Araz Elsəs: “Güney Azərbaycana fasiləsiz baxardım...” – MÜSAHİBƏ
02 iyun 2011 13:37 (UTC +04:00)

Araz Elsəs: “Güney Azərbaycana fasiləsiz baxardım...” – MÜSAHİBƏ

İsveçdə mühacirətdə yaşayan, Güney Azərbaycandan olan ozan Araz Elsəsin APA-ya müsahibəsi

- Araz bəy, Bakıya son səfəriniz və konsertinizlə bağlı təəssüratlarınızı bilmək istərdik...

- Hər zaman Azərbaycanda konsert vermək və soydaşlarımızla görüşmək çox gözəl hisslərdir. Bu görüşün baş tutmasında çətinliklər mövcud olsa da, Allaha şükür, görüş bu dəfə baş tutdu. Arzum budur ki, belə görüşlərimiz davamlı olsun. Dostlar, tanışlar mənə ehtiyacları olduğunu deyirlər. Lakin mənim burada olan dostlarıma olan ehtiyacım daha çoxdur. Sizlərlə görüşdən mən daha çox faydalanıram.

- Konsertdəki tamaşaçıların fəallığı Sizi qane etdimi?

- Açığı, bu qədərini gözləmirdim. Çünki keçən dəfə, yəni bahardan öncə konsert baş tutmamışdı və düşünürdüm ki, insanlar bu dəfə konsertin keçiriləcəyini o qədər də ciddiyə almayacaqlar, nəticədə inamsızlıq yaranacaq. Bir də Bakıda verdiyim son konsertdən çox zaman keçib. Düzünü deyim ki, salondakı həyəcan xüsusilə diqqətə layiq oldu. İnsanların ifa etdiyim musiqi nümunələrinə, dediyim şerlərə münasibəti çox gözəl idi.

- Tamaşaçıların sayı və konsertin keçirildiyi məkan barədə nə deyə bilərsiniz?

- İnanın, say mənim anlamımda o qədər də önəmli deyil. Oradakı insanların konsertə necə gəlib, necə getmələri mənim üçün daha əhəmiyyətlidir. Yəni hansı duyğularla gəlmişdilər, oradan çıxanda hansı duyğularla evlərinə döndülər. Baxın, mənim üçün önəmli olan budur. Əlbəttə, soruşa bilərsiniz, sizi qane etməyən məqamlar hansılar oldu? Deyə bilərəm. Bəli, texniki problemlər oldu. Əsasən də səslə bağlı... Çünki konsertin keçirildiyi məkanın akustikası konsert üçün nəzərdə tutulmayıb. Səsdə problem olanda isə ifaçıya mənfi təsir göstərir və bağlılıq pozulur. Ara-sıra öz və sazın səsini eşitmirdim. Lakin konsertdə səmimiyyəti saxlamağa çalışdım. Bu, konsert salonlarının birində keçsəydi, təbii ki, problem olmazdı. Texniki problemlərə rəğmən, konsert gözəl keçdi. Baş verən çatışmazlıqlara görə də bağışlasınlar. Allah qoysa, gələcək konsertlərimizdə belə problemlərimiz olmasın.

- Bakıda sonuncu konsertiniz nə vaxt keçirilib?

- 2002-ci ildə Məhəmmədhüseyn Şəhriyar adına Mədəniyyət Sarayında. Həmin konsertdə də problem yaşandı. Hətta sona yaxın işıqlar söndü. Bilirsiniz, problemlər var. Ancaq mən küsən insan deyiləm. Desəm incimirəm, qırılmıram, yalan olar. “Uman yerdən küsərlər” deyiblər. Yalan danışmayım. Amma bütünlüklə üzülüb-küsən deyiləm. Bir az inciyirəm, ancaq yenidən güc toplayıb problemləri kənara atıram və işimə davam edirəm.

- Fikrimcə, konsertin keçiriləcəyi məkan məsələsində yaranan problem siyasi deyil, təşkilati problem idi...

- Mən də elə düşünmək istəyirəm. Bəlkə də məni yanlış təbliğ edənlər var. Hər zaman deyirəm. Mən Azərbaycanı sevirəm, soydaşlarımızı fərq qoymadan sevirəm. Millətçiyəm, millətimi sevirəm. Amma partiyaçı, qrupçu, irqçi deyiləm. Millətimi sevirəm deyəndə, onun içində iqtidar da, müxalifət də var. İkisini də qınamaq, tənqid etmək isə mənim haqqımdır. Heç kimi, hətta fars şovinizmini belə təhqir etmərəm. Çünki təhqir insana yaraşmır. Mübarizə apar, hətta ermənini müharibədə alnından güllə ilə vurub öldür, amma təhqir etmə. Mən də özümə qarşı təhqiri qəbul etmərəm. Məhz ona görə də Güney Azərbaycanda fars rejiminə “yetər” dedim. Yenə təkrar edirəm, millətimi ayırmadan sevirəm. Sadəcə, yanlış təqdimatdan üzülürəm. Demirəm məni hamı sevsin. Bir məsələni xüsusi vurğulamaq istəyirəm. Fikrimcə, millətçi toplum onsuz da millətçidir - Araz Elsəs onlar üçün oxusa da, oxumasa da. Onlar millətin dərdindən xəbərdardırlar. Mən o qrupun içinə girmək, onların qarşısında oxumaq istəyirəm ki, həmin qövmdə millətçilik, millətə sevgi yoxdur. Vətənin, millətin dərdini aşılamaq, millətin böyüklüyünü anlatmaq və türkün böyüklüyü haqda danışmaq mənim ozan olaraq borcumdur. Bu siyasət deyil, həyat tərzimizdir. Keçmişimizi bilək və gələcəyə addımlayaq. Günümüzün dərdlərini dilə gətirmək borcumuzdur. Bunu yanlış anlayar da var.

- Musiqi əsərlərinizi ifa edən zaman sözə daha çox yer verirsiniz...

- Bu ozan yoludur. İstədiyin yerdə söz deyirsən, sazla oxuyursan - bu çox gözəldir. Sərbəstsən və istədiyin yerdə durub fikirlərini söyləyə bilərsən. Məncə, bəzən belə olanda faydalı olur. Belə halda insanlara mahnının məğzini açmaq lazım gəlir və aydınlıq gətirərkən daha yaxşı olur.

- Amma bəzən hiss etmirsiniz ki, söz mahnıdan çox olur?

- Ola bilər. “Dərdli deyingən olar” deyiblər. (gülür)

- Məsələn, bu konsertdə sözə çox yer verdiniz?

- Bunun bir neçə səbəbi oldu. Neçə ildən sonra istəyirsən söz deyəsən. Bəzən mahnı yetərsiz olur və söz fikri tamamlayır. Bir də səslənmə pis idi. Vəziyyətdən çıxmaq üçün sözə çox yer verdim. Yəni səmimi deyim ki, bu məqam da var.

- Konsert zalına Təbrizdən torpaq gətirmişdilər və səhnədə də sizə təqdim etdilər. Nə hisslər keçirdiniz?

- (Bir qədər dayanır və hiss olunur ki, doluxsunur) Deyə bilmərəm nə hisslər keçirdim. Amma... İlk dəfəydi mənə Güneydən torpaq gətirmişdilər.

- Konsertdə də bəzən kövrəlirdiniz, fikirlərinizi bu səbəbdən tamamlaya bilmirdiniz?

- (Cavablandırmır, lakin nə demək istədiyini, hansı hisslər yaşadığını üzündən anlamaq çətin deyil)

- Güney Azərbaycana baxmaq üçün nə zamansa Quzey Azərbaycanın sərhədinə - Araz çayının şimal sahilinə getmisinizmi?

- Dəfələrlə sərhədə gedib o taya baxmışam. Quzey Azərbaycanın İmişli, Yardımlı bölgələrinə gedərdim, güneyə fasiləsiz baxardım... Hə, bayaq yaşadığım hisslər barədə sual verdiniz. O hissləri və həmin duyğuları necə yaşadığımı sözlə ifadə etmək olmur. Onu sadəcə yaşayırsan. Sözlə deyəndə cılızlaşır. Deyə bilmirsən. Özləm, həsrət üçün mahnılar yaza bilərsən. Ayrılığın, həsrətin acısını hətta mahnı ilə də ifadə etmək olmur. İnsan o hissləri ifadə edə bilməz. Yalnız yaşaya bilər. Mən həsrəti yaşamışam. Əvvəllər belə deyildim. Elə bil qürbət öz işini görür. Amma mən də öz işimi görürəm. Baxaq görək kim qalib gələcək. İnanıram ki, mən qalib gələcəm, inandıqlarım qalib gələcək, gerçəkləşəcək və biz Güneydə öz haqqımızı alıb hüquqlarımıza çatacağıq. Buna inanıram. Məni qürbətdə bu yaşadır. Böyük milli şairimiz Xəlil Rza o zaman deyərdi, “Nə yaxşı ki, Türkiyə var”. Amma mən həm də deyirəm ki, nə yaxşı ki, Azərbaycan Cümhuriyyətimiz var Türkiyə ilə yanaşı - bunlar olmasaydı, hara gedərdim? (yenə tutulur, fikrini tamamlamağa çətinlik çəkir).

- Quzey Azərbaycan türkləri də Naxçıvana gedəndə işğal edilən Qarabağa - Araz çayının bu tayına baxanda həmin hisləri keçirir...

- Dərd böyükdür. Amma dərmanı var. Zaman göstərir ki, bir çox dərdlərin dərmanı Güney Azərbaycandadır. Güney ayağa qalxırsa, Quzeyin də problemi çözüləcək. Gerçəkdən Bütöv Azərbaycan məsələsinin yanında Qarabağ kiçik problemdir. Güney özünə gələrsə, Qarabağ məsələsi bitəcək. “Qarabağın azadlığının yolu Güney Azərbaycandan keçir” fikri ilə tamamilə razıyam. Bu şüar deyil, gerçəklikdir. Allaha şükür ki, Güney oyanmaqdadır. Güneyin qalxmasına sevinmək lazımdır. Nə yaxşı ki, Quzey Azərbaycan buna dəstək verdi. Bu dəfə Qarabağda müharibə başlasa, inanıram ki, tamamilə fərqli vəziyyət olacaq və Güney Azərbaycan buna seyrçi qalmayacaq.

- Sizin Güney Azərbaycanda gedən milli hərəkatla bağlı fikirlərinizi öyrənmək istərdik...

- İndi daha yaxşı, mübariz və ağıllı hərəkat gedir. Neçə illər öncə hislərinə, duyğularına qapılmış bir hərəkat mövcud idi. Düzdür, insan duyğulu olar. Amma məntiq və səbir də olmalıdır. Hərəkat artıq son 20 ildə təkmilləşib. Dünənin yeniyetmələri indi artıq fikir sahibidirlər. Milli hərəkat bu mənada daha ağıllı, daha mətin irəliləyir. Bunu bir neçə dəfə söyləmişəm. Hərəkatın 15 il öncəsinə baxdığımız zaman aqressivlik görürdük. Çünki kiçik idi. Kiçik olan özünü, varlığını isbat etmək üçün “mən varam” deyərək hayqırır. İndi elə bir məqama çatmışıq ki, 500 min, 1 milyon insan meydanlara çıxaraq, “Haray, haray mən türkəm”, “Azərbaycan var olsun” deyə bilirsə, artıq bu hərəkatın kimliyi isbat olunub. Yəni istər-istəməz bu hərəkatla hesablaşırlar. Baxın, artıq Tehran rejiminin daxilində gedən proseslərə Güney Azərbaycan qarışmır. Hətta xarici mətbuat yazır ki, niyə Azərbaycan susur? Axı Güney Azərbaycan həmin ölkədəki hadisələrdə qabaqcıl olurdu. Xeyr, Güney Azərbaycan bu gün dünənkindən daha fəaldır. Çünki Güney artıq kənar qüvvələrin siyasəti ilə oturub-durmur. Artıq Azərbaycan kimsənin siyasətinə yem olmayacaq, yanacaqsa, özü üçün yanacaq. Bunun özü böyük uğurdur. Artıq Güney Azərbaycan İrandakı rejimin daxili siyasi proseslərinə qarışmır və qarışmamağının özü bir uğurdur. İranda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, sistemdə dəyişiklik olmayacaq. Güney türkləri bunu deyir. Azərbaycan öz yolunu seçib və gec, ya tez öz istəyinə çatacaq.

- Bu gün Güney Azərbaycandakı hərəkatın lideri varmı?

- İcazə verin suala sualla cavab verim. Milli lider və təşkilatçılar olmasa, yüz minlərlə insanı 1 gündə meydanlara çıxarmaq olarmı? Əlbəttə, olmaz. Məşrutə hərəkatı zamanı da Təbrizdə hərəkatın idarəetmə mərkəzi fəaliyyət göstərirdi. Təbriz yenə həmin Təbrizdir. İndi də idarəetmə mərkəzləri işləyir. Yəni indi daha yaxşıdır. Quzey Azərbaycanın mənəvi baxımdan Güneyə dəstək verməsi isə çox böyük dayaqdır.

- Hərəkatın Təbrizdəki vəziyyətindən danışdıq. Digər bölgələr haqqında da bunu demək olar?

- Məsələn, Urmiyə əhalisinin xasiyyəti bir qədər yumşaqdır, yəni Təbriz kimi deyil. Təbrizdə paytaxt havası var. Amma Urmiyədə bu gün millətçilik güclüdür. Makuda, Sulduzda və digər kiçik şəhərlərimizin hamısında milli hərəkat inkişaf edir. Sulduz isə türklüyün qalasıdır. 2006-cı ildə də ən çox şəhidlərimizi Sulduzda verdik. Ərdəbil də yaxşıdır. Əvvəllər süni şəkildə Ərdəbillə Təbrizin arasını vurmaq üçün müəyyən konfliktli fikirlər ortaya atmışdılar. İndi belə məsələlər yoxdur. Hətta Tehranın özündə belə milli hərəkat zəif deyil. Həmədan uzaq düşdüyündən, buranın üzərində bir az işləmək lazımdır. Əslində Tehranı biz türklər paytaxt etmişik. Çoxluq da bizik. İndi bu yoxdur. Artıq bizi birləşdirən bir od var, onun da adı Azərbaycandır. Şamanlar kimi onun dövrəsinə yığışmışıq.

- Xaricdəki Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?

- İcazə verin bir az gileylənim. Mən Araz Elsəs neçə illədir Avropada yaşayıram. Özü də çoxları məni tanıyır. Diaspora mənim qapımı döyüb bir dəfə soruşmayıb ki, Araz, salamatsan? İnanırsınızmı? Nə qurultaylarına çağırıblar, nə də indiyə qədər keçirilən geniş toplantılarına. Diaspora deyilən bir şeyi indiyə qədər tanımamışam. Yəni mənimlə tanış deyillər.

- Milli, vətən mövzusunda yeni mahnılarınız yaranırmı?

- Yaranmazmı? Araz axdıqca mən də axacam. Durğun sular qoxar, iylənər. Mən axmalıyam. Mahnılarımla, sözümlə güneydəki hərəkata yardımçı olmağa çalışıram.

- Mahnılarınız, sözünüz Güneyə necə çatır?

- Əlbəttə, internet sağ olsun. Bunun qarşısını ala bilməzlər. İnternetə müəyyən saytlara mahnıları yükləyirəm. Güneydən isə onları dinləyirlər.

- Sosial şəbəkələrdə niyə aktiv deyilsiniz?

- Ara-sıra “facebook” sosial şəbəkəsinə daxil oluram. Amma çox çatdıra bilmirəm. Bu da vaxtın azlığından irəli gəlir. Çoxlu sayda dostluq ismarışlarına cavab verə bilmirəm. Çünki dostların say məhdudiyyəti artıq dolub. Amma düşünürəm ki, sosial şəbəkələrdə aktiv olum.

- Başqa nə işlərlə məşğulsunuz?

- Bir müddət musiqidən kənar işdə çalışdım. Gördüm, sənətimə maneçilik edir və kənarlaşdım. Hələlik konsertlərin təşkili ilə məşğulam. Türkiyədə çoxlu sayda konsert verməyi planlaşdırıram.

- Sizi müşayiət edən ansambla peşəkar deyə bilərsiniz?

- Ansamblımız peşəkardır. Doğrusu, ifaçılardan ikisi dəyişib. Yerinə gələnlərlə isə ilk dəfə Bakıda görüşdüm. Tez-tez görüşə bilmirik. Məşqlərimizin sayını artırmalıyıq.

- Türkiyədə və ya Azərbaycanda yaşamaqda probleminiz var?

- Azərbaycanda küçədə gedən zaman heç ehtiyatlanmıram. Amma İstanbulda belə deyil. Çox ehtiyatlıyam. Türkiyə bəzi məsələdə Azərbaycandan irəlidədir. Amma Araz Elsəs üçün Azərbaycan daha güvənlidir.

- Belə olan təqdirdə niyə Azərbaycanda yaşamırsınız?

- Bir film var. Orada bir nəfər metro işçisindən soruşur ki, deyirlər metroda qatarlar elədən belə, belədən elə gedir? Ondan soruşurlar ki, bəyəm metroda olmamısınız? O da cavabında deyir ki, qoyursunuz ki... (gülür) Əslində gəlib yaşamağın bir sıra məqamları var. Mən sənətçiyəm və mühit olmalıdır. Mühit yaranmasa, necə işləmək olar? Amma Türkiyədə bu problem yoxdur. Özü də Türkiyədə hansısa siyasi quruma bağlı olmadan konsert vermək olur. Yəni bir millətin nümayəndəsi kimi fəaliyyət göstərirsənsə, heç bir problemin olmayacaq. Heç bir partiyaya bağlılığın olmadan rahat fəaliyyət göstərirsən.

- Türk dünyasında ozan sənətinin indiki vəziyyətini necə dəyərləndirirsiniz?

- Orta Asiyada – Türküstanda, xüsusilə Qazaxıstanda ozan sənəti çox gözəl inkişaf edir. Məsələyə fərqli yanaşanlar da var. Amma fikrimcə, bu sənətin təbliğində zamanla da ayaqlaşmaq zəruridir. İndi çalışıram rokla sazı sintezindən əmələ gələn musiqi nümunələri hazırlayam.

- İfalarınızda qurd ulartısına da yer verirsiniz...

- İnanın ki, bu içimdən gəlir. 1994-1995-ci illərdə Bakıda uzun hava oxuyurdum. Oxuduğum zaman özümdə deyildim. Başımı qaldırdım göyə və birdən qurd kimi ulamağa başladım. Gördüm ki, insanlara başqa həyəcan gəldi. Sonra Türkiyədə olduğum zaman bu məsələ telekanalların birində də müzakirəyə çıxarılmışdı. Hətta o zaman köşə yazarı kimi tanınan Əhməd Şəfəq də canlı yayımla bu verilişə qoşulmuşdu. Orada mənə iradlar bildirildi ki, ozan ifasında belə şeyə yer yoxdur. Dedim ki, bu ulamaq 35 milyon türkün əsarətdən qurtuluş ulartısıdır. Bu “kurt uluşu”dur. Bir müddət sonra isə gördüm ki, Güneydə qurd kimi ulartılar meydanlara çıxdı. Bu siyasi deyil, bizim totemimizdir. Bunu hər yerdə deyirəm. Nə yaxşı ki, bu məsələ Azərbaycanda gözəl anlaşılır. Bir zamanlar məni Türkiyədə “ulayan sənətçi”, “qurd abi” deyə çağırırdılar. Biz türküksə, borcumuz türkçülüyü təbliğ etməkdir. Türkçü qrupçu, bölümçü olmamalı, bütün milləti sevməlidir.

- İfa etdiyiniz mahnılarda öz şerlərinizə üstünlük verirsiniz?

- Xəlil Rzadan, Rüstəm Behrudidən oxumuşam, Almas İldırımla çox yaxınam. Axtarışdayam. Ürəyimə yatan şerləri ifa edirəm. Amma Güneydə baş verənlərlə bağlı öz bəstələrim də olur. Bir məsələni xatırlamaq istəyirəm. Mayın 29-da verdiyim konsertdə “Salam dar ağacı”nı oxuyuram. Həmin vaxt gözlüyü çıxartdığımdan qarşıdakı məsafəni yaxşı görmürdüm. Sən demə, Rüstəm Behrudi zaldadır. Həmin gün onu görməmişəm. Sonra öz-özümə deyirəm ki, gördümsə niyə tanımadım və niyə görə bilmədim? Buradan Rüstəmə ünvanlayıram bu sözləri: ayrılığın evi yıxılsın.

- Ailənizlə görüşmək imkanınız necədir?

- Azərbaycanda yaşadığım vaxtlarda valideynlərimlə görüşürdüm. Son zamanlar isə Türkiyədə atam və anamla mütəmadi görüşürəm. Zaman çox dəyişib.
# 1520

Oxşar yazılar