Əlibaba Məmmədov: “Lopa-lopa qar yağır, Şaxta babaya oxşayıram” - MÜSAHİBƏ
13 aprel 2010 10:00 (UTC +04:00)

Əlibaba Məmmədov: “Lopa-lopa qar yağır, Şaxta babaya oxşayıram” - MÜSAHİBƏ

Lent.az-ın “Person”a rubrikasının qonağı xalq artisti, xanəndə Əlibala Məmmədovdur. Əlibaba Məmmədov bizimlə söhbətdə ömür yolundan, arzularından danışdı...

- Əlibaba müəllim, muğam insana nə verir?

- Füzulidən bəri bütün şairlər yazırlar ki, ruhun qidası musiqidir. Deməli, musiqi yeməli şey deyil, gözlə də görünmür, amma insana qida verir. Muğam bir növ müalicəvidir. Sən muğamatı sevirsənsə, muğam səni elə cəlb edir ki, 15-20 dəqiqə dünya əzabından uzaqlaşırsan. Bir də, musiqisi olmayan ölkə ölkə deyil ki! Musiqisi olmayan millətin elə özü də yoxdur. Muğam xalq musiqilərimizin, istər opera, istər operetta, istər simfonik musiqi - hamısının köküdür. Hamısı ondan yaranır, amma muğamı yaratmaq mümkün deyil. Heç biri muğamat yarada bilmir. Mən 60 ildir ki, bu sənətdəyəm, 100 mahnı bəstələmişəm. Bu, faktdır, danışıram, yoxsa özümdən razı insan deyiləm. Bu mahnılar indi də oxunur. Şövkət Ələkbərova, Zeynəb Xanlarovadan tutmuş keçmişdə məşhur müğənnilərin hamısı oxuyublar. Amma mən bir hissə, bir guşə muğam yarada bilməmişəm. İstəmişəm, olmur. İndi mən Üzeyir Hacıbəyovun yanında kiməm? Üzeyir bəy böyük dahidir, həyatda nələr yaratmayıb? Operalar, operettalar yaradıb, hətta librettoları da özü yazıb, amma bir hissə muğam yarada bilməyib. Ancaq muğamlardan istifadə ediblər. Muğam olub, amma onları təkmilləşdiriblər, yığıblar, dəsgah şəklinə salıblar və Azərbaycan bunu dünyaya sübut edir. Axı bizim millətimiz çox istedadlıdır! Cabbar Qaryağdının, Seyid Şuşinskinin, Əhmədxanın, Mirzə Mansurun, Mirzə Fərəcin köməyi ilə Üzeyir bəy muğamlarımızı təkmilləşdirib, dəsgah, proqram şəklinə salıb. Üzeyir bəy olmasaydı, bizim muğamatın çərçivəsi olmayacaqdı, Seyd Şuşinski olmasaydı, muğam sinfi olmayacaqdı. Mən 1953-cü ildə musiqi məktəbinə, Seyid Şuşinskinin sinfinə gəlmişəm. Bütün yaxşı oxuyanlarımız buradan, Seyid Şuşinskinin əlindən çıxıb, düz danışmaq lazımdır.
Amma onu da deyim ki, muğama sovet dövründə həmişə ikinci dərəcəli baxırdılar. Rusiyada, lap Azərbaycanda bizim böyük bəstəkarlarımız da muğama primitiv musiqi kimi yanaşırdılar.

- Bəs ikinci dərəcəli sayılan bu sahəyə sizi nə meylləndirib?

- Mən bu sənətə nə şöhrət, nə pul üçün gəlmişəm. Mənim başqa sahədə istedadım çox böyük olub. Mən neftçi olmaq istəyirdim, olurdum da. Məni qabağa da çəkirdilər. Xanəndə olmaq istəmirdim. Amma bu vergini Allah verir, hər adamdan xanəndə olmur. Ya gərək bu sənətdə olmayasan, ya da gərək yüksək zirvədə olasan. Yarımçıq olacaqsansa, olmasan yaxşıdır. O qədər yerlər var, get işlə. Kim ac qalır?!

