Türkiyədə III Beynəlxalq Avrasiya Arxeologiyası konfransı keçirilib - FOTO
25 may 2011 11:29 (UTC +04:00)

Türkiyədə III Beynəlxalq Avrasiya Arxeologiyası konfransı keçirilib - FOTO

Mayın 23-dən 25-ə qədər Türkiyə Cümhuriyyəti Doqquz Eylül Universiteti Qafqaz və Orta Asiya Arxeologiyası Araşdırma Mərkəzinin təşkilatçılığı ilə Manisa ilinin Dəmirçi qəsəbəsində III Beynəlxalq Avrasiya Arxeologiyası konfransı keçirilib.

Lent.az-ın məlumatına görə, arxeoloji, etnik və mənəvi mədəniyyət bölmələri ilə işini davam etdirən konfransın əsas mövzusu türkdilli xalqların etno-mədəni tarixi olub.

Konfransa Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, İran və Çindən 60-a qədər arxeoloq və etnoqraf qatılıb. Azərbaycanı Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi Fariz Xəlilli təmsil edib. Fariz Xəlilli konfransda “Orta əsr Ağsu şəhəri” mövzusunda məruzə söyləyib. O, bildirib ki, XVIII əsrdə əsası Nadir şah tərəfindən qoyulan Ağsu şəhəri az vaxtda o dövrün əhalisinə və ərazisinə görə Arazdan şimalda ən böyük şəhərə, bölgənin siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Azərbaycanın, Qafqazın, xüsusilə türk dünyasının XVIII əsr şəhər mədəniyyətini öyrənmək üçün geniş imkanlara malik olan Orta əsr Ağsu şəhər yerinin tədqiqinə 2010-cu ilin mart ayından başlanılsa da, indiyə qədər 7000 kvadrat metr sahə açılıb, 10 mindən çox eksponat inventara qəbul edilib. Şəhərin öyrənilmiş iki hissəsində arxeoloji sahənin üzəri örtülüb, qalıqlar konservasiya edilib, tapıntılar tapıldıqları yerdəcə sərgilənir. Qazıntı sahəsi 3D animasiya ilə canlandırılıb, virtual bərpa edilib. Fariz Xəlillinin məruzəsi maraqla dinlənilib, sərgi komplekslə bağlı müzakirələr aparılıb.

Fariz Xəlilli IV Beynəlxalq Avrasiya Arxeologiyası konfransını Azərbaycanda, Ağsuda keçirməyi də təklif edib.

Konfransda Prof. Semih Güneri (Arxeoloji və yazılı mənbələr əsasında Altay bölgəsi türk xalqlarının ilkin tarixi), Dr. Timur Omorov (Buxara xanlığının etnik tərkibi), Prof. Sergey Skobelev (XVII əsrə aid qırğızların daş şəhəri), Prof. Oleq Şarov (Krım dağlarında Taraktaş dini kompleksi), Dr. Emzar Kaxidze (Osmanlı dövrünün Qonio limanından arxeoloji tapıntılar), Prof. Kamal İbrahimzadə (Qırxlar ziyarətgahı), Dr. İrina Qusaç (Türk qalası Azovda arxeoloji tədqiqatlar), Dr. Göksel Öztürk (Ular petroqlifləri) və digər müəlliflərin məruzələri dinlənilib.
Konfrans iştirakçıları Dəmirçi qəsəbəsindəki dəmirçi və misgər emalatxanaları ilə tanış olublar. Məlum olmuşdur ki, Dəmirçi zınqırovları ilə məşhur olub, nəinki Türkiyə, o cümlədən dünyanın çox ölkəsinə buradan zınqırovlar ixrac edilir.
# 632

Oxşar yazılar