Heydər Əliyevin uşaqlığının və gəncliyinin keçdiyi evdən REPORTAJ
20 mart 2025 10:42 (UTC +04:00)

Heydər Əliyevin uşaqlığının və gəncliyinin keçdiyi evdən REPORTAJ

Lent.az Kulis.az-a istinadən Məcid Rəşadətoğlunun Heydər Əliyevin uşaqlıq və gənclik illərinin keçdiyi, ölkəmizə rəhbərliyinin Naxçıvan dövründə yaşadığı evdən reportajını təqdim edir.

Dünənimizə, bu günümüzə, gələcəyimizə işıq tutan, dahi ömrünə şahidlik edən isti ocağın manifesti.

Düzdür, o illəri xatırlamaq xalqımız üçün çox çətindir...Ancaq düşünəndə ki, zamanın çətinlikləri, dövrün qanlı-qadalı hadisələri, zülmə məruz qalan günahsız soydaşlarımızın ərşə ucalan haqq səsi Onu məğrur əllərindən tutub dünənimizə, bu günümüzə, sabahımıza gətirdi, o zaman illərdir, çəkdiyimiz əziyyətlərə dəydi, Vətənimizin göstərdiyi mübarizlik, qəhrəmanlıq öz yerini haqqın heç əyilməyən qələbəsinə verdi söyləyirik. Çünki O, “Canım, varlığım qədər sevdiyim Azərbaycanım, mənim qibləgahımdır!” şüarını əlində ədalətin, istiqlalın bayrağı edərək gəlmişdi görüşümüzə, uzun illər imperialist qüvvələrin təzyiqi, təqibi altında əzilən millətimizin imdad çağırışlarına qulaq verib azadlıq, müstəqillik andı içmişdi. Andına son nəfəsinədək sadiq qaldı da...

bu gün Onun səsinin yetdiyi, əlinin toxunduğu hansı xatirəyə işıq tutsaq, tarixin hansı qapısını döyüb Onu soruşsaq Vətənin xilaskar oğlundan – Ümummilli lider Heydər Əliyev dühasından ürəkdolusu danışır. Elə Ulu öndərin 80 illik ömrünün müəyyən dövrlərinə şahidlik etmiş, yaşadığı çətinliklərə, sevinclərə, kədərlərə sirdaş olmuş qarşısında dayandığım bu ev də eyni duyğunu bölüşür. Dahi siyasi xadimin uşaqlıq və gənclik illərinin keçdiyi, ölkəmizə rəhbərliyinin Naxçıvan dövründə yaşadığı evi deyirəm, bu vaxtacan doğulub, boya-başa çatdığı məmləkətində heç bir jurnalistin qonaq olmadığı o isti ocağı...

Yurdum, yuvam, ocağım...
Salam, evim eşiyim.

Bu evi görmək, onun söhbətini dinləmək bizim kimi neçə jurnalistə qismət olacaq, bilmirəm... Ancaq hələ mənzilə daxil olmamışdan bir zamanlar Ulu öndərin hər səhər işə yollanarkən açdığı, hər axşamüstü evinə daxil olarkən bağladığı darvaza, asta yerişlərlə, təmkinli addımlarla qalxdığı pillələr illər sonra gələn qonağı ev sahibinin adına layiq şəkildə - böyük qonaqpərvərliklə qarşılayır. Biz də böyük sevinc və qürur hissi ilə mənzilə daxil oluruq...

İkimərtəbəli, sadə döşənmiş evin giriş hissəsində, dahi rəhbərin hər gün vaxt keçirdiyi qonaq otağındayam. Bu vaxta qədər böyük ümidlə xatirələrini bölüşmək istəyən əşyalar, sanki əllərimdən tutub evi gəzdirir. Evin hər guşəsindən bir əşya, sanki nə isə bölüşür bizimlə, masa üzərində dayanan lampa, qələm, kitab rəfində görkəmli dövlət xadiminin və Zərifə xanımın oxuduğu kitablar, məktublar, hər gün işə yollandıqda tamaşa etdiyi güzgü və daha nələr- nələr... Onunla bağlı ilk xatirələrini salonun bir tərəfində dayanan, nikbin ovqatla bizi salamlayan saat “bölüşür”, görkəmli dövlət xadiminin hər anının, hər dəqiqəsinin şahidi olan bu saat “ürəyini” açır oxucularımıza: – 1923-cü ildə, may ayının 10-da gəlişi ilə Əlirza kişinin evinə sevinc, ruzi-bərəkət gətirmişdi Heydər. Maddi imkanları zəif olsa da, Əlirza kişi halal çörək qazanmağı, alın təri ilə övladlarını böyüdüb boya-başa çatdırmağı hər şeydən üstün tutardı.

