“Bu gün məni güldirə bilmədin, komik adam...”
15 aprel 2010 18:15 (UTC +04:00)

“Bu gün məni güldirə bilmədin, komik adam...”

Sənət dünyası Telman Adıgözəlovun qəfil ölüm xəbərilə sarsılıb

Azərbaycanın incəsənət aləmi xalq artisti Telman Adıgözəlovun qəfil ölüm xəbərilə sarsılıb. Sənət adamları hələ də aktyorun ölümünə inanmaq istəmir.

Xalq artisti Nazpəri Dostəliyeva eşitdiyi xəbərə inanmayıb. Sənətçi düşüncələrini göz yaşları içində Lent.az-a danışıb: “Eşitdim, inanmadım... Allahın işinə qarışmaq olmaz, amma onun yaşayıb-yaradacağı, ailəsi ilə bağlı o qədər gözəl şeylər var idi ki! Allah rəhmət eləsin!”

Müğənni Elariz Məmmədoğlu da xəbərə inanmayanlardan olub: “Çox təəssüfləndim, çox! O bizə çox lazım idi, gözəl insan, gözəl qəlb sahibi...”

Aktrisa və teleaparıcı Dilarə Əliyeva sənət aləmindəki yarpaq tökümü ilə barışa bilmir: “O həm dəyərli insan, həm dəyərli aktyor idi... səhər Elçin (Əlibəyli- red) zəng vurub xəbəri çatdırdı, belə halda nə deyəsən? Açığı, söz tapa bilmirəm...”

Müğənni Elnarə Xəlilova da qəfil xəbərdən sarsılıb: “Həyat çox etibarsızdı, çox! Telman müəllimin son müsahibəsini oxumuşdum. Kim deyə bilərdi ki... Allah bütün yaxınlarına səbr versin! Heyfsilənməyə bilmirəm...”

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova Telman Adıgözəlovun ölümünə anlamlı bir cümlə ilə münasibət bildirib: “Bu gün məni güldürə bilmədin, komik adam...”

Azəri Günel hadisə barədə Azərbaycan saytlarından xəbər tutduğunu və söz tapmaqda çətinlik çəkdiyini deyib: “Belə vaxtlarda insan dərindən düşünmək istəyir ancaq...”

Nəzrin
# 554

Oxşar yazılar