Çenin ölüm, Günel Mövludun doğum gününə
09 oktyabr 2010 17:53 (UTC +04:00)

Çenin ölüm, Günel Mövludun doğum gününə

Ya tütün tüstüsündən, ya da xəstə, çəlimsiz cisminin hansısa bucağında baş verən naxoş proseslərdən bozarmış və alnına səpələnmiş səliqəsiz saçları, arıqlıqdan yox, təfəkküründən xəbər verən bir cüt oyuğun dərinliyindən sənə zillənmiş, nə qədər xoş və mehriban səslə, gözəl nəsnələrdən danışsa belə, adamı vahiməyə salan gömgöy gözləri vardı Mehdi Bəyazidin...

Şübhəsiz ki, dünyanın ən hissiyyatlı, ən duyğulu insanlarındanıydı. Yaradıcıya, yaradıcılara, onların yaratdıqlarına vurğun, üsyankar, bir az səbirsiz, hansısa incə məqama toxunanda şövqdən gözləri dolacaq qədər bir az kövrək, hamının arxa çevirdiyi ən acı həqiqətləri heç nədən, heç kimdən çəkinmədən söyləyəcək və yazacaq qədər də bir az sərt idi. Və günlərin birində mən başı batmış xəbər tuturam ki, çoxlarının üz çevirdiyi, “məhv olmuş gündəlik” hesab etdiyi bu İNSAN axır ki, Qazağın Kəmərlisinin kənd qəbiristanlığındadı ...

Tez-tez görüşdüyüm, “daha müdir olubsan, vaxtını çox almayacam” zarafatıyla saatlarla söhbətləşdiyimiz zamanlardan ötən müddətdə İKİCƏ dəfə (kaş sağ olaydı, uzun müddətdən sonra təzədən içəri girəndə ağızdolusu “ay Mehdi, harda qalmışdın, düz İKİ dəfə Azərbaycan mətbuatında sənin axtarışını elan eləmişəm” deyib özümü öyəydim) axtarmışam. Mənim kimilərinin də axtarışını Allah kəssin, nə olacaq ki? İki dəfə “Allah səni salamat eləsin, Bəyazid oğlu, soraq ver!” deyə yazı yazmışam. Soraq çıxmayanda yüz fikrə düşmüşdüm: yəqin, axır ki, müalicəyə gedib; ya da kənddə dincəlir, mənim yazılarımı da oxuyub qımışır; nə bilmək olar, bəlkə “bunlara sübut edəcəyəm ki, əsl ədəbiyyat necə olur, Tumas, artıq yazmağa başlamışam” vədinin arxasına düşüb şedevrini yaradır, bal kimi şipşirin, zəhər kimi acı həqiqətlərlə dolu ədəbi dilini kağızlara köçürüb bizli, sizli, bütün Azərbaycan ədəbiyyatını bu sərsəmlikdən qurtarmaqla məşğuldur? Hə, hə, bu cür yüz bəhanə tapırdım, ancaq bütün bunlarla belə, heç ağlımın ucundan da keçməzdi ki, Mehdi belə eləyə və hamıdan xəbərsiz, hamıdan, hətta özündən də küskün, birdən-birə yox ola...

...Ömrümüz Bakının bahalı küçələrindəki dünyanın min-bir neməti olan dükanlarının, kafe-restoranlarının, şadlıq evlərinin alabazək vitrinlərində əriyib gedən əksimiz kimidir, Bəyazid!
«Sənin «Çaadayev»in məni öldürdü, Tumas, ya onu davam elə, ya da ver mənə” deyə-deyə özünün də xəbəri olmadan sərsəm Çaadayev ömrü yaşayan ömrü yağmalanmış “ahıl” dostum! Lənətə gəlməyəsən, uduza-uduza, itirə-itirə gedirik. Sənin şirin yazı dilini, əlimizi ürəyimizin üstünə qoyub «Mehdinin dilində bizim nəsrimiz var» deyəcək qədər qürurlanmağı haradan tapacağıq?

...Mən Mehdini çox istəyirdim. Onun təbirincə desək, soyuq, daş kimi, ətirsiz və dadsız bulkanın içərisindəki qara kişmiş qədər. Çünki xasiyyəti hamı üçün kişmiş olmasa da, Mehdi özünün təfəkkürü, mahiyyəti, ədəbi istedadıyla Azərbaycan mədəniyyəti üçün Tanrının Adəm bağından enmiş kişmişi idi: dadsız və ətirsiz Azərbaycan adlı bulka üçün şipşirin qara kişmiş. Heyf, bu dadsız və ətirsizlikdə şirinsiz qaldıq. Allah səni salamat eləsin, Bəyazid oğlu! Biz Tanrılıq eşqinə düşmüşük... Tanrılıqsa çox çətin peşəymiş, Bəyazid!

İlin-ayın bu vaxtında - Çe Geveranın ölüm, Günel Mövludun doğum günündə, Sənin dil açıb danışan, şərqi kimi səslənən bir yazın əlimin altındaykən nisgillə hər şeyin elə bil bizim üçün qurulduğuna inanıram, Mehdi! Bir neçə günə Sənin doğum günün gəlib yetişəcək, sonra mənim, sonra da bir başqasının... Ancaq indilik Çenin ölüm, Günel Mövludun doğum günüdür. Bu kədərli və gözəl gündə ölənə Sənin yazından layiqli anım, yaşayana Sənin sözündən qiymətli heç nə olmaz! Dostlarla birgə Sənin adından Çenin ölümünü, Günel Mövludun doğuluşunu qutlayırıq!

İlham Tumas
ilham_tumas@mail.ru

DÜNYANI ARXASINCA APARAN DON KİXOT

Mehdi BƏYAZİD

O,bizim gəncliyimizin məbudu, bizim rayonlarımızın diricəgözlü Vətəni idi. Biz bir Ernest Heminqueyin, bir də onun əksini cilalanmış, dördkünc taxtaya (yandırma üsulu ilə) həkk edərək, divarda başımızın üstündən asırdıq. Onun bütün həyatı, davranışı, təfəkkürü, danışığı paradokslardan yoğurulmuşdu. O deyirdi: “Realist olun, həmişə mümkün olmayan, əl çatmayan şeyləri arzulayın!”

O, özü həmişə dediklərinin fövqündə dururdu, ona görə də bəşəriyyətin başı üzərindən əfsanəvi meteorit kimi şığıyıb keçdi. Bəli, o bu dünyaya gəlməliydi (çünki Prometey odu allahlardan oğurlayıb insanlara gətirmişdi) və o bu dünyadan getməliydi (çünki elə həmin oddan çatılan tonqalda həmin insan oğlunu yandırıb kül etdilər).

Ernesto Çe Gevara!.. Hələ yüz il qabaq möhtəşəm Viktor Hüqo, elə bil, onun gəlişini salamlayırdı: “O zamandan ki, tarix yazır, fəlsəfə düşünür, o vaxtdan ehtiyac, zəlalət insan övladının libası olmuşdur. Nəhayət, bu rəzalət libasını İnsanın əynindən çıxarıb atmaq, İnsanın - Xalqın çılpaq bədəninə keçmişin uğursuz cır-cındırının əvəzinə, gələcəyin al şəfəqindən biçilmiş bəzəkli bayram paltarı geyindirməyin vaxtı çatmayıbmı? Bəşər övladı bunca rəzalətə dözməyəcək, tarix vaxtaşırı elə fövqəlinsanlar yetirəcək ki, siz Tanrının cəlalına şükürlər oxuyacaqsınız”. Bizim Tofiq Fikrət də elə həmin ərəfədə türk əruzunda dörd dövrəsinə nur çiləyirdi:

Zülmün topu var, gülləsi var, qələsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Göz yumma Günəşdən nə qədər nuru qararsa,
Sönməz, yenə də bir əbədi gündüzü vardır!

Bu gün dünyanın min bir bucağında özünün DÖVLƏT TERRORUNU ört-basdır etmək üçün haralardasa, möhkəmcə terrorçu axtarışında bulunan ABŞ XX əsrin lap əvvəllərindən etibarən Latın Amerikasındakı bütün diktatorlara xaç atalığı edirdi, on illərlə, iyirmi, otuz, qırx illərlə onları hər vəchlə taxtdan düşməyə qoymur və əvəzində, təbii ki, onların vasitəsilə Latın Amerikasının şah damarını sorurdu - diktator Qomes, diktator Stressner, diktator Samosa və b. Diktaturanın qara təpiyinin altında inildəyən xalqlar da, təbii, öz köləliklərilə barışmaq istəmirdilər, fəlakətli torpaq vaxtaşırı insan qanı ilə suvarılır və bu qanla suvarılmış torpaqlarda zaman-zaman acı meyvələr yetişirdi. Çe-Gevara da o meyvələrdən biri idi. O, elə ilk gəncliyindən silaha sarılaraq Latın Amerikasının istiqlalı uğrunda mübarizəyə atıldı. ABŞ üçün “1 nömrəli terrorçu” olan Çe Gevara özünü “Don Kixot”, Yer üzünün mütərəqqi insanları isə onu “dünyanı öz arxasınca çəkib aparan Don Kixot” adlandırırdı. O, eyni dərəcədə, ABŞ-a da, SSRİ-yə də nifrət edirdi, çünki hər ikisi dünyanı qəsb etmək üçün bir məhşəri cinayətdən çəkinmirdi. Çe Geveranı öldürdülər. Amma o, öz ölümüylə də düşmənlərini öldürüb, onları öz qarşısında diz çökdürməyə macal tapdı. Bu onun bəşəriyyətin sabahına göndərdiyi sonuncu tərəf-şan salamı idi. Siz bu salamı həm yüksək patetikada, həm də onu öldürməmişdən qabaq onun (əfsanənin) qəlyanı üstündə cəlladların bir-birilə didişməsində bütün aydınlığı ilə görəcəksiniz. Çe Gevaranın qəlyanı...

Cəlladlar da ürpəşəndə dilə gəlir

1986-cı ildə Nikaraqua səmasında Amerika hərbi təyyarəsi vurulub salındı. Pilotlardan birinin qeyd kitabçasında adı-soyadı Maks Qomes göstərilmişdi. Lakin Sandino kəşfiyyatı müəyyən etdi ki, İlopanqo adlı Salvador aviabazasında Mərkəzi Kəşfiyyat İdarəsinin şefi məhz bu adam imiş (təyyarələr Nikaraquaya bu aviabazadan göndərilirdi). Bir neçə gün sonra, Manaquada qeydiyyatdan keçmiş jurnalistləri əsl sensasiya gözləyirdi: sən demə, Maks Qomes ləqəbi altında MKİ-nin superagenti Feliks Rodriges gizlənibmiş. Bu, həmin agent idi ki, 60-cı illərdə Boliviya cəngəlliklərində əfsanəvi Çe Gevaranı diri tutmuşdu.

Məhz bu zaman, təyyarənin vurulmasına görə, sonradan “İran-kontras” adı almış və az qala prezident Reyqanın vəzifədən getməsilə nəticələnəcək münaqişə alovlanmağa başlandı. “İrangeyt” məsələsilə bağlı Amerika Senatında dinləmələrə əsas şahidlərdən biri kimi Rodriges də çağırıldı. Onun portreti qəzetlərdən və teleproqramlardan əskik olmurdu. Və bu səbəbdən MKİ-nin superagenti fəaliyyətinin çiçəkləndiyi bir vaxtda istefa verməli oldu.

Keçmiş superagentin evi orta yaşayış həddində olan qonşularından az fərqlənir. Geniş ekranlı televizor, yumşaq divan - vəssalam! Mənzilin əsas interyerini bunlar təşkil edir. Bütün qalan sahəni ev sahibinin həyatı ilə bağlı eksponatlar tutur. Burada Çe Gevaranın qəlyanı, tütününün qalığı və məşhur Salvador partizan qadını Nidiya Diasın paltar əşyaları yanaşı durur.

Çoxsaylı diplom və fotoların arasında şəxsən MKİ-nin direktoru (gələcək ölkə prezidenti) Corc Buşun (ata) imzaladığı fəxri fərman diqqəti çəkir (qiyamət irsiyyətdir - Corc Buş (oğul) da indi dünyanın “1 nömrəli terrorçusu” bin Ladenin qovdu-qaçdısındadır!)
Beləliklə, milliyyətcə kubalı, pasportuna görə amerikalı Feliks Rodriges Mendiqutya Mayaminin şimal ərtafındakı MKİ-yə xeyli məbləğə başa gəlmiş, ən müasir mühafizə sistemi ilə qorunan evdə yaşayır. Superagent havanalı “qonaqlar”ın hər an gözlənilən gəlişindən az qala dəlicəsinə qorxur. O harasa gedəcəyini heç vaxt xəbər vermir, onu daim, addımbaaddım izləyirlər. Bir neçə il əvvəl o, təsadüfən amerikadaxili xətdə uçan təyyarəyə gecikib. Və bu gecikmə onu Havanaya xoşagəlməz səfərdən xilas edib: təyyarəni Kuba terrorçuları ələ keçirib Kubaya uçmağa məcbur etmişdilər. O deyir: “Latın Amerikasının bir çox dövlət xadimi, o cümlədən, Fidel Kastro mənim başıma çox böyük qiymət qoyub. Bütün dünya mənə Çe Gevaranın ölümünü bağışlaya bilmir. Amma Allah özü şahiddir ki, Çenin salamat qalması üçün o vaxt mən əlimdən gələn hər şeyi etmişəm”.

Rodriges Çenin ölümü barədə heç nəyi gizlətmədən danışır. O bu barədə öz xatirələrini də yazıb.

Feliks Rodriges: “Mən əmri yerinə yetirmişəm”

“Vertolyot kiçik idi. Başımın üzərində ucsuz-bucaqsız mavi səma dururdu. Təxminən 150 metr aşağıda isə bizə yağı kəsilmiş Boliviya cəngəllikləri uzanıb gedirdi. Məndən sağda hansısa dəmir parçasına sarınmış Çe Gevaranın cəsədi idi. 1967-ci ilin 9 oktyabrı, günorta saat 3-ə 15 dəqiqə işləmişdi. Yuxuya oxşasa da, vertolyot və qan həqiqət, ələkeçməz, əfsanəvi Çe Gevara isə ölü idi...
...Boliviyalılardan şifrələnmiş əmri telefonla almışdım. Əmr belə idi: “500 – 600”. “500 – Çe”, “600 - edam olunmalıdır” demək idi. Əgər boliviyalılar onu salamat saxlamaq istəsəydilər, şifrə “700” olmalı idi. Mən əmri təkrar etməyi xahiş elədim. Təkrar etdilər, səhv yox idi. Mən həmin vaxt yanımda olan ən yüksək rütbəli Boliviya zabiti, polkovnik Koakin Senteno Anayyaya məlumat verdim ki, Baş Qərargah Çe Gevaranı edam etmək əmri verib. Ona həmçinin ABŞ hökumətinin, nə yolla olur-olsun, Çeni sağ-salamat çatdırmaq barədə göstəriş verdiyini də bildirdim. MKİ agentlərinin Çeni Panamaya aparmaq üçün vertolyot və təyyarəni hazır saxladıqlarını da söylədim. Amma hər şey başqa cür oldu.
Senteno mənə tərəf çevrildi:

- Feliks, biz səninlə çox sıx əməkdaşlıq etmişik, bizə göstərdiyiniz köməyə görə sizə minnətdardıq. Amma bunu məndən xahiş etməyin. Mən əmri yerinə yetirməli, Çeni edam etməliyəm. Belə etməsəm, məni dəhşətli cəza gözləyir, - polkovnik saatına baxdı, - indi saat on birdir. Mən 2-də qayıdacağam. Kişi kimi söz ver ki, bu müddətdə Çenin meyitini Valye Qranadaya çatdıracaqsan. Onu necə öldürəcəksən - bu sənin işindir. İstəsən, bunu özün də eləyə bilərsən!

