. Nuş olsun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5223
avatar

Oxşar yazılar