“Dağlı”nın müəllifi: “Çeçenlər həyatıma 2 dəfə real təhlükə yaradıblar” - MÜSAHİBƏ
31 may 2011 12:25 (UTC +04:00)

“Dağlı”nın müəllifi: “Çeçenlər həyatıma 2 dəfə real təhlükə yaradıblar” - MÜSAHİBƏ

“Qanun” nəşriyyatının rus dilində çap etdiyi ilk kitablardan biri Abdulla İsanın “Dağlı” (“Qorets”) əsəridir. Çeçenistan münaqişəsindən bəhs edən əsərdə, Nizami Gəncəvinin “İsgəndərnamə”sinə də yer ayrılıb. Lent.az-a müsahibəsində Abdulla İsa niyə Çeçenistan müharibəsi və Nizami Gəncəvi haqqında kitab yazması barədə söhbət açıb.

- “Dağlı” əsəri iki fərqli mövzudan – Çeçenistan və Nizami Gəncəvidən bəhs edir. Bu mövzuların bir-biri ilə heç bir əlaqəsi yoxdur. Siz onları necə bir araya gətirdiniz?

- İlk baxışdan bəlkə də elə görünə bilər ki, qeyd etdiyiniz mövzuların bir-biri ilə heç bir əlaqəsi yoxdur. Amma “İsgəndərnamə”də indiki dövrə aid ola biləcək, aktual, hətta gözlənilməz sayıla bilən əhvalatlar var. Misal üçün, rusların mütəmadi hücumuna məruz qalan abxazların İsgəndərdən imdad diləməsi və sərkərdənin onlara yardım etməsi. 2500 il bundan əvvəl olan dövrü əhatə edən kitabın regionun bugünkü reallıqlarına bu dərəcədə yaxın olması məni çox maraqlandırdı. Yavaş-yavaş mövzunu araşdıraraq gördüm ki, dahi Nizamidən biz hələ çox şey öyrənməliyik.
Nizamının yaradıcılığına toxunmağımın digər bir səbəbi də odur ki, biz azərbaycanlılar onun yaradıcılığı ilə dərindən tanış deyilik. Nizami Azərbaycan xalqının yetişdirdiyi ən böyük şairdir və inanmıram ki, kimsə ondan yüksək zirvəyə qalxa biləcək. Amma çoxlu sayda dostlarım arasında apardığım araşdırma göstərdi ki, ən yaxşı halda onlar Nizaminin doğum tarixi və yerini, əsərlərinin adını bilirlər. Yəni xalq arasında, kütləvi şəkildə Nizaminin əsərlərini bilən, onu oxuyan, əzbər söyləyən adamlar yoxdur. Halbuki, hətta bu gün belə xaricdə şairin yaradıcılığına maraq səngiməyib. Ən sonuncu misal, Xaliq Hüseynin məşhur “Çərpələng Uçuran” əsəri və bu əsərdə Nizaminin yaradıcılığına toxunmasıdır. Nəticədə müəyyən qüvvələr Nizamini fars şairi, Şirini (Xosrov və Şirin əsəri) isə erməni şahzadəsi kimi təqdim edirlər.
Bütün dediklərimi nəzərə alaraq, əsərimdə Nizaminin yaradıcılığına yaxından diqqət yetirmək qərarına gəldim. Bu, bir növ mənim vətəndaş borcum kimi dəyərləndirilməlidir.

- Qafqazda qonşusu ilə müharibə aparmayan xalq tapmaq çətindir. Bu müharibələr bolluğunda niyə məhz Çeçenistan münaqişəsi barədə yazmaq qərarına gəldiniz?

- Çeçenistan münaqişəsi ilə elmi iş yazarkən maraqlanmağa başlamışdım. Bir çox ölkələrə səfər edərək çeçenlərlə görüşdüm, onlardan müsahibələr aldım. Lakin sonda anladım ki, elmi işimin çoxlu sayda faktları fonunda min bir əzabdan keçmiş insanların taleləri itib-batacaq, onların acı taleyi haqqında heç kim öyrənə bilməyəcək. Bu səbəbdən də araşdırmamı bədii üslubda yazdım.
Digər tərəfdən, Çeçenistan münaqişəsi ilə bağlı uzun müddət ictimaiyyətə birtərəfli məlumat ötürülürdü, müəyyən hadisələrin şərhi bilərəkdən qərəzli şəkildə aparılırdı. Bu da qafqazlı olaraq məni narahat edirdi. Ən azı tarix üçün yüzlərlə günahsız insanın həyatına son qoymuş münaqişə haqqında ikinci mənbədən də məlumatın verilməsi vacib idi.

Eyni zamanda, sırf elmi iş çərçivəsində Qafqazın ab-havasını, adət-ənənlərini, xalqların mentalitetini çatdırmaq mümkün deyil. Halbuki, dağlıların adətlərini yaxşı bilirəm, usaqlığım avarlar, ləzgilər və caxurlar arasında keçib. Hətta həyatıma 3 dəfə real təhlükə yaranıb. Onun ikisinin səbəbkarı çeçenlər olub. Gürcüstanda olarkən Tiflisdə və Pankisi dərəsində çeçenlərlə davada olmuşam. Amma yenə də ilk kitabımı onlara həsr etmək qərarına gəldim. Bu Çeçenistan münaqişəsinə diqqət yetirməyimin növbəti səbəbidir.

- Çeçenistan müharibəsinin indiyə kimi qaranlıq qalan məqamları dedikdə konkret hansı hadisələri nəzərdə tutursunuz?

Belə qaranlıq hadisələr həddindən artıq çoxdur. Misal üçün, belə bir mif var idi ki, 1994-cü ilin 31 dekabrında Qroznı şəhərinə girən Rusiya qoşunları sırf şəhərin mərkəzində pusquya salınıblar. Halbuki, rusların ilk iki tankı şəhərin girəcəyində vurulub və şiddətli atışma da orada başlayıb. İlk mülki itkilər orada qeydə alınıb.
Digər misal, 1996-cı ilin avqust ayında nisbətən xırda çeçen dəstələrinin Qroznı şəhərini ələ keçirmələri olub. O vaxt şəhərdə 6000-ə yaxın rus əsgər və zabiti vardı, amma çeçen döyüşçülərin sayı 2000 nəfərdən artıq deyildi. Rusiya mənbələri Qroznının götürülməsi və bu hadisənin müəyyən mənada Xasavyurt razılaşmasına səbəb olması barədə danışmağı xoşlamırlar və ya söhbət düşəndə bu əhvalatı minbir miflə əhatə edirlər. Amma Qroznının alınması çox maraqlı hərbi taktika sayəsində mümkün olub. “Dağlı” əsərində tarixin bu səhifəsinə xüsusi diqqət yetirilib.
Çalışdım ki, əsərdə çox faktlara əsaslanım və “Dağlı”nı bədii kitab olmaqla yanaşı, ciddi araşdırma məhsulu kimi yazım.
# 876

Oxşar yazılar