Azərbaycanda 1919-cu ildə dolların kursu belə idi
29 may 2022 05:24 (UTC +04:00)

Azərbaycanda 1919-cu ildə dolların kursu belə idi

Müstəqil dövlətin artibutlarından biri də puldur. Qısa müddətli mövcudluğu zamanı Azərbaycan Xalq Cümhuriyyəti spesifik pul siyasəti aparıb. 

Bəs cümhuriyyətin pulları hansılar idi, kurs neçə müəyyən olunurdu?

Lent.az xəbər verir ki, 1918-ci ildə Bakı Sovetinin hakimiyyəti dövründə pulla bağlı heç bir tənzimləmə yox idi. Bakı bonları deyilən pulun çap həcmi mətbəənin məhsuldarlığı ilə müəyyən edilirdi. Bu banknotların son buraxılışını 1918-ci ilin sentyabrında Azərbaycan hökuməti Bakıya yerləşdikdən sonra həyata keçirdi. Sentyabrın 22-dəki qərarla 40 Bakı bonu 1 Osmanlı lirəsinə bərabər idi. 
1919-cu ildə isə dövriyyəyə cümhuriyyətin öz pulu olan 25, 50, 100 və 250 manatlıqlar buraxıldı. Əskinasların üzərində yazılar Azərbaycan və rus dillərində idi.

Həmin ilin iyulunda valyutanın kursu belə idi:
1000 rubl (kerenka) - 1850 manat;
500 rubl (romanovka) -1600 manat;
100 rubl (romanovka) - 350 manat;
1 funt-sterlinq - 310-315 manat;
1 dollar- 250 manat;
1 Fransa frankı - 8-10 manat;
1 İtaliya lirəsi - 7 manat;
1 İran tüməni - 125-130 manat;
1 Osmanlı qızıl lirəsi – 390 manat;
1 rus qızıl rublu - 420 manat;
1 Nobel aksiyası -16500 manat

Mənbə: Azərbaycan tarixi 7 cilddə, V cild
 
1919-cu il avqustun 23-də Azərbaycan Dövlət Bankının yaradılması haqqında qanun qəbul olundu. Əliağa Həsənovun rəhbərlik etdiyi qurum 1 ay sonra fəaliyyətə başladı.

1920-ci ildə tədavülə buraxılan 500 manatlıq əskinasın üzərindəki yazılar isə Azərbaycan, rus və fransız dillərində idi. Görünür bu addıma Cümhuriyyətin Avropada de-fakto tanınması səbəb olub.

Hökumətlər milli valyutanın möhkəmləndirilməsi üçün tədbir görsə də, onu yeganə ödəniş vasitəsinə çevirmək mümkün olmadı. 1920-ci ilin əvvəlində Azərbaycanda Ümumrusiya kredit bileti və "kerenka"lar, Zaqafqaziya rublu və Bakı bonları tədavüldə idi.

Cümhuriyyət  28 aprel 1920-ci ildə süquta uğrasa da onun pul nişanları ilin sonunadək Azərbaycan Sovet Sosialist Respublikasında qanuni ödəniş vasitəsi oldu.

# 3705
avatar

Oxşar yazılar