Daim yaradıcılıq axtarışında olan əməkdar artist Mətanət İsgəndərli dünya azərbaycanlılarının həmrəylik gününə bir çox sürprizlər hazırlayıb. Lent.az-ın məlumatına görə, yeni mahnılar yazdıran müğənni eyni zamanda klassik musiqilərə də müraciət edib. “ Məni sevənlər üçün bir mahnı sürprizim var ki, hələlik bu barədə açıqlama vermək istəmirəm. İfa edəcəyim digər mahnının sözləri isə özümə məxsusdur. Bilirəm ki, bu, məni sevənlərin böyük marağına səbəb olacaq. Hit olan mahnılarımdan birinə klip çəkdirmək fikrindəyəm. Hələlik seçim edirəm”.
Əməkdar artist deyib ki, bu il də yeni ili səhnədə keçirəcək: “ Çalışacağam ki, yeni ildə saat 12-yə kimi evimdə ailəmlə bərabər olum, 12-dən sonra şou-proqramlarda çıxışlarım olacaq, yanvarın 1-də isə bayramı Azərbaycanın bölgələrindən birində qeyd edəcəm”.
M. İsgəndərli deyib ki, bu yaxınlarda pişiyi 11-ci mərtəbədən yıxılsa da, heç bir xəsarət almayıb. Lakin dünən əməkdar artistin qucağından yerə yıxılan pişik zədə alıb. Belə ki, onu rentgen müayinəsinə aparan müğənniyə bildirilib ki, sevimli pişiyinin ayağı sınıb.