Mən Sentenonun üzünə baxıb:
- Polkovnik, xahiş edirəm, əmri dəyişməyə çalışın. Yox, bunu elə bilməsəniz, söz verirəm ki, günorta saat 2-dən Çenin nəşini yerinə çatdıracağam.
Demək, bundan sonra gözləmək mənasız idi. Mən düz Çenin gözlərinin içinə baxdım:
- Komandante, mən özümdən asılı olan nə varsa, etdim ki, belə olmasın, lakin Boliviya Ali Baş Komandanlığından əmr gəlib.

O, vəziyyəti dərhal olduğu kimi başa düşdü. Üzündə yaşamağa bütün ümidini itirmiş adamlara məxsus ifadə vardı, amma sifətinin bircə əzələsi də tərpənmirdi. Xəfifcə gülümsünüb dedi:

- Bəlkə də belə yaxşıdı, Feliks. Mən heç cür ələ sağ keçməməliydim.
Qarşımda neçə vaxtdan bəri mübarizə apardığım qanlı düşmənim durmuşdu. Amma məndə ona qarşı əsla nifrət hissi yox idi. Əksinə, az qala ona vurulmuşdum. O öz qəlyanını çıxardı:
- Mən bunu, - məni göstərərək, - bu əsgərə bağışlamaq istərdim. O mənimlə ləyaqətlə rəftar elədi. Bu zaman, yəqin ki, bayaqdan bəri bizi busan serjant Marno Teran dərhal özünü otağa atdı. - Kapitan, o qəlyanı mən istəyirəm - deyə qışqırdı, - çox istəyirəm! Çe bir anda qəlyanı gizlətdi: - Yox, sizə yox. Onu sizə vermirəm. Terana otaqdan çıxmağı əmr etdim. O isə: - Axı qəlyanı istəyirəm - deyə təkidlə iki ayağını bir başmağa dirəmişdi: - Qəlyanı! Qəlyanı!

Rədd ol - deyə qışqırıb Çeyə tərəf döndüm: - Komandante, siz axı onu mənə vermək istəyirsiniz, elə deyilmi? O bir an düşünüb: - Hə, sizə, - dedi. - Komandante, bəlkə siz ailənizə nə isə demək istəyirsiniz? Əlbəttə, elə bir fürsət əlimə düşsə.
O, xeyli fikirləşdi, sonra dilləndi: - Hə, dostlara deyin ki, tezliklə inqilab bütün Amerikada qələbə çalacaq. Bir də arvadıma deyin ərə getsin, xoşbəxt olsun.

Qəfildən əlini mənə uzatdı, sonra da məni bərk-bərk qucaqladı. Bu, ölümün lap yaxında olduğunu bilən bir insanın hərəkəti idi. Sonra Çe bir addım geri çəkilib qəddini düzəltdi. Yəqin onu öldürəcək cəlladın mən olacağını düşünürdü. Mən də eynən onun kimi yaxınlaşıb Çeni bağrıma basdım. Heç birimiz bir kəlmə də danışmadıq. Serjant, Terana tərəf dönüb əmr verdim: - Serjant, onu güllələ, amma unutma ki, artıq radio ilə Çenin döyüşdə aldığı yaralardan həlak olduğu xəbərini verib. Ona görə başına atəş açma, ancaq bədəninə! Komanda məntəqənin yerləşdiyi təpəyə qalxıb, MKİ-nin mənzil-qərargahına göndərəcəyim radioxəbəri düzüb-qoşmağa başladım. Elə bu zaman M-2 karabinindən açılan atəş səsi gəldi. Hər şey qurtardı. Çe daha yox idi. Qəlyanı isə məndə idi. Saatıma baxdım, əqrəblər 2-yə 10 dəqiqə işlədiyini göstərirdi”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1795

Oxşar yazılar