“Bu tarla həm mənim toyum çalınıb, həm də Hacı Məmmədovun nəvəsinin” - MÜSAHİBƏ
14 aprel 2010 10:04 (UTC +04:00)

“Bu tarla həm mənim toyum çalınıb, həm də Hacı Məmmədovun nəvəsinin” - MÜSAHİBƏ

Ağasəlim Abdullayev: “O günləri bir nəfər tələsib, indidən qəzetdə yubileyimi təbrik edib”

Ağasəlim Abdullayev görkəmli tarzəndi. Və o, klassik ənənələri yaşadan, ustadları layiqincə təmsil edən davamçıdı. Ona köhnə kişilərin yadigarı, onların əlindən su içən və bu gün sırası get-gedə təəssüf ki, seyrələn sanballılardan biri də demək olar.

Bizim tanışlığımızın üstündən xeyli keçib. Bu illər ərzində dünyada çox şeylər dəyişib. Ağasəlim müəllim və onunla münasibətimizsə dəyişməyib. Həmişə sadə, mədəni, böyük-kiçiklə pərdə saxlayan, haqq-salam gözləyən, sənətini sevən, tarından zövq alan görmüşəm Ağasəlim müəllimi. Ən çətin dövrlərdə təmkinini pozmadan sevimli işiylə məşğul olmağa təpər-qüvvət tapmağı da bacarıb.

...Azərbaycan Milli Konservatoriyasının xudmani sinif otağında iki tələbəsiylə dərs aparan tarzəni kənardan müşahidə eləmək maraqlıydı. Cənubi Azərbaycandan gəlmiş gənclərin diqqətlə öyrənmələri bu marağı ikiqat artırırdı. Nəzərini tardan ayırmasa da, gözümü onlardan çəkmədiyimi musiqiçi həssaslığıyla duyan Ağasəlim müəllim “zəruri” fasiləni lazım bildi:

- Nə var, nə yox, kefin necədi? Bütün günüm bax, belədi. Gah ora qaçıram dərs deməyə, gah bura. Görürsən də, maşallah necə tələbələrimiz var. Çox şövqnən öyrənirlər. Biri Təbrizdəndi, o biri Miyanadan. Allaha şükür, məni tanıyırsan də, yerlibazlıq-zad bilmərəm, amma bu Miyanalı Məmmədi özümə doğma sayıram.

- Başa düşmədim, yerlibazlığın bura nə dəxli var? Siz Nardarandan, Məmməd Miyanadan…

- Mənim babam hacı molla Tağı Nardarana Miyanadan gəlmədi. Ona görə qan çəkir də (gülür)...

- Demək, yüz, yüz əlli il qabaq Bakıya axın-axın gələnlərin içərisində Sizin babanız da olub. Açığı, bunu bilmirdim.

- Bəli, həqiqətdi. Amma babamı Arazın bu tayına əksər həmvətənləri kimi iş-güc qayğıları yox, başqa səbəb gətirib.

- Nə səbəb?

- O rəhmətlik çox savadlı kişiydi. Nəcəfdə mükəmməl dini təhsil almışdı. Sən demə, orda oxuyan illərdə burdan – Nardarandan getmiş bir adamla, Şıx ağayla qardaş qədər yaxın dost olurlar. Təhsillərini bitirəndən sonra həmin dostunun xahişilə Bakıya gəlir. Buraları çox bəyənir. Və bir daha geri qayıtmır. Ailə qurur, ömrünün axırınacan Nardaranda yaşayır. Qəbri də ordadı, Nardaranda pirin yanındakı qəbiristanlıqdadı. Hərçənd məni nardaranlı sayırlar, amma nə orda doğulmuşam, nə də yaşamışam...

- Bildiyimə görə, uşaqlığınız Binə kəndində keçib.

- Elədi, atam 1945-ci ildə, evlənəndən bir il sonra Binəyə köçüb. Yurd-yuva qurub, oğul-uşaq sahibi olub orda. Məndən böyük bir bacım, bir qardaşım var. Ümumilikdəsə iki bacı, altı qardaşıq.

- Maşallah, səkkiz uşaq az deyil. Belə böyük ailəni dolandıran atanız hansı sənət-sübutun yiyəsiydi?

- Adi bir insanıydı. Təsərrüfatda çalışıb, həyət-bacada əkin-biçinlə məşğul olub, bizi saxlayıb. 1997-ci ildə 86 yaşında rəhmətə getdi.

- Zəhmətkeşliyinizin səbəbi üzə çıxdı. Atanız ilk canlı nümunə rolunu oynayıb. İşlərinizi düz tutmaq üçün nədən başlayırsız?

- Şərt çoxdu. Əsas şərtlərdən birisə məsuliyyət və inam-etibardı. Məsələn, mən müəlliməm, vəzifəm nədi? Əlbəttə ki, dərs demək. Vicdanla, peşəkarlıqla. Bunu unudan müəllimə hörmət qoymazlar axı. Pərdə saxlamaq da vacibdi. Düzdü, bizimki yaradıcılıq sahəsidi. Yəni burda müəllimlə tələbə, şagird arasında sənət söhbətləri, müzakirələri, yaradıcılıq mübadiləsi gedir. Amma yaş, böyük-kiçikliyi nəzərə almaq, hörməti saxlamaq heç zaman unudulmamalıdı.

- Yeri gəlmişkən, tarla ilk tanışlıq çağlarında Sizdən cəmi bir neçə yaş, gərək ki, altı-yeddi il fərqiylə böyük olan Elxan Müzəffərovdan və qohumunuz Cavaddan müəyyən şeylər öyrənmisiz. Peşəkar kimi formalaşan dövrdə onlarla münasibətinizdə həmin o dediyiniz pərdə aradan götürüldü?

- Yox, mən böyüyəndə onlar balaca qalmayıblar ki, fikir, münasibət dəyişsin. Fəxri ad-filan boş şeydi. Həyatdı, bir də görürsən müəllimin adlı-sanlı tələbələri var, amma öz əməyi layiqincə qiymətləndirilmir. O qədər belə şeylərlə rastlaşmışıq. Mənim aləmimdə münasibət fəxri adla, var-dövlətlə ölçülməməlidi. Müəllimin üzünə qayıtmazlar. İndi mən də o dediyiniz adamlara baxıb öyrənmişəm, bunu dana bilmərəm və onlarla üz-üzə gələndə, sanki belə şey olmayıbmış kimi, özümü o yerə qoymamağım da düz çıxmaz.

- Öyrənmək demişkən, ustalıq səviyyəsinə çatanacan çox adamların əlindən keçmisiz. Uşaq vaxtı musiqi məktəbində Əmrulla və Qədir müəllim, texnikumda Kamil Əhmədov, Ağasaleh Abbasəliyev, konservatoriyada Səid Rüstəmov və başqa ustadlardan dərs almısız. Allah hamısına rəhmət eləsin. Tələbəlik illərindən bu yana 40 ildən artıq müddətdə çalışdığınız “Araz” xalq çalğı alətləri ansamblının keçmiş rəhbəri, adı kollektivin adıyla qoşa çəkilən Baba Salahovu da müəlliminiz hesab etmək olar. Siyahı bitdi, yoxsa yenə var?

- Sənətə bizdən qabaq gəlmiş ustadların hamısı müəllimimdi. Tədris prosesində onların bir qismiyllə ünsiyyət baş tutmasa da, necə deyərlər, qiyabi müəllimlərimizin hərəsindən nəsə öyrənmişik.

- O cümlədən tarını əzizləyə-əzizləyə çaldığınız Hacı Məmmədovdan…

- Siz elə bir insanın adını çəkdiniz ki, onun haqqında ən qiymətli sözlər belə azlıq eləyir. Bax, öz aramızdı, görün neçə-neçə gözəl tar ifaçıları olub. Hacı müəllim kimilərsə nadir sənətkarlardı. Şəxsən mənim fikrimcə, Sadıqcan, Qurban Pirimov, Əhmədxan Bakıxanov kimi nəhənglərin arasındadı onun yeri. Maraqlıdı ki, Hacı müəllim həm səriştəli həkimiydi, həm də istedadlı ifaçı. Onun ürəyi, çalğı texnikası bir başqa aləmiydi. Uşaq ikən ifasını eşidən gündən sənətinə vurulmuşam. Nə gizlədim, onun eşqinə taleyimi tara bağlamışam… Üç-dörd ilin söhbətidi, Hacı Məmmədovun həyat yoldaşı Aliyə xanım məni evlərinə çağırdı. Getdim. sənətdən, ötənlərdən-keçənlərdən danışdıq. Heç gözləmədiyim halda, dedi ki, rəhmətliyin tarı iyirmi beş ildi çalınmır. Amma mən istəyirəm ki, vaxtilə Hacının dilləndirdiyi tar susmasın. Və bu işə gərək sən qol qoyasan. Şübhəsiz, sənətkarın ailəsinin mənə verdiyi qiymət və göstərdiyi etimada görə ancaq sevinə bilərdim. Bununla belə, məsuliyyətin ağırlığından narahatlıq da keçirdim. Və biləndə ki, bu tarı çox adam çalmaq istəyib, razılaşmayıblar, həyəcanım bir az da artdı. İndi həmin qiymətli əmanət məndədi. Bildiyimə görə, rəhmətlik əvvəl gündən axıracan bu alətdə çalıb. Təsəvvür eləyin ki, o baxımdan bu tar necə qiymətlidi. Təzə “dost”umla bir-iki konsert çalıb, yazdırmışam. Ən maraqlısısa odur ki, bu tarla həm o vaxt mənim toyum çalınıb, həm də sənətkarın adını, soyadını daşıyan nəvəsinin...

- Demək, vaxtilə Hacı Məmmədov bu tarda Sizin üçün çalıb. İllər sonra isə Ağasəlim Abdullayev borcundan çıxıb, nəvə Hacı Məmmədovun toyunda həmin tarı dilləndirib. Qəribə təsadüfdü. Bunlar öz yerində, amma məncə neçə-neçə xanəndələri müşayiət eləyən tarzənin ustad Hacıbaba Hüseynovla təqribən 15 illik yoldaşlığı da maraqsız deyil.

- İnanın ki, rəhmətlik Hacıbabanın, Yaqub Məmmədovun oxumağından doymaq mümkün deyildi. Allah ruhlarını şad eləsin. Hərəsinin bir cür ustalığı, təkrarsızlığı vardı. Bir yerdə çalıb-oxuduğumuz toylardan danışmıram, onların sayı-hesabı yoxdu, maraqlıdı ki, Hacıbaba müəllimin bütün qastrolları mənimlə keçib.

- Birincisi İraq, sonuncusu İran…

- Elədi. Rəhmətlik ilk dəfə qastrola gedəndə 70 yaşı vardı. 1989-cu iliydi. Bu səfər düşərli oldu. Hacıbabanın xaricə ayağı açıldı. Sonra Türkiyə, Fransa, Hollandiya və Belçikada konsertlər verdik. 1992-ci ildə İrana gedəndə artıq xəstəliyi ilə əlaqədar xeyli zəifləmişdi. Amma kaş görəydiniz necə oxuyurdu. Özü də gündə iki konsert… Çox heyf ondan…

- Xalq artisti fəxri adınız bir qədər geciksə də, çox şükür, verildi. Fərdi təqaüd, mənzil hədiyyəsisə hələ ki, Sizdən qaçaqdı…

- Vallah, məsləhət sahibidilər, verərlər də sağ olsunlar, verməzlər də. Mən öhdəmə düşən işlə məşğulam. Allaha çox şükür, ailəmi ruzusuz qoymur.

- Qarşıdan 60 illik yubiley gəlir. Gözümüzü açıb-yumacağıq ki, artıq payızdı və…

- Maşallah yaddaşın yaxşıdı, dəqiq bilirsən. Amma o günləri bir nəfər tələsib, indidən qəzetdə yubileyimi təbrik edib.

- Canı sağ olsun, təki taleyinizə belə yanlışlıqlarla ilmə vurub, naxış salınsın. Beləliklə, bu yanlışlığa doğru…

- Etiraz yoxdu…


Seymur Elsevər

[email protected]
# 1757

Oxşar yazılar