Azərbaycanın ilk nağıl-müzikli təqdim edildi –
02 iyun 2011 11:00 (UTC +04:00)

Azərbaycanın ilk nağıl-müzikli təqdim edildi –

Teatr Xadimləri İttifaqının tamaşa zalında Azərbaycanda ilk dəfə nağıl-müzikl janrında istehsal olunan “Onun ürəyi” filminin təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, mərasimi ilk öncə öz rəqs nömrələri ilə körpə balalar açıb. Daha sonra Aytən və Aytac İsayeva bacıları, Aysel İbrahimova, Zülfiyyə Xanbabayeva musiqi parçaları ilə çıxış ediblər.

Filmin kompozisiyasına uyğun hazırlanmış tədbirin musiqili hissəsi başa çatandan sonra Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz Sultanzadə filmin yaradıcı heyətini səhnəyə dəvət edib. Nağıl-müziklin ssenari müəllifi və rejissoru Samir Kərimoğlu 1 İyun Uşaqların Beynəlxalq Müdafiə günü münasibəti ilə balaca balaları təbrik edərək filmi onların ixtiyarına verməkdən məmnun olduğunu bildirib.

“Bu gün çox məsuliyyətli gündür. O qədər həyəcanlıyıq ki, söz deməyə belə çətinlik çəkirik. Başqa vaxt olsaydı saatlarla filmdən danışmaq olardı, amma bu gün premyera günündə insan nə deyəcəyini belə unudur” – deyən filmin bəstəkarı Vüqar Camalzadə çıxışında filmdə əməyi keçən hər kəsə təşəkkür edib. Çıxışlardan sonra film nümayiş olunub.

Filmin süjet xəttinə gəlincə, bir zamanlar xoşbəxt Pərilər şahı öz ailəsi və ümməti ilə çox xoş günlər keçirirmiş. Çünki o xalqını çox qorxulu bir cadugərdən (Şərrin) xilas etmiş və onu heç kəsin çıxa bilməyəcəyi çox hündür bir dağın başındakı zindanda dustaq etmişdi. Əli heç yana çatmayan Şərrin öz talismanını cadulayır və onu milçəyə bənzər bir həşərata çevirir. Pərilər şahının sarayında isə bu zaman şahın təzəcə dünyaya gəlmiş oğlu - Ağdanın şərəfinə ziyafət verilir. Milçək Şərrinin əmri ilə uşağı sancır və ağ Ağdan ailəsinin gözü qarşısında qara Qədrana çevrilir. Qədran isə günlərin birində Pəriyə aşiq olur və bu eşq onu dəyişməyə məcbur edir.

3D qrafikası ilə istehsal olunan filmin dinamikası, ritmi, musiqiləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında istehsal olunan filmdə baş rolları Murad Abdullayev, Aysel İbrahimova ifa edirlər. 25 dəqiqəlik filmin çəkilişləri Bakı və İsmayıllıda gerçəkləşib.

Xəyalə Muradlı
# 1568

Oxşar yazılar