Novruz ənənələrinə əməl edirikmi? – SORĞU
17 mart 2010 16:30 (UTC +04:00)

Novruz ənənələrinə əməl edirikmi? – SORĞU

Bir neçə gün sonra Azərbaycan milli bayramı olan Novruzu qeyd edəcək. Maraqlıdır, görəsən bu bayram ayrı-ayrı evlərdə necə keçirilir? Novruz adət-ənənələrindən hansıları indiyədək qorunub saxlanılıb? Lent.az bununla bağlı sorğu həyata keçirib.

Professor Rafiq Əliyev hələ uşaq vaxtlarından Novruz bayramını adət-ənənələrə uyğun qeyd etdiklərini dedi. Amma onun fikrincə, indiki bayramlarla əvvəlkilər arasında böyük fərq var: “Əxlaqım Şərq əxlaqı olsa da, düşüncəm Qərbyönlüdür. Qərb baxımından çalışıram o dürüstlük meyarını gözləyim. Ona görə də dürüst cavab verəcəm. Mənim uşaqlığımla indiki vaxtı götürsək, o vaxtkı bayramlarla indikilər arasında dünya qədər fərq var. Mənim sovet dövrünə qəti nostaljim yoxdur. O baxımdan demirəm. Sadəcə, o vaxt torpağımız özümüzdə idi. İndi Qarabağ yoxdur, doğulduğum torpağa gedə bilmirəm. Ona görə də bayram əhval-ruhiyyəsi o dərəcədə deyil. Ancaq əlbəttə ki, Novruz atributlarını, ənənələrini həmişə ailədə saxlamağa çalışmışıq. Çərşənbələri keçiririk, səməni, xonça, şirniyyatlar öz yerində. Amma yenə də sönük şəkildədir. Bu, əhval-ruhiyyədən, ümumi ovqatdan asılıdır. Ümumi vəziyyətə, atmosferə, mühitə baxanda şəxsən mənim elə də bayram əhval-ruhiyyəm yoxdu. Şıxəli Qurbanovun vaxtında olan bayramlar da yadımdadır. Bilavasitə bayramlarla bağlı 1988-89-cu illərdə yarmarkalar, tədbirlər təşkil edirdik. Amma təbii ki, o ovqat indi yoxdur, hiss olunmur. Düşünürəm ki, əvvəllər bayramlar daha yaxşı qeyd olunurdu”.

Xalq artisti İlhamə Quliyeva deyir ki, ilk çərşənbədən etibarən artıq Novruz bayramı başlanmış sayılır. Müğənni də buna uyğun olaraq bütün çərşənbələri qeyd edir: “Hər çərşənbədə mütləq plov bişirilir, şam yandırılır, səməni qoyulur. Bayram şirniyyatları hazırlanır. Düzdür, anamın vəfatı ilə əlaqədar artıq 2 ildir bayram əhval-ruhiyyəsində olmuram. Bayramı demək olar ki, qeyd etmirəm. Amma ənənəni pozmamaq məqsədilə Novruz atributlarını həyata keçirməyə çalışıram. Bir fikirlə də razıyam ki, indi bayramlar əvvəlki kimi keçirilmir. Mən uşaq olanda ayrı cür qeyd olunurdu. Sonra bu bayram yasaq olundu. İndi sevindiricidir ki, dövlət səviyyəsində yüksək şəkildə qeyd edilir. Mən bir dəfə Novruz bayramını Tehranda keçirdim. Orda bu bayram məxsusi təmtəraqla qeyd olunur. Bir ay məktəblər, müəssisələr bağlı olur, camaat bayram istirahətinə çıxır. Amma bizdə axır vaxtlar bayram əhval-ruhiyyəsi çox da duyulmur. Düşünürəm bu, insanların müasir həyatla yaşamasından, bu bayrama dırnaqarası baxmasından irəli gəlir. Amma unutmaq lazım deyil ki, Novruz bizim milli bayramımızdır. Novruz yeni ilin gəlişindən xəbər verir. Bütün küsülülər barışır. Ona görə də Novruz bayramı xüsusi diqqət və təmtəraqla qeyd olunmalıdır”.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə keçirilməsi çətinlik törətməyən adət-ənənələrin ailəsində qorunub saxlandığını söylədi: “Bizdə həmişə xonça bəzənir, səməni yetişdirilir, həyətdə tonqal qalanır. Uşaqlar da papaq atır. Bunlar xırda adətlərdir. Amma tarixən bu bayramla bağlı böyük ənənələr olub. Təəssüf ki, indi onları həyata keçirmək mümkün deyil. Ümumiyyətlə, indi bayramlar əvvəlki kimi keçirilmir. Bu da insanların əhval-ruhiyyəsindən asılıdır. İndi isə insanlarda o əhval-ruhiyyə qalmayıb”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının sözlərinə görə, şəhər yerində Novruz bayramını kənd qaydalarına uyğun şəkildə qeyd etmək mümkünsüzdür: “Amma çalışırıq ailə daxilində müəyyən adətləri qoruyub saxlayaq. Məsələn, biz səmənini həmişə özümüz yetişdiririk, kənardan almırıq. Bayram şirniyyatlarını da eləcə, xanımlar bir yerə yığışıb, köməkli bişirir. Dünən axır çərşənbədə isə xonça bəzənmişdi. O sinini mənə 100 yaşlı nənəm hədiyyə edib. Ona isə babası verib. Amma papaq atma mərasimi bir az məhdud şəkildə həyata keçirilir”.

