“Şeron” Elnur: “Yəqin, ilin axırına toy olar” - MÜSAHİBƏ
12 mart 2011 19:24 (UTC +04:00)

“Şeron” Elnur: “Yəqin, ilin axırına toy olar” - MÜSAHİBƏ

“Şeron” qrupunun keçmiş solisti Elnur Məmmədovun Lent.az-a müsahibəsi


- Elnur, mətbuatla az ünsiyyətdə olursunuz, jurnalistlərdən niyə qaçırsınız?


- Yox, qaçmıram. Əstağfirullah, niyə qaçım ki? Şəxsi həyatla bağlı suallardan qaçıram. Kişinin şəxsi həyatı özünə aid olmalıdır. Sənətçiyəm, çox istəyərdim jurnalistlərin ünvanladıqları suallar işlərimlə bağlı olsun.


- Buna baxmayaraq, şəxsi həyatınızla bağlı şayiələr yarada biləcək bəzi məqamları da mətbuatda nümayiş etdirməkdən çəkinmirsiniz...

- O əvvəllər idi. İndi yox.


- Elə bu yaxınlarda model Günay Musayeva ilə aranızda şayiələr yarandı, internet saytlarda xəbərlər çıxdı. Sizcə nəyə görə belə oldu?

- Biz eyni sənətin insanlarıyıq. Biz indi oturub söhbət edirik. Kənardan biri baxıb başqa cür qiymətləndirsə, sizə necə təsir edə bilər?


- Bu diktofonu görmə iqtidarında olmayan adamın sözü mənə təsir edə bilər?

- ... (Gülür) Mən istəyirəm ki, hər şey doğru-dürüst yazılsın.


- Üstəlik bu yaxınlarda gəlin və bəy geyimlərində jurnallardan birinin üz qabığına şəkil çəkdirdiniz. Şayiələri alovlandırdınız.

- Yox əksinə, biz bununla demək istədik ki, dostuq, incəsənət insanlarıyıq.


- Siz müğənnisiniz. Mahnını özünüz üçün oxumursunuz ki? Geniş kütləyə xitab edirsiniz. Eləcə də kütlənin marağı və sizin onlara hesabat verməyiniz normaldır.

- Aydındır, anlayıram. Amma insanların özlərinə xas olan xüsusiyyətləri var. Mən bilirəm, siz nəyi xoşlamırsınız və ünsiyyətdə problemə yol açacaq o məqama yol vermərəm. Eləcə də mənim bəyənmədiklərim. Bu da mənim xasiyyətimdir. Reklam, hər şeyi açıq-aydın nümayiş etdirmək mənlik deyil. Bu o demək deyil ki, normal həyat yaşamıram. Normal da yaşayıram, kefim istədiyi şəxsi həyatı da yaşayıram. Həyatımda hər bir şeyi görmüşəm.


- Eşitdiyimə görə müəlliminiz Vaqif Gərayzadə sizə tövsiyə edib ki, mümkün qədər mətbuatdan uzaq olasınız. Siz məhz bu məsləhətə əməl edirsiniz.

- Müəllimim yönəldib öyrətsə də, bu, şəxsi fikrimdir. Açıq-saçıqlığı heç bir kişiyə də yaraşdırmıram.

- Normal kişidən hansı tip qadınla evlənmək istədiyini soruşmaq olar da, yəqin?

- Azərbaycan xanımı ilə. Azərbaycan xanımı deyəndə - ailəsinə sadiq olan, ailəsinə baxan, həyat yoldaşının sözünə əməl edən xanımla ailə qurmaq istəyərdim.

- Mən də onu əlavə edim ki, sizin sadaladığınız xarakterli xanımlar da müğənni ilə ailə qurmaq arzusunda deyil.

- Mən elə deməzdim. O kişidən də çox şey asılıdır. Heç bir xanım həyat yoldaşı ilə olan münasibətini aşkar etməz. Kişinin xanımı başının tacı olmalıdır. Kişinin çöldə nə etdiyi niyə hamıya məlum olmalıdır ki, evdə də söz-söhbət olsun. Hər şey kişidən asılıdır.

- Bizim şou-biznesdə kişilər sənətlərinə görə problem yaşayıb boşanırlar.
Gələcəkdə narazılıq görsəniz, ailəni qorumaq naminə güzəştə gedərsiniz?


- Mənim bir fikrim var. Ailə qururamsa, birdəfəlik olmalıdır. O ailəni hərtərəfli qorumalıyam. Ailədə narazılıq baş versə də, qarşısını almalıyam. Ailə əbədi olmalıdır.

- İnsanlar evlənəndə bir-birlərinə çox şey vəd edir. Lakin qovuşanda müəyyən mənada maraq itir. Hər iki tərəf o vədə əməl etməyə də bilər.

- Kişi tərəf kimi deyirəm ki, kişi nə vəd veribsə, etməlidir.

- Siz el şənliklərində, tədbirlərdə olursunuz. Hər şəraitə dözə biləcəyini düşünən xanım sabah yanıldığını anlaya və şikayətlənə də bilər.

- Ona görə də deyirəm ki, bu elə bir xanım olmalıdır ki, dözsün. Mən ailə qururamsa, deməli artıq evlilik üçün hazıram.

- Ailə qurmaq üçün hətta gecikmiş sayılırsınız. Evlənməyə nə mane olur?

- Hər şeyə özüm nail olmuşam. Valideynlərim də bu uğurlarıma sevinir. Mən də istəyirəm ki, ailə qurub ayrı qalım, ata evində yaşamayım. İstəyirəm, özümə ev alıb evlənim.

- Bəs qazındıqlarınızı hara xərcləyirsiniz?

- Hamı elə düşünür ki, biz milyonçuyuq. Biz çox yerdən qazanmırıq, adi el şənliklərindən qazanırıq. Onlar da azalıb, nə albom, nə konsertlərdən pul qazanırıq. Qazandıqlarımız da geyim-kecimdə. Bir mahnının aranjemanı, sözü, musiqisi bilirsiniz neçəyə başa gəlir? Bir kostyumu uzağı dörd-beş dəfə geyinirik. Kostyuma da dörd-beş min manat veririk.

- Bu nədir, kompleksdir? Əgər artıq məşhursunuzsa, o qiyməti üzərində daşımadan da tamaşaçı diqqətində ola bilərsiniz.

- Yox, kompleks deyil. İnanın, elə geyim var ki, 500 manatlıqdır. Sözüm odur ki, çətinliklər çoxdur. Yəni evlilik üçün hələ o dərəcədə hazır deyiləm. Düşüncəmdə hazıram. Yəqin ilin axırına toy olar.

- Deməli konkret hədəf var...

- (Gülür) Biləcəksiniz inşallah! Azərbaycanda nə baş verirsə, mətbuat bilir. Ailə qurmağı gizlətmək olmaz.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1698

Oxşar yazılar