Proletar üçün oynayan bəy oğlunun sevgi və həyat hekayəti
04 mart 2010 13:00 (UTC +04:00)

Proletar üçün oynayan bəy oğlunun sevgi və həyat hekayəti

Xəyanətə dözməyən Otello, fədakar Rüstəm kişi, şirin sözlü Vaqif, iddialı aktyor Ələsgər Ələkbərov...

Ailə üzvləri sənətkarın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması üçün Əbülfəs Qarayevə müraciət edir

...O küçədə diqqəti cəlb edən və dərhal nəzərə çarpan yeganə mülk onların idi. Elə təkcə xaricdən azca göz gəzdirməklə evin kübar, imkanlı ailəyə məxsus olduğunu anlamaq çətin olmazdı. İki mərtəbəli bu mülkün içərisinə ilk addımını basan kimi təmtəraqdan göz qamaşırdı sanki. Otaqların hamısı o dövrdə tapılması müşkül olan mebellər, əşyalar, rəsm əsərləri ilə bəzədilmişdi. Keçmiş 1 may küçəsi 69 ünvanında yerləşən bu gözəl mülkdə Bakı milyonçularından sayılan Hacı Salman bəyin (Hazırda Bilgəhdə yerləşən qocalar evi onun tərəfindən tikilib) qızı - Həcəc ağanın həyat yoldaşı Zibeydə xanım ailəsi ilə birgə yaşayırdı. Bu ziyalı, kübar və varlı ailədə 6 uşaq böyüyürdü – 4 bacı, 2 qardaş. Uşaqların hamısı öz tərbiyəsi, savadı və incəsənətə olan həvəsi ilə seçilirdi. Hər biri ayrı-ayrı musiqi alətində peşəkarcasına ifa etməyi bacarırdı. Onlara musiqi, rəqs təhsili vermək üçün evə xüsusi müəllimə – madam Roza gəlirdi. Və o 6 uşağın içində bir oğlan uşağı digərlərindən nəyləsə daha çox fərqlənirdi. Görünüşüyləmi, yaraşığıylamı, hamıdan seçilən səsiyləmi, ya bəlkə görülməyən istedadıyla?! Çox keçmədən bunların hamısı özünü Onda cəm edəcəkdi – gələcəyin böyük aktyoru Ələsgər Ələkbərovda...

Ancaq çox keçmir ki, bütün o sevincli günlər sona yetir, bu mülk onların əlindən alınır. 1920-ci ildə Rus qoşunu Bakıya daxil olanda evi əllərindən alıb, onlara ikicə kiçik otaq verirlər. Odur ki, Zibeydə xanım ömrünün sonuna qədər heç vaxt bu hökuməti qəbul etmir. Orda yaşayanların çirkli, səliqəsiz görkəmini, vaxtilə onlara məxsus hansısa əşyanı sındırdıqlarını görəndə ürəyi ağrıyır. Axı necə də olmaya bu ev onun idi. Ömrünün axırına kimi də belə olacaqdı. Ən azından o, özü belə hesab edəcəkdi.

Ələsgər Ələkbərov həm də bəstəkar imiş

Ələsgər 1910-cu il martın 26-da Bakıda dünyaya göz açır. Hələ orta məktəbi bitirməmiş 1924-cü ildə Əbilov adına klubda həvəskar aktyor kimi fəaliyyətə başlayır. “Hər şeydə arzu və həvəs böyük rol oynayır. Əgər bu arzu və həvəs iş zamanı ciddiyyətə çevrilirsə, o zaman hər başlanmış iş müvəffəqiyyətlə nəticələnər”. Ələsgər Ələkbərovun özünün də dediyi kimi, məhz bu arzu və həvəs nəticəsində sənət qapıları onun üzünə açılır. 1927-ci ildə Teatr Texnikumuna qəbul olunur, elə o vaxtdan da professional aktyor kimi fəaliyyətə başlayır. 1930-cu ilin ikinci yarısından Tiflisdəki Azərbaycan Dövlət Dram teatrına dəvət olunur. 1931-ci ildə yenidən Bakı türk işçi teatrında fəaliyyətini davam etdirir. 1933-cü ildən ömrünün sonuna qədər isə aktyor həyatını Azərbaycan Dövlət Dram Teatrı ilə bağlayır. Amma aktyorluq bacarığı ilə yanaşı, bəstəkarlıq istedadı da varmış Ələsgər Ələkbərovda. Aldığı musiqi təhsilinin köməyi ilə pianoda çox gözəl çalırdı. 30 yaşından sonra artıq musiqi bəstələyirdi. Ancaq o musiqilərin heç biri indi məlum deyil. Daha doğrusu, onun adı il bağlı deyil. Çünki o zaman Ələsgər Ələkbərov bəstələdiyi əsərləri yaxşı münasibəti olan bəstəkara və ya bəstəkarlara verirdi. O əsərlər Ələsgər Ələkbərovun ola-ola həmin bəstəkarların adı ilə səslənirdi.

Onun ilk və böyük məhəbbəti

O gözəl qızı görəndə Ələsgərin 18-19 yaşı olardı. Qonşuluqda yaşayırdı. Öz məhəllələrindən bir-iki tin aşağıda görmüşdü onu. Elə görən kimi də vurulmuşdu ona, sevmişdi onu. Bəlkə elə ömrünün sonuna qədər də sevəcəkdi. Bəlkə elə sevmişdi də, kim bilir?! Yaşları eyni olsa da, sənətləri ayrı idi. Və bir də böyük məhəbbətləri vardı. Bir-birlərini çox sevirdilər. Ələsgər aktyorluğu öyrənir, Hökümə isə konservatoriyada təhsil alırdı. Çox keçmir ki, evlənmək qərarına gəlirlər. Əvvəl qarşılarına sədd çəkmək istəyirlər, ailə qurmalarına razı olmurlar. Amma çətinliklə də olsa, qızın ailəsinin razılığını ala bilirlər. Çünki onun sevdiyi qız - Hökümə Qurbanova bəstəkar Müslüm Maqomayevin bacısı Malikat xanımın qızı idi. Atası da o dövrün adlı-sanlı kişilərindəndi. Nəhayət, nişan taxılır, toy çalınır. Bir ildən sonra qızları Nailə dünyaya gəlir. Ancaq uşağı nənəsi Malikat xanım böyüdür (Gələcəkdə öz nəticəsini, Ələsgər Ələkbərovun isə ilk nəvəsini – Nailənin oğlu Nazimi də o böyüdəcəkdi). Çünki artıq Hökümə Qurbanovanın vaxtı da çox olmurdu. Artıq həyat yoldaşı onu da aktrisalığa cəlb etmişdi. Amma bir neçə ildən sonra məhz bu aktrisalığa görə, məhəbbətindən ayrılacağını əvvəlcədən bilmiş olsaydı, yəqin ki, bunu ömrü boyu etməzdi. Bəlkə elə nə vaxtsa bu hərəkətinə görə peşman da olub, kim bilir?!

Ayrılığa səbəb gizli məqamlar

Hadisənin təfərrüatları məlum olmasa da, rayonların birində baş verdiyi dəqiqliklə aydındır. Hökümə Qurbanova teatr truppası ilə birgə rayonların birinə qastrola getmişdi. O heyətin arasında Ələsgər Ələkbərov yox idi. Amma haradansa və necəsə orda baş vermiş hadisədən xəbərdar olur. Hökümə Qurbanovanın hansısa hərəkəti, addımı onun xoşuna gəlmir. Bunun xəyanət, ya da hansısa başqa bir addım olduğunu indi heç kim dəqiqliklə deyə bilməz. Heç kimə aydın deyil bu. Bircə o aydın idi ki, Ələsgər Ələkbərov olduqca qısqanc biri idi. Aydın olan bir şey də var ki, məhz o qastroldan qayıtdıqdan sonra və məhz o qastrol zamanı baş vermiş hadisəyə görə Ələsgər Ələkbərov çox sevdiyi Hökümə Qurbanovadan ayrılır. 5 illik birgə ailə həyatından sonra evliliyin və o böyük məhəbbətin üzərinə bir xətt çəkilir. Bir daha heç vaxt silinməyəcək və əbədi olacaq bir xətt.

Uzun illərin küskünlüyünə son

Bu hadisədən sonra o iki böyük sənətkar uzun illər bir-birilə küsülü qalıb danışmadılar. Ta ki... Yalnız birinci dəfə “Qış nağılı” tamaşasında Hökümə Qurbanovanın bir neçə dəqiqə tərpənmədən buza donmuş heykəl kimi dayandığı o məşhur və gözəl obrazını görəndə tamaşadan sonra ona – keçmiş həyat yoldaşına və sevgisinə yaxınlaşıb “sənətkarlığın, aktyorluğun qarşısında baş əyirəm” - deyir. Beləcə neçə illik küsülülüyə son qoyulur və iki sənətkar barışır. Hətta nə vaxtsa eyni tamaşada tərəf müqabili olaraq çıxış etməyə də qərar verirlər. Ancaq ömür vəfa etmir. Ələsgər Ələkbərov dünyasını dəyişir. Əgər nə vaxtsa bu ortaq iş baş vermiş olsaydı, yəqin ki, bu, “Otello” tamaşası olardı. Hər halda Dezdemona obrazı Hökümə Qurbanovaya çox yaraşardı (Yeri gəlmişkən, Ələsgər Ələkbərovun Otellosunun Dezdemonası Barat Şəkinskaya olub). Bir də ki, bəlkə elə bu oyunla nə vaxtsa həyatlarında baş vermiş bir nüansı göstərəcəkdilər, kim bilir?! Əgər ömür vəfa etsəydi...

Yəqin ki, Ələsgər Ələkbərovun həmişə Otello obrazını yaratmaq arzusunda olması da təsadüfi deyil. İllər boyu maraqlandırıb bu obraz onu. Və bir də 290 dəfə canlandırdığı, bənzərsiz oyunu ilə özününküləşdirdiyi, əbədi möhürünü vurduğu Vaqif obrazını çox sevib. Hər iki obraz onun daxilindən gəlirdi sanki. Özü də onlar kimi çox qısqanc idi. Bəlkə elə o obrazların həyatında baş vermiş məhəbbət, xəyanət də onun özünə, həyatına yaxın idi, kim bilir?! (Görünür, Ələsgər Ələkbərovun o cür bənzərsiz oyunundan sonra bu obrazları yarada biləcək aktyor olmadığından uzun illərdir ki, hər iki tamaşa Azərbaycan teatrında səhnələşdirilmir).

Onun sevimlisi Hökümə Qurbanova idi

Ələsgər Ələkbərov bir neçə ildən sonra ikinci evliliyə imza atır. Maraqlı və bir az da qəribə evliliyə. Getdiyi şəhərlərin birində generalın gözəl arvadını görür, ondan xoşu gəlir. Zoya adlı bu yaraşıqlı qadın da ona vurulur. Nəticədə Ələsgər Ələkbərov bu qadını halalca ərinin “əlindən alıb” Bakıya gətirir. Beləcə, ikinci dəfə ailə həyatı qurur. Bu evlilikdən isə oğlu Ramiz dünyaya gəlir.

Lakin müəyyən vaxtdan sonra ondan da ayrılır. Axı çox çətin xasiyyəti vardı Ələsgərin Ələkbərovun. Qısqanc, tələbkar, şıltaq idi. Onun bütün “kaprizlərinə” dözmək üçün gərək həddən artıq çox sevəydi onu həyat yoldaşı. Düzdür, onu sevən qadınlar çox idi. Hələ indi də onun gözəl gözlərindən, uca boyundan, gur səsindən, şux qamətindən heyranlıqla danışanlar var... Ələsgər Ələkbərovu Azərbaycanın Alen Delonu adlandırmaq olardı. Qohum-əqrəbada da onunla ailə qurmaq istəyən o qədər qadın vardı ki. Ailə qurmaq bir tərəfə onunla bir yerdə olmaq, söhbətləşmək üçün çox şeydən vaz keçərdilər. Amma qismət necə yazılıbsa, o da olmalıdır.

