Elvis Presli - rok-n-roll səltənətinin kralı - ARAŞDIRMA –
06 mart 2011 12:30 (UTC +04:00)

Elvis Presli - rok-n-roll səltənətinin kralı - ARAŞDIRMA –

(“Rok-n-Roll” haqda hekayələr)

Beşinci söhbət


Elvis Aron Presli rok dünyasının ilk superulduzu və Hollivudun çiçəklənmə dövründə musiqi aləminin az qala ilahiləşdirilmiş simalarıyla müqayisəyə gələ biləcək yeganə nümayəndəsi idi. Kino üçün Klark Geybl nə idisə, rok üçün Elvis Presli də eyni şey idi. Onların hər ikisi populyarlığın Olimpində özünə bir taxt qurmuş, başına tac qoymuşdu və özlərini elə aparırdılar ki, sanki bu mərtəbəyə yüksələcəklərini lap çoxdan bilirdilər...
Klark Geybl - kinonun, Elvis Presli - rokun seks simvolu idi. Əsl seks simvol isə hər iki cinsin pərəstiş obyekti olur. Onu həm kişilər, həm qadınlar sevir. Bu sevginin məzmununda böyük fərq olsa da, mahiyyətcə sevgi elə sevgidir.
Qadınlar Elvisdən ekstaza gəlir, kişilərsə onun simasında təqlid obyekti tapırdılar. Amma hər iki cins Elvisin böyüklüyünü qeyd-şərtsiz qəbul edirdi...


* * *


Yaxşı yadımdadır: Təxminən iyirmi il öncə “BBC” jurnalistlərindən ibarət bir qrup “rok kralı” Elvis Preslinin gündəlik qida rasionunu araşdırırdılar. Bir xeyli sürən tədqiqatlar nəticəsində çox dəhşətli faktlar meydana çıxmışdı. Sən demə “rok kralı”nın yeməyi də orta əsrlərin qarınqulu krallarına layiq imiş - sutkada 100 min kalori!
Diqqətinizə çatdırım ki, hələ sovet dövrünün normativlərinə görə, məktəbli bir gündə 2800, idmançı və əsgərlər 4000, tayqada ov edən ovçular 10000 kalori qəbul etməliydilər. Orta ölçülü Hindistan fili isə 50000 kaloriylə kifayətlənir...

Heç bilmirəm bu xoşagəlməz faktı sizə niyə söylədim. Amma ilk dəfə bu barədə oxuyanda o qədər dəhşətə gəlmişdim ki, heç təsvir eləyəsi deyil. Fikirləşdim ki, nə vaxtsa Elvis Preslinin həyatından söz açası olsam, söhbətimə mütləq bu faktdan başlayacağam. Məncə bu fakt onun qəribə həyatının, acı taleyinin bir çox məqamlarını aydınlaşdıra bilər.

Uzun müddət ehtiyac ucbatından ac qalmış, ya da ağır pəhriz proqramlarıyla yaşamış adamlar bunu daha yaxşı anlayarlar: belə iştaha əsasən uşaqlıqda qarın dolusu yemək görməmiş insanlarda olur. Əllərinə fürsət düşən kimi, indiyədək qaçırdıqlarının əvəzini artıqlamasıyla çıxmağa çalışırlar....

Həqiqətən də Presli ailəsi Missisipi ştatının Tupelo şəhərində zəncilərin məskunlaşdığı kasıb məhəllələrində yaşayanlar arasında ən yoxsulu idi. Təsəvvür edin ki, belə ağdərililəri zəncilərin özü “white trash” (“ağ zibil”) adlandırırdı... Görün bineyi-qədimdən bu ailənin vəziyyəti necə olub ki, Elvisin nənəsi Anni jurnalistlərlə söhbətində müharibədən sonra ailənin yalnız kartof və göyərtilə kifayətləndiyini danışırmış. Ət isə çox nadir hallarda nəsibləri olurmuş - o da yalnız qonşu meşələrdə uğurlu ov edərək opossum, dələ-zad vuranda. Dərisini soyub içalatını təmizlədikləri dələni unlayıb qaynar bitki yağında qızardırmışlar və həmin gün çoxsaylı Presli ailənin bütün üzvləri üçün əsl bayrama çevrilirmiş...

İndi özünüz fikirləşin: əl içi boyda heyvanı yağda qızartsan, nə boyda qalar...


* * *

Elvis Presli 1935-ci il, yanvarın 8-də həmin o Tupelo şəhərində dünyaya gəlib. İqtisadi vəziyyət baxımından demək olar ki, oğlan bu işıqlı dünyaya çox əlverişsiz zamanda, çox əlverişsiz yerdə qədəm basmışdı. Çox illər sonra o özü belə deyəcəkdi: "Biz, necə deyərlər, yaxşı yerdə yaşamırdıq. Amma onda Tupeloda yaxşı yer ümumiyyətlə yox idi. Yemək sarıdan qıtlıq çəkirdik. Deməzdim ki, acından ölmək dərəcəsindəydik, amma buna bənzər bir şey idi..."

