Allahı axtararkən şeytanı tapmaq və oynaya-oynaya ibadət
29 noyabr 2022 18:42 (UTC +04:00)

Allahı axtararkən şeytanı tapmaq və oynaya-oynaya ibadət

Bakıda yerləşən neoqotik üslubda tikilmiş bu qədimi binanı alman kilsəsi və ya orqan musiqisi zalı kimi tanıyırıq. 


1896-1899-cu illərdə alman memar Adolf Eyxlerin layihəsi əsasında inşa edilmiş kilsə hazırda Azərbaycan Dövlət Filarmoniyasının tabeçiliyindədir, Kamera və Orqan Musiqisi zalı kimi fəaliyyət göstərir. 


Bir bazar günü qarşısından keçərkən önündəki qələbəliyi görüb yanaşdım və gördüklərimdən sözün həqiqi mənasında təəccübləndim. 

Öncə məlumat üçün onu deyim ki, bu bina 2010-cu ildə dövlət başçısının sərəncamı ilə əsaslı təmir edilib, təmirinə düz bir milyon manat ayrılıb. Azərbaycanlı memarlar tərəfindən həyata keçirilmiş bərpa işlərində alman qotik üslubunun orijinallığının qorunmasına xüsusi diqqət yetirilib.

Kilsə indi "Xilaskar yevangelik-lüteran kilsəsi" adı altında xidmət edir. 

Kilsəyə qədəm basıram. Binanın akustikası möhtəşəmdir. İçəridə olan 5-10 nəfər adam deyə-gülə çıxırlar. Bir neçə dəqiqə yalnız oturub ətrafı seyr edirəm. Bir xanım mehribanlıqla mənə yanaşır. 
- Siz bura ilk dəfədir gəlirsiniz?
- Bəli.
- Hə hiss olunur. Bizim kilsə işini bitirdi, bazar günü xidmətimiz başa çatdı, bir də gələn bazar günü toplaşacağıq, istəsəniz, gələrsiniz.
- Mən bir qədər dayana bilərəm?
- Əlbəttə, bura Allahın evidir, istədiyiniz qədər oturun. Xeyir-dua almışlardan olun. 

Heç gözləmədiyim halda məni qucaqlayıb gedir. O çıxar-çıxmaz içəriyə böyük bir dəstə daxil olur, çoxu azərbaycanlılardır. Aralarında tək-tək rus dilində danışanlar da var. İçəri girən hər kəs bir-birini qucaqlayaraq görüşür. “Salam” deyənlər də var, “İsa səninlə olsun” deyənlər də. Maraqla izləyirəm. İçəriyə musiqi alətləri, səsgücləndiricilər daşınır. Bir neçə xanım öndəki səhnəyə əllərindəki sinilərdə nəsə daşıyırlar. Sonra öyrənirəm ki, bu yüngül şirniyyat, mayasız çörək və albalı şirəsidir.

Yarım saat sakitcə izləyirəm, nəyəsə hazırlıq gedir, bayram ab-havası var. İçəri girən hər kəs qadınlı-kişili hamı bir-birini sevgiylə bağrına basır. Ortaqlıda balaca uşaqlar o yan, bu yana qaçırlar, kimsə qınamır, təpinmir. Hər yaş qrupundan insan var. Hiss olunur ki, bu icmadakılar bir-birlərini yaxşı tanıyır. Orta yaşlı bir xanım yanaşır, mənimlə maraqlanır. Onunla söhbətdən burda baş verənlər barədə çox şey öyrənirəm.

Xanımın söhbətindən məlum olur ki, bu kilsəyə yalnız protestantlar toplaşır. Protestant kilsəsinin üzvlərinin əksəriyyəti Azərbaycan türkləridir. Onların inancına görə, hər bazar günü bura toplaşıb Tanrını izzətləndirməlidirlər. 

“Allah bizi yalnız göz yaşları içərisində görmək istəmir. Biz ona və insanlara sevgiylə bağlıyıq. Gəlirik bura, dualar edirik. Bütün həftəni özümüz üçün yaşamışıq, bir neçə saatımızı da ona həsr edirik. Özümüz üçün yaşamaq deyərkən ruhumuz xilaskara - İsa Məsihə aiddir, özümüzü, ömrümüzü ona həsr etmişik. Bazar günləri bu kilsəyə 4 ayrı kilsənin nümayəndələri toplanır. Dini Qurumlarla İş üzrə Komitədə qeydiyyatdan keçmiş kilsələrik. Ayrı-ayrı saatlarda toplanıb dualar edir, yardımlaşırıq”.

