Lənkəranlı mədəniyyət işçisinin heyrətamiz arxivi –
24 sentyabr 2012 17:49 (UTC +04:00)

Lənkəranlı mədəniyyət işçisinin heyrətamiz arxivi –

Lənkəran rayonunun Cil kənd sakini, 40 yaşlı Əli Əkbərovun qeyri adi hobbisi var: hələ uşaqlıqdan musiqiyə, xüsusilə də muğam ifaçılığı sənətinə maraq göstərən Əli uzun illərdir ki, qrammofon vallarını toplamaqla məşğuldur. Lent.az-ın müxbiri ilə söhbətində Əli Əkbərov musiqi sənətinə həvəsin ona anasından keçdiyini bildirib: “Anam klassik Azərbaycan musiqisinə yaxşı bələd idi. Evdə iş-güclə məşğul olanda görkəmli xanəndələrimizin muğamlarını astaca zümzümə edərdi. Bax elə həmin zümzümənin mənə həyat yolumu müəyyənləşdirməkdə müstəsna rolu olub”.

Əli orta məktəbi bitirdikdən sonra Bakıda Mədəni-Maarif Texnikumuna daxil olub. Qrammofon vallarını toplamağa da məhz elə həmin dövrdən başlayıb. Hazırda kənd klubunda çalışan və eyni zamanda yerli məktəbdə musiqi fənnini tədris edən Əli Əkbərovun evindəki şəxsi arxivində Azərbaycanın 100-dən çox görkəmli muğam ifaçısının və müğənnisinin səsləri yazılmış 1000-ə yaxın qrammofon valı toplanıb.

Əlinin sözlərinə görə, tələbəlik illərində sevdiyi sənətkarların evlərini qapı-qapı gəzməklə bu zəngin musiqi xəzinəsini əldə etməyə nail olub: “İnanın ki, bəzən bir sənətkarın evinə 5-10 dəfə getməklə istəyimə nail olmuşam. Cibimdəki son qəpikdən belə keçərək mağazadan pərəstiş etdiyim muğam ifaçısının valını almışam.”

Görkəmli xanəndələr Cabbar Qaryağdıoğlunun, Məşədi Məhəmməd Fərzəliyevin, Keçəçi oğlu Məhəmmədin və digərlərinin 1904, 1905, 1912-ci illərdə Varşava, Riqa, Vilnüs kimi şəhərlərdə yazılmış valları bu gün Əli Əkbərovun şəxsi arxivində göz bəbəyi kimi mühafizə olunur. Əlinin sözlərinə görə, onda elə nadir vallar var ki, respublikanın hər hansı bir arxivində tapmaq qeyri-mümkündür: “Xoşbəxtəm ki, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Rübabə Muradova və onlarla digər görkəmli sənət xadimləri ilə görüşüb söhbətləşmək, onların canlı səsini eşitmək qismətimə düşüb”.

Əli yenicə tikib köçdüyü evinin bir otağını vallara, kitablara ayırıb. Son illər Azərbaycanda muğam sənətinin inkişafı üçün həyata keçirilən layihələri yüksək qiymətləndirən Ə.Əkbərov gənc xanəndələrimizin öz sələflərindən hələ çox mətləbləri öyrənməli olduqlarını bildirib: “Qoy cavanlarımız arxayınlaşmasınlar. Klassik muğam ifaçılarımızın dəst-xətti hər biri ayrıca bir məktəbdir. Onlardan öyrənmək, əxz etmək isə yalnız fayda verə biər”.

Ağəddin Babayev
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1994

Oxşar yazılar