Cin kürdə niyə qarğımışdı və qarğışdan sonra nələr oldu? - Bizim ellər
06 avqust 2022 19:48 (UTC +04:00)

Cin kürdə niyə qarğımışdı və qarğışdan sonra nələr oldu? - Bizim ellər

Hə, bu dəfə virtual səfərimiz Laçının kürdlər məhəlləsinədir.

Bir laçınlı kürdün qapısını açsan, səni mütləq bu cümlə ilə qarşılayacaq. “Nə ləyaxlı (layiqli, yaxşı)  qonağımız gəlib, könlümüzü şad elədin, gəlişinlə evimiz şennəndi (yəni şənləndi).

 Laçın camaatı şirin dili, sözü söhbəti ilə ilanı da yuvasından çıxardar. Bu gün sizə  bu bölgəmizdə məskunlaşmış, qışını aran kəndlərdə, yayını yaylaqlarda keçirən elatlarımız,  kürd ellərimiz barədə  danışacam. Kürdlər həddən artıq qonaqpərvər, qohumcanlı insanlardırlar. Bir kürd  düşdüyü toplumda mütləq şəkildə tək qalmaq istəməz, ellisini, obalısını da çəkib yanına gətirmək istəyər. Bir-birləri ilə yola getməyən iki kürd başqa millətlərin arasında  bir yumruğa dönür, ayrılmaz olur.

Bakıda uzun illər etdiyim qonşuluq nəticəsində (köçkünlüyün üzü qara olsun) onlardan bunu gördüm, bunu öyrəndim.

Yeniliklərə açıqdırlar, həvəslə öyrənir,  tez bir şəkildə özlərinə tətbiq edirlər. Kollektiv yaşamağa meyilli olmaları nəticəsindədir ki, onlar quraq bir səhrada belə yurd salsalar, o yerə təcili su yol, qaz  çəkdirir, rifaha nail olurlar.  Tək eyibleri özləri demiş pinti olmalarıdır. Evin içini gözəl bəzəyib-düzəsələr, çiçək kimi saxlasalar a, qapıdan o yana, küçə onları maraqlandırmaz.  Kürdlərin pintilik barədə maraqlı bir rəvayətləri də var. Deyilənə görə kürdlərin ulu babası bir dəfə cin tutub və onu dəhşətli dərəcədə i çox şlədib. Cinlə şərti olub ki, onu bir il sonra azad edəcək. Bir il qul kimi xidmət göstərmiş cin çıxıb gedəndə kürdə qarğıyıb. Deyib “görüm sizin nəslinizin balağı pattdağ (palçıq), dabanı çatdağ (çat) olsun, işiniz, gücünüz təmizləmək olsun, amma təmizlik tapmayın”.  Odur, budur kürdlər də  nə qədər çalışsalar da, təmizlik  yaranmır, keçiblər cinin qarğışına. 

Əslində bu bir zarafatdır. Kürdlərin təmizliyə çıxa bilməməsinin ( az öncə qeyd etdiyim kimi evləri  tərtəmiz, gül kimi olur), səbəbi əsas məşğuliyyətlərinin heyvandarlıq olmasıdır. Ölkəmizdə digər etnik qruplar kimi kürdlər də öz milli kimliyini qoruyaraq yaşamaqda davam edirlər. Kürdlər tarixən respublikamızın dağlıq ərazilərində məskunlaşaraq yaşayıblar. Bu da onların milli xüsusiyyətləri və mental dəyərləri ilə bağlıdır. Belə ki, kürdlər tarixən heyvandarlıqla məşğul olduqları üçün həmişə dağlıq əraziləri, heyvandarlıq üçün geniş örüşləri olan yerləri özlərinə məskən seçiblər. Kürd tayfaları ta qədimdən, əsasən cənub-qərbi İranda yaşayıblar.Hətta, Bakı şəhərinin ortasında belə, onlar  qoyunçuluqla məşğul olur, qoyun alıb-satır, kəsir, ət bazarını öz “monopoliyaları” altında saxlayırlar. Qoyunun  dırnağını belə çölə atmır, onun bütün əzalarından  faydalı istifadə edirlər. Yununu yuyub satr, bağırsaqlarını təmizləyib kolbasa sexlərinə verirlər. Başının ətini təmizləyib onu da xüsusi qaydada satırlar və buna dil əti deyirlər, dərisini xüsusi emala verirlər, peyinini bağçılıq təsərrüfatı olanlara satırlar. Hər kürdün evində mütləq ən az 15 dəst yorğan döşək olur. Onu səliqəylə yük yerinə yığır, ya cehiz verir, ya da ehtiyacı olanda satıb pula çevirir. Bir sözlə qoyun və keçi onlar  üçün bərəkətdir, and yeridir. Keçiyə bizin deyirlər və yalandan  və ya zarafatla and içmək lazım gələndə  bu bizin sözündən məharətlə istifadə edirlər. Məsələn "Quran haqqı  günah bizin deyil".

