İranə Kərimova
26 avqust 2021 12:01 (UTC +04:00)

İranə Kərimova

"Soyuq Günəş"in Yarqunatı: "Hönkür-hönkür ağladım" - MÜSAHİBƏ

“Dan yeri ağaranda
Yarqunda yarı gördüm.
Yar bulaqdan qayıdan
İncə nigarı gördüm.
Yarın adı Yarqunat,
Yarın evi Yarqunda
Yarımı yalqız qoyub,
Hara gedim Yarqundan?”.

Bu sözlər son günlərin ən çox dinlənilən ləzgi mahnısı olan “Yarqunat”ın ləzgi dilindən azərbaycan dilinə tərcüməsidir. 

“Yarqunat”ı insanlara tanıdan, sevdirən isə “YouTube” platformasına yerləşdiriləndən qısa müddət sonra 2 milyon baxış sayını ötən və izləyicilərin əksərinin bəyəndiyi “Soyuq Günəş” filmidir.

Lent.az filmdə baş obraz olan “Yarqunat”ı canlandıran İranə Kərimova ilə müsahibəni təqdim edir.

Hicranə Əlişqızı və İranə Kərimova

HAŞİYƏ: İ.Kərimova 1998-ci ildə Bakı şəhərində anadan olub. 141 saylı tam orta məktəbi bitirdikdən sonra Bakı Xoreoqrafiya Akademiyasında təhsil alıb. 

Hazırda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və "1 SƏHNƏ" prodüser mərkəzində aktrisa kimi çıxış edən İ.Kərimova bir neçə sənədli və bədii filmlərdə yer alıb.

- İranə xanım, “Soyuq Günəş” filmi ilə tanışlığınız necə baş tutdu?

- 2018-ci ilin avqust ayında heç gözləmədiyim anda filmin kastinqi üçün dəvət aldım. Kastinqdə iştirak üçün getdim və bəyənildim. Məndən sonra əlavə heç kəs çağırılmadı və tanış olmağım üçün ssenari mənə verildi.

Uşaqlıqdan arzum olub ki, tarixi filmdə kiçik də olsa obraz canlandırım. Elə qismət oldu ki, çəkildiyim ilk bədii filmdə baş rolda yer aldım. Filmin ssenarisini oxuduqdan sonra hönkür-hönkür ağlamağa başladım. Dərhal anama zəng etdim ki, mən bu cür ağır yükün altından çıxa bilmərəm. Bir qadının taleyinin bu qədər acınacaqlı olması mənə çox təsir etmişdi. Anamla danışdıqdan sonra özümü bir az toparladım və yenidən ssenarini oxumağa başladım. Daha sonra obraza çəkilmək üçün hazırlaşmağa başladım.

- Filmin çəkilişləri üçün nə qədər zaman sərf olundu? 

- İlk olaraq Bakıda bir neçə dəfə məşqlərimiz oldu. Təxminən  ay yarım Qusar rayonunun Yarqun kəndində çəkilişlərimiz baş tutdu. Havanın soyuq olmasına baxmayaraq, filmdə yay fəslini canlandırdığımız üçün müəyyən qədər hava şəraiti bizə çətinlik yaratdı. Kollektivin bir-birinə isti münasibəti və heç bir narazılığın olmaması isə işimizi zövqlə və rahat şəkildə görməyimizə çox təsir etdi. Həqiqətən də kollektiv möhtəşəm idi. İndi də hər bir kəslə xoş münasibətim yaranıb və əlaqə saxlayıram.

- “Soyuq Günəş”in digər baş obrazı olan Sənan Kazımovla ("Yarməd") filmdən əvvəl tanışlığınız var idimi?

- Onunla 2016-cı ildən bir-birimizi tanıyırıq. Hətta bir səhnədə də rol opponenti olmuşuq. Birlikdə filmdə yer almağımız çox gözəl təsadüf idi. Bir aktyor, aktrisa üçün rol opponentini tanımaq möhtəşəm hissdir. Çünki bir-birini tanımayanda sıxıntılar və çətinliklər ola bilir. Sənanla tanışlığımızın sayəsində hər şey gözlədiyimizdən də yaxşı oldu.

İranə Kərimova

- Maraqlıdır, nə üçün filmin premyerası olmadı və “YouTube” platformasına yerləşdirildi?

- 2020-ci ilin martın 16-da premyeramız olacaqdı. Hətta iki premyeranın olması nəzərdə tutulmuşdu. Bunun biri ləzgi dilində, biri isə Azərbaycan dilində olacaqdı. Amma pandemiya ilə bağlı planlarımız baş tutmadı. Daha sonra gördük ki, pandemiyanın bitməsi real görünmür və qərara gəldik ki, video platformaya yerləşdirərək filmimizi izləyicilərlə bölüşək.

Sözün düzü, filmin bu qədər bəyəniləcəyi və qısa müddət ərzində populyar olacağını düşünmürdük. Ancaq əməyimizə dəyər verilməsi və ən əsası izləyicilərin çox bəyənməsi bizi xoşbəxt etdi.

- Canlandırdığınız obrazı demək olar ki, hər kəs bəyənir və hamı sizi “Yarqunat” kimi tanıyır.

- Həqiqətən də filmin çəkilişlərində özümü “Yarqunat” kimi hiss edirdim. Elə olurdu ki, kadr dayandırılırdı, ancaq mən özümə gələ bilmirdim. Düşünürəm ki, elə buna görə də hər şey təbii alındı və sevildi.

- Filmdə hər kəsi məyus edən isə sonluq idi. Sonluqla bağlı fikirləriniz necədir?

- Mənim özümə də bununla bağlı çox yazırlar. Həs kəs Yarqunatın taleyi ilə bağlı təəssüflənir. Yarmədi qınaya bilmirəm, çünki o dövrün şərtlərinə, qaydalarına görə, Yarməd qayıtsaydı vətən xaini olacaqdı. Həm də son olaraq onun gördüyü Yarqunatın toyu idi. O elə bilirdi ki, artıq sevdiyi evlidir, xoşbəxtdir, unudulub və ailəsi var.

Əslində mən düşünürəm ki, bəlkə də məktub yazmaq olsaydı, Yarməd qayıdardı və hər şey başqa cür olardı. Ancaq film gerçək həyat hekayəsi olduğu üçün onu dəyişmək də mümkün deyildi. 

İranə Kərimova

- Filmin ssenari müəllifi Sədaqət Kərimova müsahibəsində sizin məhz xəyalındakı qız olduğunuzu vurğulayıb.

- Bəli. Mənə demişdi ki, sən mənim bu əsəri yazanda canlandırdığım qızsan. Sədaqət xanımla münasibətimiz çox yaxşıdır. Film üçün çox çətinliklərlə qarşılaşıb. Bir neçə yerə bununla bağlı dəfələrlə müraciət edib. Sonunda isə öz vəsaiti hesabına filmi ərsəyə gətirdi. Hamı bizi soyadımıza görə qohum hesab etsə də elə deyil. Filmdən əvvəl heç bir tanışlığımız olmayıb.

Sədaqət xanımdan başqa ikinci rejissorumuz Məlahət Əhmədlə, quruluşçu rejissor Elşən Zeynallı və operator Elxan Rüstəmovla da münasibətlərimiz çox yaxşıdır. Həqiqətən də film üçün hamı əlindən gələni sevə-sevə etməyə çalışırdı.

- Gələcəklə bağlı planlarınız nədir?

- “Soyuq Günəş” filmi mənim üçün ən böyük hədiyyə oldu. Bu proyektdə yer aldığım üçün özümü çox şanslı hesab edirəm. Filmdən sonra müxtəlif seriallar, filmlərlə bağlı mənə təkliflər gəlməkdə davam edir. Ancaq ürəyimə yatan, məni inandıran ssenari olmadığı üçün hələ dəyərləndirdiyim təklif olmayıb. 

Son olaraq bildirim ki, hamı məni ləzgi bilir, ancaq deyiləm. Hətta ləzgi olmadığımı bilənlər mənə yazır ki, sən bizim üçün artıq doğmaya çevrilmisən. Ona görə də haralı olmağının fərqi yoxdur.

İranə Kərimova

Fotolar: Emil Məmmədov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 117450
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar