Aktyorlarımız V Beynəlxalq Yay Teatr Məktəbinə dəvət alıb – FOTO
27 may 2011 20:19 (UTC +04:00)

Aktyorlarımız V Beynəlxalq Yay Teatr Məktəbinə dəvət alıb – FOTO

Layihə Rusiya Federasiyasının rəhbərliyi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. RF Teatr Xadimləri İttifaqının V Beynəlxalq Yay Teatr Məktəbində iştirak etmək üçün Azərbaycandan iki nəfər - Akademik Milli Dram Teatrının aktrisası Şəlalə Quliyeva və “Can as” studiyasından Mahir Cananov dəvət olunub.


Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun Lent.az-a verdiyi məlumata görə, məktəbin işində Abxaziya, Azərbaycan, Ermənistan, Belarus, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, İsrail, Qazaxıstan, Kosta Rika, Qırğızıstan, Latviya, Monqolustan, Moldova, Portuqaliya, Rumıniya, Rusiya, ABŞ, Türkmənistan, Özbəkistan, Ukrayna, Çexiya Respublikası və Estoniyadan 85 gənc aktyor iştirak edəcək. Bir ay ərzində iştirakçılar Moskvanın və Sankt-Peterburqun aparıcı teatr məktəblərinin tanınmış teatr pedaqoqlarının rəhbərliyi ilə peşəkarlıq səviyyələrini yüksəldəcəklər.


E. Cəfərovun sözlərinə görə, bu il layihənin uğurlu fəaliyyətinin 5 ili tamam olur. Bu müddət ərzində məktəb dünyanın 38 ölkəsindən 400 aktyor üçün ikinci əsl sənət məktəbinə çevrilib. Ənənəyə uyğun olaraq, bu il də layihə çərçivəsində Aleksandr Kalyagin, Lev Dodin, Adolf Şapiro, Andrey Moquçiy, Sergey Jenovaç, Andrey Xrjanovski, Konstantin Boqomolov kimi görkəmli teatr xadimlərinin ustad dərslərinin keçirilməsi planlaşdırılır.


Layihə çərçivəsində 4 tamaşa (2 dramatik, 1 kukla, 1 plastik) hazırlanacaq. Tamaşaların premyeraları Moskvanın Zveniqorod və Serpuxov teatr meydanlarında baş tutacaq. Həmçinin layihə çərçivəsində iştirakçılar üçün geniş mədəni proqram – Moskva teatrlarının tamaşalarına baxış, yaradıcılıq görüşləri, əyləncəli tədbirlər nəzərdə tutulub.


Xəyalə Muradlı
# 1348

Oxşar yazılar