Möhlət Müslümov: “Pencəyimə o qədər yağış dəymişdi ki, qolları qısalmışdı...” - MÜSAHİBƏ
05 oktyabr 2010 17:47 (UTC +04:00)

Möhlət Müslümov: “Pencəyimə o qədər yağış dəymişdi ki, qolları qısalmışdı...” - MÜSAHİBƏ

Lent.az-ın “Persona” rubrikasının qonağı məşhur tarzən, xalq artisti Möhlət Müslümovdur. Möhlət Müslümov bizimlə söhbətdə acılı-şirinli həyat yolundan, sənətdən və arzularından danışdı...

- Həmişə tara baxanda hansı hissləri keçirirsiniz?

- Uşaqlıq illərim, atam-anam, kimliyim, köküm yadıma düşür. Bu gün azərbaycanlı olmağımızı, türklüyümüzü dünyaya sübut etmək üçün bir əlimizdə tarımız, bir əlimizdə bayrağımız olmalıdır. Muğamımız dünyaya göstərir ki, Azərbaycan xalqı kimdir.

- Tarla ilk tanışlığınız necə başlayıb?

- Ağlım kəsəndən atam danışardı ki, tara böyük həvəsim vardı, kasıbçılıqdan pul tapa bilmirdim ki, tar alım öyrənim. Atam və anam savadsız insanlar idi. Anam evdar qadın idi. Amma anam əruz vəznində olan ən qəliz qəzəlləri mənə təhlil edirdi. Atam tar ala bilməmişdi, amma muğamları tanıyırdı. Demirəm ki, dərin bilirdi, amma muğam səslənəndə mənə deyirdi ki, bu “Çahargah”, bu filandır. Tarı mənə atam sevdirdi. Sonra bir qohumumuzun evində təsadüfən tara əlim dəydi. O zaman 5 yaşım vardı. İstədim ki, tarı götürüm, dedilər ki, olmaz, gücün çatmaz. Mənə nağara aldılar. Nağaranı da gözəl çalırdım, özüm öyrənmişdim.
Anam rəhmətlik deyirdi ki, 2 yaşın vardı, tavanı mənə verirdin, oxu deyə bilmirdin, deyirdin ki, oxa. Anam “səsim yoxdur” desə də, ağlayırmışam və o da nəsə quraşdırıb oxuyurmuş. Anam bundan ləzzət aldığımı söyləyirdi. Yəqin ki, istedad Allah tərəfindən verilir. Təbii ki, ailənin də rolu böyükdür. Uşaq hansı ailədə gözünü açır, gördüyünü çağırır. Bir də görürsən ki, bəzi ailələrdə uşaq dünyaya göz açır, bizə lazım olmayan musiqiləri eşidir. Qorxuram ki, o uşaqlar yaşa dolanda heç bizim kimliyimizi tanımasın.

- Kasıbçılıqla dolanan ailəniz oxumağınıza, sənət yolunda irəliləmənizə necə şərait yaratdı?

- Çox kasıb böyümüşəm. Amma atam-anam bunu mənə hiss etdirməyib. Sonra ağlım kəsəndə bilirdim ki, öz boğazından, əynindən kəsib, məni oxutdurublar. Amma yenə də çətinliklə oxutdurublar. Asəf Zeynallıda oxuyurdum, dekabr-yanvar aylarında paltom yox idi, pencəklə gedib-gəlirdim. Pencəyimə o qədər yağış dəymişdi ki, qolları qısalmışdı. Bunları yada salmalıyıq, utanmalı bir şey yoxdur. Tələbəlik illərində tələbə vardı ki, imkanlı idi, bahalı yerlərdə çörək yeyirdi, mənə isə elə pul verilirdi ki, yalnız avtobusun biletini ala bilirdim. Uzağı da pulum qalsa, bir bulka alıb yeyərdim. O tələbə yoldaşlarıma həsəd aparmırdım. Amma həvəsdən də düşmürdüm, üzərimdə daha artıq işləyirdim. Gündə 8 saat işləyirdim. Hətta tələbə vaxtı gecə saat 12-yə qədər oturub tar çalırdım, axtardığımı tapa bilmirdim, yatırdım, axtardığımı yuxuda görürdüm. Ayılıb təzədən tar çalanda anam deyirdi ki, bu uşaq deyəsən, xəstələnib. Yatmağımı istəyirdi. Bu sənətə sonsuz həvəsim olub.
Allahın şükür edən bəndəsindən xoşu gəlir, mənə kömək oldu. Son dövrlərdə, 10-15 il əvvəl də sənətdə çox pis vəziyyət idi. O çətinliyə də dözdüm. İndi min şükür.

- O ağır vaxtlarda bu sənəti bir kənara qoyub, pullu işlərlə məşğul olmaq barədə düşündüyünüz anlar olub?

- Yox. Biz dədə-baba tərəkəməyik. Mənim babam da, babamın atası da tərəkəmə olub. Bakıdan 40 kilometr uzaqlıqda, Şamaxı yolunun üzərində bir Çay kəndi var. O, bizim ata-baba kəndimizdir. O kəndin əhalisi də deyilənə görə, Xalxaldan, Cənubi Azərbaycandan gəlmədirlər. Atamgil Biləcəri kəndinə köçüb, uşaqlığım qoyun-quzu otarmaqla keçib. Atam qəssablıq edirdi, atama kömək etmişəm. Kənd adamıyam. Əlimdən hər iş gələr. Hərdən fikirləşirdim ki, yenə qoyun-quzu otarmaqla məşğul ola bilərəm. Amma lap dərindən fikirləşirdim ki, necə tarı buraxım?! Bir peşəkar tar, kamança çalan 20-25 ilə yetişir, o da yetişsə. Fikirləşəndə ki, o qədər əzab-əziyyət çək, birdən də bu sənəti at, adam dəli ola bilər. Lakin fikirləşirdim ki, kişi üçün ayıb deyil, gərək ailəsini dolandırsın. Mən fəxr edirəm ki, bu əzablara dözmüşəm. Bu gün Azərbaycan Respublikası Prezidentinin təqadünü, Heydər Əliyev Fondunun təqaüdünü alıram. Ev şəraitimi yaxşılaşdırmaq üçün prezident mənə ev verib, xalq artisti, Milli Konservatoriyanın dosenti, Azərbaycan Dövlət Televiziyasının Əhməd Bakıxanov adına Ansamblının bədii rəhbəriyəm. Mən bunları qram-qram əldə etmişəm. 56 yaşım var, hərdən otururam, o günləri xatırlayıram. Fikirləşirəm ki, şükür Allaha, mənə səbr verdi, dözdüm.
Onu da deyim ki, uşaqlarımın musiqiçi olmasını istəmirdim. 3 övladım var, böyüyü qızdır. 6 nəvəm var. Böyük oğlum tamam başqa sahədə işləyir. Oğlum Rüstəmlə isə bacara bilmədim.

- Xarici görünüşcə də sizə bənzəyir.

- Düzdür. Rüstəm mənim yolumu davam etdi. Hərdən baxıram, ürəyim ağrıyır, deyirəm ki, sən necə dözəcəksən, buna dözmək lazımdır. Özümə deyəndə ki, mən necə dözmüşəm, bir az təskinlik tapıram. Bunun adı incəsənətdir, əslində çətin sənətdir. İncə olduğu qədər çətindir.

- Sənətkarı xalq saxlayar deyirlər. Sizi necə, ağır vaxtlarda xalq saxladımı?

- Xalqımız mənə çox böyük dəstək olub. Xalqımızın bu barədə dünyada analoqu yoxdur. Heç bir xalqda rastlaşmamışam ki, sənətkarı küçədə gedəndə saxlasın, hörmətini bildirsin, ona nə isə bir bəxşiş versin. Bu, ancaq bizim xalqdadır. Xalq olmasaydı, dediyim o çətin illərdə dözə, bəlkə də yaşaya bilməzdim. O durğunluq illərində əlimizi hər şeydən üzmüşdük. Tarı çalmağa yer yoxdur. Nə konsert, nə toylar, nə el şənlikləri vardı. O zaman xalqımız, adi insanlar, dostlarım mənə çox kömək etdi. Məni axtarıb tapırdılar ki, hardayam, nə işlə məşğulam. O zaman qənd, yağ tapılmırdı, pis vəziyyət idi.
Bir epizod danışacam. Bir gün gördüm ki, qapıya bir maşın gəldi, ərzaq gətirmişdi. Elə gətirmişdilər ki, bilmədim bunu edən kimdir. Üzərindən bir neçə il keçəndən sonra bildim ki, adi bir vətəndaşdır. Bir az evində ərzaq olub, mənim ailəmin vəziyyətindən haradansa xəbər tutub. Bu xüsusiyyət yalnız bizim xalqdadır. Bunları unutmuram. İndi də görürəm ki, ürəyi istəyən insanlar məni axtarıb tapır, deyir ki, oğlumun toyunda sənin tar çalmağını istəyirəm. Soruşmadan tarımı götürüb gedirəm. Çünki vaxtilə o xalq məni saxlayıb. Xalqa qarşı dəyişmək olmaz, Allah insanı günahlandırar. Xalqımızdan çox razıyam, o tay, bu tay ayırmıram. O xalqı Təbrizdə də, Ərdəbildə də, Bakıda da, Gəncədə, Şəkidə də, Şamaxıda da görürəm. Eyni xalqıq.

- Sənətkara münasibəti bir kənara qoysaq, bəs muğama, tar-kamana Arazın o tayında münasibət necədir, fərq hiss olunurmu? Təbrizdə ustad dərsləri keçərkən nəyi müşahidə etdiniz?

- Fərq yoxdur. Əvvəlcə onu deyim ki, mən sazı tardan ayırmıram, sazı tardan da uca sayıram. Peşəkar səviyyədə yox, özüm üçün çalıram, sazım da var. Bizdə də, o tayda da elə zonalar var ki, çala bildi-bilmədi, evindən saz asır, tar çala bilmir, evində tarı var. O tayda elə evlər var ki, 3 tar var. Bununla sanki bütün dünyaya sübut edirlər ki, azərbaycanlıyıq, Azərbaycan türküyük, belə alətimiz var. Tarın səsinin dünyada bənzəri var, amma eynisi yoxdur. Bizim tarımızın tembrindən bir dənədir. O tayda yaşayanlar tarın səsi gələndə ağlayırlar. Buna böyük Şəhriyar bariz nümunədir. Bir dəfə İranda tarla bağlı böyük Şəhriyarın dilindən elə sözlər eşitdim ki, dəhşətə gəldim. Bu dəfə, sentyabrın 3-də İrana gedəndə xahiş etdim, məni öz dağlarına apardılar. Oğlum Rüstəm də mənimlə idi, nəvəm Səbuhini də aparmışdım. O dağlara getmişdim ki, ermənilərin işğalı altında olan kəndlərimizi görüm. O kəndləri görəndə çox pis oldum. Kəleybər tərəfdən getmişdim, Zəngilanın kəndlərini gördüm. Viran qalıb kəndlərimiz....
Uzaqdan Şuşanın dağlarını göstərdilər. Orada maşından düşməyə qorxurdum, elə bilirdim ki, məni tanımazlar. Maşından düşən kimi başımıza yığıldılar. Onlar gecə-gündüz bizim telekanallara baxırlar, gözləri buradadır. Gedirəm ora, görürəm ki, əsl azərbaycanlıların çoxu orada imiş. 35 milyonumuz orada yaşayır. Onlar mənə bir az təskinlik verdilər, dedilər ki, biz də qanımızdan keçməyə hazırıq, ermənilərin işğalı altındakı o torpaqları alacağıq. Hər bir azərbaycanlı onu görsə... O anda az qalırsan ki, əlinə bir avtomat götürüb, döyüşəsən.

- Ailə həyatı qurduqdan sonra vaxtınızın çoxunu aparan bu sənətinizə dəstək gördünüz, yoxsa şikayətlər eşitdiniz?

- Mən problemlə rastlaşmamışam. Gənclərə də məsləhətim odur ki, ağsaqqalın, ağbirçəyin xeyir-duası ilə ailə qursunlar. Ağsaqqalın, ağbirçəyin xeyir-duası olmayan ailədə bərəkət olmaz. Mən də ata-anamın məsləhəti ilə ailə qurmuşdum. 32 ildir ki, evliyəm. Yoldaşım da, atam və anam da, o cümlədən övladlarım da mənə dəstək olublar. 5 il qabaq anam, 13 ildir ki, atam dünyasını dəyişib. Anam qoymurdu ki, mən tarla məşğul olanda uşaq yanımda ağlasın. İstəmirdi ki, fikrim uşağın yanında qalsın. Çətindir, canlı verilişə gedirsən, 2 saat canlı efirdə olmalısan. Bu anda gəlib sənə ailənin problemini deyəndə o həvəs lazımi qədər olmur. Çalışırlar ki, həmişə mənə belə problemləri deməsinlər. Mənə bir növ nəzarət ediblər. Bu də mənə stimul verib. Mən də çalışmışam ki, ailəmdə o etimadı doğruldum.

- Böyük sənətkarlarla, xanəndələrlə çalışmısınız. Onlarla işləmək asan, yoxsa çətin olub?

- Böyük sənətkarlarla çox yoldaşlıq etmişəm. Dahi sənətkarımız Arif Məlikovla Tailandda bir yerdə oldum. O zaman ağır dövr idi. Heydər Əliyev təzə gəlmişdi, 2-3 il idi ki, işləyirdi. O zaman nə Tailandda Azərbaycan səfirliyi vardı, nə Tailandın Azərbaycanda nümayəndəliyi. Tailanddan bir məktub gəlmişdi, bizim Cabbar Qaryağdı adına muğam üçlüyünü dəvət etmişdilər. Bizim lent yazısını orada eşitmişdilər. Bir bizi, bir də Arif Məlikovu dəvət etmişdilər. Orada Arif Məlikovun Altıncı Simfoniyası ifa edilməli idi. Mən kimə müraciət etdim heç kim reaksiya vermədi. Amma Arif Məlikov o dəvəti götürüb, rəhmətlik Heydər Əliyevin yanına getmişdi. Heydər Əliyev tapşırmışdı ki, bizim musiqiçilər dəvət olunub, onları göndərin, bu, bizə lazımdır. Hətta Tailandın Azərbaycanda səfirliyi açılanda hələ diplomatik əlaqəmiz olmadığı bir dövrdə bizim musiqiçilər o ölkədə böyük uğur qazandılar. Mən Arif Məlikovla o səfərə gedib-gələnə qədər elə bil ki, böyük bir akademiya qurtardım. Belə dahi insanlarla yoldaşlıq etmək, onlardan nə isə öyrənmək, götürmək mənim üçün böyük məktəb oldu.
Çoxlu sayda böyük sənətkarlarla yoldaşlığım olub, sadalasam, bəzilərinin adları yaddan çıxacaq.
Yaxşı, böyük sənətkar heç vaxt pis adam olmaz. Kaprizli ola bilər, amma inanmıram ki, pis adam olsun. Mən çalışıram ki, o adamlarla dostluq edim. Pisliklərini də görməmişəm. Böyük sənətkar bu səviyyəyə öz sənəti ilə gəlib çatır. Amma görürsən ki, bəzilərinin cılız sənəti var, nə yollarla bu sənətə gəlib çıxırlar. Təbii ki, onlarla dostluq, yoldaşlıq etsən, görək ehtiyatını əldən verməyəsən.

- O sənətkarlar arasında kaprizləri ilə daha çox fərqlənənlər kimlər olub?

- Bunlar sənət kaprizləri olub və onları yola vermişəm. Çalışmışam ki, onlarla mülayim dolanım, elə bir inciklik olmayıb. Təbii ki, bu sənətdə də paxıl adamlar var. O paxıl, riyakar adamları xoşlamıram. Paxıl, riyakar adamlar həyatda ən təhlükəli adamlardır. Həm də insan istəmir ki, hamı ilə pis olsun, incəsənətdir. İstər-istəməz kimdənsə xoşun gəlmir, ancaq onunla bir yerə düşürsən, bir səfəri, bir səhnəni paylaşırsan. Ona görə də gərək bu şeyləri gözləyəsən.

- Möhlət müəllim, sənətkarın istirahəti necə olur?

- Sənətkarın istirahəti olmur. 32 illik ailə həyatımda 2-3 dəfə olub ki, ailə ilə bir yerə istirahətə getmişəm. Elə yayım da, qışım da burada keçib. Mənim istirahətim səfərlərdə olub. Xarici ölkələrə getmişəm, 40-dan çox ölkədə Azərbaycan musiqisini təmsil etmişəm. O da iş az olanda, istirahətə vaxt qalıb. Yoxsa 3-4 günlük səfər olur, çatırsan, konsert olur, heç istirahətə vaxt qalmır. Tarda ifam yaxşı alınırsa, istədiyimin 70 faizini orada nail oluramsa, bu, ən gözəl istirahətim olur. O halda dincəlirəm. Efirə gələn zənglərdən bunu bilirəm.

- Taleyi sizi kövrəldən böyük sənətkarlar olubmu?

- Olub. Sənətkar olub ki, həyatını itirəndə beş-üç nəfər onu götürüb. Bu barədə danışmaq istəmirəm. Gərək böyük sənətkar həyatının sonlarında mütləq yaxşı yaşasın.

- Gənclərə məsləhətiniz nədir?

- Gənclərimiz bütün xalqların ədəbiyyatını, musiqisini öyrənsinlər, onlardan yaxşı şeyləri götürsünlər, amma kimliyimizi, milli musiqimizi, muğamımızı yaddan çıxarmasınlar. Bizim folklorumuz dəryadır. Mən folklor musiqisi ilə bir neçə ölkədə festivallarda olmuşam. Folklorumuz bütün zalları ayağa qaldırıb. Gənclərimiz bunu öyrənsinlər, heç bir xalqa oxşamağa çalışmasınlar. Mənim özbəklərdən niyə xoşum gəlir? Estrada çalırlar, ondan özbək iyi gəlir. Pop da, caz da çalırlar, o dəqiqə oradan özbək qoxusu gəlir. Mən istərdim ki, gənclərimiz bir yerə gedəndə, sənə çatmağa 10 metr qalanda hiss edəsən ki, azərbaycanlı övladıdır. Mən demirəm ki, nədə oxşamalısan. Təbii ki, qiyafəsindən oxşamalıdır. Bizim xalq musiqisinin gəncə verdiyi tərbiyəni heç bir şey verə bilməz. İnsan qulaq asa-asa formalaşır, üz cizgilərindən də bilinir ki, gözəl insandır, əsl azərbaycanlı balasıdır. Gənclərimiz kimliyimizi, hansı millətə mənsub olduğumuzu unutmasınlar, mentalitetimizi qoruyub saxlasınlar, ağsaqqalların tövsiyəsinə qulaq assınlar. Bu böyük xalqın övladının ixtiyarı çatmır ki, cılızlaşsın, özünü kiməsə oxşatmağa çalışsın. Təbii ki, heç kim dəlisini çölə atmır. Mən də cavanlıqda başqa xalqlara qulaq asırdım, amma yaxşı şeyləri götürürdüm, pis şeyləri yox. Amma hərdən görürəm ki, guya Azərbaycan musiqisi çalıb-oxuyurlar, amma Azərbaycan qoxusu gəlmir. Bilmirsən ki, fars, ərəb, yaxud alman musiqisidir.

- Sənətdə və həyatda bundan sonra hansı mərhələlərə çatmağı qarşınıza məqsəd qoymusunuz?

- Muğam böyük bir dəryadır. Deməzdim ki, bu dəryanın ən gözəl üzgüçüsüyəm. O söz məni cılızlaşdıra bilər, o sözü deməyə utanıram. Bu dəryada özümü bir damla sayıram. Bunu öyrənməyə bir insan ömrü çatmır, yenə də öyrənməyə çalışıram. Özümdən 10-15 yaşlı ağsaqqallardan nə isə öyrənməyə çalışıram. “Mən” sözü deyə bilmirəm. “Mən” sözü Allaha yaraşır, bəndəyə yaraşmır.
Şəxsi həyatıma gəlincə, arzularımın bir qisminə çatmışam. Arzudan arzu doğur. Arzulayırıq ki, övladımız olsun, məktəbə getsin, toyunu görüm. Bunların hamısını görmüşəm. İndi nəvələrim var. İstəyərdim ki, heç olmasa böyük nəvələrimin toyunu görüm.
Mən bir sənətkar kimi rəhmətlik Səxavət Məmmədovla Qarabağda, Qarabağ toylarında püxtələşmişəm. 1980-ci illərdə bir dövr vardı, tar bir növ assimilyasiyaya məruz qalmışdı. Amma o dövrdə Səxavətlə bizi çox istəyir, toylara çox aparırdılar. O camaat indi də mənim yadımdan çıxmır. Torpaqlar əldən getdi, hərə bir yerə dağıldı, onların çoxunu da mən itirdim. İndi bir böyük arzum var. O insanların da məclislərində olmuşam, çörəklərini yemişəm, onlara ömür boyu borcluyam. Tezliklə torpaqlar alınaydı, yenə də onların mağar toylarında təmənnasız tar çalaydım. Demirəm ki, qocayam. 56 yaşım var. Hələlik əlim mizrab tutur. Həm də tar elə alətdir ki, 10 yaşında uşağa, 30 yaşlı insana da, 80 yaşlı qocaya da. Qurban Primovun 80 yaşında tar əlində şəkli var. Bəs nəyə görə tara “ulu” deyirlər?! Allahdan arzu edirəm ki, canımıza dəyməsin, mizrab əlimizdə olsun, arzuma çatım. Ondan sonra Allah-təala özü bilər.

Ramiz Mikayıloğlu
# 3204

Oxşar yazılar