Akif Aşırlı “İndi bayramlar əvvəlki kimi qeyd olunmur” fikri ilə razılaşmır. Onun sözlərinə görə, bu, hər ailənin özündən asılıdır: “Lakin ümumilikdə götürdükdə Novruz bayramı ölkədə yüksək səviyyədə qeyd olunur. Müxtəlif verilişlər hazırlanır, konsertlər keçirilir. Əlbəttə, hər ailə öz daxilində çalışıb o adət-ənənələri qoruyub saxlamalı, övladlarına, gələcək nəsillərə çatdırmalıdır”.

Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov Ağdamda keçirdiyi uşaqlıq illərinə qayıtdı: “O vaxtlar Novruz dövlət səviyyəsində qeyd olunmurdu. Amma bütün evlərdə bu bayram təmtəraqla keçirilirdi. Hələ bir ay əvvəldən hazırlıq işləri görülürdü. Evlərdə, həyət-bacada yır-yığış edilirdi. Bayram şirniyyatları bişirilirdi. Hamı bir-birinə qonaq gedirdi. Çərşənbələrdə, bayram günlərində isə xüsusilə maraqlı olurdu. Yumurta döyüşdürürdük, papaq atırdıq, uşaqlardan bir neçəsi Kosa paltarı geyinib evləri gəzirdi. Hava qaralanda çubuğun üzərinə parça bağlayıb fişəng düzəldirdik. Parçanı neftə batırır, sonra da od vurub yandırırdıq. Düzdür, indi o adətlərdən çoxu artıq həyata keçirilmir. Amma sevindirici odur ki, bu bayram artıq dövlət səviyyəsində qeyd olunur. Bizim ailədə ən çox yolunu gözlədiyimiz bayram Novruz bayramıdır. Ailəcə bu bayramı çox sevirik və xüsusi şəkildə qeyd edirik. Çünki Azərbaycanın əsl milli bayramı Novruz bayramıdır”.

Əslən Gədəbəydən olan Validə xala əvvəllər olduğu kimi, indi də Novruz bayramını təmtəraqla qeyd etdiklərini deyir: “Bütün çərşənbələri qeyd edirik, xüsusi bayram süfrəsi açırıq. Hər dəfə bir qonşunun evinə yığışıb şənlənirik. Gənclər çalıb-oxuyur, oynayır. Papaq atırlar, yumurta döyüşdürürlər, kosa-kosa oynayırlar. Amma yenə də əvvəlki ovqat yoxdu camaatda. Əvvəllər hər dəfə birinin evinə yığışıb bayram şirniyyatları hazırlayardılar. Daha böyük adət-ənənələr, oyunlar vardı. Onları çoxu artıq unudulub gedir”.

Xəyalə
# 908

Oxşar yazılar