Canəli Əkbərov: “Bu gün “Leyli və Məcnun”un fəlsəfəsi laxlayıb” “Milli musiqilərimizi sintez etmək, başına oyun açmaq, hoqqa çıxarmaq olmaz”
10 mart 2010 12:00 (UTC +04:00)

Canəli Əkbərov: “Bu gün “Leyli və Məcnun”un fəlsəfəsi laxlayıb” “Milli musiqilərimizi sintez etmək, başına oyun açmaq, hoqqa çıxarmaq olmaz”

... Çox tarixlər, çox günlər yaşanıb onun həyatında. Amma onlardan birini heç vaxt unutmayacaq. Həmin gün özünə qəsd etmək istəmişdi. Dünyalar qədər sevdiyi anası onu əbədi tərk edirdi. Bütün sevdiklərinə, bu dünyaya əlvida deyib köç edirdi. Bətnində hələ dünyaya gətirə bilmədiyi körpəsini də özü ilə aparırdı. Bu körpə onun doqquzuncu bacısı, ya da qardaşı olacaqdı. Həmin gün dünyanın havasına, suyuna, işığına, özünə, atasına, hətta Tanrıya nifrət edirdi. Çünki Tanrı onun anasını əlindən alırdı. Həmin gün - anasının vəfat etdiyi gün həyatının ən kədərli, ən bədbəxt günüydü.


... Həmin gün həyətlərindəki inək də doğanda ölmüşdü. Bəlkə də evdəki ağlaşma, fəryad səsləri bu heyvana təsir etmişdi. Axı, anası hər gün bu inəyə su, yem verər, sığallayar, təmizləyərdi...


... Sonralar bu kədərli günün ağrı-acısı bir az səngiyəndə anası tez-tez yuxularına gəlməyə başladı. Elə həmin gün – sonuncu dəfə geyindiyi libasda, örpəkdə olurdu. “Mələklərin arasındayam” deyirdi. Elə özü də mələyə bənzəyirdi sanki. “Narahat olma, mən də, uşaq da yaxşıyıq. Allahın dərgahındayıq. Onu çox sevirik. Sən də Onu sev” deyirdi. Beləcə, anası yuxularında Tanrını ona yenidən sevdirməyə başladı. Uşaqlıqda yatağının başında Allahdan, Qurandan, din-imandan danışdığı zamanlardakı kimi.


... Və bir də tez-tez yuxularında o inəyin mələrtisini eşidirdi.


... Elə CANƏLİ ƏKBƏROVUN səsindəki, zənguləsindəki yanğı da anasını itirəndə yaşadığı o böyük kədərin izi, nişanəsidir bəlkə də.


Bu gün Azərbaycan muğam sənətinin ustadlarından biri, böyük xanəndə, xalq artisti, “Şərəf” ordenli Canəli Əkbərovun 70 yaşı tamam olur. Yubiley münasibətilə Lent.az ustad sənətkarın müsahibəsini təqdim edir.


- Canəli müəllim, deyirlər hər yaşın öz gözəlliyi var. Siz də artıq ahıllıq dövrünü yaşayırsınız. Bu yaşın gözəlliyini, şirinliyini nədə görürsünüz?

- Mən özümü xoşbəxt sayıram ki, bu gün 70 yaşımı tamam edirəm və cavanlığın müdrik anlarına qədəm qoyuram. Cavanlığın 70-ci baharını, müdrik anlarını yaşayıram. Mən hələ indiyədək 70 yaşlı insanların yaşadığı bəzi problemləri hiss etməmişəm. Özünə, səhhətinə diqqət yetirən biri kimi deyirəm ki, özümü qoca yox, cavan hesab edirəm. Əsas yaş deyil. Əsas olan odur ki, insan qəlbən özünü gənc saysın. Məni bu günə qədər gətirib çıxaran, daxilən cavan saxlayan sənətə, xalqıma olan məhəbbətimdir.

Bu 70 ilin 50 ilini muğamlarımızın inkişafı, saflığının qorunub saxlanması, deformasiyaya uğramaması naminə xidmət etmişəm. Bacardığım qədər buna nail olmağa çalışmışam. Düz 50 ildir ki, muğam sahəsində çalışıram. Bu illər ərzində çoxlu tələbəm olub. Onların bəziləri xalq artistidir, prezident təqaüdçüləridir. Rəhbərlik etdiyim Mədəniyyət və İncəsənət Universitetinin muğam kafedrasında mənimlə işləyirlər. Məni cavan saxlayan məhz belə işlərdir.


- Bu gün dövlət tərəfindən muğama göstərilən diqqət göz qabağındadır. Bəs gənclərdə necə, bu sahəyə maraq, həvəs hansı səviyyədədir?

- Ölkə başçısının dəstəyi və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın başçılığı ilə həyata keçirilən layihələr, beynəlxalq muğam festivalları, simpoziumlar deməyə imkan verir ki, bu gün muğama böyük axın var. Amma o axının içindən biz büllur, saf səsləri axtarıb seçirik, onlarla muğam tədrisini başlayırıq. Sevinirəm ki, bu muğam ifaçılığında yeni ruh, yeni nəfəs var. Ümid edirəm ki, bizlərə baxıb öz sənətlərinə qarşı məsuliyyətlə yanaşar, qazandığımız uğurlara onlar da sahib olarlar.

- Bir məsələ də var ki, bu sahəyə axın olur, amma o təhsil ocağını bitirən gənclərin hamısı muğam ustası olmur, bəzən hətta ayrı sənəti seçir.

- Doğrudur. Elə Asəf Zeynallıya daxil olan il mənimlə bərabər nə qədər tələbə vardı. Amma onların içindən yeganə Canəli Əkbərov qaldı. Ümumiyyətlə, gərək sənətinin fanatı olasan, pulun, maddi marağın yox. Sənət eşqinin oduna yansalar, gecə-gündüz mütaliə ilə məşğul olsalar, klassiklərimizin həyat və yaradıcılığından, söz sərvətlərindən düzgün istifadə etsələr, sənətdə uğurları çox olar. Bu sənətdə durum gətirmək məsələsi var. Yəni, bunu da bacarmaq, sənətin çətinliklərinə sinə gərmək lazımdır.

- Siz belə fikir işlətmişdiniz ki, rəhbərlik etdiyiniz tədris ocağında təhsil alan tələbələrin cins şalvar geyinməsinə icazə vermirsiniz.

- İstər qız olsun, istərsə də oğlan, ümumiyyətlə muğam ifaçılarının geyimləri milliliyə uyğun olmalıdır. Cins şalvar geyinən qız mənim qarşımda “Rast” muğamını oxuyursa, ağzından lap dürr də yağsa, bədii gücü zəif olar. Geyim muğamın ümumi fəlsəfəsinə uyğun olmalıdır. Millilik ifaçının geyimindən başlayır. Mədəniyyət milli ruhda köklənməlidir.

- Əvvəllər “Leyli və Məcnun”u ifa etmək üçün uzun müddət hazırlıq prosesi gedirdi, hamıya bu partiyaları həvalə etmirdilər. İndi sanki bu proses bir az adiləşib...

- Hələ tələbə ikən məni Məcnunun atası roluna dəvət etdilər. 25 yaşlı cavan oğlana ata rolu həvalə ediləndə düşündüm ki, ata əzəmətini çatdıra bilmərəm. Mənim səsim, tembrim, görünüşüm Məcnuna çox uyğun idi. Ona görə də mən o vaxt etiraz edib oynamadım. Sonrakı dəvətdə mənə İbn Salam rolunu verdilər. Mehdi Məmmədovun xahişini yerinə yetirib cəmi bir dəfə o rolda çıxış etdim. Mehdi Məmmədov dedi “Canəli İbn Salamı elə Məcnun səviyyəsində oynadı”.
Ondan sonra bütün milli operaların baş qəhrəmanı oldum. Amma bir həqiqət də var ki, bu gün kim oldu Leyli, ya da Məcnunu həvalə edirlər. Ona görə ki, bu gün “Leyli və Məcnun”un fəlsəfəsi laxlayıb. İfaçılar Füzulinin, Üzeyir bəyin fəlsəfi traktovkasını tamamlamır. Hərə öz bildiyini edir. Əsərin hər bir sözünü dərk etmək lazımdır. Məzmununu öz çalarlarında verməyi bacarmalıdırlar.

- Bəs bacarırlar?

- İnşallah bacararlar.

- Yəni, hələ bacarmırlar?

- Bacaran da var, bacarmayan da. Gəncdirlər də, gənclər belə olur. Tədricən o obrazları oynaya-oynaya bərkiyərlər.

- Neyləmək olar ki, buna xüsusi bir nəzarət olsun?

- Yaxşı olar ki, onlarla həm sözü bilən, həm də muğamın fəlsəfəsinə dərindən bələd olan sənətkarlar məşğul olsun. Əfsus ki, indi belə deyil. Tar çalan Leyli, Məcnun hazırlaya bilməz.

- Operadan söz düşmüşkən, niyə son illər Azərbaycanda opera əsərləri yazılmır, səhnələşdirilmir?

- Bu, milli ruha bağlılığın zəifliyindən irəli gəlir. Amma yaxşı olar ki, bu sual Bəstəkarlar İttifaqına ünvanlansın. Səbəblər mənə də aydın deyil.

- Bizim xalq mahnılarımız, milli musiqilərimiz də zaman-zaman ermənilər tərəfindən oğurlanıb...

- Ümid edirəm ki, bunun qarşısı alınacaq. Çünki dövlətimiz bu işin qarşısını almaq iqtidarındadır. Bir də televiziya kanalları əsas təbliğat mərkəzidir. Ümid edirəm ki, kanallarımız milli musiqiyə hörmətlə yanaşacaq, ifaçılardan tələb edəcəklər ki, mahnıları doğru-düzgün oxusunlar. Elə oxusunlar ki, sabah erməni baş qaldırıb deməsin ki, bu mahnı mənimdir.

- Sözünüzdən belə çıxır ki, milli musiqimizdə baş verən sapmalar narahatçılıq doğurur.

- Bəli, sapmalar olur. Milli ruhda yazılan, xalq tərəfindən sevilən, əsrlərdən keçib bu günümüzə gəlib çıxan milli musiqilərimizi sintez etmək, başına oyun açmaq, hoqqa çıxarmaq olmaz. Bu elə onu aparıb erməniyə qismət edir. Çox vaxt elə o aranjemanlar musiqimizi ermənilərə nəsib etdi. Belə etmək olmaz. Milli musiqimizin saflığını qorumaq lazımdır. “Sənsiz”i, “Koroğlu” uvertürasını necə aranjeman etmək olar? Milli musiqimiz, xalq mahnılarımız orijinal saxlanmalıdır. Onları əvvəl özümüz qoruyub qədrini bilməliyik ki, sonra başqalarına qismət olmasın.

Xəyalə MURADLI
# 1062

Oxşar yazılar