Sadə bir ailədə böyüyən, zəhmətkaş ata-ananın himayəsində tərbiyə alan Heydər Əliyev sağlığında heç zaman bu günü ilə öyünməzdi, lakin hər zaman zəhmətkeş ailəsindən, ata-anasından, uşaqlıq illərindən ürəkdolusu danışardı, qürurla, şərəflə kamala çatdığı ailəsini belə vəsf edərdi:

“Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni, bütövlükdə, Azərbaycanımız üçün dünyaya gətirib...”.

Təbii ki, ilk baxışdan çox sadə görünən bu ailə Azərbaycan xalqına 3 alim-akademik, 1 Xalq rəssamı, 2 elmlər namizədi, 1 general sərkərdə bəxş etdi. 8 övladlı ailənin 4-cü övladı olan Heydər Əliyev uşaqlıqdan elmə, təhsilə böyük maraq göstərirdi. 1938-1939-cu illərdə Naxçıvan Pedaqoji Texnikumunda oxudu, oranı müvəffəqiyyətlə başa vurdu... Hələ Naxçıvanda ibtidai məktəbdə oxuyarkən, O, məktəb tamaşalarında tez-tez iştirak edirdi.

Həmişə də şahzadə, sərkərdə rollarında oynayırdı. Çünki Onun gözəl qaməti, aydın diksiyası, cəlbedici nitqi var idi. Həmçinin gözəl rəsmlər də çəkə bilirdi. Bu rəsmlərdən bir neçəsi bu gün də muzeylərimizdə qorunub saxlanılır. Beləliklə, onun fitri istedadı, gözəl qabiliyyəti hələ uşaqlıqdan özünü büruzə verməyə başlamışdı...

Məşəl kimi yanan ürək...

Bu ev Heydər Əliyev olmadan artıq 22-ci ilinə qədəm qoyur... İllər keçməsinə baxmayaraq, nə xatirələr köhnəlib, nə də onunla olanlar, yaşananlar, yaddaşlarda qalanlar silinib... Bu evdə yerləşən hər maddi mədəniyyət nümunəsi, hər bir əşya tarixə işıq tutur, illərin tozlanmış hafizəsini silkələyir, nəyisə tapıb çıxarır, nədənsə elə hey danışır. Sözü-söhbəti rəvan, “qəlbi” sinədəftər olanlardan biridir qarşısında dayandığım, üzərinə dahi rəhbər Heydər Əliyevin gənclik illərinin fotoları olan bu güzgülü şkaf. Fotolara diqqətlə tamaşa etdikcə böyük şəxsiyyət ömür və taley yolu, sanki gözlərim önündə canlanır. Qeyri-ixtiyari Onunla bağlı oxuduqlarımı, eşitdiklərimi xatırlayıram. Yada salıram ki, görkəmli dövlət xadimi tariximizin ən çətin anında, Stalin repressiyasının heç səngimədiyi bir dövrdə həyat yoluna qədəm qoymuşdu. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu müvəffəqiyyətlə bitirdikdən sonra elə həmin ildə Azərbaycan

Sənaye İnstitutunun Memarlıq fakültəsinə qəbul oldu. O, hələ uşaqlığından memar olmaq arzusu ilə yaşayırdı və bu ümidi ilə də 1941-ci ilə qədər orada uğurla təhsil aldı. Ancaq təəssüf ki, 1941-ci ildə İkinci Dünya müharibəsinin başlaması, bir çox gəncin taleyində olduğu kimi, onun da həyatına təsirsiz ötüşmədi. Müharibənin başlaması ilə təhsilini yarımçıq qoymalı oldu. Təbii ki, bu kiçik uğursuzluq heç zaman Onu ruhdan sala bilmədi. Səmərəli fəaliyyəti, yüksək siyasi duyumuna görə 1941-ci ildə gənc Heydər Əliyev Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Daxili İşlər Komissarlığı tərəfindən Naxçıvana, Ona doğma olan şəhərə çağırıldı. Gənc olmasına baxmayaraq, O, Naxçıvanda Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində məsul bir işdə – şöbə müdiri vəzifəsində çalışdı. 1944-cü ilə qədər bu vəzifədə işlədi. 1944-cü ildə rus dilini gözəl bildiyinə, qeyri-adi istedad və səriştəsinə, çox məsuliyyətli olduğuna görə irəli çəkildi və Dövlət Təhlükəsizlik Orqanlarında işə başladı. Bütün bu uğurları, etimadı O öz zəhməti, alın təri ilə qazanmışdı. Elə həmin illərdə Leninqradda xüsusi ali təhsil almağa da başlamışdı. Həmçinin bundan bir neçə il sonra – 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul oldu və 1957-ci ildə oranı müvəffəqiyyətlə bitirdi. Bundan sonra onun elm, təhsil yolundakı qətiyyətlərini siyasi səriştəsi əvəz etdi...

Xalqın görən gözü, düşünən beyni, danışan dili və yanan ürəyi...

Dəqiqələrin, saatın necə keçdiyini bilməmək insanı, sanki tamam fərqli bir aləmə qərq edir. Bu evdə görkəmli dövlət xadiminin əlinin toxunduğu hər bir əşyaya tamaşa etmək, onun keçdiyi dəhlizlərdən keçmək, bunlarla muzeydə olduğu kimi şüşə altından yox, məhz canlı surətdə təmasda olmaq isə tamam fərqli hissdir... Salonun ən başında yerləşən pilləkən bizi evin ikinci mərtəbəsinə, ümummilli liderin iş otağının yerləşdiyi yerə çıxarır. Evin ikinci mərtəbəsinə qalxan kimi əvvəlcə geniş dəhlizə daxil oluruq. Bu an 27 ildir ki, dahi rəhbərin evinə bələdçilik edən Səyyad əmi məni səsləyib sağdakı kiçik otağı göstərir: “Bu da uşaqların otağıdır: balaca Heydərin, Arzu xanımın və Leyla xanımın otağı. Buyurub baxa bilərsiniz”.

Otağa daxil oluram və diqqətimi ilk çarpayıların üstündəki “mişkalar” cəlb edir. Səyyad əmiyə sualedici nəzərlərlə baxıram. Məni qabaqlayır: “Heydər müəllimin nəvələrinin oyuncaqlarıdır. Tozlanmasınlar deyə üzərilərinə ağ örtük sərmişdik. Siz gələnə yaxın qaldırdım ki, baxasınız.”, - deyir. Səyyad əmi söhbətinə onu da əlavə edir ki, görkəmli dövlət xadimi yalnız Naxçıvanda Ali Məclisin (o illərdə Ali Sovet idi – M.R) sədri olduğu illərdə yox, elə dövlət başçısı olduğu dövrlərdə də ailəm üzvləri ilə birlikdə bu mənzildə dəfələrlə olmuşdur. Müsahibimizin verdiyi məlumatı dəftərimə qeyd etdikdən sonra otaqdan ayrılırıq. Növbəti ziyarət edəcəyimiz guşə görkəmli dövlət xadiminin iş otağıdır. Geniş dəhlizdən, ikinci mərtəbədə yerləşən şıq mebellərlə döşənmiş qonaq otağından keçib iş otağına daxil oluruq.

Bu kiçik otağın bir guşəsində Ulu öndərin oxuduğu kitablar və qəzetlər olan kitab rəfi, digər tərəfində isə üzərində ölkəmizin tarixi taleyi ilə bağlı qəbul etdiyi fərmanları, tapşırıqları imzaladığı, mütəmadi yazı – pozu ilə məşğul olduğu iş masası dayanır. Kitab rəfinə yaxınlaşıb sıra-sıra düzüzlümüş kitablardan birini götürürəm. Dahi rəhbərin hələ sağlığında işıq üzü görən bu kitabda görkəmli dövlət xadiminin xalqımızın işıqlı gələcəyi üçün atdığı addımlardan geniş bəhs olunur. Kitabı səhifələyib, qarşıma çıxan ilk məqalənin ilk abzasını oxumağa başlayıram:

“Dahi şəxsiyyət Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində müasir Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı və gələcəyə aparan yolları müəyyən etdi. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü bu böyük dühanın adı ilə sıx bağlıdır. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu isə Azərbaycançılıqdır, bir sözlə, Azərbaycan xalqıdır. Bu dövlətçilik strategiyasında Azərbaycançılıq məfkurəsi xüsusi yer tutur. Dahi şəxsiyyət Heydər Əliyevin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi anti-azərbaycan siyasi xəttinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verməsi, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsi, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını qətiyyətlə tərk etməsi hər şeydən əvvəl qəlbində daşıdığı vətənpərvərlik hissi ilə, Azərbaycançılıq məfkurəsi ilə bağlı idi. Bu, əsl vətənpərvərlik mövqeyinin nümayişi olmaqla bərabər, həm də ümummilli lider adını daşımaq gücünə malik olan şəxsə – Heydər Əliyevə yaraşan bir addım idi”.

Kitabın digər səhifələrinə də göz gəzdirdikdən sonra onu büküb rəfə qaldırıram...

Tarixə çevrilmiş imzalar, bir qələmdən yazılanlar, pozulanlar...

Otağın bir guşəsində dayanan iş masası da “danışır” bizə o illərdən. Bu evdə yer alan bütün əşyalar dilə gəlsə, ən çox söz haqqı ona düşər, bəlkə də... Çünki bu masa, üzərində dayanan kitab, qələm, ağ vərəqlər kim bilir nə hadisələrə, hansı həqiqətlərə şahid olub. Nə bilmək olar, bəlkə də, Vətənimizin tarixi ilə bağlı qərarlar məhz bu masanın üzərində imzalanıb, neçə-neçə soydaşımızın gələcək müqəddəratı bu masada öz həllini tapıb. Görkəmli dövlət xadimi ən sevincli anlarını, ən kədərli günlərini bu masa arxasında yaşayıb. Nə bilmək olar... Düşüncələrin ən qızğın anında masa üzərindəki qələm diqqətimi çəkir.

Mürəkkəbi çoxdan qurumuş, hətda modası keçmiş bu qələm, görəsən, neçə tarixi sənədə öz möhrünü vurub, neçə taleyyüklü məsələlərə şahidlik edib... Bu gün hər bir azərbaycanlı üçün sirr deyil ki, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş ittifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi. İttifaq daxilindəki respublikalarda çox mürəkkəb siyasi-hüquqi hadisələr cərəyan edirdi.

Eyni zamanda həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.

Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi vəziyyətin həddindən artıq ağır olduğu şəraitdə Ali Məclisin sədri seçilən Heydər Əliyevin həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail oldu. Həmin dövrə nəzər saldıqda bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyət kəsb etdiyi görünür. Belə ki, bu istiqamətdə muxtar respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 17 noyabr 1990-cı il tarixdə Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, ulu öndər Heydər Əliyev bunu bütün cəsarəti və siyasi uzaqgörənliyi ilə nümayiş etdirdi. Bununla da Naxçıvan bu gün olduğu kimi, müasirlik və tərəqqi yolunda ilk addımlarını atdı.

İllər sonra çalınan qapı, gələn qonaqlar və səhifələnən xatirələr...