Xanım mənə xristianlıq, protestantlıq barədə maraqlı məlumatlar verməyə davam edir.

“Bizim protestantlar da müsəlmanlar kimi sünnət olunurlar. İslam dinindən mülayim və sərt tərəfləri var. Biz xristianlığı sonradan deyildiyi kimi yox, ilk göndərildiyi formada yaşayırıq. Məsələn, xaç daşımırıq. Bu bütə sitayiş olar. Müqəddəs su satılmaz, bu günahdır. Biz Allahın, dediyi kimi doğru yolda yerimək əzmindəyik. Boşanmaq və zina yasaqdır. Boşanmağa yalnız ər və ya arvaddan birinin xəyanəti zamanı icazə verilir”.

 Protestantlar yaradana Allah, Rəbb, Tanrı, Eloxim və digər adlarla müraciət edirlər.

Səhnədə qızlardan ibarət xor “Rəbbim sənin səltənətin əbədidir, səni izzətləndirir və sənin yolunla gedirik” deyə dualar oxuyurlar. Dualar rus və Azərbaycan dilində səslənir. Onların ifasını musiqiçilər müşayiət edir, ayaq üstə gah əl çalır, gah da rəqs edərək bu ifaları alqışlayırlar. Yenə deyirəm, bu kilsədən çox bayram ab - havasını xatırladır. Dini inanclarına görə, qazanclarının onda birini zəkat verməlidirlər. Bu da məcburi deyil. Bir neçə nəfər paketin içərisinə qoyulmuş vəsaitləri səbətlərin içərisinə atır. Sonra paster çıxıb Azərbaycan dilində moizə oxuyur. Yanındakı cavan oğlan da onun danışdıqlarını rus dilinə sinxron tərcümə edir. Dedikləri şeylər İslam dinindən çox da fərqlənmir. Əslində bir həqiqətə müxtəlif yollarla getmək olar. Əsas odur, bütün yollar Allaha, insan sevgisinə aparsın.

Kilsəyə gələnlər arasında gözümə bir neçə tanış sima da dəydi. Aralarında tanınmış mədəniyyət xadimləri var. Hətta bir kilsə pasterinin (moizə deyən dini lider) ölkənin tanınmış rəqqaslarından biri olduğunu öyrənirəm. Hazırda Filarmoniyada çalışır. Bu mənə bir qədər qəribə gəlir. Çünki dini rəhbərləri fərqli görməyə alışmışıq.

Xidmət başa çatır, gəldikləri kimi yenə də qucaqlaşıb, sarılıb bir-birlərindən ayrılırlar. 

Bir zamanlar belə kilsələrdə xarici missionerlərin fəaliyyət göstərməsi barədə eşitmişdim. Düzünü desəm, hərənin bir kilsə açıb, başına camaat toplaması, dini mərasimə başlayan kimi bir nəfərin kamera qoyub bütün olub-bitənləri lentə alması məndə bu təəssürat yaratdı ki, sanki kiməsə hesabat verəcəklər. Əlbəttə, bu barədə soruşsam da, cavab “yox” oldu. Gələnlərə nəfis tərtibatlı kitablar paylanılır. Havayı. Hə bir də onu bildim ki, evlərdə toplanıb söhbətlər edirlər. Nə danışırlar, bunu yalnız icma üzvləri bilirlər.

Bakıda bir neçə xristian kilsəsi var. Onlardan ən məşhurları Pravoslav və “Müqəddəs Məryəm” katolik kilsəsidir. Hamısına gedib oturmaq, izləmək, dua eləmək olar. Nə də olsa, hamısı Allahın evidir. Baxır sən o evləri hansı münasibətlə ziyarət edirsən. Müşahidə  üçün gedib gördüklərimə əsasən deyə bilərəm ki, Pravoslav kilsəsində də ruslardan çox bizimkiləri görmüşəm. Hələ keşişlərin qapısında növbə gözləyən xanımları görəndə lap mat qalmışdım. Üst başlarından rayon adamlarına oxşayan bu adamların din dəyişmələri (?) təəccübləndirmişdi. Sonra söhbət zamanı anladım ki, dərdləri xeyir-dua filan almaq deyilmiş, keşiş cadusu yazdırmaqmış.

Bax beləcə, bizlər Allahı axtararkən şeytanla əlləşməli oluruq.  Allah sənə rəhmət eləsin, Mirzə Cəlil, 150 il keçib, amma heç zad dəyişməyib.

# 3276
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar