Cənnət Səlimova: “Teatra tamaşaçı gəlmirsə...”
10 mart 2010 12:30 (UTC +04:00)

Cənnət Səlimova: “Teatra tamaşaçı gəlmirsə...”

Lent.az-ın müsahibi Azərbaycanın tanınmış və öz dəst-xətti ilə fərqlənən rejissorlarından olan "Şöhrət" ordenli Cənnət Səlimovadır. O, 1967-ci ildən Rus Dram Teatrında rejissor kimi çalışıb. 1982-ci ildən 1991-ci ilədək həmin teatrda baş rejissor vəzifəsində işləyib.

1991-ci ildə isə özünün Bakı Kamera Teatrını yaradıb. Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin professorudur. Ötən ilin mayından isə Bakı Kamera Teatrı və Gənclər Teatrı Gənc Tamaşaçılar Teatrına birləşdirildikdən sonra bu teatrda baş rejissor vəzifəsini icra edir. Onunla söhbətə də elə bu mövzu ilə başladıq.

- Artıq 1 ilə yaxındır ki, Gənclər Teatr və Bakı Kamera Teatrı Gənc Tamaşaçılar Teatrına birləşdirilib. Bu müddət ərzində teatrda hansı dəyişikliklərə nail ola bilmisiniz?

- Hər şey dəyişib. Əvvəla 3 teatr bir, yeganə teatra çevrilib. Bunun özü elə dəyişiklikdir. Yeni repertuar var. Özü də prinsipial şəkildə yeni. Biz mövsümün açılışını 5 klassik əsərlə açdıq - Mirzə Fətəli Axundovun “Hekayəti – Xırs – Quldurbasan”, Hüseyn Cavidin “Şeyx Sənan”, Cəfər Cabbarlının “Aydın”, Cəlil Məmmədquluzadənin “Məkkəyə gedən yol”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsərləri ilə. Deyə bilərsiniz ki, bu repertuar artıq var idi. Düzdür, elədir. Amma bu yeni tərtibatda, yeni ifaçılarla hazırlandı. Bizim prioritetimiz ilk növbədə sərvətimiz olan klassiklərimizə müraciət etməkdir. Azərbaycanda elə bir teatr yoxdur ki, bir ayda 5 dəfə klassik tamaşa göstərsin. Amma bizim teatr bunu edir.

- Gənc Tamaşaçılar Teatrına birləşdirilən teatrların hər birinin öz dəsti-xətti, yolu, estetikası olub. Onlar birləşəndən sonra istər-istəməz ayrı seçkiliyə yol verildi. Məsələn, elə Gənclər Teatrının tamaşaları repertuara salınmadı.

- Bu, iş prosesidir. Belə bir nümunə çəkim. Məsələn, çuğundurun, soğanın, kələmin hərəsinin ayrı-ayrı dadı var. Amma mən onları bir yerə qarışdırıb elə bir yemək bişirəcəyəm ki, çox dadlı olacaq. Bəli mən razıyam ki, hər teatrın öz prinsipi, sevimli əsərləri, dünyabaxışı var. Amma əgər biz birlikdə işləyiriksə, tədricən vahid bir teatrın kollektivinə çevriləcəyik. Məhz işlə.

- Siz yeni gələndə Gənc Tamaşaçılar Teatrının da repertuarındakı əksər tamaşaları kənara qoydunuz. Nə idi sizi qane etməyən?

- Mən deyə bilmərəm ki, bu repertuar məni qane etmir, onu da deyə bilmərəm ki, çox xoşuma gəlir. Mən geri yox, ancaq irəli baxıram. Çalışıram teatra yeni anlam, yeni baxış, yeni repertuar və yeni istiqamət gətirəm. Mənim üçün budur önəmli. Məsələn, “Nənəmin kələyi” çox yaxşı tamaşadır. Amma o bizim istiqamətə daxil deyil. Hüseyn Cavid hara, “Nənənin kələyi” hara.

- Belə çıxır ki, istiqamətiniz ancaq klassiklər olacaq, müasir dramaturqlara müraciət etməyəcəksiniz?

