Onu daha çox “Retro” kinozalından izlədik, tanıdıq. Hər həftənin altıncı gününü həvəslə gözləyirdik. Ki, görək bu gün hansı filmi təqdim edəcək. Deyir, aktrisa olacağı heç ağlına da gəlməzdi. On birinci sinifdə oxuyanda ani qərarla aktrisalığı seçir.
İndiyədək 50-dən çox filmə çəkilib. Özünü görməsək də, səsləndirdiyi yüzlərlə filmdən onu dinləmişik. "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" adlı kitabların müəllifi Həmidə Ömərova bu gün bizə kinodan yox, öz sözüylə desək, ta ötən əsrdən danışacaq.
Özünü sadəcə aktrisa kimi təqdim edən xalq artisti Həmidə Ömərova Lent.az-a “Məktəb illəri”ni danışır.
- 1964-cü ildə 199 saylı orta məktəbə getmişəm. Bizim vaxtımızda hamı yeddi yaşında məktəbə gedərdi. İlk dərs günüm bu günə qədər yadımdadır. O il dayım oğlu da, mən də birinci sinfə gedəcəkdik. Doxsan yaşlı babam ikimizə də qırmızı çanta almışdı. Mən çox sevinirdim, amma dayım oğlu əksinə ağlayırdı: “ Mən qızam bəyəm mənə də qırmızı çanta almısız?”
Sonra onun çantasını dəyişdirib, qarasını aldılar. Mən isə sevinə-sevinə qırmızı çantamla getdim məktəbə. O ərəfələrdə atam da mənə çanta almışdı. İki çantam vardı. Zəngdən bir az keçmişdi dərsin ortasında çantamdan bulkamı çıxarıb, başladım yeməyə. Şükufə müəllimə mənə yaxınlaşıb: “Qızım, mamanın çantana qoyduğu şeyləri tənəffüsdə yeyərlər. Dərsdə olmaz”. Mən də başladım ağlamağa. Dedi, niyə ağlayırsan? Dedim, mənim “çernilim” yoxdu? Müəllimə də yanımda əyləşən uşağın “çernil”ini ortaya qoyub, “ikinizdə burdan istifadə edin” dedi.
“Anam dedi ki, “bantik”lərini “çernil” etməsən, səni ərə verəcəm”
- Məktəbdə bir oğlana vurulmuşdum. Bir gün evə gəlib, dedim: “Nənə, mən ərə gedirəm”. Namaz qılan, yaşlı qadınıydı, başladı məni danlamağa: “Qızım, başına hava gəlib?” Mən də nənəmdən xahiş etdim ki, bu məsələni anama deməsin. Anam çox zabitəli qadınıydı. Ondan çox qorxurdum, çəkinirdim. Səhər yuxudan oyananda gördüm ki, evdəkilər pıçıldaşıb, gülüşürlər. Sonra anam məni kənara çağırıb, dedi ki, bax, sən əgər əlaçı olsan, pinti olmasan, ağ önlüklə gedib, qara önlüklə geri qayıtmasan, ağ “bantik”lərini “çernil” etməsən, özünü yaxşı aparsan, məktəbi qurtaranda o oğlana ərə gedərsən. Mən də, “yox, yox, məktəbi qurtaranda yox, mama, bir az tez gedərəm?” O da “yaxşı” deyib, razılaşdı ( gülür). Sonra o oğlan üçüncü sinifdə başqa məktəbə keçdi. Onun ağ yanaqları vardı. Mən də həmişə onun yanaqlarını çimdikləyib, qaçırdım. O da mənim dalımca qaçırdı. Mənə ləzzət edirdi ki, o məni tuta bilmir. Dayım oğlanlarının arasında böyümüşdüm deyə, oğlan kimiydim.
“Onun mavi gözləri mənə çox tanış gəldi”
- Məktəbdən əvvəl dəmiryol uşaq baxçasının rus bölməsinə getmişdim deyə rusca tər-təmiz danışırdım. Əvvəlcə məni birinci sinifdə rus bölməsinə qoydular. Sonra dayım razılaşmadı ki, qız uşağıdı, azərbaycanca oxusun. Ona görə məni Azərbaycan bölməsinə keçirdilər. Yadıma gəlir, birinci sinifdə oxuyanda doqquzuncu siniflərin qarşısında Lermontovdan, Puşkindən əzbərdən uzun-uzun şerlər deyərdim. Onlar da məni alqışlayardılar. Amma o vaxtlar ağlıma da gəlməzdi ki, mən aktrisa olaram. Dördüncü sinifdə oxuyanda mamam kooperativdən ev tikdirdi və biz ora köçdük. Mən də məcburən 199 saylı məktəbdən çıxıb, 240 nömrəli məktəbə keçdim. İlk müəlliməm çox qayğıkeş, mehriban qadınıydı. Mən məktəbdən çıxmamışdan Şükufə müəlliməylə xatirə şəkli çəkdirdik. Arıq, cılız, utancaq bir qızıydım. Şəkildə adamların arxasına necə gizlənmişəmsə, gözümün yarısı düşüb. 240 saylı məktəbdə başqa bir oğlanla tanış oldum. Üstündən illər ötdü, bir prodakşn məni teleserialda çəkilməyə dəvət etdi. Orda mən həmin bu sinif yoldaşımı gördüm. Ona baxdım, uşaqlığı gözümün qabağına gəldi. Vaxt elə sürətlə keçir ki, hərdən adama elə gəlir elə bil bu illər heç olmayıb. Zaman uçur.
Mənim iki ibtidai sinif müəlliməm olub. Fəridə müəllimə mənə dördüncü sinifdə dərs deyib. Allah rəhmət eləsin, cavab rəhmətə getdi. Bizə dərs keçən vaxtlar Fəridə müəllimə analıq məzuniyyətinə çıxmağa hazırlaşırdı. Qızlar yığışıb, onun uşağı üçün “kukla” aldıq. Elə oldu ki, qızı da oldu. İllər ötəndən sonra mən o qızla dərs dediyim Mədəniyyət və İncəsənət Universitetində rastlaşdım. Nurlananı ilk görəndə “onun mavi gözləri mənə çox tanış gəldiyini” dedim. O da mənə dedi ki, siz mənim anamın sevimli şagirdi olmusuz.
“Medalı mənə vermədilər”
- Məktəbi əla qiymətlərlə oxuyurdum, qızıl medala namizəd idim. Amma qızıl medalı mənə yox, öz sinfimizdən başqa uşağa verdilər. Rəhmətlik anam da fəxrlə hamıya deyirdi ki, mənim qızım əlaçıdı, qızıl medal alacaq. Verilən adam indi hörmətli şəxslərdən biridi. Otuz ildən sonra məzunlar görüşəndə ədəbiyyat müəlliməm Şərqiyə müəllimə etiraf elədi ki... Ən sevdiyim fənlər tarix, ədəbiyyat, coğrafiya, astronomiya olub. Bir aralar rus dilini sevmədim. Dördüncü sinifdə oxuyanda qızlarla küsüşmüşdük. Adını çəkmək istəmədiyim o rus dili müəlliməsi dərsdən sonra bizi saxlayıb, barışdırmaq istədi. Anam ingilis dili müəlliməsiydi. iki yerdə - həm ata əvəzi, həm ana əvəzi işləyirdi. Müəllimə bizi məktəbdə bir saat ləngitdiyi üçün mən evə gec getdim və anamı da dərsə gecikdirdim. O müəllimə bizi döydü, üstəlik evə gec gəldiyim üçün anam da döydü. Müəllimə yaraşmayan hərəkət etdi. Rus dilini nə qədər sevsəm də, bu hərəkətdən sonra onun fənninə qarşı