- Neftçi olmaq istəyən və bu sahədə irəli çəkilən Əlibaba Məmmədovun muğama gəlişi necə oldu?

- 7-8 yaşımdan musiqiyə həvəsim vardı. Mən tar çala bilirəm, özüm öyrənmişəm, heç kim mənə öyrətməyib. Nağara, qaval, pianino çala bilirəm, onu da özüm öyrənmişəm. Hətta 6 aya klarnet çalmışam. Bunları mənə heç kim öyrətməyib, bunlar mənim içimdə idi. Amma mən neft texnikumunu qurtarmışam, attestatım da özümdədir, 1 “dörd”üm var. Mən 1947-1948-ci illərdən danışıram. Neftçi işləməyə başladım. Paltar, yemək verdilər, bizə çox gözəl baxırdılar. Bizi sonra dövlət 2 illiyə Türkmənistana, Mebitdağa göndərdilər. Ora gedən kimi bizə iş, ev verdilər. Mən əvvəl 6 ay qazmaçı işlədim. Sonra baxdılar ki, istedadım var, məni gecə ustası etdilər. Gecə səhərə qədər yatmırdım, 22 buruğa nəzarət edirdim. Kim nə qədər qazıb, işçisi var, yoxdur, yoxlayırdım. 1 sutka mədənin böyüyü mən olurdum. Hələ o dövrdə mənə maşın da, bir qazax sürücü də vermişdilər. Məni Mebitdağdan mədənə, mədəndən də Mebitdağa aparırdı. O vaxt 18-19 yaşım varı. Bir az da işləyəndən sonra gördülər ki, yaxşı işləyə bilirəm, adımı “malenkiy master” qoymuşdular. Direktorumuz bakılı rus idi. Dedi ki, istedadın çoxdur, səni Aşqabada göndəririk. O vaxt 1400 manat maaş alırdım. Dedilər ki, orta əməkhaqqı, yəni 800 manatla 4 il oxuyandan sonra bizim mədəndə mühəndis işləyəcəksən. Razılıq verdim.
Onu da deyim ki, mən yetim böyümüşəm, neftçi kimi aldığım 1400 manat maaşın 500 manatını Bakıya, anama göndərirdim. Çünki 3 uşaq yetim qalmışıq, bizi anamız böyüdüb. Atam 1942-ci ildə rəhmətə gedib, o vaxt 12 yaşım vardı. Bacılarım da məndən kiçik idi. Yazıq anam bizi dişi-dırnağı ilə böyütmüşdü. Əlim pul tutandan ona kömək etməyə başladım. Mənim Aşqabadda oxumaq məsələm çıxanda anama məktub yazdım ki, 4 il oxuduğum müddətdə sizə pul göndərə bilməyəcəyəm, 800 manat özümə ancaq çatacaq. Anam başa düşdü, mənə yazdı ki, get oğlum, oxu, bizdən narahat olma, biz burada yaşayırıq, işimiz, vəziyyətimiz yaxşıdır. Elə oldu ki, 1948-ci ilin axırında Aşqabadda zəlzələ oldu. Aşqabad yerlə yeksan oldu. Ancaq zəlzələnin təsiri Mebitdağa gəlib çıxmadı. Aşqabad zəlzələdən dağılandan sonra neft mühəndisliyi oxumaq arzularım qaldı. Direktorun yanına gedib dedim ki, olmadı, məni burax, gedim. Hələ 1 il də işləməli idim. Direktor da mənə hörmət etdi. Rus olanda nə olar, bakılı idi. Bakıya gəldim. Muğamat məni özünə elə cəlb etmişdi ki…
Bir epizod danışım. Suraxanı rayonunda təcrübədə idik. Qışdır, qar-qiyamətdir. Təcrübə keçmək, qazmanı öyrənmək üçün buruğa gedirdik. Oradan çıxıb Sabunçuya gəlməli, günorta nahar etməli idik. Suraxanının platformasına gəldik, tramvay gəlirdi. O platforma açıq idi, üstü bağlı deyildi, indi də açıqdır. Birdən radioda deyildi ki, Əhmədxan Bağırovun ansamblı çalır, Töhfə Əliyeva oxuyur. Tramvay gəldi, uşaqlar minib getdilər. Qar da lopa-lopa tökür. Uşaqlara dedim ki, siz gedin, mən gəlirəm. Həm də qrupun “polmaster”i idim. Hamısı getdi, tək qalmışam. O boyda vağzalda lopa-lopa qar yağır, Şaxta babaya oxşayıram. Əhmədxangil başladılar. İndiki kimi yadımdadır. Muğamların hamısına qulaq asıb qurtardım, haçandan sonra tramvay gəldi. Ağappaq qara bürünmüşdüm. Getdim ki, uşaqlar çörək yemək üçün məni gözləyirlər, böyükləri mən idim. Yəni muğam məni o cür cəlb edirdi. Mən muğam eşidəndə dözmürdüm, deməli, bu, mənim içimdə vardı. Sonra da elə 19 yaşımda müsabiqə yolu ilə 1949-cu il oktyabrın 5-də məni solist kimi filarmoniyaya işə götürdülər.

- Musiqi məktəbini qurtarmadığınız halda?

- Musiqi məktəbini qurtarmamış işə götürdülər. Seyid Şuşinski musiqi məktəbinə 1953-cü ildə gəldi. Mən də Seyid Şuşinskidən dərs almaq üçün gəldim. Mən muğamları bilirdim, amma dərinini bilmirdim. Seyid Şuşinskiyə qədər elə başa düşürdüm ki, mən doğurdan muğamı yaxşı bilirəm. Mənim əmim xanəndə olub. Seyid Şuşinskinin sinfində 1 ay oturandan sonra gördüm ki, mən çox şeyləri bilmirəm. Amma öyrəndim. Uşaqlarımız üzdən öyrənirdilər ki, sonra imtahan versinlər, amma mən həmişə muğamatın dərininə gedirdim ki, niyə, nə üçün belədir. Muğama 5 dəfə qulaq asdınmı, sonra əl çəkməyəcəksən. Muğam belə bir şeydir.

- Muğam sizin həyatınızda nəyi dəyişdi?

- Çox şey. Mənim həyatımı, ailəmi, bütün varlığımı muğam saxlayıb. Muğam oxuyurdum, toylara gedirdim, pul verirdilər, uşaqlarıma paltar, yemək, ev, maşın alırdım. Mən 30 il dəbdə olmuşam, siyahım həmişə dolu olub. Deyirdilər ki, bakılıdır, amma mənim üçün fərqi yox idi. Mən bütün rayonlarda toylara gedirdim. Sabirabaddan, Saatlıdan tutmuş elə bir rayonumuz yoxdur ki, mən orada toyda olmayım. Ermənistana, Gürcüstana, Dağıstana, Özbəkistana, Türkmənistana toya getmişəm. Gəlib aparırdılar. Qabaq Türkmənistanda Krasnovodsk vardı, bəlkə orada 50 toy etmişəm. Məni saxlayan muğam, musiqi, səsim olub. Neftçiliklə 1949-cu ildən qurtarmışam. Bu, mənim qismətim, alın yazım idi. Allah-təala alnıma yazmışdı ki, böyük insan olacaqsan, ancaq sənətdə. Bilirəm ki, zəlzələ Aşqabadı dağıtmasaydı, mən mühəndis olsaydım, indi neft sahəsində ən azı idarə rəhbəri idim, çünki o sahədə də yaxşı idim. Yoldaşım da həmişə deyirdi ki, neftçi olsaydın, indi əmək qəhrəmanı idin. Çünki mən sənəti sevirəm. Lakin Allah-təalanın alın yazısı belə imiş ki, sən xanəndə olacaqsan, musiqiyə, xalqa xidmət edəcəksən. Mən fəxr edirəm ki, 60 ildir xalqımıza fasiləsiz xidmət edirəm. Adam var, 20 ildir yerində oturub heç bir şey etmir, xalq artistidir, hər şeyi var, təqaüd də alır. Adam var, 20 ildir oxumur, fəxri adlar da ala bilir. Amma mən 60 ildir ki, xalqımıza fasiləsiz xidmət edirəm. Bir var ki, eləmişəm, amma mən indi də edirəm. Həmişə fəxr edirəm ki, həyatımda cüzi də olsa, xalqıma xidmət edə bilmişəm.

- İndi də xidmət göstərməyiniz, işləməyiniz muğamın ürəyi cavan saxlaması, yoxsa başqa məsələ ilə bağlıdır?

- Məsələn, siz toy edirsiniz. Fikirləşirsiniz ki, toyuma kimi gətirim ki, toyum şən keçsin. O vaxt xanəndələr sayla idi, bir, iki, üç, dörd, beş. Altıncısı yox idi. Birinin Əbülfətdən, birinin Zülfüdən, birinin Mütəllimdən, birinin də məndən xoşu gəlirdi. Mən gəlib sənin toyunu gözəl, qəşəng aparırdım, sonra sənin əmin, dayın oğlunun toyu olanda mənim üçün gəlirdin. Bəs bu, xidmət deyil? Doğrudur, pul verirdilər, amma heç vaxt mən camaatı sıxıb ondan pul almamışam. Qiymətimi bilirdilər, nə verirdilər, deyirdim Allah bərəkət versin. Əksinə, toya 2000 manata gedirdimsə, toy qurtaranda mənə 2500 manat verirdilər. Deyirdilər ki, çox sağ ol, toyumuzu gözəl apardın, 500 manatı da sənə bağışlayırıq. Belə şeylər çox olub. Məni xalq saxlayıb. Şairimiz Əliağa Vahid deyirdi ki, “xalq sevsə sənətkarı, ona dağ bata bilməz”. Mənim arxamda həmişə xalq olub. Heç bir yerdən məni müdafiə edən olmayıb, vəzifəli adamım olmayıb. Mən kənd uşağı olmuşam, Maştağadan gəlmişəm, çox kasıb ailədə böyümüşəm, amma məni xalq saxlayıb.

- Saza, aşığa meyllənən Gəncə-Qazax zonasında necə, toylara gedibsinizmi, orada necə qarşılanıbsınız?

- O zonadakı toylarda Hüseyn Ariflə, Rasim Kərimli ilə də olmuşam. Tovuzda bir Osman müəllim vardı, həmişə tamada olardı, həm də şairliyi vardı. Tovuzda mən toy edəndə o tamada olub. O zonanın toyları gözəl olurdu. Nə vaxt Gəncəbasar zonasına gedirdim, sevinirdim. Əvvəla, xanəndəyə həddindən ziyadə hörmət edirdilər. Qatarla yol gəlmişik, istəyirdim ki, 1 saat dincəlim. Toy yiyəsinə deyirdim. Allaha and olsun ki, elə yorğan-döşəklər salırdılar ki, içərisində itirdim. O qədər gözəl qarşılayırdılar. Heç vaxt xanəndəni incitməyiblər, artıq-əskik söz deməyiblər. Özləri də gündüz saat 12-də başlayır, axşam saat 7-8-də toy qurtarırdı. Böyük də pul verirdilər. Açığı, o zonaya gedəndə həmişə sevinirdim.

- Hüseyn Arifin də adını çəkdiniz. Onunla bağlı hansı yaddaqalan xatirələriniz var?

- Mən Hüseyn Arifin sözlərinə 3-4 musiqi bəsləmişəm. Hüseyn Arif heç kimə deməzdi ki, mən şeir yaza bilirəm, yaxşı şeirlərim var. Hüseyn Arifi biz özümüz oxuyurduq, axtarırdıq ki, onun kitablarını tapaq. İndi də Hüseyn Arifin kitabı məndə var, evdədir. Mən onun sözlərinə 3-4 musiqi yazmışam, çox gözəl də musiqilər olub.
Bir xatirəni danışmaq istəyirəm. Bir dəfə Bakıda qazaxlıların toyunda idim. Tar, kamança və bir də mən. Gəncəbasarda bir Aşıq Əkbər, bir də Aşıq İmran vardı. Aşıq İmranın çox qüvvəli səsi vardı. Böyük olmayan evdə toy idi, tar, kamança və oxuyan kimi məni görüblər. Gəlib oturduq. İçəri girəndə Aşıq İmranı gördüm. Aşıq İmranla mən 1959-cu ildə Moskvada dekadada olmuşam. Bilirəm ki, elə səsi var ki, evi tərpədir. Nə isə, toy başladı. Qazaxlıların toyu ola, Aşıq İmran ola, necə olar? Evdə bunun üçün balaca yer düzəldiblər, durub oxuyur, şaqqıldayır. Məni də hərdənbir oxudurlar, pul veriblər axı. Bir də gördüm ki, Hüseyn Arif içəri girdi. Məni görən kimi yanıma gəlib oturdu. Çox sadə, gözəl insan idi. Gördü ki, meydan aşığındır. Qulağıma dedi ki, Əlibaba, bura gələndə bir şeir yazmışam, hələ mürəkkəbi qurumayıb. Dedim ki, Hüseyn müəllim, olar baxım. Bloknotunu cibindən çıxardı, həmin səhifəni cırıb mənə verdi. Oxudum, gördüm ki, nə gözəl şeirdir! Şeirdə bir az da yumor var:

Həyatı dərindən duymaqdan ötrü
Min oddan, alovdan keçəsən gərək.
Enişli, yoxuşlu bu yollarda sən,
Yaxşını yamandan seçəsən gərək.

Sevinc də, kədər də səbəbsiz deyil,
Məzəsiz məclis də bir məclis deyil.
Gənclik illərində şərab pis deyil,
Çayı qocalanda içəsən gərək.

Hüseyn, səni də dəyişər zaman,
Yalvarma loğmana üzüləndə can.
Hələ doymasa da gözün dünyadan,
Vaxt tamam olanda köçəsən gərək.

Mən də bu şeiri qabağıma qoyub, başladım “ Dilkeş” muğamının üstündə bunu oxumağa. Hüseynin ki, adını çəkdim, Aşıq İmran qaldı bir qıraqda. (gülür) Söz çox qüvvəlidir, həyatda hər şeyi söz həll edir. Söz var, acıdır, söz var şirindir, söz var mənalıdır, ağıllıdır. Mən qabaqlar deyərdim ki, 50 faiz muğamdır, 50 faiz söz. İndi deyirəm ki, 60 faiz sözdür, 40 faiz musiqi. Hüseyn Arif böyük şairdir. Lap axır vaxtlarda onun sözünə bir musiqi bəstələmişəm, 25 ildir ki, dillər əzbəridir: “Səfərdəyəm, səfərimi vurmamışam başa hələ…” Hüseynin sözləridir. İnanırsınız ki, onun sözlərinin üstündə mən heç əziyyət çəkmədim. Tar başımın üstündə idi, kitabını oxudum. Gördüm ki, nə gözəl sözdür! Tarı götürdüm, 10 dəqiqə çəkmədi, gördüm ki, musiqi hazırdır. O musiqi elə yaranıb. Sözləri güclüdür:

Ömür deyir qocalmışam,
Ürək deyir yaşa hələ.

Bütün insanlara aiddir. Allah Hüseyn Arifə rəhmət etsin.

- Əlibaba müəllim, ailə də insanın uğurunda özünəməxsus yer oynayır. Ailəniz nə dərəcədə sənətdə sizə yardımçı olub?

- Mənim xanımım əczaçılığı bitirib, amma işləməyib. Böyük qızım həkim, qızlarımın biri bioloq, biri filoloqdur. Oğlum da Xalq Təsərrüfatı İnstitutunu qurtarıb, ticarətçidir. Heç bir mənim sənətimə gəlməyiblər, heç həvəs də göstərməyiblər. Bir gün yoldaşım mənə dedi ki, uşaqlardan birini də öz sənətinin davamçısı et. Dedim ki, ay arvad, nə edim. Evdə pianino, qaval, tar var, haçan həvəs göstərmək istədilər, mən onlara kömək göstərmədim? Bu, gərək insanın içində olsun, yoxdur. Hamısı başqa sənətlərə getdilər. 8 nəvəm, 10 da nəticəm var, heç biri musiqi ilə maraqlanmır. Bu, Allah vergisidir, insan işi deyil. Məcburən heç vaxt heç nə olmur. Mənim böyük nəvəm savadlı oğlandır, ərəb, fars dilini əla bilir, rus dilində də məktəbi qurtarıb. O, universitetə qəbul zamanı mənə dedi ki, baba, mənə kömək et, şərqşünas olum. Dedim ki, sən sənədlərini ver. Gedib imtahan verir, ən yüksək bal yığır. Onu hüquq fakültəsinə salırlar. Bir də gördüm ki, telefonla zəng edir, ağlamsınır ki, baba, məni hüquq fakültəsinə salıblar, istəmirəm, şərqşünaslığa salsınlar. Mənim də bir dostum var, ona zəng etdim. O da dedi ki, Əlibaba müəllim, hüquq fakültəsi ən yüksək olanıdır, ən yüksək bal yığanı ora salırlar, qoy getsin, mən bir ərəbşünas kimi dil öyrənməkdə kömək edərəm. Bunları danışmaqda məqsədim var. Bir gün həmin nəvəm gəldi ki, baba, tarı ver, tar çalmaq istəyirəm. Tarı verdim. Getdi, 6 aydan sonra tarı qaytarıb gətirdi. Soruşdum ki, Pərviz, nə oldu? Dedi ki, baba, çala bilmədim. Dedim, görürsən, sən babanı təkəlli tutma, sənətimiz çox çətin, ağır sənətdir. Sən hüququ, yaxud ərəb, fars dilini bilirsən, əlaçısan, amma tar çala bilmədin. İndi gör, baban kimdir.

- Böyük sənətkarımızın arzusunu da bilmək istərdik.

- Mənim 80 yaşım var. Cabbar əmidən bəri bütün xanəndələr bilirdilər ki, muğam necə qüvvəli musiqidir. Mən də bunu bilirdim. Amma həmişə muğamata ikinci dərəcəli yanaşılması bizə pis təsir bağışlayırdı ki, niyə bizi başa düşmürlər. Allah Mehriban xanıma uzun ömür, can sağlığı versin ki, o xanım bizim muğamatımızın arxası oldu, muğam ifaçılarının arxasında durdu. Mehriban xanım muğamatımızı dünyaya tanıtdı. Muğamatımız dünya musiqisinin tacı səviyyəsinə qalxdı. Mənim bundan böyük arzum ola bilməz. Mən bu günləri görürəm, həmişə ürəyimdən keçir ki, kaş Xan əmi, Seyid sağ olaydı, onlar da bu günü görəydilər. Onlar muğamatın qüvvəsini bilirdilər, amma bu günə çatmadılar, arxamız yox idi. Mənim elə arzum bu idi, arzum da yerinə yetib.

Ramiz Mikayıloğlu
# 2718

Oxşar yazılar