“Sponsorlar teletamaşaya yox, əyləncəli proqramlara pul verirlər”
08 aprel 2010 17:30 (UTC +04:00)

“Sponsorlar teletamaşaya yox, əyləncəli proqramlara pul verirlər”

Lent.az-ın müsahibi tanınmış teatr, kino və televiziya rejissoru, əməkdar incəsənət xadimi, xalq artisti Ramiz Həsənoğludur.


- Ramiz Həsənoğlu, Ramiz Drazi və Jorj Mirzəyev. Drazi boyunuzun hündür olmasından yaranan bir ləqəbdir. Maraqlıdır bəs, Jorj kimdir?

- Bu, yanlış ləqəbdir. Jorj Mirzəyev adlı birisi mənim tamaşalarımda çəkilib. Professional yox, həvəskar aktyordur. Nədənsə bu adı mənim ləqəblərimdən biri kimi qəbul edirlər. Ramiz Drazi, Ramiz İrəvani Bakuvi ləqəblərim ola bilər. Amma Jorj Mirzəyev mən deyiləm. Yeri gəlmişkən, bunu çatdırın ki, artıq hamı bilsin.


- Dediniz ki, Jorj həvəskar aktyor olub. Sizin üçün aktyorun professionallığı mütləqdirmi? Ümumiyyətlə, hər rejissorun özünün aktyor ansamblının olmasının tərəfdarısınız?


- Mən bu barədə heç vaxt çox dərindən düşünməmişəm. Yaradıcı iş, tamaşa üzərində iş elədir ki, birlikdə işləməyə alışdığın aktyorların sırasına təsadüfən elə bir aktyor da qoşula bilər ki, çox yerinə düşər. Əlbəttə, rejissorlar var ki, müəyyən aktyorlarla işləməyi xoşlayırlar və mən də onların sırasındayam. Amma mən hər zaman öz aktyor arsenalımı zənginləşdirməyə çalışıram. Çox çalışıram ki, istedadlı, hələ özlərini o qədər də göstərə bilməyən aktyorlar mənim işlərimdə iştirak etsinlər. Düzdür, bu, təkcə məndən asılı deyil. Gərək ortada iş olsun. Zaman keçdikcə işlərin sayı seyrəlir.


- Bunun səbəbini nədə görürsünüz?


- Güman ki, rusların bir ifadəsi var – “Pereotçenka çennosti”. Söhbət televiziya məkanında keyfiyyətin dəyişməsindən gedir. Yəni nə? Artıq bütün dünya seriallara keçib. Onların arasında çox zəifləri də var, çox güclüləri də. Azərbaycan da artıq serialların istehsalı barədə ciddi düşünməlidir. Addımlar atılır, müəyyən rejissorlar var ki, seriallar çəkirlər. Amma bununla demək olmaz ki, Azərbaycan artıq o məcraya girdi. Ayrı-ayrı cəhdlər var. Bəzən uğurlu, bəzən uğursuz. Amma mən hesab edirəm ki, teleserialla ciddi məşğul olmaq üçün meydanı müəyyənləşdirmək lazımdır. Çünki Azərbaycan o qədər də böyük ölkə deyil. Teleserial da çox böyük vəsait tələb edən sahədir. Bunun üçün gərək Azərbaycan televiziya məkanı, televiziyaçılar, prodüsserlər özləri üçün bazarı müəyyənləşdirsinlər. MDB, Rusiya, Türkiyə, Şərq ölkələri bazarı var. Bunların hansınasa inteqrasiya olunmaq lazımdır.


- Amma biz hələ ki bunların heç birinə daxil ola bilmirik.


- Çünki bizim o sahədə axtarışlarımız demək olar ki, heçə bərabərdir. Mən hesab edirəm ki, güclü prodüser mərkəzləri yaranmayınca bu alınmayacaq.


- Bunun başqa bir səbəbi kinonun dövlətdən asılı olması ola bilər?


- Mənə elə gəlir ki, burda həqiqəti hardasa ortalarda axtarmaq lazımdır. Uzağa getməyək, götürək elə Rusiya televiziyalarını, xeyli serial çəkir. Onların keyfiyyəti kimisə qane edə bilər, kimisi yox. Ancaq bazar olduğuna görə, hansısa ssenarinin bir ildən sonra çəkilməsi onlar üçün problem deyil. Çünki onlar bir ildən sonra çəkiləcək filmin reklam dəqiqələrin artıq satıblar və ora pul gəlir. Burda maddi maraq da var. Hələ heç onu demirəm ki, orda seçim də kifayət qədər böyükdür. Azərbaycanda əhalinin sayına, tərkibinə görə ola bilsin ki, aktyorların sayı Rusiya bazarındakından qat-qat azdır. Təbii ki, keyfiyyətli aktyorlardan söhbət gedir. O mənada əlbəttə ki, bizim problemlərimiz çoxdur. Amma bu o demək deyil ki, iş getmir. Əgər tələbat varsa, mütləq ona cavab olmalıdır. Mən güman edirəm ki, lap yaxın gələcəkdə olmasa da, görünən bir zaman məsafəsində nəsə olacaq. Dövlətmi qarışacaq və ya imkanlı şəxslərə imkan veriləcək bu bizneslə ciddi məşğul olsunlar, ölkədən kənara çıxsınlar, burda çəkilən filmləri başqa meydanlarda sata bilsinlər? Amma bu sahədə irəliləyiş hələ irəlidədir.


- Bəs tələbat varmı?


- Əlbəttə, tamaşaçı tələb edir, çox istəyir. Tamaşaçı nəyə baxır? Meksika seriallarına, dili yaxın olduğu üçün daha çox da türk seriallarına. Türkiyə artıq bu meydanı alıb. Bəs biz onda niyə Türkiyə teleməkanına daxil olmayaq? Gəlin Türkiyədən prodüserləri, rejissorları dəvət edib, müştərək iş görək. İş belə qurulur da.


- Bir şey də var ki, Azərbaycanda bu filmə baxacaqlar? Etiraf edək ki, yerli kanallar bir o qədər də çox izlənmir axı.


- Mən yenə deyirəm, burda hər şey maddi marağa bağlanır. Reklam olmasa, bu mümkün deyil. Ona görə də gərək elə teleseriallar çəkilsin ki, xaricə də çıxıb pul gətirsin.


- Sizcə, filmin uğurlu alınması üçün mütləq maliyyə vəsaiti güclü olmalıdır?


- Bəli. O vaxtlar keçdi artıq - bir nəfər kameranı götürsün, iki aktyoru da dəvət etsin. Yəni, Çarli Çaplin dövründə çəkilən filmlərin vaxtı keçib. Yeri gəlmişkən, o filmlər necə mükəmməl çəkilib. O vaxtın tələblərinə görə rejissor, operator işi, aktyor oyunu, ssenari var. İndi professionallıq qalxmalıdır.


- Bizdə bu, çox aşağıdır ki?


- Mən deyə bilmərəm ki, bizdə professionallar yoxdur. Amma onların sayı çox azdır. Professionallar var, amma azdır.


- Bəs bunun səbəbi nə ilə bağlıdır?


- Quruluş, dövlət, ictimai-siyasi yönüm, bazar, meyarlar, çox şey dəyişdi. Bunların da hamısı öz təsirini göstərir.


- Bu gün Azərbaycan rejissurasının ən böyük problemi nədir? Atalar və oğullar problemi burda da özünü göstərir yəqin.


- Atalar və oğullar problemi bütün dövrlərə və bütün peşələrə aiddir. Heç şübhəsiz ki, bu problem də var. Ataların oğullarla sözü bir araya qoyub boğazdan keçirmək problemi indi də var. Şəxsən mənim üçün o problem hər zaman aktual olub və mən o problemi həll edənlərdən biri olmuşam. Azərbaycanda hələ prodüser hərəkatı yaranmazdan əvvəl biz “Sabah” Yaradıcılıq Birliyində dövlət zəminində o hərəkatı artıq yaratmışdıq.


- Xaricdə hər hansı bir film çəkiləndə, ekrana çıxanda aktyorlarla bərabər rejissorun da kimliyi önə çəkilir, eyni əhəmiyyət daşıyırlar. Amma bizdə əsas aktyorlar olur. Filan aktyorlar çəkilib deyirlər, filan rejissor çəkib yox. Sizcə, bu, bizdə rejissor məktəbinin zəifliyindən irəli gəlir?


- Mən özümə qarşı onu heç vaxt hiss etməmişəm. Həmişə deyiblər ki, Ramiz Həsənoğlunun quruluşunda filan aktyorlar çəkilib. Amma əgər bu, başqa rejissorlara aiddirsə, onda mən onların halına yanıram. Onların aktyorların arxasında gizlənmək meylindən xəbər verir. Mən belə deyərdim. Şübhəsiz tamaşaçının görmək istədiyi, sevdiyi aktyorlar var. Və biz rejissorlar da təbi ki, tamaşaçının marağı, istəyi ilə hesablaşmalıyıq. Mənim özümün təcrübəmdə elə bir hal olub ki, filmə bir aktrisa çəkmişəm, onun rolunu tamaşaçıların yarısı qəbul edib, yarısı yox. Amma indiyədək əminəm ki, mənim seçimim düzgün idi. Söhbət Dilarə Əliyevadan gedir. Mənim seçimim düz idi və mən o aktrisanın işindən tam razıyam.


- Tək aktrisadan əlavə, “Cavid ömrü” filminin özü də birmənalı qarşılanmadı. Bəyənənlər də oldu, tənqid edənlər də. Buna necə reaksiya verdiniz?


- Normal haldır. Bu, olan şeydir və normal baxmaq lazımdır. Sadəcə qərəzli tənqid var və qərəzsiz. Obyektiv tənqidə ehtiyac var. Obyektiv tənqid sənəti irəli aparan amillərdən biridir. Amma tənqidçi olan şəxs obyektiv, bununla da bərabər professional olmalıdır. Söz deməyə haqqı çatmalıdır. Yerindən duran hər şəxs ssenarist, rejissor, operator haqqında ağzına gələni danışmamalıdır. Azğınlıq mənəvi ölçülərin dəyişməsindən, pozulmasından xəbər verir.


- Dediyiniz mənəviyyata televiziyanın olduqca böyük təsiri var. Amma bu gün televiziyalar əyləncəyə, şouya çox meyllidir...


- Televiziyalar deyəndə vahid teleməkan nəzərdə tutulur. Vahid teleməkanda bir ana televiziya var - AzTV. Ordan hər şey başlandı. Bütün kanallardakı mütəxəssislər ya ordan gedənlərdi, ya da ordan öyrənənlər. Mənə elə gəlir ki, Azərbaycan televiziyası dövlət televiziyası olduğuna görə istər-istəməz siz dediyiniz məqamlara diqqətlə yanaşmalıdır və yanaşır da. Şou dalğası əksər kanallarda baş alıbsa, Azərbaycan televiziyası haqqında onu demək olmaz. Çünki Azərbaycan televiziyasının dövlət tərəfindən maliyyələşən bir istiqaməti var. Söhbəti başqa cür də qoymaq olar. Ümumiyyətlə, AzTV də daxil olmaqla bütün teleməkanda peşəkar kadrlara hər zaman ehtiyac var. O professionallar bütün kanallarda var, amma azdır. Onların az olması telekanallarda zəif proqramların güclüləri üstələməsinə səbəb olur. Yeri gəlmişkən onu da deyim ki, artıq bu istiqamətdə çox ciddi işlər düşünülür. Mən bildiyimə görə, Azərbaycan televiziyasının bazasında teleakademiyanın fəaliyyət göstərməsi haqında konkret söhbətlər gedir. Həm yerli, həm də xaricdən dəvət olunmuş mütəxəssislər ssenari, rejissor, operator, prodüser ixtisasları üzrə iş aparmalıdırlar. Bu çox ciddi və təqdirəlayiq təşəbbüsdür.


- Niyə televiziya tamaşaları AzTV-dən başqa heç bir kanalda istehsal olunmur?


- Televiziya tamaşası çəkmək çox bahalı işdir axı. Yaxşı vəsait, texnika tələb edir. Televiziya tamaşaları demək olar ki, ancaq Azərbaycan televiziyasının prereqativasıdır. Orda fəaliyyət göstərən “Sabah” Yaradıcılıq Birliyinin əsas istiqaməti televiziya tamaşaları çəkməkdir. Sifarişlər həmişə var, sadəcə onların həyata keçirilməsi üçün münbit şərait yaranıb. Bildiyiniz kimi, AzTV-də həm texnika, həm də kadr sahəsində böyük yenidənqurma işləri gedib. Orda texniki inqilab artıq baş verib. Texniki baxımdan dünya standartlarına cavab verir. Çox çalışmaq lazımdır ki, digər parametrlərimiz də ona uyğun olsun.


- Digər kanallarda televiziya tamaşalarının çəkilməməsi təkcə maliyyə problemi ilə əlaqədardır? Bəs kadr potensialı necə, bunu bacara bilən kadrlar var?


- Mənə elə gəlir ki var. Var, sadəcə… Teletamaşaya axı pul qoyulur və o pul özünü doğrultmalıdır. Özəl kanallarda qazanılan pul hökmən gərək özünü doğrultsun. Nəyinsə reklamını etməlidir. Sponsorlar teletamaşaya yox, əyləncəli proqramlara pul verirlər. Çünki onlar tamaşaçı kütləsini daha çox cəlb edir. Mənə elə gəlir ki, bu axının qabağını almaq üçün cəhdlər olmalıdır və var. Yaxın gələcəkdə Azərbaycan televiziyasında mədəniyyət kanalının açılmaq ehtimalı var. Bu, xalq üçün böyük hədiyyə olardı. Çünki AzTV-nin fondlarında zəngin sərvət var. O sərvəti heç də həmişə hərəkətə gətirə bilmirik. Çünki illərlə çəkilən tamaşaları, proqramları hər zaman göstərmək imkanı olmur. O mənada mədəniyyət kanalının açılması bu problemin köklü surətdə həllinə imkan verir.


- Hazırda hansı yeni televiziya tamaşası üzərində çalışırsınız?


- Mirzə Fətəli Axundovun “Mürafiə vəkilləri” üzərində çalışıram. Bu sahədə ciddi işlər gedir. Yeri gəlmişkən deyim ki, 2012-ci ildə Axundovun 200 illik yubileyidir. Biz artıq “Sabah” Yaradıcılıq Birliyində indidən bu yubileyə hazırlaşırıq. Fikrimiz var ki, Axundovun 6 dram əsərinin hamısını ekrana gətirək. Bəzi rejissorlara təkliflərimiz də var. Ümid edirəm ki, bu işi gerçəkləşdirmək üçün bütün komponentlər üst-üstə düşəcək.


- Yeri gəlmişkən bir neçə il öncə “Azdrama”da “Brüsseldən məktublar” tamaşasında da Axundovun obrazını yaratmışdınız. Yenidən…


- Bu, tükənməz mövzudur. Axundov Azərbaycan mədəniyyətinin sütunlarından, yeni Azərbaycan düşüncəsini yaradıcılarından biridir.


- Siz daha çox Axundov, Cavid, Mirzə Cəlil, müasirlərdən isə Anarın əsərlərinə müraciət edirsiniz. Başqa müasirlərdən səhnələşdirə biləcəyiniz dram əsərləri tapa bilmirsinizmi?


- Mən bir az fərqli düşünürəm. Hesab edirəm ki, dram əsərlərinin qıtlığı gerçəkliyin təzahürlərindən ibarətdir. Bu o demək deyil ki, istedadlı yazıçılarımız yoxdur. İstedadlı nasirlərimiz, yazıçılarımız, dramaturqlarımız var. Onlar teatrlar, adi oxucular üçün əsərlər yazırlar, şübhəsiz onların arasında diqqəti cəlb edənlər də var. O ki qaldı şəxsən mənə, hər rejissorun müəyyən sənət məqsədi olmalıdır. Mənim sənətdə məqsədim adlarını çəkdiyiniz dramaturqlardır. Mənim həyat, sənət haqqında düşündüklərim o şəxslərin yaradıcılığında daha çox özünü aça bilir.


- “Evləri köndələn yar”ın ikinci hissəsi olan “Evləri göydələn yar” teletamaşasını çəkdiniz. Amma birinci hissədə çəkilən aktyorlardan məsələn, Afaq Bəşirqızını, Fəxrəddin Manafovu ikinci hissədə görmədik. Onlara təklif olunmuşdumu?


- Bəli, olunmuşdu.


- Niyə qəbul etməmişdilər?

- Maraqlandırmamışdı onları. Bu, məhəbbət kimi bir şeydir. Fəxrəddin Manafov mənə dedi, “istərdim elə o gəncliyimdə qalım”. Biz o rola Ayşad Məmmədovu dəvət etdik. Çox sevindim ki, onun kimi bir aktyorla çalışdım. Gələcəkdə də onunla işləmək istərdim, çox istedadlı, gözəl aktyordur. Təkcə onun adını çəkməklə başqa aktyorların ruhuna, könlünə dəymək istəmirəm. Azərbaycan aktyor məktəbinin görkəmli, gözəgəlimli, istedadlı nümayəndələri olub. Sadəcə məni indi narahat edən məsələ aktyor sənətinin sonrakı inkişafıdır. İndiyəcən kim olubsa onlar var. Bəs kimlər gəlir aktyorluğa? Hansı maraqla gəlirlər, nə istəyirlər? Bax, bu çox narahatedicidir. Aldığım cavablar məni heç qane etmir. İnstitutda oxuyan tələbələrə baxıram, heç şübhəsiz ki, onların da arasında istedadlılar var. Amma hansı meyarlarla ora gəliblər? Mən onların özlərini günahlandırmıram. Elə bir vəziyyət yaranıb ki, onlar istər-istəməz idealda özlərini məsələn, Hamlet rolunun ifaçısı kimi yox, hansısa möhtəşəm şou-proqramın aparıcısı kimi görürlər. Mənim üçün bu çox ağrılıdır.


- Bu da televiziyada şou-proqramların baş alıb getməsindən doğan məsələlərdir.


- Bəli, elədir. Rusiya aktyor məktəbində bu meyllər olsa da, bu cür hipertrofik şəkildə inkişaf etməyib. Orda da tez bir zamanda şöhrətlənmək, üzə çıxmaq istəyi var. Amma aktyorluq ağır sənətdir və sənətin görünən üzüdür, tacıdır. Ekranda biz rejissoru, ssenari müəllifini, operatoru, rəssamı görmürük. Yalnız aktyoru görürük. Aktyor hər şeyin daşıyıcısıdır. Məni üzən odur ki, təhsil almağa gələn o tələbələrin məqsədləri qısa zamanda şöhrətlənməkdir. Bu, həm də ətrafla da bağlıdır. Baxarsan, ibrət dərsi götürərsən də. Onlar baxıb nəyi görürlər - tanınmış aktyorlar, müğənnilər necə dəridən qabıqdan çıxırlar ki, “Yağ kimi”nin bugünkü görüşü onların evində olsun. O verilişin öz istiqaməti var. Mən verilişi tənqid etmək istəmirəm. Amma o proqramın içində özlərini ortaya qoyub tamaşaçının gözü qarşısında az qala saç yoldusuna çıxırlar. Bu adamı ağrıdır.


- Sizcə, bunun qarşısını necə almaq olar?


- Bu, bir xəstəlikdir. Onun bir vaxtı var da, gərək keçib getsin. Bunun qarşısını heç cür almaq olmaz. Yəni, hökumətin qərarı ilə, hansısa qanunla. Bunun qarşısını ancaq zaman alacaq. Sənət, meyarlar inkişaf edib böyüdükcə, böyük sənətə maraq artdıqca belə hallar arxada qalacaq.


- Sizcə, “Evləri göydələn yar” birinci hissəsi kimi məşhur ola bilər?


- Olmadı. Bu, normal haldı. Bir şeyi planlaşdırırsan, başqa şey olur. Bunu həm də zaman göstərəcək.


- Sizcə, niyə indiki tamaşalar əvvəlkilər kimi məşhurluq qazanmır?


- Mən sizə bir bucaqdan cavab verim. Götürək elə “Evləri köndələn yar”ı. Görün orda kimlər çəkilib. Əksəriyyəti yaradıcılığının zirvə nöqtəsində idi - Yaşar Nuri, Səyavuş Aslan, Kübra Əliyeva. Həyatdır da, insan yaşa dolur. O vaxtın süjetləri indi maraqlı deyil. Bu vaxtın süjetlərinə onlar artıq sığmırlar. Zaman dəyişib. Ona görə tamaşaçılar bəzən başqa işləri daha üstün sayırlar.


- Bəs siz öz işlərinizdən hansına daha üstünlük verirsiniz?


- Elə işlər oldu ki, onlar üzərində çalışanda daha mükəmməl iş görmək imkanı oldu. O sıraya mən “Günahsız Abdulla”nı, “Fatehlərin divanı”nı aid edirəm. Elə işlər də olub ki, onları hazırlayanda bu qədər səs-küy salacağını düşünmürdüm – “Ordan-burdan, “Ac həriflər”. O vaxt zaman ayrıydı. Maraq daha çox idi. İndi maraq yoxdur. İndiki məqamda, bu durumda yeni konsepsiya yaranmalıdır. Bunun da arxasında mənə elə gəlir serial durur. Dünya televiziyalarında baş verənlər Azərbaycan televiziyalarında da aktiv şəkildə özünü göstərməlidir. Ayrı-ayrı kanallarda seriallar çəkilir, göstərilir, təqdir edirəm bu işləri. Amma istərdim bütün komponentləri – ssenari, rejissor, aktyor oyunu cəhətdən daha yüksək olsun. O zaman yaxşı yatırımlar qoyula bilər, aktyorların da yaxşı pul qazanmaq imkanı olar ki, 5-6 işin dalınca qaçmasınlar, oturub bir işlə məşğul olsunlar. Bunlar hamısı şərtdir.


- Maraqlıdır, bu gün Ramiz Həsənoğlunun qatarı hara irəliləyir?


- Ramiz Həsənoğlunun qatarı o qədər yüklə doludur ki. Təkcə sənət yükü deyil, həyat yüküdür. Qayğılar, problemlər imkan vermir o qatar sürətlə siz dediyiniz istiqamətdə getsin. Obyektiv, subyektiv məqamlar çoxdur indiki zamanda. Cavan olanda o qatarın lokomotivi heç nəyə baxmadan gedirdi. İndi yaşa dolduqca o lokomotiv hansı yükü necə daşımaq lazım olduğu haqqında düşünür. Dəyərmi o yükü daşımağa, dəyməzmi? Amma bu qatar insanın bioqrafiyasını da dartıb aparır özü ilə. O qatar yollarda itib batacaqmı, yoxsa nəsə qalacaqmı, onu artıq zaman göstərəcək.


- Olubmu əyilən başlar qarşısında baş əymisiniz, danışmalı olduğunuz yerində susmaq məcburiyyətində qalmısınız?


- Bu yaxınlarda bir yazıçının əsərini oxudum. Orda belə bir ifadəyə rast gəldim. Rus dilində idi – dumayu konfliktno, jivu kompromisno. Yəni həyatda, ətrafda baş verənlərin hamısı adamın ürəyincə deyil. İnsan həyata gələndə ömrünün müxtəlif yaşlarında istər-istəməz konfliktlərlə, kompromislərlə qarşılaşır. Bu kompromislərə getməlidir. Sadəcə müdrik insanlar çalışırlar ki, o kompromislərin içində ən kiçiyini seçsinlər ki, daha böyüyünə getməsinlər. Mən çalışıram o müdrik insanların yolu ilə gedim. Bəzən alınır, bəzən alınmır.


- “Nigarançılıq”a quruluş verən Ramiz Həsənoğlu özü bu gün nədən nigarandır?


- Yaxşı sualdır. Bu günlərdə Vaqif Səmədoğlu bir verilişdə qonaq idi. Mən də təxminən o cür düşünürəm ki, əsas nigarançılığım yaxınlarımla bağlıdır.

- Bəs sənətdə necə?


- Xoşbəxtlikdən sənətdə sözümü deyə bilmiş adamam. Mənə çoxu deyir ki, sakit olum, bu qədər iş görmüşəm, sözümü demişəm. Mən onlara cavab verirəm ki, sən sənətdə sözünü deyəndə aktualsan. Keçmişdə görülən işlər keçmişdə qaldı. Amma buna baxmayaraq mən nigaran deyiləm. Təvazökarlıqdan uzaq çıxmasın, özümü bu sənətdə professional hesab edirəm. Azərbaycanda professional adamlara həmişə ehtiyac var. Mən də o ehtiyacı özümə qarşı hiss edirəm. İş görmək qabiliyyətim nə dərəcədə tələblərə cavab verir, onu deməyə bilmərəm. Qabaqlar iş görmək çox asan idi. Qarşına çıxanı edirdin. İndi çox çətinləşib. Fikirləşirsən ki, bunu etsəm, indiyədək gördüyüm işlərin səviyyəsinə qaldıracam, ya yox? Bəzən addımlar atırsan, görürsən ki, qaldıra bilmirsən. Bu adamı bir az duruxdurur. Mənim nigarançılığım sənətlə bağlı ondan ibarətdir ki, hər şeydən əvvəl özünə qarşı daha tələbkar olmaq lazımdır. Əgər özünə qarşı tələbkarsansa, deməli başqalarına qarşı da tələbkar ola bilərsən.


Xəyalə MURADLI
# 1433

Oxşar yazılar