sevgim öldü. Amma sonra yenə sevdim. Yuxarı sinifdə qəşəng rus dili müəlliməmiz oldu. Tarix müəllimim Yunus müəllim dərsi bizə elə danışırdı ki, onun səsi hələ də qulağımdadı: “Bir tərəfdən Fransa, bir tərəfdən Rusiya, bir tərəfdən də İngiltərə Antantanı bir qarpız kimi yarıya böldülər”. (gülür) Məncə şagirdin hansısa fənni sevib-sevməməyi müəllimdən asılıdır. Mən oğlumdan götürürəm. Oğlum beşdə oxuyanda Tarix Muzeyi təmirdəydi. Oğlum hər gün “mama, gedək tarix muzeyinə” deyirdi. Mən də “ay bala, açılsın, gedərik”. Tarixi çox sevirdi, sonra müəllimləri dəyişildi, muzey də açıldı. Nə qədər yalvardım ki, muzey açılıb. Gedək baxaq, getmədi. Görürsünüz, müəllimdən çox şey asılıdı. Müəllim öz fənnini sevdirə də bilir, nifrət etdirə də. Məktəbdə fizikadan zəhləsi gedirdi. Universitetə hazırlaşan vaxtı hazırlıq müəllimi fizikanı elə sevdirmişdi ki, oğlum gecə-gündüz fizika oxuyurdu. O dövrdə dəb idi, qızlar həkim, oğlanlar hüquqşünas olmaq istəyirdi. Anamın da arzusu idi ki, mən həkim olum. Onun istəyi mənim üçün qanun idi. Ona görə biologiyanın üstünə düşmüşdüm, çox oxuyurdum. Qızıl medal alanlar tək fəndən imtahan verirdi. Mən də qızıl medala arxayın olub, tək biologiyadan hazırlaşırdım. Elə oldu ki, qızıl medal verməsinlər deyə mənə cəbrdən dörd verdilər. Və mən fikrimi dəyişib, aktrisa oldum.
“Müəllim gətirdiyi soğanı yedik”
- Ya yeddinci, ya səkkizinci sinifdə oxuyurduq bərk qar yağmışdı. Müəllimimizin dərsə gəlməməyindən istifadə edib, pəncərədən qaçıb, qar topu oynamağa getdik. Sinfimiz birinci mərtəbədəydi. Gələn-gedəni qarlayırdıq, arada da direktorumuz Həşim müəllimi qara basdıq. Direktor da bizə cəza olaraq bütün tənəffüslərdən məhrum etdi. Bufetə belə getməyə izin vermədi. Artıq dördüncü dərs olardı qapı açıldı, biologiya müəlliməsi Zümrüd müəllimə əlində yekə bir soğan içəri girdi: “Salam, nə əcəb səkkiz “A” sinfi belə sakitdi? Nə əcəb tənəffüsə çıxmamısız?”
Biz də cavab vermirik, sakitcə baxırıq. Müəllimə əlindəki soğanı masanın üstünə qoyub, getdi mikroskopu gətirməyə. Kimisi çantasında çörək tapdı, çörəklə bu soğanı yedik. Acıydıq axı. Müəllimə gəldi, mikroskopu masaya qoydu: “Uşaqlar, bu gün biz soğanın sitoplazmasını keçəcəyik. Soğanın qabığını soyursan, ağ pərdəsini çıxarıb, mikroskopun altında baxırsan. Baxın, uşaqlar, soğanı götürürük…” Baxır sağına, soluna soğan yoxdu. “Hanı soğan? Mən soğan gətirməmişəm? Elə bil bayaq soğanı gətirdim axı”. Baxır üzümüzə, “Samur, Dəyanət, hanı soğan?” Biz də sakitcə üzünə baxırıq. Birdən müəllimə başa düşdü: “Yemisiz?” Elə bu sözü deyib, şaxsey-vaxsey deyə-deyə qaçdı direktorun üstünə. Direktor sabahı günü bütün valideynlərimizi məktəbə çağırdı. Bax beləcə qar və soğan bizə baha başa gəldi (gülür).
“Ən yaxın dostum yasımıza gəlmədi”
- Son zəng… Həm kədərliydı, həm də sevincli. Səhərəcən bulvarda, dənizkənarı parkda mahnılar oxuduq, deyib, güldük. O gün çox sevincliydik. Adamın həyatında çox nadir hallarda belə günlər olur. Son zəng günü bütün müəllimlərə ithaf etdiyim şerimi oxudum. Başımda ağ “bant”, ağ önlük. Şərqiyyə, Qurbanxanım, Zəhra, Zümrüd, Tamara müəllimə, Yunus müəllim, məktəbin direktoru, kimya müəlliməm bizə baxıb, ağlayırdılar. Ən yaxın sinif yoldaşımla məktəbi bitirəndən sonra da dostluq etdik. Amma indi onun adını belə çəkmək istəmirəm. O mənim şad günümə, mən onun şad gününə gedib, gələrdik. Anam rəhmətə gedəndə mən şok vəziyyətindəydim. Artıq ikinci cümə axşamı yaxınlaşırdı, lakin ən yaxın bildiyim adam gəlib çıxmamışdı. Xəbəri yoxdu deyə telefonu əlimə alıb, zəng etdim: “Bəs mənim anam rəhmətə gedib”. O da “hə, sabah gələrəm” dedi, amma gəlmədi. Üçüncü cümə axşamı gəldi, “Allah rəhmət eləsin. Qohumlardan da o qədər ölən var ki, adam bilmir hara getsin” deyib, yad adam kimi bir kənarda əyləşdi. Gedənə qədər mənə yaxın gəlmədi. Sonra bir dəfə də zəng edib, anamın qırxının vaxtını nə xəbər aldı, nə gəldi. İnsan umduğundan küsər. Ona görə də mənim ən yaxın sinif yoldaşım 35 ildən sonra ən uzaq sinif yoldaşım oldu. Amma mənim gözləmədiyim digər sinif yoldaşlarım İbrahim, Dəyanət, Samur, Əzizağa anamın yasına gəldilər. Neçə ildən sonra onlar gəlib, məni tapdılar.
“Evrovision” yarışmasının təmsilçimiz Səfurə Əlizadənin atası Səlim mənim sinif yoldaşım olub. Bu yaxınlarda o mənə zəng elədi ki, bəs Əzizağanın qızının toyudur. Mən böyük məmnuniyyətlə o toyda iştirak etdim. Və orada da həmin 4-5 nəfər oğlan idi, mən tək qız idim.
“İndiki uşaqlar zombiləşib”
- Eldar Quliyevin “Burulğan “ filminin çəkilişində Pirallahı adasında çəkilişində idik. Çox gözəl adadır. Yayın cırhacırında iki ay orda çəkilişdə olduq. Axşamlar ilanlar mələşirdi. Səhər saat altından gecəyə qədər çəklişdə olurduq. Qaralıb, qapqara kömürə dönmüşdük. Bəzən olur ki, film maraqlı olur, amma onun çəkilişi daha maraqlı. Bax, bu elə filmlərdəniydi. Bu filmə cəmisi beş nəfər aktyor çəkilirdik, iki qız, üç oğlan. Mən orda Litvanın xalq artisti Eqle Qabrinati ilə çəkilirdim. O vaxt mənim 26-27 yaşım olardı, onun 33-34. Film bitdi, biz qayıtdıq Bakıya. Sonradan Eldar Quliyev dedi ki, hansısa bir səhnə yaxşı alınmayıb və o səhnə təzədən çəkilməlidir. Eqle də gəldi, biz sevinə-sevinə 15-20 gündən sonra motorlu qayıqla həmin adaya döndük. Gəldik gördük ki, heç nə yoxdu. Nə bizim dekorasiya, nə yay mətbəxi, nə də yatdığımız vaqon. Ancaq düzənlik və boş ada. Onda Eqle mənə çox gözəl bir söz dedi: “O yerdəki sən çox xoşbəxt olmusan, o yerə bir daha dönməmək lazımdı”. Sözü ona gətirirəm ki, məktəb illərinə də qayıtmaq mümkün deyil. Texnika gənclərimizi zombiləşdirib. İndi ki, gənclər kitab oxumurlar. Sadəcə on-line oyunlar, sosial şəbəkələr. Kinoya, teatra kollektiv getməyin öz ləzzəti vardı. Gənclərin bir-biri ilə ünsiyyəti belə virtuallaşıb. Ancaq internet üzəri söhbətləşir, dərdləşir, görüşürlər. Bizim vaxtımızda biz dostlarımızla yığışıb, yağışda, qarda kinoya, teatra gedərdik. Biz gözəl günlər yaşamışıq. Hanı indi o romantika, o gözəl günlər? İndi məhəbbət də virtualdı. Maddi maraq hər şeyi üstələyib.
“Müəllimlər bizə baxıb ağlayırdılar” - SÖHBƏT
7163