İlkin Həsəni: “Qız oğlanın əlindən çıxdı, qaçıb məni öpdü ki, sən Namiq Qaraçuxurlusan...” - SÖHBƏT
08 sentyabr 2011 15:12 (UTC +04:00)

İlkin Həsəni: “Qız oğlanın əlindən çıxdı, qaçıb məni öpdü ki, sən Namiq Qaraçuxurlusan...” - SÖHBƏT

Küçədə onu görsəniz, ağlınıza gələn birinci adam yəqin ki, “20 şirvan”a palatka toylarına gedən estradamızın tanınmış “ulduz”u “Şəmi məllim” olar. Yaratdığı obraz az qala özündən də populyar olub. Sənətçinin də ən böyük istəyi bu olmamalıdırmı, sizcə? Uğurlu işlə hafizələrdə qalmaq. Şou-biznes sahəsində bir azacıq intellektə sahib şəxslərin gündüz şam işığında axtarıldığı bir vaxtda yetəri istedada sahib bu oğlan simasıyla hər kəsə tanışdır. Özünün də dediyi kimi, nə onu tanıyanların hesab etdiyi kimi Kamran Həsənlinin qohumudur, nə də Həsən Əblucun oğludur. Sadəcə, İlkin Həsənidir. Bir az da “Şəmi məllim”...

Girişdən də məlum olduğu kimi, Lent.az-ın “Görünməyən tərəf” layihəsinin ilk qonağı Azad Azərbaycan telekanalının məşhur siması, bir çox uğurlu layihələrin müəllifi, “Şəmi məllim” “korifey”inin yaradıcısı İlkin Həsənidir.

Xəbər diktoru İlkin Həsəni

...2001-in oktyabr ayı idi, təxminən 10 il bundan əvvəl. 106 FM radiosunda işləyirdim. Fəaliyyətə xəbərlər diktoru kimi başlamışdım. Radioda diktorluğum 7-8 aya yaxın davam etdi. Daha sonra məni “ATV”-nin “Çox maraqlı” verilişinə çağırdılar. Ekranda, ələlxüsus şouda özümü görmürdüm. O vaxt bir az qapalı, bir az utancaq idim. Bu sahədə özümü yeni hesab edirdim. “İstəmirəm” dedim, müdiriyyət dedi, ekranda olmalısan. Bir müddətdən sonra qəfil məni canlı yayıma “ATV maqazin”ə çıxardılar. Layihə yeni idi, qız aparıcılar tez-tez dəyişirdi. İdeya belə oldu ki, Azərbaycanda ilk dəfə olaraq, maqazin proqramını kişi aparsın.

“Axşam efirdə geyindiyim paltarla səhər dərsə gedirdim ki, hamı tanısın...”

...“ATV Maqazin”lə başlayıb, sonra populyarlaşdım. Təzə-təzə populyarlaşan vaxtlar axşam efirdə geyindiyim paltarla səhər dərsə gedirdim ki, hamı tanısın... Şəhəri gəzəndə görürdüm ki, yavaş-yavaş mən tərəfə barmaqlar uzanmağa başlayır, insanlar məni tanıdıqlarını hiss etdirirlər.

...““ATV Maqazin”i aparan oğlan” bir müddət sonra İlkin Həsəni kimi tanındı. Əvvəllər öz əhatəmdə olan qızlar üçün maraqlı idim. Seçilən tiplərdən idim. Məktəb illərində də, tələbəlik illərində də diqqətdə idim. Aparıcılıqdan əvvəl “bomba oğlan” idim.

... Bu vaxtlarda, məhz 13-14 yaşında qızların diqqətini çəkməyə başladım. 2004-cü ildə “Yeni Ulduz” layihəsi start götürəndən sonra həmin dövrdə teleməkanda partlayış oldu. Artıq ciddi mənada populyar idim. Müəyyən vaxtdan sonra yenidən canlı yayıma çıxdım.
“ATV maqazin”in təqdimatında həmişə öz sözlərim olub. Süjetin içində kadr arxasını redaktor yazıb. Stilistikam belə idi ki, tədbirdə baş verənləri məzəli tərzdə çatdırırdım. Çox hallarda müğənnilər məndən inciyib. Misal üçün, gənc müğənni Leyla Ramazanlı həmişə istəyirdi ki, onu tərifləyim. Brilliant Dadaşova yaş məsələsinə görə məndən möhkəm küsmüşdü. Onu “ömrünün əllinci yazımı, yoxsa payızımı, yadımda deyil, yaşayan sənətçi” kimi təqdim etmişdim. Xatirə İslam “bozbaş pictures”ə görə məndən incimişdi. Bir çox müğənnilər isə özləri xahiş etmişdi. Röya da arada bir incidi, barışdı, küsdü.
Rəhbərlik hətta çağırıb hansısa bir müğənnin yanında bizə istədiyi sözü deyib. Sonra da deyib ki, gedin davam edin, işinizlə məşğul olun...

“Atamın bir sözü kifayət etdi ki, gedib saçımı kəsdirim”

... Elə bir ailədə böyümüşəm ki, ilk tamaşaçım və tənqidçim ailəm olub. Başda atam olmaqla, gözümün qarşısına gəlib ki, onlar hər şeyə nəzarət edir. Təriflər anam tərəfdən gəlib, tənqid atamdan. Bir dəfə efir naminə saçımın arxasını uzatmışdım. Atamın bir sözü kifayət etdi ki, gedib saçımı kəsdirim. Və yaxud, “bu şalvar əyninə çox dardır. Bu köynəyin yaxası çox açıq idi”. Bu iradlar mənə simamı dəyişməyə imkan vermədi. Səhnə abır-həyası və etikası deyilən bir şey var. Mən həyanı hər şeydən üstün tutmuşam. Eşitməsəm belə, davranışıma, geyimimə görə, tamaşaçı məni ekranda söyə bilər.

“Bir xanım var idi, qapımın ağzına güllər səpmişdi...”

... Elə qızlar var ki, bəlkə də 4-5 ildir mənə yazır, əlaqə saxlayırlar. Bezdirməmək şərtilə hal-əhval soruşurlar. Söhbət düşəndə bu münasibətin sonunu soruşuram ki, necə olacaq? Deyirlər, sən mənim çox xoşuma gəlirsən, simpatiyam var, sadəcə hal-əhval tuturam, mənə səninlə görüş lazım deyil. Virtual aləmdə izləyirlər, harada olmağımdan xəbər tuturlar. Müəyyən insanlar var ki, virtual aləmdə belə həyat yaşayırlar: “Sən xoşbəxt ol, bu mənə yetər”. Söhbəti ilə diqqətimi çəkən qızlar da olub. Bir xanım var idi, münasibət əvvəldən simpatiya kimi başlamışdı, sonradan sevgiyə çevrildi. Qapımın ağzına güllər səpmişdi... Məni tənqidi ilə diqqətində saxlayan qızlar da olub. Mənə görə yoldaşı ilə mübahisə edənlər də olub.

“Bozbaş Pictures”

...“Bozbaş Pictures” öz layihəm idi. Sağ olsun müdiriyyət, etimad göstərdi, söz verdik , özümüzü doğrultduq.

...““Bozbaş Pictures” 2001-ci ildə “ATV Maqazin” proqramının sonunda klip şəklində efirə gedirdi. 2004-cü ildə qərara gəldik ki, dublyaj kimi yoxlayaq. Bir filmi dublyaj etdik. Gördük maraqlıdır. O vaxt da bozbaş müğənnilərin çoxluq təşkil etdiyi bir vaxtda istifadə etdik. 2006-ci ildən sonra ATV-nin korporativ tədbirləri üçün belə bir səhnəcik etdik, lakin bu efir üçün nəzərdə tutulmamışdı. Həmin səhnəciyi müdiriyyət bəyəndi və biz onu efirə verdik, o vaxt üçün çox böyük rezonans doğurdu.

...Bizdə iki siyahı var: pullu və ödənişsiz. Ödənişlilər arasında “Bozbaş pictures”de özünü görmək istəyən müğənnilərdən az-maz var.

...Bir dəfə “Bozbaş pictures”in anons çəkilişi idi. Bizi bir nəfərə tapşırmışdılar ki, kömək etsin. Bu dedi, neynirsiniz, nə çəkirsiniz? Dedik “Bozbaş pictures”... Gördük ki, adamın heç nədən xəbəri yoxdu. Axırda cavab verdik, reklam çəkilişidir. Soruşdu, nə vaxt, saat neçədə göstərəcəklər, dedik, xəbər edərik, baxarsınız, bizə bir yer verin paltarımızı dəyişək. Cəzaçəkmə müəssisəsinə idik. Biz geyinəndə kişi dedi, olar mən də otaqda qalım? Fikirləşdik, yəqin otaqda nəsə qiymətli əşya var. Biz də özümüzlə idman paltarını gətirmişik. İdman paltarını geyindim, üstündən sarı köynək. Həmkarım da çəhrayı köynəyi geyindi. Kişi bizə baxıb dedi, ola bilsin, mənim sahəm deyil, amma mənə elə gəlir, “sportivni” ilə köynək nəsə getmir ey... Gedəndən sonra deyiblər ki, day-day bunlar “Bozbaş pictures”dir.


...Bir dəfə də “Bozbaş Pictures”in Yol Polisi çəkilişləri idi. İndi çəkiliş bitib, Raminə (“Şöşü” obrazını qəhrəmanı) dedim neyniyək?! Başladıq yavaş-yavaş maşınları saxlamağa... Bizə baxırlar, gülmək tutur sürücüləri... Baxırlar ora-bura, görürlər kamera yoxdur. Bizdə deyirik ki, aksiya keçiririk, ən təhlükəsiz sürücüyə 20 manat mükafat veririk. Adamlar çaşıb qalıb. Bir-ikisi pulu götürmədi... Bir nəfər isə götürən kimi, Ramin düşdü üstünə ki, aha, sən rüşvət götürürsən... İndi, qardaş bizə yalvarır ki, sən Allah, imkan ver çıxım gedim!...

