53 il sonra “Cəbiş müəllim”in məhəlləsində - Nələr dəyişdi?   - REPORTAJ
28 noyabr 2022 20:15 (UTC +04:00)

53 il sonra “Cəbiş müəllim”in məhəlləsində - Nələr dəyişdi? - REPORTAJ

“Yeyin mənim şoppana balalarım”, “Makedonu dərdə-qəmə salmısan, Çağırsa ellər, gedərəm davaya”, “Heç belə gündə də sabun bişirərlər?”...

Yəqin ki, çoxunuz bu replikaları oxuyanda hansı filimdən olduğunu xatırladınız. Müharibə dövrü insanlarının həyat mücadiləsinə həsr olunmuş “Bizim Cəbiş müəllim” filmi...

Elə biz həmin məkanda, filmin çəkildiyi məhəllədəyik... Əhməd Cavad küçəsi...

Bu həyətə daxil olanda keçmişlə indini bir böyük darvazanın ayırdığını hiss edirsən. Əksəriyyətimiz o illərdə yaşamasaq da, deyə bilərəm ki, bu məhəlləyə daxil olanda sanki keçmişə qayıdırıq. 

Həyət çox sakitlikdir. Taxtadan qapılar, həyətdən asılmış paltarlar, pəncərə qıraqlarında dibçəklər. Eyni küçə, eyni məhəllə, amma sakinlər başqadır artıq bu ünvanda... 

Məhəlləni gəzdiyimizi görən qonşular yavaş-yavaş qapılarını açıb pilləkəndən boylanmağa başlayırlar. Sanki bilirlər artıq bura nədən gəldiyimizi. 

Bakı həyətlərinin ayrılmaz atributlarından biri elə bu zivəyə söykənilmiş taxta dirəklərdir. Buna səbəb isə paltarların yerə dəyməməsidi.

Bu həyəti gözəl edən digər tərəfi isə elə bu yaşıllığı, meynəliyidi. Onun üzümünü bir qayda olaraq yeməzlər. Bu yalnız və yalnız kölgə, yaraşıq, gözəllik üçün nəzərdə tutulurdu.  

Azərbaycan kinosunun maraqlı ekran əsərlərindən biri olan “Məhəllə 1” bədii filminin müəyyən epizodları da burda lentə alınıb. Bu pilləkəni xatırlayarsınız... 

Filmin qəhrəmanı Qüdrət bu pilləkəni tez-tez düşmək məcburiyyətində qalırdı. Onu gözləyənlər isə sıraya düzülürdü.

“Bizim Cəbiş müəllim” filmində Makedonun siçovulu yandırdığı səhnə həyətin bu tərəfində,

Makedonu dərdə salan Tanyaya uşaqların meyxana deməsi isə həyətin giriş darvazasının içəri olan hissəsində lentə alınıb. 

Bombalar atılan məqamda hər kəs aşağıdakı zirzəmiyə qaçırdısa, Makedon məhz bu pilləkənlərlə Tanyanın arxasıycan o dama qalxır.  

“Bizim Cəbiş müəllim” müharibə illərini əks etdirsə də, filmdə bir dənə döyüş səhnəsi yoxdur. Çünki film insanların məhz arxa cəbhədə müharibə ilə mübarizəsinə həsr olunub. 

Uşaqlığımızda xüsusi yeri olan “Bizim Cəbiş müəllim” filminin çəkilişinin məhəllədə şahidi olan bu gün cəmi bir nəfər qalıb. O da 1962-ci ildən burada yaşayan Maniya xaladır... 

Məhəllənin 68 yaşlı sakini Maniya Rəsulova xatirələrini Lent.az-la bölüşüb.

Həmin günləri az-maz xatırlayan yaşlı sakin çəkilişlər zamanı 7 yaşı olduğunu deyib:

“Yay ayları idi çəkilişlər olanda. Həmin vaxt mənim 7 yaşım olardı. Üzərindən illər keçib o günləri çox da xatırlamıram. Amma onu deyim ki, “Bizim Cəbiş müəllim” filminin çəkilişləri zamanı məhəllədə hamımız bir ailə olduq. Hətta bəzi çəkilişlər var idi ki, biz də görünürdük. Şəfiqə Məmmədova, Nəsibə Zeynalova kimi böyük sənətkarlarla bir yerdə işləmək ayrı bir qürur verirdi”. 

Xatirələrini danışdıqca kövrələn Maniya xanım o günlərə yenidən qayıtmaq istədiyini qeyd edir:

“Həmin keçmiş qonşulardan indi bir mən qalmışam. Biri də var idi, vəfat etdi. Qonşularımızın çoxu o vaxtlar erməni və rus idi deyə, köçüb getdilər. Çox gözəl günlər idi. Bir də qayıtmaq, həmin qonşularla yenidən vaxt keçirmək istəyirəm. İndi də burda film çəkmək üçün müraciət edənlər çox olur. “Məhəllə 1” filmi çəkiləndə mən özüm də orda iştirak etmişəm”. 

Onunla söhbətimizi yekunlaşdırıb, məhəlləni gəzməyə davam edirik. Üzərindən uzun müddət keçməsinə baxmayaraq məhəllədə demək olar ki, heç nə dəyişməyib. 

Məhəllə sakinləri özlərinin burada dəyişiklik etmək istəmədiklərini, bu məhəllənin gözəlliyinin elə, belə köhnə olmasında olduğunu deyirlər. 

Filmdəki Cəbiş müəllim aristokrat, insan taleyini və o zaman üçün “Böyük Vətən” məfhumunu düşünən bir ziyalı müəllimdir. Ən məşhur ifadələrini isə “heç belə gündə də...” birləşməsi ilə başlayır. 

Cəbiş müəllim filmin əvvəlindən axırınadək “öz yatağında qovrulan” təəssübkeş insan kimi yadda qalır. Yalnız bişirdiyi sabunu əsgərlərə paylayandan sonra bu təəssübkeşliyin ağırlığını çiyinlərindən atır, çamadanı yerə tullayır.

Bu da belə... Nəsil günü-gündən yeniləşir. Artıq Cəbiş müəllim çemodanını rahat tullaya, belə gündə sabun bişirməyə bilərdi...

# 8199
avatar

Fidan İlqar

Oxşar yazılar

Özünü Zeynəb Xanlarovaya oxşatdı, ölənə qədər "heç kimim yoxdur" dedi – Unudulan məşhurlar

Özünü Zeynəb Xanlarovaya oxşatdı, ölənə qədər "heç kimim yoxdur" dedi – Unudulan məşhurlar

4 fevral 2023 , 20:15
"Polis akademiyası" filminin komissarı ÖLDÜ

"Polis akademiyası" filminin komissarı ÖLDÜ

4 fevral 2023 , 18:33
Vulf Dornun Bakıda kitab təqdimatı  keçirildi

Vulf Dornun Bakıda kitab təqdimatı keçirildi

4 fevral 2023 , 16:31
Lənkəran Dövlət Dram Teatrının direktoru işdən çıxarıldı

Lənkəran Dövlət Dram Teatrının direktoru işdən çıxarıldı

4 fevral 2023 , 10:13
"Çelsi" derbidə xal itirdi

"Çelsi" derbidə xal itirdi

4 fevral 2023 , 03:41
Mətbuat katibi vəzifəli şəxsə qadağa qoya bilər? – Ekspertdən CAVAB

Mətbuat katibi vəzifəli şəxsə qadağa qoya bilər? – Ekspertdən CAVAB

3 fevral 2023 , 19:04
Mədəniyyət Nazirliyindən susmaq əmri? -  Replika

Mədəniyyət Nazirliyindən susmaq əmri? - Replika

3 fevral 2023 , 18:44
“6 milyon ayrılır, amma o pul gəlib  kinostudiyaya çıxmır”  – Tanınmışlardan ETİRAZ

“6 milyon ayrılır, amma o pul gəlib kinostudiyaya çıxmır” – Tanınmışlardan ETİRAZ

3 fevral 2023 , 18:02