Mirələm Musazadə
22 sentyabr 2022 16:25 (UTC +04:00)

Mirələm Musazadə

"Bizdə tamaşaçı mədəniyyəti yoxdur" - Mahnısı 4 milyon izlənən müğənni

Onu çox təsadüfən taksidə tanımışam. Mirələm Musazadənin səsini çoxları tanısa da, adı, üzü çox az adama tanışdır. Onun məşhur “Ahu-zar” mahnısı sosial şəbəkələrdə 4 milyondan çox baxış qazanıb. Gəlin, onu bir az da yaxından tanıyaq. Lent.az-ın qonağı müğənni Mirələm Musazadədir.

- Mirələm, istərdim özünüzü oxucularımıza təqdim edəsiniz.

-  2001-ci ilə qədər İncəsənət Gimnaziyasında İlhamə xanımın anası Tükəzban İsmayılovanın sinfində təhsil almışdım. O zamanlar xəstə vaxtlarıydı, ömrünün son ilində təəssüf ki, biz tələbələri çox az gördük onu. Qıçı sınmışdı deyə dərsə gələ bilmədi. Sonra Musiqi Akademiyasında Yalçın Rzazadənin tələbəsi oldum. Yalçın müəllim hər kəsi tələbə kimi qəbul etmirdi, seçirdi, ələyirdi. Ondan çox şey öyrəndim. Çox gözəl insan və gözəl də müəllim idi. Bildiyi hər şeyi öyrədirdi, onunla birlikdə məşq etmək, oxumaq çox gözəl idi. Sonra “Yeni ulduz” yarışmasına çıxdım Akif İslamzadənin repertuarından “Alagözlüm”ünü oxudum, amma qəbul etmədilər. Mübariz Tağıyev bəyənmədi məni, mən də sənətdən küsdüm. Amma bu gün elə Mübariz Tağıyevin öz mahnılarını məmnuniyyətlə oxuyuram.

- Məncə ondan pis oxumursunuz, amma nə tez küsdünüz?

- Musiqiçilərin çoxu belədirlər, sənətdən zərbə görəndə tez qırılıb, tez küsürük. Əsgərlikdən qayıdandan sonra yenidən başladım. “Dalğalar” mahnısını oxudum, çox yaxşı qarşılandı, 6 milyon dəfə baxılmışdı, amma bilmirəm, kim, niyə sildi onu. Sonra gücləndim, düşündüm ki, mən bu sənəti seçmişəmsə, küsməklə olmaz bu işlər. Bu yaxınlarda Qafqazın ən böyük rok festivalında iştirak etdim.

- Mahnılarınız bu qədər izlənirlir, qazanc da olurmu?

-  Əsas qazanc gətirən yer “Tik- Tok” dur, orda öz səhifəm yoxdur, Yotube-dən isə elə də gəlir gəlmir, 4 milyon baxışı olan mahnıya cəmi 200 dollar gəlir var idi.

-  Gitarada ifa etməyi də incəsənət gimnaziyasında öyrəndiniz?

- Yox, 2 il olar öyrənmişəm. Özümü müşayiət etmək üçün.

-  İndi hardasa oxuyursunuz?

- Sentyabrda şəhidlərimiz olduğuna görə çıxışları dayandırdıq, restoranlarda oxuyuram. Taksiyə də buna görə çıxmışdım. Dolanmaq üçün.

- Küçə musiqiçilərinə münasibətiniz necədir?

- Çox yaxşı. Küçə musiqiçilərinin bir hissəsi özünü ifadə etmək, bir hissəsi dolanmaq üçün çalır. Mən də küçədə oxumuşam. İnsanların gözündə sənin sənətindən zövq aldığını görmək gözəl duyğudur. Amma bizdə tamaşaçı mədəniyyəti yüksək səviyyədə deyil. Bəzən gətirib gitaranın futlyarına 20 qəpiyi elə tullayır ki, başına vursa ondan yaxşıdır. Adam da var pulu olmayıb gətirib ora bir dənə konfet qoyub, alma qoyub, inanın bu mənə elə xoş gəlib ki. Çünki gözündəki sevgini, heyranlığı görmüşəm.

- Küçədə nə qədər qazanmaq olur?

- Dəqiq söz demək olmaz. Bəzən günə qırx manat, bəzən heç nə.

- Çox gözəl ifanız var, sizi canlı-canlı dinləyəndə istedadınıza daha çox əmin oluram. Bəs niyə siz deyək ki, Üzeyir Mehdizadə kimi məşhurlaşmadınız?

- Üzeyir çox səmimi yaxşı insandır. Düzdür, ifası peşəkar deyil, amma kütlə tərəfindən sevilir qəbul edilir, mən heç bir zaman onun musiqilərinin altında paxıl şərhlər yazmamışam. Bir zaman sən reklama işləyirsən, sonra reklam sənə işləyir. Bu işlərə maliyyə ayrılmalıdır, reklamın olmalıdır.

- Məşhurlardan dəstək görmüsünüz?

- Yox. Yalnız dostum Elvin Nasir mənə “Ahu-Zarı” və bir neçə başqa mahnıları verdi, sağ olsun. Bu mahnı mənə həm izləyici sevgisi həm də kədər gətirdi.

- Kədər niyə?

- Çünki onu əsasən müxtəlif sosial şəbəkələrdə şəhid şəkillərinin, videolarının üzərinə fon musiqisi kimi qoyurdular və bu mahnı şəhidlərlə assosasiya olunmağa başladı. Mənə elə gəlir ki, bu mahnını mən bir şəhidin dilindən onun əzizlərinə, sevgilisinə vida mahnısı kimi oxumuşam. Onların hamısının ruhu qarşısında baş əyirəm. 

# 8454
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar