Vaqif Səmədoğlu: “O, mənim üçün Tanrı tərəfindən verilmiş bir nemətdir”
29 may 2011 13:12 (UTC +04:00)

Vaqif Səmədoğlu: “O, mənim üçün Tanrı tərəfindən verilmiş bir nemətdir”

Dostunu göstər, sənə kim olduğunu deyim - bu atalar sözü hamıya tanışdır. Dost ikinci mən deməkdir - fikrində olanlar da var. İki tanınmış adamın dostluğundan bəhs olunan bu yazıda birinin fırçası ilə o birinin portreti cızılır.

Xalq şairi Vaqif Səmədoğlu “Lent.az-ın “Yaxın adam” layihəsində dostu, xalq yazıçısı Anar barədə danışır.


Riyaziyyat müəllimimiz onu kəllə adlandırırdı

Bir-birimizi uşaqlıqdan tanıyırıq. Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasının nəzdində 10 illik musiqi məktəbində təhsil alırdıq. Anar məndən bir sinif yuxarıda oxuyurdu. O, skripka sinfində idi, mən fortepiano. Anar elə uşaqlıqdan həm məktəb yoldaşlarının, həm də müəllimlərinin hörmətini qazanmışdı . İbtidai siniflərdən məktəbi qurtarıncaya qədər də belə oldu. Xüsusilə dəqiq elmlərdə müəllimlərin sevimlisi idi. Riyaziyyat müəllimimiz vardı - Ağacəlil Babayev. Hamımız ondan qorxurduq. O isə bizə həmişə Anarı misal gətirərdi. Deyirdi ki, “Anar kəllədir”. Uşaqlığından liderdi. Hamımız onun ətrafında cəm olurduq, onun yolu ilə, dedikləri ilə hərəkət edirdik. Bir qrup dost idik. Rəhmətlik Emin Sabitoğlu, mən, Anar, Araz Dadaşzadə, Rəhman Bədəlov. Onlardan üçü rəhmətə gedib, Anarla mən qalmışıq. Anar futbolu çox sevərdi. Mən oyun sevən deyildim.

Anar çox yaxşı nərd oynayır. Saatlarla rəhmətlik Emin Sabitoğlu ilə döymə nərd oynayardılar. Oyunun gərgin məqamlarında Emin zümzümə edərdi, Anar da qoşulardı ona. Sonra da hər ikisi qəhqəhə çəkib gülərdilər. Araz Dadaşzadə ilə də şahmat oynayardılar. Bu sarıdan mən onlara partnyor ola bilməmişəm. Həyətdə qaçdı-tutdu, futbol, voleybol oynayardıq, amma masaüstü oyunlar mənsiz olardı. Yalnız tamaşaçı qismində çıxış edərdim. Anar isə hamısında yaxşı oynayanlardan sayılırdı. İstər şahmatda, nərddə, yaxud elə futbolun özündə. Özü də uduzanda qətiyyən əsəbiləşmir, əksinə oyundakı məğlubiyyəti də yumorla yola verməyi bacarır. Rəhmətlik Araz Dadaşzadəni uduzan zaman görməsən daha yaxşı idi, çox əsəbləşərdi. Anar da həmişə gülüşlə, zarafatla onu sakitləşdirirdi.

Yaxşı ki, Anar atasının istədiyi kimi geoloq olmadı

Ədəbiyyata da məndən tez gəldi. Atası Rəsul Rza çox istəyirdi ki, Anar geoloq olsun. Nə yaxşı ki, ikinci öz istəyinə rəğmən yazıçı oldu. Anar hara, geoloq olmaq hara. Onun ədəbiyyata gəlişi məni qətiyyən təcübləndirmədi. 60-cı illər nəsli ədəbiyyatda yeni nəfəs idi. O cümlədən Anar. 20-ci əsrin intibah dövründə Anarın xüsusi yeri var. Anar mənim yazıçımdır. Hərdən deyir ki, Vaqif şer yazmasaydı, o şerləri mən yazacaqdım. Mən də deyirəm ki, Anar nəsir yazmasaydı, yəqin ki, onu mən yazardım.

25 ildir biz Anarla ədəbiyyatdan danışmırıq. Ordan-burdan, xatirələrdən, arzulardan, hətta lətifə danışırıq, ədəbiyyatdan yox. Mən bilirəm o, ədəbiyyatdan nə deyəcək, o da bilir ki, mən nə deyə bilərəm. Ona görə də o söhbət maraqsız alınar. Hansısa çayxanada oturanda biz bütün problemlərdən, işdən kənar rahat, qayğısız söhbətlər edirik.

Moskvada yaşadığımız illərdə də bir yerdə olmuşuq. O, Moskvada ali ssenari kurslarına daxil oldu, mən də Moskva Dövlət Konservatoriyasına təcrübəyə getdim. Orda da Anarla bir yerdə oldum və gördüm Baltikyanı ölkələrin ədəbiyyat, kino adamları, gürcülər, qazaxlar, müxtəlif millətlərin nümayəndələri Anarın başına yığışdılar. Orda da Anar lider oldu. Evində ədəbiyyat gecələri keçirirdi. Çox tanınmış şairlər, yazıçılar onunla dostluğa can atırdılar.

