Öyrənilməsi  ən çətin dil   hansıdır: Poliqlotlar üçün belə maneə
28 iyul 2025 18:24 (UTC +04:00)

Öyrənilməsi ən çətin dil hansıdır: Poliqlotlar üçün belə maneə

Ən çətin dili qəti şəkildə müəyyənləşdirmək mümkün deyil. Dil öyrənməkdə çətinlik hər zaman nisbidir və öyrənənin ana dilindən, əvvəlki dil təcrübəsindən və fərdi qabiliyyətlərindən asılı olaraq dəyişir. Buna baxmayaraq, bəzi dillər beynəlxalq reytinqlərdə daima “ən çətin” dillər sırasına daxil olur. Xüsusilə ingilis dili daşıyıcıları üçün bu dillər fərqli yazı sistemləri, mürəkkəb qrammatika və fonetik çətinliklərə görə daha çox problem yaradır.

Dil çətinliyini müəyyənləşdirən əsas amillər arasında qrammatik quruluş, tanış olmayan əlifba, fonetik xüsusiyyətlər və mədəni fərqlər var. 

Lent.az xarici mediaya istinadən ən çətin öyrənilən dillər barədə xəbər verir. 

ABŞ Dövlət Departamentinin Diplomatik Xidmət İnstitutu (FSI) dilləri öyrənmə müddətinə əsasən təsnif edir. Onların tərtib etdiyi siyahıya görə, IV kateqoriyaya aid dillər ən çətinlər hesab olunur. Bu dilləri öyrənmək üçün ingilis dilli bir insanın orta hesabla 2200 saatlıq intensiv məşğələ keçməsi tələb olunur. Bu müddət, məsələn, ispan və ya fransız dili üçün 600-750 saatdır.

Ərəb, çin (putunxua), yapon və koreya dilləri ingilis dilli insanlar üçün xüsusilə çətindir. Ərəb dili həm yazılı dil ilə dialektlər arasında fərqlər, həm də kök əsaslı morfologiyası ilə çətinlik yaradır.

Çin dili dörd tonlu sistemə malikdir və hər bir ton sözün mənasını dəyişir. Üstəlik, minlərlə heroqlifin öyrənilməsi tələb olunur.

Yapon dili üç ayrı yazı sisteminin (kandzi, hiragana, katakana) birlikdə istifadə olunması ilə fərqlənir. Bundan əlavə, yapon dilindəki ədəblilik (keigo) sistemi və kontekstdən asılı qrammatika da öyrənmə prosesini çətinləşdirir.

Koreya dili isə nəzakət səviyyələrinin qrammatik formalarla ifadə olunması, agqlutinativ quruluş və Avropa dilləri ilə oxşarlığının azlığı səbəbindən mürəkkəb sayılır.

Dillər arasında qeyri-adi hallardan biri də tabasaran dilidir. Dağıstanda danışılan bu dilin 48-ə qədər hal forması var. Bu, onu dünyanın ən zəngin hal sisteminə malik dillərindən birinə çevirir.

Ginnesin Rekordlar Kitabında tez-tez ən çətin dillərdən biri kimi qeyd olunur. Digər bir qeyri-adi dil isə Bask (Euskara) dilidir. Bu dilin heç bir başqa dillə əlaqəsi yoxdur. Onun erqativ cümlə quruluşu və mürəkkəb fel sistemi hətta təcrübəli dilçilər üçün belə çətinlik yaradır.

Macar və fin dilləri də çətin dillər sırasında göstərilir. Onların agqlutinativ qrammatikası, çoxsaylı hal formaları və sait harmoniyası qərb dilləri ilə müqayisədə tam fərqli dil məntiqi üzərində qurulub. Bu dilləri öyrənmək üçün də ciddi zehni hazırlıq və davamlı məşq tələb olunur.

Dil öyrənməkdə çətinlik fərdi qabiliyyətlərdən də asılıdır. Məsələn, türk dilli bir şəxs üçün rus dili, fel növləri və hal sistemi səbəbilə ərəb dilindən daha çətin ola bilər. Bu baxımdan “ən çətin dil” anlayışı hər kəs üçün eyni olmaya bilər.

Bununla belə, istənilən dili öyrənmək səbr, düzgün metod və motivasiya ilə mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar