“Aida” operası Azərbaycan və Gürcüstan solistlərinin ifasında – FOTO
26 may 2011 16:59 (UTC +04:00)

“Aida” operası Azərbaycan və Gürcüstan solistlərinin ifasında – FOTO

Lent.az-ın məlumatına görə, tamaşanı məşhur italyan dirijoru Canluka Marçiano idarə edib.

Aida partiyasında isə ilk dəfə olaraq teatrın gənc və istedadlı solisti Çinarə Şirin səhnəyə çıxıb. Radames rolunda isə Gürcüstanın xalq artisti, professor Teymuraz Ququşvili çıxış edib. Əməkdar artistlər Fidan Hacıyeva (Amneris), Əvəz Abdullayev (Amonasro), Əli Əsgərov (Misir şahı) və Əkrəm Poladov (Ramfis) da öz rollarını professionallıqla ifa ediblər.

Tamaşadan sonra dirijor Canluka Marçiano Azərbaycanda ilk dəfə olduğunu qeyd edib: “Mən ilk dəfədir ki Azərbaycandayam. “Aida” operasının bugünkü tamaşası gözlədiyimdən daha uğurlu keçdi. Sizin orkestr və solistlərlə çalışmaqdan böyük zövq aldım. Orkestrdə gözəl musiqiçilər var və sevindirici haldır ki, onlar bugünkü tamaşanı xüsusi ilhamla ifa edirdilər. Xor artistləri və solistlərin yüksək professional səviyyəsini də qeyd etmək istəyirəm. Aida partiyasının ifaçısı Çinarə Şirin və Amneris rolunda çıxış edən Fidan Hacıyeva məndə gözəl təəssürat oyatdı. Onların fenomenal vokal imkanları, gözəl xarici görünüşləri və yüksək aktyor ustalıqları təqdirəlayiqdir. Vokal nöqteyi-nəzərdən Şah, Amonasro və Ramfis rollarının ifaçılarını da çox bəyəndim. Radames partiyasının ifaçısı Teymuraz Ququşvilini isə indiyə kimi birlikdə çalışdığım ən yaxşı tenorlardan biri hesab edirəm”. Yerli tamaşaçılardan da razılıq edən italyan dirijoru, izləyicilərin tamaşa ərzində italyanlar kimi onları böyük emosionallıqla alqışladıqlarını bildirib.

“Aida” operasının nümayişi anşlaqla baş tutub.

Xəyalə
# 542

Oxşar yazılar