Anarın ayaqqabı əhvalatı

Kitabında da yazıb, deyilənə görə yeyib-içəndən sonra ayaqqabısını çıxardıb atmağı var. Mən bunu görməmişəm. Yəqin bir dəfə elə bir iş görüb, o da Elçinin yanında olub. Hər ikisi nəsr yazan adamdı, salıblar o söhbəti dilə-dişə. Deyirlər, guya, bir dəfə ayaqqabısını elə atıb ki, kiminsə eyvanına düşüb.

Anar, Elçın, Yusif Səmədoğlu, Emin Sabitoğlu bir yerdə Yusifin adını nədənsə “Marokko” qoyduğu sevimli kafelərinə gediblər. İmkan olanda orda xudmani məclislər qurulardı. Bir gün də çox yeyib-içiblər orda. Məclisdən Elçinlə Anar bir yerdə çıxıb eyni binada yaşadıqları üçün piyada eyni yolla gediblər. Yağış yağmağa başlayıb. Anar bayaqkı gözəl məclisin şövqündən Elçinə deyir ki, istəyirsən sənin eşqinə ayaqqabımı tullayım. Anar ayağını qaldırıb zərblə ayaqqabısının birini tullayır, o da düşür “Qız qala”sının aşağısındakı üçmərtəbəli binanın ikinci mərtəbəsindəki eyvana.

Anar sonradan bu əhvalata şərh vermişdi. Demişdi ki, ayaqqabını tullamışdım, amma o bir az kənara düşmüşdü və geyinib yolumuza davam etmişdik. Qalanı yazıçı təfəkkürünün məhsuludur. Bu əhvalatdan sonra Həsənağa Turabov Anarın “Şəhərin yay günləri” pyesində ssenaridən kənara çıxıb o jesti etmişdi. Ayaqqabı da həqiqətən bir tamaşaçının üstünə düşmüşdü.

Paxılıq, riyakarlıq, xainlik onu sarsıdan hallardır. Belə hallarda Anar məyus olur, eyni zamanda necə rəftar eləməyi də gözəl bilir. Özünün kiməsə paxıllıq etdiyinin şahidi olmamışam. Bu adam heç vaxt onu tənqid edənlərə belə kinlə, məkrlə yanaşmır, anlayışla qarşılayır, amma təhqir edənlərə qarşı barışmazdır.

İctimai, siyasi fəaliyyəti çox əhatəlidir, orda da uğurludur. Onun Qorbaçova açıq-aşkar etirazını bildirməyinin hamı şahidi oldu. SSRİ Ali Sovetinin deputatı olduğu vaxtlarda gördüyü iş yalnız bu olmadı. Anar siyasi dairələrdə çoxlarından daha güclü və məntiqlidir.

Hamımız kimi çox siqaret çəkmək kimi zərərli vərdişi var. Çatışmayan cəhəti də bircə odur. Siqareti siqaretin oduna yandırır.

Hansı araşdırmaçı alim Dədə Qorqud eposun Anar qədər bilir

Maarifçiliyindən də danışmaq lazımdır. Alimlər Dədə Qorqud eposunu araşdırırdı, amma kimdir elmi məqalə oxuyan? Anar “Dədə Qorqud”u, Üzeyir bəyi, Cəlil Məmmədquluzadəni filmləri ilə millətə tanıtdı . Hansı araşdırmaçı alim Dədə Qorqud eposun Anar qədər bilir. Heç kim. Elə Mirzə Cəlil yaradıcılığın da həmçinin. Üzeyir bəyin musiqisini, yaradıcılığını, simfonik musiqini, operanı heç bir mütəxəssisi belə Anardan yaxşı bilmir. Rejissuranı, yazıçılığı, daha nə deyim. Heç kim deyə bilməz ki, bunların hamısını bir arada bilən ikinci bir adam var. Azərbaycanda ensklopedik biliyə malik olan adam kimi yalnız Anarın adını çəkə bilərəm. Çox istəyərdim öz adımı da çəkim, amma onu edə bilməyəcəm. Bütün bu keyfiyyətlərlə bir yerdə Anar əvəzsiz dostdur. Elə bir dost ki, artıq illər uzunu ailə üzvümə çevrilib. İş yoldaşı da olmuşuq. Bilmirəm hansı keyfiyyətlərimiz bizi iş prosesində bir-birimizdən narazı düşməyimizə mane olub. Ailədə olduğu kimi, dostluqda da qarşılıqlı güzəştlər olmalıdır. Anar cəmi bir yaş böyükdür məndən, amma hərdən elə bilirəm on yaş böyükdür. Bu adamın informasiya bolluğuna görə beyni qibtəyəlayiqdir. Çox zəngin informasiyası var.

Anarı mənim üçün heç kim əvəz edə bilməz. Allahıma minnətdaram ki, qarşıma Anarı çıxardıb, ömrüm onunla paralel keçir. O, mənim üçün Tanrı tərəfindən verilmiş bir nemətdir.

Ramilə Qurbanlı
# 1541

Oxşar yazılar