“Qız məni qucaqlayıb öpdü, Günay özünü güclə saxladı...”

... Gecə klublarından birindən çıxırdıq, dostum da maşını təzə almışdı. Yolu dönəndə “xamlığını” bildirdi. Yol polisi saxladı. Maşından düşüb yol polisinə yaxınlaşdım. “Bay-bay-bay, qardaş, nə var nə yox” – polis məni qucaqlayır. Gecə 4-ün yarısı olardı, yaşayış massivindəyik. İndi yol polisi ratsiyanı götürüb, kiminləsə danışır: “Telman, Şəmi məllim burdadı!!” Qışqırır əməlli-başlı. Mənə deyir, sizi bir şərtlə buraxıram: “Şəmi məllim kimi danışın”. Dostum da mənə baxır ki, sən Allah danış, çıxaq gedək. Bir-iki ağız “Şəmi müəllim” oldum, yol polisi bizi buraxdı, sağ olsun.

...2004-cü ildir, “Yeni Ulduz”un çəkilişləri gedir. Mənəm, bir də aparıcımız Günay Firudinqızıdır. Mikrofonlar taxılıb. Hazırlıq gedir, qarşıdan gələn qızla oğlan diqqətimizi çəkdi. Bir də gördüm, qız oğlanın əlindən dartınıb çıxdı və bizə tərəf qaçdı. Yaxınlaşıb “Namiq Qaraçuxurlu!!!” qışqırdı. Mən də qeyri-iradi arxaya baxdım. Dedim, bəlkə Namiq arxadadır... Bu qız məni qucaqlayıb öpdü. İndi operator gülməkdən ölüb, Günay da özünü gülməkdən güclə saxlayıb... “Aygün xanım necədir?”... Mən də dedim, yaxşıdır sağ olun. “Məndən salam çatdırın! Mən sizin fanatınızam”! Qucaqladı öpdü, oğlan da əl elədi, qoşulub getdilər.

“Aparıcı olduğuma peşman olmuşam”

...Elə bir məkan olub ki, aparıcı olduğum üçün sərbəst hərəkət edə bilməmişəm. bu mənada aparıcı olduğuma peşman olmuşam. Bu sahədə Murad Arif, Murad Dadaşov, İlham Qasımovu bəyənirəm. Çox vaxt deyirlər kimsə ağıllı bir sözlə cəlb edə bilər. Bu sahədə tanınan 10 nəfər varsa, deməli 10-u da ayrı yollar seçib ki, tanınır.

10 ildə qazanmışam, itirməmişəm. Çox şeyə nail olmuşam.

“İlkin alfonsdur”

...İki il əvvəl dedilər ki, bir qız İlkinə maşın alıb, İlkin alfonsdur. Yalandır. Olub, mənə hədiyyələr də veriblər. Bir xanım ad günümdə gizli hədiyyə almışdı. Mən Kamran Həsənlinin qohumu kimi də tanıyıblar. Ərdəbilliyik, xan nəslindənəm. Bir də Həsən Əblucun oğlu kimi tanıyırlar. Bu da yalandır.

Bu da onun kiçik etirafları...

...Qısa vaxtda yüksəlib, sonra da düşən adamları gördüm. Məni efirdən əvvəl tanıyan dostlarım oturub söhbət edəndə deyirlər, yadındadır, sən necə sakit oğlan idin...

...“Anam “Şəmi”yə baxanda deyir, ola bilməz bu İlkin ola...”

... Efir, tədbir, konsert toylar istər-istəməz xasiyyətimdə dəyişiklik yaradıb.


...Şəxsi həyatda bir xanımla münasibətim var, davam edir.

...İntriqam olduğu müğənni yoxdur. Bəyənmədiyim var, amma haradasa görüb acılamıram və ya propaqanda aparmıram.

....Müdiriyyət heç vaxt hansısa bir müğənninin sözü ilə bizə heç nə demir. Əşi, yola ver getsin deyə bilər.

...Televiziyadan əlavə başqa işim də var. Restoran-klub biznesi ilə məşğuluq. Televiziya mənim üçün müəyyən bir zamana kimidir. Ola bilsin, müəyyən bir vaxtdan sonra gördüyüm işləri kənara qoyub, film çəkilişi ilə məşğul oldum. Serialda və aktyorluqda da özümü sınaya bilərəm. Aparıcılıq müəyyən zamandan sonra olmaya bilər.

... Ekranda əl-qolla danışmağımı bəyənmirlər. 9-10 ilə yaxın orta məktəbdə rus dilində təhsil almışam, tələffüzümdə bir az qüsurlar var...

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6029

Oxşar yazılar