Zəlimxan Yaqub: “Bura çox pis vəziyyətdə gəlmişdim”
26 may 2011 19:31 (UTC +04:00)

Zəlimxan Yaqub: “Bura çox pis vəziyyətdə gəlmişdim”

Mayın 3-dən Almaniyada müalicə olunan Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub özünü normal hiss edir. Səhhəti ilə bağlı Lent.az-a danışan Zəlimxan Yaqub bildirib ki, hələ də xəstəxanadadır və həkimlər tərəfindən müalicəsi davam olunur: “Şükür, indi özümü normal hiss edirəm. Hər şeyin nəticəsi yaxşı alındı. Bura çox pis vəziyyətdə gəlmişdim. Müalicələrdən sonra xeyli yüngülləşmişəm. Allah heç kəsə göstərməsin. Çox pis bir şey idi. Böyrəyimdən qanaxma verirdi. Nə Azərbaycanda, nə də Türkiyədə qanaxmanı saxlaya bilmədilər. Çox yerdən soraqladıq. Dedilər səni ancaq Almaniyada xilas edə bilərlər”.

Almaniyanın Hannover şəhərində məşhur bir xəstəxanada müalicə olunduğunu deyən xalq şairi əməliyyat olunmadığını qeyd edib: “Həkimlər əməliyyat etməkdən qorxdular. Bir-birinin ardınca xeyli müayinələr etdilər. Çox böyük əziyyətdən problemi aradan qaldırdılar”.

Z. Yaqub onunla maraqlananların çox olduğunu da söyləyib. Onun sözlərinə görə, məşhur dövlət adamları, millət vəkilləri, ziyalılar ona zəng vurub səhhətini soruşublar: “Maraqlanmayan yoxdur. Hamı zəng vurur. Hamıya öz təşəkkürümü bildirirəm, çox minnətdaram. Tək həkimlər yox, Azərbaycanın sevgisi məni qəbrin daşından geri qaytardı”.

Maddi cəhətdən ona hər hansı bir kömək göstərildiyinə gəlincə, şair bu barədə danışmaq istəməyib: “Onu xırdalamaq lazım deyil. Hər şey qaydasında oldu, nigarançılıq yoxdur”

Zəlimxan Yaqub onu da bildirib ki, bir həftəyə səhhəti tam qaydaya düşəndən sonra Azərbaycana qayıdacaq.

Xəyalə Muradlı
# 1097

Oxşar yazılar