- Yox, niyə etmirik? Müasir dramaturqlardan da tamaşa mütləq olmalıdır, lazımdır. Amma yüksək səviyyədə.

- Onda deməli müasir dramaturgiyadan razı deyilsiniz?

- Yox, razıyam. Elə Kamal Abdulla çox gözəl dramaturqdur. Ondan başqa da nə qədər ad çəkmək olar. Biz onlara da müraciət edəcəyik. Onlar repertuarda var. Mütləq səhnələşdirəcəyik. Amma siz dediyiniz keçmiş repertuar o istiqamətə daxil deyil.

- 3 teatr kollektivi, truppa birləşəndən sonra teatrın adının dəyişdirilməsi barədə fikriniz olmayıb?

- Əslində əvvəlcə belə bir ideya vardı. Teatrın adının dəyişdirilməsini istəyirdim. Ancaq sonra dedim axı niyə? Gənc Tamaşaçılar Teatrı sırf yeniyetmələrin, uşaqların teatrı demək deyil. Elə insanlar var ki, gənclə uşağı səhv salırlar. Gənc cavan deməkdir. Kim özünə qoca deyir? Mənim 70 yaşım var. Amma özümü qoca hesab etmirəm. Elə bir tamaşaçı yoxdur ki, qoca tamaşaçılar üçün nəzərdə tutulan teatr axtarışında olsun. Ruhən gənc, cavan olmaq lazımdır. Gənclər üçünsə Hüseyn Cavid, Cəfər Cabbarlı, Şekspir, Çexov və başqa klassiklərin də əsərlərini qoymaq olar. Ona görə də sonradan bu fikrimdən daşındım ki, teatrın adını dəyişmək lazım deyil.

- Ümumiyyətlə, neyləmək olar ki, bütün teatrlar Axundov, Haqverdiyev, Cavid, Cabbarlı kimi klassikləri gündəmə gətirsin?

- Mən sizə belə cavab verim. Mən bu klassikləri dahi olduqlarına, adlarına görə seçməmişəm. Gənc nəslə belə bir sərvətimiz olduğunu xatırlatmaq üçün də yox. Ona görə seçdim ki, bu klassiklər bizim nəslə böyük, lazımi, insani, humanist ideyalar təlqin edib öyrədirlər. Yəni, mən “Şeyx Sənan”ı Hüseyn Cavidin adına görə səhnələşdirməmişəm. Hüseyn Cavidin əsərini ona görə götürdüm ki, qoy insanlar dini ayrı-seçkiliyə yol verməsinlər. “Müsəlmanlar pisdir, vəhşidir, provaslavlarsa yaxşıdır, bizim din sizinkindən yaxşıdır”, - deməsinlər. Hələ o vaxt Hüseyn Cavidi bunu günah hesab edib. Onun fikrincə, əgər sevgi varsa, din ona mane olmamalı, əksinə, onları birləşdirməlidir. Görün necə böyük bir fikirdir. Mən məhz bu böyük ideyaya görə bu əsəri seçdim. Bəs “Aydın”ı niyə seçdim? İndi dəhşətli bir əsrdə yaşayırıq. Hər şeyi pulla ölçürlər. Amma indiki zamanda pul hər şeyi həll edir. Mənim qəhrəmanım isə deyir – “bir adam o birindən nə ilə fərqlənir? Təhsiliyləmi, diniləmi, milliyətiyləmi? Xeyr, bankdakı hesabı ilə. Sənin 1000 manatın, mənim 1 manatım var. Deməli, sən yaxşı adamsan, mən pis”. Məgər bu doğrudur? Cəfər Cabbarlı hələ o vaxt bu haqda yazıb belə şeyləri tənqid edirdi. Yaxud “Məkkəyə gedən yol”. Bu əsəri də Mirzə Cəlilin adına görə tamaşaya qoymamışam. Halbuki biz hamımız onu sevirik. İndi bir dəb yaranıb – hamı dindar olur, həccə gedir. Mirzə Cəlil isə belə nümunəvi söz söyləyir – “Allaha inam gündə 5 dəfə namaz qılıb, yalvarmaqda deyil. Heç nəyə baxmayaraq, çox, az verməsindən asılı olmayaraq Allahı ürəkdən sevmək lazımdır”. Ona görə də məni dahilərin əsərlərini imzalarına görə yox, belə böyük ideyalarına, fikirlərinə və teatrın istiqamətinə görə seçirəm.

O ki qaldı digər teatrlara, birincisi deyə bilmərəm ki, klassiklərə heç müraciət etmir. Müraciət edirlər. Mən elə teatrlar tanıyıram ki, bizim kimi 5-ini birdən səhnələşdirməsə də, zaman-zaman tamaşaya qoyur. Bundan başqa, onu vurğulamaq istəyirəm ki, rejissura o qədər çətin sənətdir. Heç kim deyə bilməz ki, bu işi uğurlu olacaq, ya yox. Teatrlar var ki, müraciət etmək istəsə də, buna nail ola bilmir. Bəzən uğurlu olur, bəzənsə yox. Bunun özündə də böyük çətinlik var.

- Cənnət xanım, bu gün Azərbaycan tamaşaçısı nə istəyir?

- Azərbaycan tamaşaçısı bütün dünya tamaşaçıları kimi teatra yeganə şey üçün gedir – əylənmək. Heç kim teatra yeni bilgilər əldə etmək, yeni ideyalar qazanmaq üçün getmir. Əyləncə üçün gedir. Amma tamaşaçıların bizdən yalnız əyləncə tələb etdiyini düşünən teatr direktorları, rejissorlar yanılırlar. Əyləncədən əyləncəyə fərq var axı. Biz tamaşaçının istəyini istiqamətləndirməliyik. Ağıllı, düzgün şəkildə. Düzünü deyim ki, bəzən tamaşaçılar teatr rejissorlarından və direktorlardan ağıllı olur. Bu çox təəssüf doğurur. Çünki bizim sənət böyük biliklər, dünya ədəbiyyatı nümayəndələrini, dünya teatrlarında baş verən prosesləri bilməyi tələb edir. Ona görə də rejissor olmaq çətindir. Tələblər belədir.

- Bu tələblərə cavab verən rejissorlar varmı Azərbaycan teatrlarında?

- Var, çoxdur. Gənclər də, çoxdan işləyən rejissorlar da var. Çalışanlar da var. Düzdür deyə bilmərəm ki, hər tamaşa əladır. Ancaq işləyirlər. Mərahim Fərzəlibəyov, Ağakişi Kazımov, Azər Paşa Nemətov... Kimlərinsə adını unutmuş olaram. Mən bircə onu demək istəyirəm ki, bilə-bilə bu necə çətin sənətdir, bizdən nə qədər şey tələb edir, həmkarlarıma böyük hörmətlə yanaşıram. Heç bir rejissor pis tamaşa qoymaq istəməz. Hamı çalışır ki, yaxşı iş görsün.

- Amma çalışmaq bir tərəfə, bəs bacarıq necə, o da olmalıdır axı.

- Bəli bununla razıyam. Ancaq bu, artıq Allahın işi, vergisidir.

- Müxtəlif fikirlər səslənir ki. bu gün teatr tamaşaçısını itirib, tamaşaçı üzünə həsrət qoyub. Siz hansı fikirdəsiniz? Teatra maraq göstərən tamaşaçılar var?

- Var. Şikayətlənmək istəmirəm. Amma əgər tamaşaçı gəlmirsə, mən bunun səbəbini bilirəm. Və mən bilirəm ki, bu, mənim - rejissorun günahıdır. Şükür Allaha, tamamilə əyləncəvi olmayan tamaşalar var ki, onlara da tamaşaçı gəlir. Mən demirəm anşlaq olur, amma hər halda gəlirlər. Mənim üçün bu göstərici də kifayətdir. Çünki heç olmasa marağında olan tamaşaçılar var. Gəlib baxırlar, dinləyirlər, maraqlanırlar. İnanmaq istəyirəm ki, biz gələcəkdə tamaşaçı sayını daha da artıracağıq. Ancaq əlbəttə ki, bu istiqamətdə çalışmaq mütləqdir.

- Konkret şəkildə tamaşaçının teatra meyli artsın deyə nə etmək olar?

- Ancaq bir şey – yaxşı tamaşa hazırlamaq.

- Bəs tamaşaların reklamı necə?

- Düzdür, reklam da çox mütləqdir. Bunun elə 50 faizi reklamdan, qalan 50 faizi isə tamaşanın keyfiyyətindən asılıdır. Televiziya, radio, poster vasitəsilə tamaşanın reklamı indiki zəmanədə mütləq lazımdır.

- Bir ara fikir səslənirdi ki, televiziyada tamaşaların reklamı pulsuz həyata keçirilməlidir. Sizin fikrinizcə, bu reklam siyasəti necə tənzimlənməlidir?

- Bu, çox böyük və vacib bir problemdir. Kamera Teatrı və Gənc Tamaşaçılar Teatrının “Lider” televiziya kanalı ilə belə bir müqaviləsi vardı. Onlar bizim tamaşaları pulsuz lentə alır, əvəzində isə reklamımızı verir. Burda çoxlu nöqsan var. Onlar reklamı bir həftə müddətində verir. Bəli, tamaşaçı gəlir. Amma pis odur ki, tamaşanı çəkib dərhal göstərirlər və bununla da tamaşanı öldürürlər. Onda bu nə reklam oldu? Sonra necə işləyəcəyik? Bu, teatr üçün sərfəli deyil. Ona görə də hesab edirəm ki, bu halda teatr çox pis vəziyyətdədir. Əgər reklam verirsənsə, bir həftə yox, bir il ərzində ver, özü də hər tamaşanı. Bax onda bu iş gedər. Ona görə də bu məsələ bizim üçün vacibdir. Digər tərəfdən isə mən başa düşürəm ki, televiziya hər 10 teatrın tamaşasını pulsuz reklam edə bilməz. Bunun axmaq bir şey olduğuna razıyam. Ancaq teatrlar üçün münasib qiymət qoya bilər. Az qazanan teatrın buna marağı yoxdur, ona heç reklam da kömək edə bilməz. Tamaşaçısı, müəyyən imkanları olan teatr isə özünün reklamını verə bilər. Amma normal qiymətlərlə. Yoxsa ATV kimi kanal 3 dəqiqəlik reklama 1500 dollar pul istəyib. Əlbəttə ki, bizim bu qədər pulumuz, imkanımız yoxdur. Məsələn, “Space” kanalı bizim üçün müəyyən güzəştə gedib və o pulu biz ödəmişik. Bir sözlə, pulsuz reklam ola bilməz, amma normal qiymətlərlə mümkündür.

- Ümumiyyətlə, bu gün Azərbaycan teatrının vəziyyətinə hansı qiyməti verərsiniz?

- Müxtəlifdir. Deyə bilmərəm ki, vəziyyəti pisdir, ya ortadır. Sankt-Peterburqdan aktyor sənətinin mahir bilicisi Venyamin Fliştinski Bakıya gəlmişdi. İspaniyada, Çində, Amerikada, Şotlandiyada master-klasslar keçib. Bir həftə müddətində o və plastika üzrə digər yoldaşları bizim teatrda ustad dərsləri keçdi. Əksər teatrlar buna böyük maraq göstərdi. Mən onda gördüm ki, teatr adamları işləmək, təcrübələrini artırmaq istəyirlər. Fliştinski gedəndə aktrisalardan biri oturub kədərlənirdi ki, “o yol göstərdi, mən öyrəndiklərimi səhnədə təcəssüm etdirmək istəyirəm, amma imkan yoxdur”. Pantomima teatrı mənim çox xoşuma gəlir. Onlar bütün heyətlə bu ustad dərslərinə gəlirdi. Amma elə teatr vardı ki, heç maraqlı da deyildi. Halbuki bütün teatrlara bu barədə əvvəldən elan verilmişdi. Ona görə də deyirəm ki, teatrların vəziyyəti müxtəlifdir. Bu ilk növbədə bir nəfərdən asılıdır – baş rejissordan. O teatrdakı baş rejissor var, deməli teatr özü də var. Baş rejissoru olmayan teatrda nə qədər dahi direktor, inzibatçı olsa da fərqi yoxdur, o teatr yoxdur. Baş rejissor teatrın başı, ürəyi, ağlı, istiqamətləndiricisidir. Əgər teatrın var olmasını istəyirlərsə, baş rejissordan başqa heç kəs o istiqaməti verə bilməz. Güclü, yaxşı ağlı, təşkilatçılıq bacarığı olan direktorlar var. Amma bu həmin şey deyil. Baş rejissoru olmayan teatr sahibi, ailəsi olmayan evə bənzəyir. Yəni, direktor işləri görə bilir, tamaşaçını cəlb edir. Amma əsas məsələ tamaşanı yaradan adam yoxdur axı. Tamaşa isə yoxdursa, deməli teatr teatr deyil.

- Bizim teatrlardan hansının baş rejissorunu nümunə göstərə bilərsiniz?

- Hamısını.

- Onda deməli bizim teatrların heç birində problem yoxdur.

- Yox, problem var əlbəttə. Mən sadəcə, hamısına böyük hörmətlə yanaşıram.

- Aydındır ki, heç kimin xətrinə dəymək istəmirsiniz. Amma hər halda dostluq münasibəti ilə iş bir-birindən fərqlənir.

- Necə deyim sizə? Hər bir rejissor nəsə etməyə, tapmağa çalışır. Deyə bilmərəm ki, heç biri işləmir, hər şey alt-üst vəziyyətdədir. Mən ancaq özüm haqqında deyə bilərəm. Özüm haqqında isə qısaca deyərəm ki, mən bütün truppanı bir yerə toplamaq üçün çox çalışıram. İstəyirəm, maraqlı repertuar, aktyor işi olsun. Amma başqaları haqqında necə deyə bilərəm? Mən başqa teatrlara o qədər də getmirəm ki, işləri haqqında bir şərh verəm.

- Vaxtınız yoxdur deyə getmirsiniz, yoxsa istəmirsiniz?

- Xeyr, təəssüf ki, qətiyyən vaxtım yoxdur. İş saatım olduqca gərgindir. Tamaşalara baxmağı sevirəm. Bəzən xoşuma gələn də olur, xoşuma gəlməyən də. Amma siz deyən kimi, konkret kimin yaxşı, ya pis olmasını deməyi bacarmıram. Çünki o dərəcədə çox tamaşalarını görməmişəm ki, o iş əsasında danışım. Amma görürəm ki, işləyirlər, çalışırlar.

- Bizdə dünya miqyasına çıxarıla biləcək bir tamaşa var?

- Yox, yoxdur. Mən bilmirəm niyə, amma yoxdur. Bilirsiniz, dünya səhnəsi özü də rəngbərəngdir. Elə tamaşalar var ki, çox gözəldi, dahiyanə şəkildə hazırlanıb. Amma tamaşaçı ona hər dəfə baxmağı bacarmır. Çünki çox mürəkkəbdir, festival üçün hazırlanıb. Kinoda da belədir. Elə kino var ki, sırf kinoteatrlarda nümayiş olunmaq üçün çəkilir, kino da var məhz festival üçün nəzərdə tutulub. Adi tamaşaçı buna baxsa, başa düşməz. Eləcə də tamaşalar. Bizim İranda, Türkiyədə nümayiş olunan tamaşamız olub. Xoşlarına gəlib. Amma bizdə 8 saat davam edən tamaşaya baxa bilərlərmi? Lva Dodinanın “Qardaşlar və bacılar” tamaşası 2 gün 4 saat olmaqla davam edir. “Albalı bağı” qısaldılmış şəkildə 6 saat davam edir. Bunlar festival üçün əlverişli tamaşalardır. Amma repertuar üçün yox.

- Siz bayaq dediniz ki, bura master-klas keçməyə gəlirlər. Bəs niyə Azərbaycandan istedadı olan gəncləri həmin ölkələrə kurs keçməyə göndərmirlər?

- Bilirsiniz, nazirlik nümayəndələri də Venyamin Mixalkoviçlə bu barədə danışırdılar ki, Sankt-Peterburqda bir kurs yaratsınlar. Ancaq vacib bir sual çıxır ortaya. 5 il bundan qabaq mənim kursumdan 2 rejissor Sankt-Peterburqa göndərilmişdi. Biri fin qadınla evləndi. Heç biri geri qayıtmaq istəmədi. Aktyor kursunu da yığırsan, hərəsi bir tərəfə dağılır, yarısı qalır orda geri qayıtmır. Bilmirəm, niyə belə olur. Ona görə də bu məsələ həll olunmamış qalır. Amma çox vacib və lazımlı işdir. Xüsusən də müasir teatr üçün.

- Yeri gəlmişkən, verilişlərin birində çağdaş teatrla bağlı məsələ ilə bağlı belə bir fikir işlətmişdiniz ki, Üzeyir bəyin qəhrəmanlarının mini yubkada, ağzında siqaretlə səhnəyə çıxmasına razısınız.

- Orda məni düzgün başa düşmədilər. Bu o demək deyildi ki, əgər mənə “Arşın mal alan”ı səhnələşdirmək təklif olunsaydı, Gülçöhrəni mini yubkada, ya da ağzında siqaretlə səhnəyə çıxarardım. Xeyr. Əgər mən tutaq ki, Hüseyn Cavidin əsərlərini nəşr edəndə onun hansısa sözünü çıxarsam, cinayət törətmiş olaram. Ordan bir söz belə çıxarmağa ixtiyarım yoxdur. Hüseyn Cavid necə yazıbsa, elə də olmalıdır. Amma səhnədə tamaşa tamam başqa şeydi. Kitab nəsillərə yadigar qalır, nəvə, nəticələrimiz o kitabı oxuyacaqlar. Amma tamaşa bu gün yaşayır. Ona görə də əgər bu gün tamaşaçı ilə ünsiyyət tapa bilməsəm, deməli batdım. Birinci tapşırıq ondan ibarətdir ki, tamaşaçıya maraqlı olsun. Ona görə də ixtisar da edərəm, yenidən düzəldərəm də - bir sözlə elə edərəm ki, tamaşaçı gözünü çəkmədən baxa bilsin. Əgər heç nə dəyişmədən, sözbəsöz olduğu kimi oynasaq, onda da tamaşaçı darıxacaq. Deyəcək ki, “bu tamaşa mənim nəyimə lazımdır. Elə evdə rahat divanımda oturub əsəri oxuyaram da”. Ona görə də deyirəm ki, əsər, tamaşa canlı olmalıdır. O canlı ünsiyyət vasitəsini necə tapması isə artıq rejissorun istedadından asılıdır. Mən onun tərəfdarıyam ki, klassikanı dəyişdirmək olar. Təki o ideya, fikir saxlansın və tamaşaçı ona maraqla, həyəcanla baxsın.

- Son vaxtlar teatrların binaları Avropa üslubunda təmir olunur. Bəs teatr sənəti necə, Avropada təmsil olunacaq səviyyədədirmi?

- Mən sizinlə çox razıyam. Teatr adi bir əşya deyil, səhnədir. Təmirli bina, yeni, müasir avadanlıqlar, işıq, səs sistemi – bunlar hamısı vacib, önəmli məsələlərdir. Amma əsas məsələni rejissor, aktyor, truppa həll edir. Yeni binaya tamaşaçı bir ay müddətində gəlib baxacaq. Bəs sonra? Xoşuna gəlməyən tamaşa görsə, yenə olacaq köhnə hamam, köhnə tas. Ona görə də iş göstərmək lazımdır!

- İş göstərə bilirlər?

- Hərə bir cür. Göstərə bilən də var, göstərə bilməyən də. Bunu istəyən də var, istəməyən də. Ümumiyyətlə, Azərbaycan teatrı dedikdə bir teatrı nəzərdə tutmaq olmaz. Mən səmimi deyim ki, Şəki teatrını çox sevirəm. Orda istedadlı rejissorlar, aktyorlar, yaxşı fikirlər var, teatr ab-havası duyulur. Bu mənim şəxsi fikrimdir. Mən hesab edirəm ki, əgər Şəki teatrına yaxşı bina tikilsə, Bakı teatrlarından heç nə ilə geri qalmaz, əksinə bəzilərindən 10 dəfə yaxşı olar.

- Bəs sizi baş rejissor olaraq göndərsələr, hansı region teatrında işləmək istərdiniz?

- Təbiəti gözəl olan rayona getməyə üstünlük verərdim. Amma hara göndərsələr, ora da gedərəm. Mən incəsənətin əsgəriyəm. Vallah hara göndərirlərsə, orda da işləyirəm. Hansı işi versələr, ona görə də Allaha şükür edirəm. Məgər mən bu yerdə oturmağı arzulamışam nə vaxtsa? Heç vaxt. Məni bura təyin edəndə böyük sarsıntı keçirdim. Kədər yox, amma sarsıntı oldu. Çünki mənim öz teatrım vardı. Təyin etdilərsə, deməli işləməliyəm. Hansı şərtləri verirlərsə, deməli o şərtləri də qəbul etməliyəm. Əgər mənə desələr “Cənnət xanım, səni burdan çıxarırıq. Get, Zaqatalada işlə”, neyləyə bilərəm?! Gedib dağları seyr edərəm. Yaxşı bir ev taparam. Əvvəl mono-tamaşa hazırlayaram ki, işdən yorğun gələn adamlar ona baxıb dincəlsinlər. Sonra ora musiqi əlavə edərəm, bir az sonra böyük tamaşa hazırlayaram. Beləcə bir də görərəm ki, artıq teatr yarandı və tamaşaçı gəlməyə başladı. Ona görə də Allahın izni ilə hara göndərsələr, orda teatr mühiti yaratmağa çalışaram.

- Siz ayrı-ayrı illərdə müxtəlif teatrlarda tamaşalar hazırlamısınız. Amma 1991-ci ildə özünüzün Bakı Kamera Teatrını yaratdınız. Hardan yarandı bu zərurət? İstədiyinizi başqa teatrlarda tapa bilməməyinizdənmi, yoxsa...

- Bilirsiniz, mənim yaxşı tələbələrim vardı. İkinci kursdan onlarla birlikdə işləməyə başladıq və teatr yaratdıq. Heç nəyimiz olmadan. Yeri süpürməyə bir süpürgəmiz də yox idi. Birinci tamaşamızı məktəblərin birində oynamışdıq. İndi rejissorun ilk quruluşu üçün 75 min dollar verirlər. O zaman mənə – 50 yaşlı peşəkar rejissora bir qəpik də vermədilər. Tamaşaları pulsuz oynayırdıq. Amma söhbət pulda, süpürgədə deyil. Söhbət səhnədəki iki nəfər arasında yaranan qığılcımdan gedir. Əgər o qığılcım varsa, mənə o süpürgə, pul lazım deyil. Mən məhz bunun üçün yaşayıram. Əgər tamaşaçı gözünü qırpmadan səhnəyə baxırsa, deməli teatr var. Bəzən elə də olur ki, 5 mərtəbəli bina, müasir avadanlıqlar, səs, işıq effekti, hər şey var. Amma tamaşaçı dəqiqədə bir saata baxır, tamaşanın nə vaxt qurtarmasını gözləyir.

- Bu gün teatrlar bilet satışından nəsə qazana bilir?

- Bütün teatrı təmin etmək çətindir, prinsipcə mümkün də deyil. Heç bir teatrda. Ancaq hansısa faizi göstərmək olar. Məsələn 20-30 faiz qazanır. Bu, pis göstərici deyil. Elə teatr da var ki, heç 5 faiz də özünü təmin edə bilmir. Bax, bu, artıq problemdir. Ancaq deməliyəm ki, bizim teatra kassadan bilet alıb gələn tamaşaçılar var. Demirəm anşlaq keçir. Amma 300-ə qədər bilet alıb gələn tamaşaçı olur. Düşünürəm ki, indi üçün pis deyil. İnşallah gələcəyə elə etmək lazımdır ki, artıq anşlaqlar olsun. Bu, çox vacib məsələdir.

Xəyalə MURADLI
# 1560

Oxşar yazılar