İçəri Şəhərdə “İncəsənət Bağı” fəaliyyətə başlayır
16 mart 2010 14:15 (UTC +04:00)

İçəri Şəhərdə “İncəsənət Bağı” fəaliyyətə başlayır

İçəri Şəhərin turizm infrastrukturunun zənginləşdirilməsi və xalq sənətkarlığının dəstəklənməsi məqsədilə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yeni bir layihəni tamamlayaraq geniş ictimaiyyətə təqdim etməyə hazırlaşır.

İdarənin bu sahədə ixtisaslaşdırılmış şirkətlə birlikdə həyata keçirdiyi orijinal layihə İçəri Şəhər ərazisindəki “Kiçik Karvansaray” abidəsində Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzinin – “İncəsənət Bağı”nın yaradılmasını nəzərdə tutur. İdarədən Lent.az-a verilən məlumata görə, ideyanın orijinallığı “İncəsənət Bağı”na gələcək hər bir qonağa milli sənət nümunələrinin hazırlanması prosesində bilavasitə iştirak etmək və özünü bir anlıq usta kimi hiss etmək imkanının verilməsindən ibarətdir.

Mərkəzdə yerli incəsənət ustalarının fəaliyyəti təşkil olunacaq, xalçaçılıq, ağac oyma, keramika, zərgərlik, milli geyimlər, dekorativ yaşıllaşdırma və digər tətbiqi sənət işləri nümayiş etdiriləcək. Eyni zamanda burada gənc rəssamların yaradıcılığının təbliği məqsədilə rəsm sərgilərinin təşkil edilməsi də nəzərdə tutulur.

Bütün bunlarla yanaşı, “İncəsənət Bağı”nın qonaqları burada milli və Avropa mətbəxinin təamlarından dada biləcəklər.

“İncəsənət bağı” Novruz bayramından fəaliyyətə başlayacaq.

Qeyd edək ki, “Kiçik Karvansaray” və ya “Xan Karvansarayı” adlanan bina XV əsrin sonu XVI əsrin əvvəlində tikilib, bütün perimetr boyu eyvanla əhatə olunub. Eyvanın arxasında isə şəxsi istifadə üçün nəzərdə tutulmuş yaşayış otaqları yerləşir. Ehtimal olunur ki, bu tikili karvansaray kimi fəaliyyət göstərməmişdən öncə Came məscidinin mədrəsəsi və onun həyətində fəaliyyət göstərən hücrələrdən ibarət olub.

Uzun illər baxımsızlıqdan qəza vəziyyətinə düşən karvansarayda İçəri Şəhərin Konservasiyası üzrə Master Plan çərçivəsində əsaslı şəkildə bərpa-konservasiya işləri aparılıb, karvansaray öz əvvəlki möhtəşəm şəklinə qaytarılıb.
Xəyalə
# 716

Oxşar yazılar