Kürdlərin çox maraqlı bir ifadəsi var, onu çoxları özünün həyat prinsipinə çevirə bilər, ən azından faydalı olar.
“Qurban olum o qana ki, üstündən bir gün ötüb”. Bu o deməkdir ki, ən böyük davaların, qalmaqalların  üstündən müəyyən zaman keçdikdən sonra, insan daha ayıq başla düşünə, daha düzgün qərarlar verə bilir. Üstündən bir gün keçmiş faciə artıq faciə kimi yox, aradan qaldırılması  vacib olan problem kimi görünür.

Müasir kürdlər, daha doğrusu gənc nəsil demək olar ki, öz ana dillərini unudublar, yaşlı nəsil az halda öz dillərindən istifadə edir.  Kürd dilində danışanlar qaraçı dilini yaxşı anlayırlar.  Kürd qanını qoruyub saxlamaq üçün əsasən öz aralarında evliliyə üstünlük verirlər.  "Kürd" sözünün qədim dillərdə mənası isə "pəhləvan", "mərd" deməkmiş.

Kirvəlik münasibətlərini yüksək səviyyədə saxlayırlar. Bir kürdlə kirvə oldunsa  bil ki, özünə yeni qardaş ailəsi tapmısan. Bu barədə bir atalar sözü də var. Kirvə kirvənin damının üstünə çıxmaz. Qəribə səslənir hə? Amma mənası var.  Köçəri həyat tərzi keçirən kürdlər öncələr torpaq qazmalarda yaşayırdılar. Bu qazmalar yerin altında olurdu, birisi qazmanın üstündən keçəndə otağın içinə torpaq tökülərdi. Kirvə kirvəni narahat etməmək üçün onun damının üstünə çıxmazmış ki, torpaq tökülüb, damı uçmasın. Kirvənin kirvədən qız alıb verməsi  günahdır, onlar artıq qan qohumu sayılırlar. 
Yas məclislərini bütün Azərbaycanın bildiyi qayda ilə edərlər, hərçənd radikal dindarlıqları olmaz. Bayramlarını çox şən, zövqlə tərtib edərlər. İlin axır çərşənbəsini çox təmətraqla keçirmək istəyirsinizsə kürd məhəlləsinə qonaq gedin, yandırılan lopaları, atılan torbalara  ağzınacan doldurulan növbənöv şirniyyatları, çərəzləri, Kosa oyunlarını ömrünüz boyu unutmayacaqsınız.  Bir kürd toyuna dəvət olunsanız, bilin ki, toyun tamadası əlinə mikrofon alıb bütün qonaqları bir-bir tərifləyəcək, sizə də növbə çatacaq.  

Kürdlər deyirlər ki, kürdlə dost olanın gərək darvazası gen ola. Yəni, qonaq çağıranda bil ki, 5 nəfər gözləyirdinsə 30-40 nəfərlə gələ bilərlər. Bunu dosta edilən lütf, ərk kimi başa düşürlər. Elə özün də istədiyin zaman  kürd dostunun qapısını ürəklə aça bilərsən. Süfrəyə şor pendir  qoymuş olsa belə, onu  o qədər  ürəklə, səmimiyyətlə təqdim edəcək ki, bal qaymaq dadacaq. Hərçənd bu qonaqlıq bir quzu kəsmədən bitməz. Kürdlə dost olun, kirvə olun ki, bir uzaq eldə, bir uzaq yurdda yurd yerin olsun, özünə ömürlük arxa-dayaq, qohum tapasız.

# 3450
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar