“Gələn il Azərbaycana 50 min turist gələcək”
31 may 2011 12:35 (UTC +04:00)

“Gələn il Azərbaycana 50 min turist gələcək”

Gələn ilin mayında Azərbaycan “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edəcək. Bununla əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bununla əlaqədar olaraq mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanov Lent.az-a açıqlama verib. O bildirib ki, 57-ci “Eurovision” mahnı yarışmasına nazirlik tərəfindən müvafiq hazırlıqlar başlanılıb və bunlar davamlı olacaq. Hazırlıqlar sırasında hazırda Bakıda inşa olunan otellərin tikintisinin tezləşdirilməsi də var.

Mahir Qəhrəmanov qeyd edib ki, hazırda Bakıda 11 minə yaxın yataq yeri var. altıya yaxın böyük otelin tikintisi isə davam edir: “Mədəniyyət və Turizm Nazirliyinin əsas hədəfi Bakıda tikilməkdə olan otellərin işinin sürətləndirilməsidir. Məlum məsələdir ki, bir il ərzində 20-30 min yataq yeri olan böyük infrastrukturun tikilməsi mümkün deyil. Ona görə də ilk növbədə çalışacağıq ki, otellərin tikintisini sürətləndirək. Mütəxəssislərin araşdırmasına görə, əgər bu layihə baş tutsa, Bakıda 15 minə qədər yataq yeri olacaq. Əlbəttə, bu, kifayət deyil. Ona görə də, fikrimizcə, mövcud olan real potensialdan istifadə etməliyik. Evlərini kirayə verən insanlar var ki, onlarla bu mövzuda danışacağıq. Həmin adamları tapıb bir yerə cəlb etmək və elan vermək lazımdır. Bu kimi mövcud olan digər potensiallardan da istifadə etmək fikrindəyik. 6 böyük oteldən başqa, Bakıda çoxsaylı kiçi həcmli otellər tikilir. Həm qiymət, həm də keyfiyyət baxımından seçim müxtəlifliyi lazımdır. Bundan sonra bazar özü hər şeyi tənzimləyəcək”.

“Eurovision” müsabiqəsi öncəsi qiymətlərin aşağı düşməyəcəyi qənaətində olan M.Qəhrəmanov, əksinə həmin ərəfədən qiymətlərin qalxacağını güman edir: “Müsabiqə zamanı tələbat artıq olacaq. Bütün dünyada da bu tendensiya var, otelin qiyməti adi vaxtdan 80, hətta 100 faiz artıq olur. Bizim hədəfimiz odur ki, yerlərin sayı daha çox olsun və təklif olunan qiymətə uyğun da keyfiyyət olsun. Hər bir oteldə mili suvenir satışı olacaq, eyni zamanda məlumat kitabçası, buklet, broşurlar paylanacaq.
Bizim ölkəyə sərhəd qapısından girən qonaqlar bilməlidirlər ki, Azərbaycan hər şeyə hazırdır. Gələn hər bir qonaq da buradan gözəl təəssüratlarla ayrılmalıdır ki, bir daha ölkəmizə gəlsin. Azərbaycanı digər ölkələrin adət-ənənələrindən fərqləndirən ən üstün cəhətlərdən biri istiqanlılığı və qonaqpərvərliyidir. Biz bu müddət ərzində qonaqpərvərliyimizi tam şəkildə göstərməliyik”.

Mədəniyyət və Turizm Nazirliyi “Eurovision-2012” müsabiqəsini işıqlandırmaq üçün ölkəmizə gələcək çoxsaylı media mənsubları üçün də xüsusi tanıtım tədbirlərinin keçirilməsini nəzərdə tutur. M.Qəhrəmanov deyib ki, bu ərəfədə Avropa mediasına Azərbaycan mədəniyyətini, tarixini, görməli və gəzməli yerlərini mütləq göstərilməlidir: “Bu, əsasən turizm şirkətlərinin işidir. Ola bilər ki, bu cür turlar jurnalistlər üçün ödənişsiz olsun. Ancaq bura kommersiya məqsədi ilə gələn insanlar üçün ödənişli olacaq. Biz nazirlik olaraq çalışırıq ki, dövlətin mövcud turizm potensialını genişləndirək. Bura gələn media nümayəndələri üçün bölgələrə infoturlar təşkil olunacaq. Eyni zamanda bölgələrdəki infrostrukturlarımızla tanış olmalarını istəyirik ki, burada gördüklərini öz ölkələrində təbliğ edə bilsinlər”.

Turizm şöbəsinin müavini onu da bildirib ki, gələn ilin mayında “Eurovision” ərəfəsində Azərbaycana təxminən 50 min turistin gələcəyi gözlənilir: “Əslində ölkəmizə nə qədər turist gələcəyi və buradan nə qədər qazanc əldə edəcəyimizlə bağlı proqnozları indidən demək çətindir. Amma mütəxəssislərlə belə qərara gəldik ki, Azərbaycana ən azından 40-50 min arasında turist gələcək”.

Xəyalə Muradlı
# 560

Oxşar yazılar