Görkəmli dövlət xadiminin iş otağı ilə vidalaşıb evin həyətinə enirəm. Səyyad əmi bizə evdən bir qədər aşağıda, eyni məhəllədə (Səməd Mövləvi məhəlləsi –M.R) ulu öndərin bacısı Surə xanımın evinin olduğunu deyir. Təbii ki, bu məhəllədə doğulub böyüdüyüm üçün Surə xanımın evinin burada – qonşuluğumuzda olduğunu yaxşı bilirdim. Həm də rəhmətlik nənəmdən onun necə mehriban, səmimi insan olması barədə çox şey eşitmişdim... Səyyad əmidən bizi bələdçisi olduğu həmin evə də aparmasını xahiş etdim. Sağ olsun, böyük məmnuniyyətlə razılaşdı. 23 illik ömrümdə mən bu küçədən hər gün, hər saat keçmişəm, ancaq bu dəfə sanki yollar, ayaq basdığım yerlər, uşaq ikən qaçdı-tutdu oynadığım o evin qarşısı daha da doğmalaşıb mənim üçün. Söhbət edə-edə, dahi rəhbərlə bağlı eşitdiklərimizi, bildiklərimizi, Səyyad əmi isə yaddaşına həkk olunanları bizimlə bölüşə-bölüşə gəlib ünvana yetişirik. İlahi, illərdir döyülməyən bu qapı, köhnə və kiçik mənzildə yaşayan keçmiş xatirələr...Səyyad əmi qapını açır. Bu həmin qapı idi ki, bir zamanlar ümummilli lider Moskvadan qayıdarkən ilk onun qarşısında dayanardı, ehtiramla bacısını səsləyərdi, ya da sakitcə qapını döyüb ev əhlinin çıxıb onu qarşılamasını gözləyərdi. Çox vaxt da gələcəyini bacısına deməzdi. Gizlin gələrdi. İstərdi ki, Surə xanım qapını açarkən qəfil gələn bu qonağı görüb ürəkdən sevinsin, şad olsun. Belə də olardı... Bacısı tez qara qazanı ocaq üstünə asar, plov süzər, somavara od salardı. Qardaşının nazını çəkə-çəkə ondan hal-əhval tutardı, ailəsinin, övladlarının kefini xəbər alardı. Sonra bu mehriban ailə – ulu öndər, Surə xanımın övladları, yoldaşı Qulu kişi, xətirlərini əziz tutan qohum-qonşular bir stol arxasında əyləşib şam edərdi. Ümummilli lider də onlara maraqlı söhbətlər edər, Moskva xatirələrindən danışar, ya da gələcək planları barədə nə isə deyərdi...İndi biz həmin stolun yanındayıq, fotomüxbirimiz isə bu evin fotolarını tarixin yaddaşına köçürüb əbədiləşdirir. Mənsə evi gəzib dolanır, xatirələrə dalır, bu kiçik mənzilin hər bir guşəsinə tamaşa edirəm. Divardan asılmış bir fotoşəkil diqqətimi çəkir. Yaxınlaşıb baxıram. Bu zaman arxadan Səyyad əminin səsini eşidirəm: “Rəhmətlik Heydər müəllimin böyük bacısı Surə xanımdır. Fotoya daha diqqətlə baxıram. Mən Surə xanımı görməmişəm. Ancaq Naxçıvan şəhərindəki qəbristanlığa nə zaman üz tutsam yolumu mehriban qonşularımızın uyuduğu yerdən salmışam. Sura xanımın, Heydər Əliyevin atası Əlirza kişinin ruhuna dualar oxumuşam. Bununla yanaşı, nənəmdən gor qonşusu Surə xanımın mehriban qonşuluğu barədə də çox şeylər eşitmişəm. Rəhmətlik xan nənəm deyərdi ki, qonşulardan biri nə zaman təndir salıb çörək yapsa, qız- gəlin həmin adamın təndiri başına cəm olardı. Bu dəfə bizim həyətdə təndir salınırdısa, növbəti dəfə Surə gilin, ya da digər qonşuların (məhəllə camaatı Surə xala deyər, həmyaşıdları isə adı ilə müraciət edərdi-M.R) həyətində saca çörək salardıq. Qonşularımız bir-birinə çox mehriban idi... Ağlıma hakim kəsilmiş xatirələrin – nənəli-babalı günlərimin ən şirin yerində illər arxasından gələn səslər, sanki məni yuxudan oyadır. Mənə elə gəlir ki, Qulu kişi yenə qapının astanasında dayanıb məhəllə cavanlarına xeyir-dua verir.

Üzünü görmədiyim, səsini eşitmədiyim Surə xanım yenə kiçik mətbəxində biş-düşlə məşğul olur. Sanki bizi – illər sonra gələn qonaqları böyük sevinclə qarşılayıb, qardaşı ilə bağlı ən gözəl xatirələrini bölüşür. “Xoş gəlmisiz, gələn ayaqlarınız var olsun”, - deyir. “Qardaşımla bağlı ən gözəl xatirələri, varlığı, canı qədər sevdiyi Azərbaycan xalqı illərlə danışacaq”, - söyləyir. Çöhrəsini fotolarda gördüyüm, lakin haqqında çoxlu söhbətlər eşitdiyim bu ağbirçək qadın, məhəllə sakinlərinin təbirincə desək, Surə xala, sanki qardaşı ilə bağlı xatirələr danışır bizə: “Bəlkə də, bir az qeyri-təvazökar səslənəcək, ancaq rəhmətlik anam İzzət xanım Onu bizim üçün, ailəmiz üçün yox, bütöv Azərbaycan üçün dünyaya gətirmişdi. O, mehriban ailə başçısı, qayğıkeş ata, səmimi yoldaş olduğu qədər, bütün bacı-qardaşlarına da ömrünü, həyatını həsr edəcək bir şəxsiyyət idi. Uşaqlıq illərindən hər birimiz çox çətinlik çəkmişik, yoxsulluq görmüşük. Ancaq ailəmiz hər zaman halal ruzi qazanmağı, uşaqlarını oxudub savad sahibi etməyi hər şeydən üstün tutub. Bəlkə də, elə buna görə idi ki, qardaşım nə vaxt maddi imkanı zəif olan, övladını oxutmaq gücündə olmayan ailələrdən xəbər tutsa, özü onları xaricdə oxudar, iş-güc sahibi edərdi.

Ailəmizdə, xüsusən də əziz və mehriban gəlinimiz Zərifə xanıma xüsusi məhəbbəti var idi. Onların dövlətimizin inkişafı yolunda birgə etdiyi xidmətləri, yaxşılıqları hər birimiz çox gözəl bilirik. Bəlkə də, ülvi sevgidən güc alan əqidələri onları xalqa bu qədər sevdirdi. Bütün həqiqətləri bir kənara qoysaq, təkcə 1990-cı ildə iyulun 22-də Naxçıvana gəlməsi və 80 min naxçıvanlının Onu təmtəraqla, şövqlə qarşılaması qazandığı sonsuz sevginin, dəyərin göstəricisi idi.

Qardaşımın əziz xatirəsi Onu sevən Azərbaycan xalqı var olduğu müddətcə daim var olacaqdır...

Kərpic-kərpic toxundu, ilmə-ilmə hörüldü...

İki otaqdan ibarət sadə tikili evin salonunda bir portret də yerləşir. Bu sənət əsərində dahi rəhbər gül-çiçəklər içərisində dayanıb Günəşi, ucsuz – bucaqsız üfüqləri seyr edir. Uzağa dikilmiş gözlərində şölələnən ümidlə harasa baxır, bilmirəm, bəlkə də, yenidən qurulan azad, müstəqil, qalib Vətəninə tamaşa edir.

Bu cansız portretdən çox şeylər hiss olunur. Hiss olunur ki, əsərdəki şəxsiyyətin qəlbi sözlərlə doludur. Yəqin ki, indi burda, bir zamanlar dünyanın dörd bir yanından gələn jurnalistlərə açıqlama verdiyi bu sadə mənzildə, bu kiçik otaqda olsaydı çox şeylər danışardı bizə. Vətəninin ən dar günündə onun dadına çatan bir rəhbər kimi yox, qələm adamlarını sevən, jurnalist əməyini yüksək qiymət verən təvazökar bir vətəndaş kimi söhbət edərdi bizlərlə. Və ən əsası nümunəvi şəxsiyyət kimi illər sonra gələn qonaqları qarşılayar, böyük nəvazişlə də onları yola salardı...

Hər iki mənzildə bizə bələdçilik edən Səyyad əmi ilə sağollaşıb, evdən ayrılırıq... Ancaq şahidi olduğumuz bu əvəzsiz xatirələr bundan sonra da hələ neçə-neçə tarixi həqiqətlərə işıq tutacaq; iş masası üzərində dayanan həmin qələm, salondakı böyük saat, qonaq otağındakı ailə fotoları və nələr-nələr... Neçə yazı bu xatirələrdən ilhamlanacaq. Dahi şəxsiyyəti sevən, onun xidmətlərini Azərbaycan üçün, Azərbaycan xalqı üçün böyük mükafat hesab edən vətəndaşlar hər dəfə bu evlərin yanından ötüb keçəndə ayaq saxlayacaq. Dahi şəxsiyyətin ömür yolu gözlərində canlanacaq, Onun hikmətli sözləri qulaqlarında səslənəcək:

“Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”.

Və bu zaman sidq ürəklə deyəcək:

"Allah rəhmət eləsin, böyük insan. Ruhuna dərin hörmət və ehtiram hissi ilə...".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar