Məhəmmədhüseyn Şəhriyarın vəfatından 22 il ötür
18 sentyabr 2010 10:52 (UTC +04:00)

Məhəmmədhüseyn Şəhriyarın vəfatından 22 il ötür

Şairin vəfatından 22 il ötür. Lent.az-ın məlumatına görə, Şəhriyar 1906-cı ildə Təbrizdə anadan olub. Əsl adı Doktor Seyid Məhəmmədhüseyn Behçət Təbrizi Şəhriyardır. Bu adlardan Məhəmməd Hüseyn şairin adı, Behçət Təbrizi soyadı, Seyid, Peyğəmbər nəslindən gəldiyi üçün verilən ad, Doktor tibb fakültəsində oxuduğu üçün söylənən bir müraciət sözü, Behçət ilk, Şəhriyar isə sonrakı təxəllüsüdür. Şair Şəhriyar təxəllüsünü İranda mövcud olan qədim adətə görə, Hafiz divanından fal açaraq qəbul edib.

Atası Təbrizin məşhur vəkillərindən Hacı Mir Ağa Xoşgənabi, anası isə Kövkəb xanımdır. Şəhriyarın uşaqlıq illəri Təbrizdəki Məşrutiyyə hərəkatı dövrünə təsadüf edib. Yəqin elə bu qarışıqlıqlar səbəbiylə atası ailəni ata-baba yurdları olan Heydərbaba dağının ətəyindəki Xoşgənab kəndinə aparır. Şəhriyarın uşaqlığı da bu regionda keçir. İlk təhsilini Xoşgənab kəndində “Heydərbabaya salam” poemasında da adını çəkdiyi Molla İbrahimdən alır. Orta məktəbi Təbrizdə oxuyur. Ana dililə yanaşı ərəb, fars, fransız dillərini də bilir. Çox gözəl tar çalır. 1922-ci ildə tibb fakültəsinə daxil olur. Lakin fakültəni bitirmədən ayrılmaq məcburiyyətində qalır. Tələbə olduğu illərdə bir qıza aşiq olur. Eşqin qızğın çağlarında Şəhriyar, adını və vəzifəsini demək istəmədiyi güclü bir şəxslə üz-üzə gəldiyini görür. O, gənc tələbəni tutduraraq zindana atdırır, Tehrandan çıxıb gedərsə, onun günahından keçəcəyini bildirir. Beləliklə, Şəhriyar Nişabura sürgün olunur. Cavad Heyətin dediyinə görə, şairi tutduran bu şəxs polis təşkilatının yüksək rütbəli məmuru Çırağ Əli Xan Pəhləvi olub və o, Şəhriyarın sevdiyi qızla (adı Sürəyyadır, Şəhriyar ona Pəri də deyərmiş) evlənir.

Şəhriyar 1934-cü ildə atasını itirir. Stress keçirən şair hər şeydən uzaqlaşır. Təsəvvüfə meyl edir, hətta Zəhəbiyə təriqətinə girir. 1952-ci il iyulun 20-də isə həyatda yeganə varlığı olan anasını itirir. Anası Kövkəb xanım da əri kimi Qum şəhərində torpağa tapşırılır. Anasının ölümündən sonra şair uzun zaman qaldığı Tehrandan anidən ayrılaraq 1953-cü ilin ortalarında doğulduğu Təbrizə qayıdır. Bir bankda işləməyə başlayır və elə buradan da təqaüdə ayrılır. Şair pensiya günlərində olduqca ağır günlər keçirir. 1976-cı ildə Tehranda nəşr olunan "Ettalat" qəzetinə verdiyi müsahibədə 22 ildən bəri eyni paltarı geyindiyini söyləyir.

Təbrizə köçdükdən qohumlarından Əzizə adlı bir qızla evlənir. Bu evliliyindən 2 qızı və 2 oğlu olur. 1964-cü ildə Xoşgənaba gedir və “II Heydərbabaya salam”ı yazır. 1977-ci ildə həyat yoldaşını itirir.

Şəhriyar özü isə 1988-ci il sentyabrın 18-də bazar günü Tehran vaxtı ilə səhər saat 6:45-də Mehr xəstəxanasının 5-ci mərtəbəsinin 513 nömrəli otağında ürək çatışmazlığından vəfat edir. 20 sentyabrda Ərk qalasında qılınan cənazə namazından sonra vəsiyyətinə əsasən Təbrizin Surhab məhəlləsindəki Məqbərətüş-Şüarada (Şairlər Qəbirstanlığı) dəfn olunur. Şəhriyarın xatirəsinə o gün Təbrizdə heç bir mağaza açılmır və bütün xalq qara geyinir.
Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün hər il İranda Milli şeir günü kimi qeyd olunur.

Xəyalə
# 1531

Oxşar yazılar