Ələsgər Ələkbərov üçüncü dəfə də bəxtini sınayır və ailə qurur. Bu dəfə artıq ömürlük. Üçüncü həyat yoldaşı Janna xarici görünüş baxımından Ələsgər Ələkbərova o qədər də yaraşmaya bilərdi. Amma gözəllik hər şey demək deyil axı. O, həyat yoldaşını sevirdi. Uşaq kimi qulluğunda dururdu. Nə desəydi, hamısı canla-başla bir dəqiqəyə hazır olurdu. Onun bütün xasiyyətini, bütün şıltaqlıqlarını səbrlə, dözümlə qəbul edirdi. Yəqin elə buna görə də bu evlilik uzun ömürlülüyü ilə digərlərindən fərqləndi. Lakin bu evlilikdən Ələsgər Ələkbərovun övladı olmadı. Çünki o zaman artıq baba olmağın şirinliyini duymuşdu. İlk nəvəsi dünyaya gəlmişdi. (Qızı Nailə sonradan akademik adı qazanan Spartak Əliyevlə ailə həyatı qurmuşdu). O qədər çox sevinirdi ki, göylərdə uçurdu sanki. Baba adı ilə bütün dünyanı ona vermişdilər. Elə o böyük sevgidən də dostu Nazim Hikmətin şərəfinə nəvəsinin adını Nazim qoyur.

Bu 3 həyat yoldaşından ən çox kimi sevdiyini dəqiq demək mümkün olmasa da, hər halda zənn etmək çətin olmaz. Yəqin ki, Ələsgər Ələkbərov Hökümə Qurbanovanı o qadınların hamısından çox sevib. Axı necə də olmasa Hökümə Qurbanova onun ilk və böyük məhəbbəti idi. Bəlkə elə ömrünün sonuna kimi də o məhəbbəti gizli şəkildə ürəyində daşıyıb, onu əbədi sevib, kim bilir?!

Adil İsgəndərovla yola getmirdilər

Hələ 20 yaşı olanda Ələsgər Ələkbərovun əleyhinə ilk “hücumlar” özünü göstərməyə başlayır, hətta “onu səhnədən bayıra atmaq lazımdır” - deyə qəzet səhifələrində də çıxış edirlər. 6 mart 1930-cu ildə 14 imza ilə “Gənc işçi” qəzetində dərc olunmuş ”Səhnəmizdən bayıra atılmalıdır” sərlövhəli yazıdan bir hissəni olduğu kimi təqdim edirik: “Bakı türk işçi teatrosunun aktyorlarından Ələsgər Ələkbərov, məşhur varlı oğlu olduğu halda incəsənət işçiləri ittifaqına soxulmasına baxmayaraq, hər sözündə nə cür yaramaz olduğunu lap aydın göstərir. O hər zaman səhnəyə çıxarkən “heç rəvadır ki, mən fəhlələr üçün oynayım? Yaxud işçilərə “mən sizə tay deyiləm” sözləri həmişəki danışığıdır. Belələri proletar səhnəsinə yaramaz deyə Ələkbərovun qulağından tutub bayıra fırlatmaq lazımdır”. Ələkbərov bütün bu hücumlara səbirlə dözür, onlardan yuxarıda durduğunu canından artıq sevdiyi aktyorluğunu inamla inkişaf etdirərək göstərir, daha uca sənət zirvələrini fəth edirdi. Onun uğurlarına, müvəffəqiyyətlərinə qısqanclıqla yanaşanlar olurdu. Yeri gəlmişkən, Ələsgər Ələkbərov azman sənətkar Adil İsgəndərovla yola getməyib. Necə deyərlər, ”iki qoçun başı bir qazanda qaynamaz”. Bu sənətkarların hər ikisi böyük şəxsiyyət olduqları qədər də çox tərs olublar. Ələsgər Ələkbərov isə həm də bir az özündən razı idi. Hər halda çoxlarından seçilən yaraşığı, istedadı belə təkəbbürlü olmağa imkan verirdi. Amma həyatda, ailədə həddən artıq sadə insan idi Ələsgər Ələkbərov. Onu çox istəyən dostları vardı. Nazim Hikmət, Süleyman Rüstəm, Mehdi Hüseynlə yaxın dostluq münasibəti vardı. Tez-tez aktyorun Buzovnada yerləşən bağına yığışardılar. Səhər tezdən yuxudan duran kimi öz əllərilə şanı üzümləri dərər, sərinləməsi üçün quyuya doldurub qoyardı. Balıq tutmağı da həddən artıq çox sevirdi. Bundan xüsusi zövq alırdı, sakitləşirdi sanki. Balıqçılar arasında da yoldaşları vardı. Elə bilirdilər ki, xalq artisti yox, onlar kimi sadə, adi adamdı.

Ələsgər Ələkbərovun ürəyi partladı

Onun da həyatından keşməkeşlər yan ötməmişdi. Çətinliklər, qorxular olmuşdu. Hər yeni tamaşanın premyerası olan gecə aktyorun gözünə yuxu getmirdi. Elə bu dəqiqə onu isti yatağından çıxarıb həbs edəcəkləri qorxusu ilə yaşayırdı. Qorxurdu ki, bəlkə hansısa hərəkəti, sözü Mircəfər Bağırovun xoşuna gəlməz, başına oyun açarlar. Repressiya havası ondan da yan keçməmiş deyildi. Hər an pis bir şey ola biləcəyi təhlükəsi vardı qəlbində. Əlbəttə bütün bu çətinliklər, qorxular, bəzən hətta haqsızlıqlar (SSRİ xalq artisti adını ölümündən bir müddət qabaq alıb) ürəyinə təsir edir. Və 1963-cü il yanvarın 31-də 53 yaşında qəflətən dünyasını dəyişir. Lvov yaxınlığında yerləşən Truskavets kurort şəhərindən müalicədən qayıdandan bir gün sonra səhərə yaxın ürəyi partlayır. Görünür, qəfil iqlim dəyişikliyi də səhhətinə təsir etmişdi. Deyəsən bu bəla onların nəslində vardı. Çünki aktyorun İqtisad Universitetində işləyən qızı Nailə xanım da 62 yaşında ürək tutmasından vəfat edib. Hipertoniyadan əziyyət çəkən oğlu Ramiz isə 54 yaşında beyninə qan sızma nəticəsində həyatdan köçür. İndi onun ailəsi İsraildə yaşayır.

Övladları sağ olmasalar da, başqa ailə üzvləri var

Qeyd edək ki, Ələsgər Ələkbərovun 100 illik yubileyi münasibətilə onun haqqında yazı hazırlamaq qərarına gələndə ailə üzvlərini axtarmağa başladıq. S. Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivi, Akademik Dram Teatrı, Teatr Muzeyi, Kinostudiya, Film Fondu müraciət etdiyimiz ünvanlar sırasında idi. Bütün bu qurumlardan Ələsgər Ələkbərovun heç bir ailə üzvünün olmadığını dedilər. Nəhayət, Teatr Xadimləri İttifaqı köməyimizə çatdı. Demə, bir müddət öncə Ələsgər Ələkbərovun bacısı qızı, Bakı Slavyan Universitetinin ədəbiyyat kafedrasının dosenti Tamilla Rəhimova özü onlara yubileylə bağlı kömək məqsədilə müraciət edibmiş. Biz də Tamilla xanımla görüşdük. Dayısı haqqında danışdıqca bəzi xatirələri də yada saldı: “Mən 10-cu sinfi bitirəndə qapımıza çoxlu elçilər gəlirdi. Axırı məni atamın dostunun oğluna verdilər. Dayım nişanı öz boynuna götürdü. O vaxtlar nişanı restoranlarda yox, evdə edirdilər. Çox imkanlı ailədən olan nişanlım evin bir oğlu olduğundan bizə çox gözəl nişan gətirdilər. Dayım da onları gözəl qarşılayıb yola saldı. Camaat dağılışandan sonra gəldim uzandım öz yerimdə. Dayım gəlib soruşdu ki, “noldu bacı qızı, hər şey xoşuna gəldi?” Dedim, “hə, Ələsgər dayı, çox xoşuma gəldi”. “Daha nə edim səninçün?” – deyə soruşanda “Vaqif”də bir səhnəcik var, onu canlandırmasını istədim. Mən uzanmışdım, o da başımın üstündə durub o səhnəciyi canlandırırdı - “Aç üzündən o duvağı, qoy aydın görünsün ayın qabağı”... deyib qurtarandan sonra soruşdu - “hə, noldu, indi razı qaldın”. Dedim, “hə, həddən artıq çox razıyam”. Ümumiyyətlə, bacısı qızlarının içində ən gənci mən idim. Məni tez-tez tamaşalara aparırdı. “Vaqif”ə dəfələrlə baxmışam. Xuramanın sözləri, ağlamağı indiyədək yadımdadır. Bir dəfə də məni “Otello”ya aparmışdı. Ön sırada mənim üçün stullar qoyulmuşdu. Dezdemonanı boğma səhnəsinə çatanda o qədər qorxdum ki, ağlamağa başladım. Dayım da səhnənin lap kənarına yaxınlaşıb gizlicə mənə göz vurdu. Onda mənim 13 yaşım olardı. 15 yaşım olanda isə “Qızmar günəş altında” filmi çəkilirdi. Dayım gəlib məni də çəkilişlərə apardı. Bütün sınaq çəkilişlərindən keçdim. O qədər sevinirdim. Sevincimdən az qalırdı qanad çalıb uçam. Artıq bütün rəfiqələrim də bilirdi ki, mən kinoya çəkiləcəm. Ancaq sevincim bir anda kədərə döndü. Böyük qardaşımla atam bundan xəbər tutanda məni Buzovnadakı bağa aparıb qoydular ki, kinostudiyadan zəng vuranda tapa bilməsinlər. Hətta onun üstündə dayımla söz-söhbətləri oldu və bir az küsüşdülər”.

Nəsillər yenidən birləşdi

“Anam rəhmətə gedəndə Nailə Bakıda yox idi. Qayıdandan sonra bir gün mənə zəng etdi ki, bibim rəhmətə gedəndə burda olmamışam, indi sizə gəlmək istəyirəm. Çoxdandır görüşmürdük. Mütəmadi bizə gəlib-getməyə başladılar. Onda qızım konservatoriyanın dördüncü kursunda oxuyurdu. Qızımı çox bəyəndilər, elçi gəldilər. İkicə ayın içində qızım dayımın nəvəsi Nazimlə (hazırda Xarici İşlər Nazirliyində çalışır) nişanlandı. Hökümə Qurbanova, Vəfa Fətullayeva heç nəyin tapılmadığı vaxtda gözəl nişan gətirdilər, biz də onları çox gözəl qarşıladıq. Beləcə, nəsillər yenidən birləşdi”.

Əbülfəs Qarayevə müraciət

Tamilla Rəhimova dayısının 100 illik yubileyi yaxınlaşsa da, bununla bağlı heç bir tədbir görülməməsindən narahatdır: “Niyə gələcək nəsillər belə bir aktyoru tanıyıb, onunla fəxr etməsinlər? Axı Ələsgər Ələkbərov həqiqətən də böyük sənətkar olub. Onun aktyorluğundan, sənətkarlığından danışmaq artıq olar, məncə. Bircə onu demək istəyirəm ki, belə bir səhnə ustasını gənc nəsil unutmamalı, yetişməkdə olan aktyorlar ondan nümunə götürməlidirlər. Ona görə də mən sizin vasitənizlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət etmək istəyirəm ki, Ələsgər Ələkbərovun 100 illik yubileyinin dövlət səviyyəsində, aktyorun özünə, adına layiq şəkildə keçirilməsinə yardım etsin. Axı Ələsgər Ələkbərov elə belə aktyor olmayıb. O, ölməz və əbədi şöhrət tapıb. O, tamaşaçıların qəlbində silinməz iz buraxıb. O, bənzərsiz, təkrar edilməz və özünə məxsus obrazlar yaradıb. Sözün əsl mənasında YARADIB. Dünyada isə yalnız yaradan qalacaq”.

Xəyalə MURADLI
# 1998

Oxşar yazılar