10 yaşında başlayıb ağ saqqallı dədədə bitən yol -  Səsi ilə sevilən adam
27 mart 2023 18:15 (UTC +04:00)

10 yaşında başlayıb ağ saqqallı dədədə bitən yol - Səsi ilə sevilən adam

Bu günə qədər 30-dan çox serialda, bir neçə bədii filmdə, saysız-hesabsız teatr tamaşalarında rol almış İsmail Köksal Engür martın 27-də 77 yaşında həyata vida etdi.

Lent.az “Bir ulduz axdı” layihəsində maraqlı obrazları ilə Azərbaycan tamaşaçılarına da yaxşı tanış olan aktyorun ömür yolunu təqdim edir.

O, yaddaşlarda Büdü, Ridkit, Sıddık (Zərda), Ağ saqqallı dədə (Leyli və Məcnun), Saib Paşazadə (Dodaqdan qəlbə) kimi rəngarən obrazları ilə qalıb. Roldan rola girməyi yaxşı bacarırdı. Bəzən çox inadkar, zalım bir ailə başçısına dönürdü, bəzən ipək kimi yumşaq ürəkli bir babaya, bəzən jestləri, baxışları, səsi insana təbəssüm verirdi, bəzən qəzəb.

Elə bir siması var idi ki, baş rollar onun üçün yazılmırdı. Lakin ikinci dərəcəli obrazlarla yadda qalmaq, diqqət çəkmək bacarığı vardı.

1946-cı il martın 5-də Qarsda doğulmuşdu. Soy-kökü azərbaycanlıdır. 10 yaşından etibarən uşaq teatrlarında oynamağa başlayıb və elə uşaqkən TRT Ankara radiosunda uşaq rollarını səsləndirməyə başlayıb.  Ali məktəbdə aktyor sənətinin incəliklərini öyrəndikdən sonra Ankarada “Kızılay” adlı uşaq teatrını yaradır. Daha çox məzhəkəçi rolları ilə səhnəyə çıxır, uşaqları həm əyləndirir, həm də maarifləndirir. İllər sonra Ankaradan İstanbula gələn aktyor burada müxtəlif dövlət və özəl teatrlardan dəvətlər alır, çoxlu sayda tamaşalarla izləyici qarşısına çıxır. 1970-ci illərin əvvəllərində Levent Kırca ilə birlikdə “Oyun qatarı” komediya proqramı ilə televiziyada müntəzəm çıxışlar edir.

Maraqlı səs tembrinə malik olan aktyor filmlərin səsləndirilməsində aktiv iştirak edir, səs sənətkarı kimi şöhrət tapır. Robert De Niro, Al Paçino, Dastin Hoffman, Robin Vilyams, Cek Lemmon kimi tanınmış aktyorlar türk dilində məhz onun səsiylə danışıblar. Çoxlu mükafatlar qazanıb. 1999-cu ildə “Ən yaxşı kiçi aktyor”, 2002-ci ildə “İlin ən yaxşı komediya aktyoru”, 2005-ci ildə “Ən yaxşı epizodik rol ifaçısı” mükafatlarına layiq görülüb.

1976-cı ildə Jale Engür ilə evlənən aktyor 1 il sonra boşanıb. Bu evlilikdən bir qızı var. Ondan sonra bir daha ailə qurmayıb. Verdiyi müsahibələrdə bəzən zarafatla “mən sənətimlə evlənmişəm, məşuqəm teatrdır” deyərmiş. 

Köksal Engur  son ekran işi olan “Leyli və Məcnun” serialında Ağ saqqallı dədə obrazının dilindən maraqlı bir fikir səsləndirir. “Gedənlər bizdən bir parça alıb apararlar, o parçanın yerində dərin yaralar, izlər qalar”. 

O da gedişiylə izlərdən bir şey qoparmış, özündən sonra iz buraxmağı bacarmış adamdır. Onu anınca da istər - istəməz pıçıldayırsan: “ Bir ulduz  axdı”.

 

# 2340
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar