Qorxu filmlərində uşaq aktyorları necə çəkirlər?
07 dekabr 2022 10:25 (UTC +04:00)

Qorxu filmlərində uşaq aktyorları necə çəkirlər?

Xorror janrında (dəhşət və qorxu) çəkilən filmlər ekrana çıxmazdan öncə 18+ deyə xəbərdarlıq gəlir. Çünki qorxu filmlərinin insanda yaratdığı gərginlik illər sonra da psixoloji problemlərə səbəb ola bilər.

 Lakin xeyli qorxu filmləri var ki, uşaqlar da rol alırlar. Bəs onları filmə necə çəkirlər? Lent.az bu barədə araşdırmanı təqdim edir.

Rejissor və operatorlar belə filmləri çəkərkən uşaqların psixikasına ziyan verməmək üçün bir neçə fənddən istifadə edirlər. İlk növbədə filmə çəkiləcək uşaqların valideynləri ilə iş aparılır. Onlar qorxu filmini uşağa qorxunc bir şey kimi deyil, sadəcə əyləncə kimi təqdim etməlidirlər. İkincisi qorxunc kadrlar çəkilərkən valideynlər mütləq uşaqların yanında, çəkiliş meydançasında olurlar.

Uşaqlar çəkilərkən mimikaları təbii alınsın deyə ani reaksiyalarına səbəb olacaq hərəkətlər etmək, qorxunc effektlər vermək qadağandır.

Uşaq mütləq eyni kadrda oynayacağı kabusu, qorxunc məxluqat rolunu ifa edən aktyoru görməlidir. Görür, tanış olur, anlayır ki, bütün bunlar sadəcə filmdir və oyundur.

O, hətta aktyorların qorxunc obraza bürünmələrinin, qrimlənmə anlarının da şahidi olur.

Əgər uşaq doğrudan da qorxursa, bir çox səhnələr geridən əvvələ doğru çəkilir. Uşaq sonluğun nə olacağını öncədən görür, bilir.

Film çəkilərkən gurultu, qorxulu səslər, musiqi effektləri olmur. Bu da aktyor uşaqların çəkilməsini rahatlaşdırır. Uşaq özü qorxunc varlıq rolunu oynayanda onunla psixoloqlar komandası işləyir. Çünki uşağın özünü fövqəladə gücləri olmasına inandırmasına yol vermək olmaz.

Uşaq qrimlənmək istəmirsə rejissor razılaşır və uşağın qrimi vizual effektlərlə tamamlanır.

Qorxu filmlərində insanları səksəkəyə salan əsas momentlər montaj zamanı əlavə olunduğu üçün çəkiliş zamanı heç də hər şey qorxulu görünmür, əksinə iş prosesi çox zaman gülüşlə müşaiyət olunur.

# 3258
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar