“Qarabağ” futbol klubunun mətbuat xidməti Nurlan İbrahimovla danışıb görüş vaxtını təyin etdik. Saat 12:45-də Qurban Qurbanov bizi klubun yeni tikilmiş bazasında gözləyəcəkdi. Bazaya vaxtından tez çatmışdıq. Hoca hələ gəlməmişdi (red. - N. İbrahimov baş məşqçiyə belə müraciət edir) . Təyin edilən vaxta düz 10 dəqiqə qalmış gəldi. İşinə qarşı necə məsuliyyətlidirsə, görüşlərinə də qarşı da elə diqqətlidir. Liftlə hocanın kabinetinə qalxırıq. Qurbanov bizi elə qapıda qarşılayır. Səliqəli, geniş otağı var. Zaqatalalılar yaman qonaqpərvər olurlar. Bunu hocanın timsalında da gördük. Rahatlığımız üçün əlindən gələni edirdi. Necə deyərlər, orda oturma, burda otur. İşinin çoxluğunu nəzərə alıb bir başa müsahibəyə başladıq.
Lent.az-ın “Məktəb illəri” layihəsinin qonağı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur.
Birinci sinfi Zaqatalada Aşağı Tala 5 saylı səkkiz illik məktəbdə oxuyub. Məktəb səkkiz illik olduğundan, son iki sinfi 3 saylı orta məktəbdə davam edib.
- Birinci sinfə 1979-cu ildə getmişəm. O vaxtın uşaqları bir az baş cür olurdu. Sentyabrın birini həsrətlə gözləyirdik. Bir neçə aydan sonra həvəsdən düşürdük, bu dəfə dincəlmək üçün yay tətilini gözləyirdik. Yayda da evdəkilər o qədər işlədirdilər ki, təkrar məktəbin açılmasını gözləyirdik (gülür).
“Şuluq olmağıma baxmayaraq, məktəbin ən nümunəvi şagirdlərindən idim”, özü haqqında bunları deyir.
- İbtidai sinif müəlliməm Gülşən müəllimə ciddi və tələbkarıydı. Qırx - əlli yaşlarında qadınıydı. Bizi də çox sevərdi. Elə mənim də ən sevimli müəlliməm o olub. Dəcəl olmuşam. Buna görə qabaq partada oturmurdum. Həm boyuma görə, həm də arxa partada şuluqluq edəndə müəllim görmürdü. Şuluqluğuma baxmayaraq, müəllimlərim məni çox sevərdilər. Hətta deyərdim ki, məktəb vaxtı indikindən də çox diqqət mərkəzindəydim. Aktivliyimə və yaxşı oxuduğuma görə. Kollektivdə daim öndə olmuşam. Bu mənim xarakterimdən asılıdır.
Futbola olan sevgisi riyaziyyatı kölgədə qoyur.
- Ən sevdiyim fənn bədən tərbiyəsi olub. Lakin ona qədər riyaziyyatı çox sevərdim. Dərsi elə diqqətlə dinləyirdim ki, ev tapşırığımı elə sinifdəcə edirdim. Riyaziyyata sevgim qısamüddətli oldu. Yeddinci sinfə qədər. Yeddidən sonra meylimi daha çox futbola verdim və dərslərdən uzaqlaşdım. Fizika və coğrafiyanı heç xoşlamırdım. Məktəbin “zavuçü” vardı Yusif müəllim. Onu heç xoşlamazdım. Çox qəddarıydı. Uşaqları vurardı.
“Gənc vaxtlarımda haqsızlığa reaksiya çox sərt olurdu”
- Məktəb illərində cəmisi bir dəfə döyülmüşəm. Onda da məktəbin direktoru Həşim müəllim döyüb. Dörddə, ya beşdə oxuyardıq. Uşaqlar sinifdə şuluqluq etmişdi. Yaxşı yadımdadı, qışıydı. O vaxt sinfi daş kömürlə isidirdilər. Səhər tezdəniydi. Sinfə təzə girmişdim ki, arxamca direktor girdi. Elə bildi ki, mən şuluqluq etmişəm. Gördüm arxadan nəsə dəydi mənə. Uşaq olmağıma baxmayaraq, müəllimə hirsləndim. Sonra o, özü də səhvini başa düşdü, könlümü aldı. Və barışdıq. Gənc vaxtlarımda haqsızlığa reaksiya çox sərt olurdu. Görəndə daha çox təsir edirdi mənə. Yaşa dolduqca, təmkinli olmağa başladım. Əvvəl çalışıram haqsızlığı yoluna qoyam, olmasın. Bunu da bacarmıramsa, geri dururam. Hər bir insan özünü ədalətli sayır. Səhv etsə belə, özünə bəraət qazandırmağa çalışır. Yüzdə doxsan ədalətli olmağa çalışıram.
Bu vaxtı telefonuna zəng gəlir. Qurbanov dəstəyi qaldırır və qısa cavablar verib söhbəti uzatmır. Dəstəyi yerinə qoymadan nömrə yığır. Mən elə başa düşdüm ki, çay sifariş verəcək. Masadakı vafliylə içməyə. Amma yox. Hoca işlə bağlı növbəti adamla qısa danışır və gəlib yerində oturur. Müsahibəyə davam edirik.
- Məktəbimizin futbol komandası vardı. Başqa məktəblərin komandaları ilə yarışardıq. Adətən qalib gəlirdik. Güclü oyunçularımız vardı. Lakin onlardan heç biri futbola davam etmədi. Onuncu sinifdə oxuyanda “Daşqın”da oynayırdım. Respublika çempionatına hazırlaşırdıq. Hər həftə məşqlərim olurdu. Çox dərs buraxırdım. Bəzən də məşq adından istifadə edib aradan çıxırdım (gülür).
“O gündən mənə konfet vermədi”
- Birdə, ya ikidə oxuyurdım. Yuxarıda bəhs etdiyim Yusif müəllim qonşumuz idi. Məktəbə gedəndə bizim küçədən keçərdi. Uşaqlıqdan məni çox istəyərdi. Hər dəfə görəndə konfet verərdi. Şirniyyatı yaman xoşlayardım. Onun da məktəbə getdiyi vaxtı bilirdim. Hər dəfə evimizin qabağından keçəndə çıxıb darvazamızın yanında gözləyirdim. Cibində daim mənim üçün konfet saxlayardı. Bir gün mənə konfet vermədi. Dedi, gəl məktəbə gedək, orda verəcəm konfet. Beləcə, söhbət eləyə-eləyə getdik. Məktəbə çatanda dedi ki, konfet yoxdu. Dedim, bəs necə yoxdu? Dedi, bu gün götürməmişəm evdən. Buna çox hirsləndim. Əyildim yerdən bir daş götürdüm ki, vuram buna. Müəllim gördü ciddiyəm, daşı görüb qaçdı. Mən də onun dalınca. O qaçır, mən qaçıram. Sonra uşaqlar qoymadılar vurmağa. O gündən sonra daha ondan konfet götürmədim.
Burda hamımız gülürük. O, mən, fotoqraf və əməkdaşımız Elvin. Qurbanovun iş masasında qənd və noğulla dolu qənddan, boşqabda vaflilər var. Hoca hələ də şirniyyatı sevir.
- Son zəngi məktəbdə qeyd edəndən sonra sinif yoldaşlarımızdan geniş evi olanlardan birinin evində toplaşdıq. O vaxtlar stolüstü maqnitofonlar vardı, böyük. İndidən fərqli olaraq o vaxtlar oynayan idim. Gecə saat on ikiyə-birə kimi.
Sinifdə 19 oğlan, 5 qız olublar. Və çox mehriban sinifləri olub. Qızları bacı kimi əziz biliblər. Hətta qonşu qızların dalınca başqa məhəllədən oğlan gələndə...
- Döyərdik. Kəndimizin qızları bizim bacımızıydı. Bizə elə tərbiyə vermişdilər.
“Məktəb illərində sevgi məhəbbət?” sualına hoca qısa cavab verdi: “İnşallah, olmayıb”.
- Olub, ya olmayıb?
- Bəlkə də olub. Amma məktəb illərində olduğu üçün ciddiyə alınmayıb.
- Yəni. Olub?
- Əlinin əlliyə.
- Onda olub.
- Deməzdim (gülür). Kənd balaca yerdi. Səs tez yayılar kənddə. Bizi ailədə elə böyüdürdülər ki, qardaş-bacı münasibəti daha çox olurdu, nəinki sevgi-məhəbbət.
Nəsə danışmaq istəmir. Biz də çox üstünə düşmürük.
- Dərsdən qaçmısınızmı?
- (Gülür). Doqquzuncu sinifdə oxuyurdım. O vaxtlar məktəblər arası basketbol yarışı keçirilirdi. Bədən tərbiyəsindən sonra həndəsə dərsimiz vardı. Məşqçimiz dedi ki, qalın məşq edin, mən Gülnaz müəlliməyə deyərəm. Gülnaz müəllimə bizi görüb dedi ki, gəlin dərsə. Getmədik. İkinci dəfə də belə keçdi. Üçüncü də qızlı-oğlanlı bizi lövhənin qabağına sırayla düzdü. Başladı növbəylə bizi sillələməyə. Mən dilxor olmuşam ki, birdən mənə də əl qaldırar. Hazır durmuşdum ki, vursa ya əlini tutacam, ya da başımı arxaya çəkəcəm. Sinfin az-çox oxuyan şagirdi mən idim. Sırada axırıncıydım. Mənə çatanda üzümə baxdı-baxdı, getdi. Vurmadı.
- İndiki təhsil necə, sizi qane edir?
- Bir qızım, bir oğlum var. 6 saylı məktəbdə oxuyurlar. Çox tələbkar müəllimləri var. Həm də çox dərs verirlər. Kitabları da çox ağır olur. Səhər məktəbə gedən çantalarını qaldırmaq olur. Bəzən yeddi, bəzən də səkkiz saat dərs keçirlər. Çox yüklənirlər uşağa. Oğlum futbolla məşğul olur. “Neftçi”də məşq edir. Yaxşı futbolçu olmaq üçün potensialı var. Mənə görə “Qarabağ”a, özünə görə “Neftçi”yə azarkeşlik edir. Nə qədər “Qarabağ”lı olsam da, “Qarabağ” mənim üçün birinci yerdə dursa da, “Neftçi”yə həmişə azarkeşlik etmişəm. O klubda mənim yaxşı günlərim olub. Həm futbolçu, həm məşqçi kimi. Mənim üçün fərqi yoxdu, oğlum ya həkim oldu, ya futbolçu. Əsas insani keyfiyyətlərdir. Özünü yaxşı aparmağı bacarsın. Mənim üçün haqq yolunda olmaq daha önəmlidir.
Qurban Qurbanovu görmüşkən xeyli söhbət elədik. Futboldan tutmuş qadınlara qədər. Qadın deyəndə qadın fanatlarından. Futbolla bağlı müsahibəni oxumayanlar http://news.lent.az/news/181441 linkindən oxuya bilərlər. O ki, qaldı qadın fanatlara, bir daş altda, bir daş üstə.
Sonda çayı hədiyyə ilə kompensasiya etdi. Çay vermədi, hədiyyə verdi. Mənə, fotoqrafımıza və müsahibə boyunca bizi tək qoymayan Elvinə.