Frankfurtda Azərbaycan Respublikasının təqdimat mərasimi keçirilib
27 may 2011 18:40 (UTC +04:00)

Frankfurtda Azərbaycan Respublikasının təqdimat mərasimi keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının ənənəvin illik qəbulda təqdimatının keçirilməsi 2011-ci ildə soydaşımız, politoloq Cümə Məmmədovun Əcnəbilər Şurasının deputatı seçilməsi ilə bağlıdır.

Ənənəyə görə, ilk dəfə olaraq Əcnəbilər Şurasına deputat seçilmiş əcnəbilərin vətəndaşı olduqları ölkələrin təqdimatı keçirilir. Bu il Əcnəbilər Şurasının rəsmi qəbulunda Azərbaycanla yanaşı, Ukrayna, Serbiya və Çinin təqdimat mərasimi keçirilib. Rəsmi qəbulda olan qonaqların yekdil rəyinə görə, ən yaxşı təqdimatı Azərbaycan edib. Çin yerli operadan bir səhnə, Serbiyanı isə gənclərdən ibarət ansambl təqdim edib.

Cümə Məmmədovun və Almaniyanın ən böyük universitetlərindən birinin tələbə hərəkatının nümayəndəsi, tibb fakültəsinin tələbəsi Cavid Məmmədovun hazırladıqları təqdimat alqışlarla qarşılanıb. Azərbaycanın investisiya, turizm və mədəni potensialı, onun sürətli inkişafı və uzaqgörən dövlət siyasəti, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər qonaqların marağına səbəb olub.

Təqdimat mərasimində Azərbaycan kulinariyası haqqında alman dilində çap olunmuş kitab paylanıb. Azərbaycan mətbəxinin nümunələri - şəkərbura, paxlava, zeytun, zeytun yağı, Azərbaycan çayı, müxtəlif meyvə və giləmeyvələrdən hazırlanmış mürəbbələr qonaqların marağına səbəb olub. Müxtəlif iqlim qurşaqlarında bitən bu meyvə və tərəvəzlərin hamısının Azərbaycanda bitməsi Ukraynanın konsulu və Şəhər parlamentinin deputatlarını təəccübləndirib. Təqdimat mərasimini “Eurovision 2011” mahnı müsabiqəsində qalib gəlmiş Azərbaycan təmsilçilərinin ifası, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rolikləri, son illər ərzində Bakının fenomenal surətdə inkişafına dair videoçarx müşayiət edib.

Azərbaycanın təqdimat mərasimi Azərbaycanın Almaniyadakı səfirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin Almaniyadakı nümayəndəliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin dəstəyi ilə keçirilib.
# 564

Oxşar yazılar