Ailə yaxşı həyat axtarışlarında Tennesi ştatının Memfis şəhərinə köçür. Amma orada da rahatlıq tapa bilmir. Daimi işsizlik, aclıq, xəstəlik qorxusu güvənli bir həyat qurmalarına imkan vermir... Amma Elvis üçün Memfis artıq yaxşı yer sayıla bilərdi. Əgər rok-n-rollun “ağlar üçün təzədən işlənmiş zənci ritm-ənd-blüzu” olduğunu qəbul etsək, bu şəhər həmin iki elementin ən çox təmasda olduğu bir nöqtə idi. Memfisdə güclü musiqi duyumu olan bir yeniyetmənin qulaqları ən “tərbiyəsiz” blüzdan tutmuş, ən qaba “kəndçi balladası”na qədər, hər şey eşidirdi. Elvisin isə musiqi duyumunun incəliyinə kimsə şübhə edə bilməzdi. Oğlan diqqətlə qulaq asır, eşitdiyi hər şeyi içinə hopdururdu. Və bu artıq onun üçün bir problemə çevrilməyə başlamışdı: Elvis o qədər bir-birinə zidd üslublarda oxuya bilirdi ki, az qala musiqi parodiyasıyla məşğul olan birisi kimi şöhrət tapacaqdı. Odur ki, ilk prodüsseri Sem Fillips Elvisin özünün üslubu olduğunu anlayana kimi, xeyli vaxt keçdi...

Deyirlər ki, çox adamayovuşmaz uşaqlığı olub. Bəlkə də davranışındakı bu cəhət qardaşı Cessinin (onlar əkiz idilər) doğuş zamanı ölməsiylə, təkliyini təhtəlşüur olaraq elə ilk saniyədən duymasıyla əlaqədardır. Əkiz övladlarından birini itirməsi anasının Elvisə, Elvisinsə anasına qədərsiz məhəbbətini də müəyyən mənada izah edir.

Oğlan hələ yeniyetmə çağlarından qəribə geyim tərziylə, rəng duyumuyla fərqlənirdi: qara və şux çəhrayı rəngləri sevir, saçını yağlayıb ona görünməmiş bir düzən verərək arxaya darayır, yekə bakenbard saxlayırdı...

Onun həmkarı və müasiri Karl Perkins xatırlayır ki, Elvis öz görkəmi və geyim tərziylə ətrafındakıların gülüş hədəfinə çevrilirdi: “Adamlar ona gülür, “ana uşağı” adlandırırdılar. Həmin günlər Elvis üçün ağır keçirdi”. Amma, o özü də fərqinə varmadan, elə bir imicin təməlini qoymuşdu ki, tezliklə bütün dünyanın gəncləri həmin imici ciddi-cəhdlə təqlid etməyə girişəcəkdilər...

Oxumağa kilsədə başlamışdı. İlhamlı kilsə vaizlərinin səsini ucaldaraq, möminləri ibadətin ekstazına çatdırması onun xoşuna gəlirdi. Elvis bütün gördüklərini öz içindən keçirir, bir filtr kimi vücuduna çəkirdi.

18 yaşında yük maşınının sürücüsü olan bu cavan artıq özünün əsas obrazına demək olar ki, hazır idi. Onun taleyində katalizator rolunu oynayan bir nəfərlə görüşü dövrün reklam maşınında hazırlanmış növbəti yalan kimi də görünə bilər. Amma o görüş adi yalan deyil, tam həqiqət idi.

Günlərin birində Elvis çox sevdiyi anasına ad günündə öz valını bağışlamaq istəyir. Valda iki mahnı olacağını nəzərdə tutubmuş. Memfisdəki kiçik səsyazma studiyasına da elə bu məqsədlə gəlir. Özünü birtəhər yığışdırıb qapını itələyir, qapı açılanda, bir də görür ki, katibəylə üz-üzə durub. İstəyini dilinə gətirir, katibə şefinə zəng çalır və bir neçə dəqiqədən sonra Elvis artıq Sem Fillipslə studiyanın ifa otağındaydılar...

Fillips elə ilk təmasdan hiss edir ki, bu oğlanın səsində nəsə var. Onun diqqətini çəkən cavan oğlanın səsində duyduğu zənci çalarları idi. Amma nə qədər çalışsa da, maqnitofon lentində həmin çaları tapa bilmir.

O, Preslini müxtəlif janrlarda sınayır və o vaxt artıq parodiya ustası sayıla biləcək qədər təqlid məharətinə malik, zəhmət çəkməyə alışıq bir cavan olan Elvis də istənilən üslubun öhdəsindən uğurla gəlir...

Elvisin fitri talantının kəşfi məhz elə o vaxtların bir çox filmlərdə göstərilən kimidir. Adamın bu növbəti “Göyçək Fatma” nağılına heç inanmağı gəlmir, amma həmin hadisə, o taleyüklü görüş həqiqətən elə təsvir olunduğu kimi baş verib.

Fillips onun yaxasından əl çəkmək fikrində deyildi, sınaqlarını davam etdirirdi və nəhayət ki, oğlanı sırf zənci blüzündə yoxlamaq istəyir...

Onlar artıq neçə saat idi ki, studiyadan çıxmırdılar, amma Fillips istədiyini tapa bilmirdi ki, bilmirdi. Lap axırda əldən düşüb fasilə elan edir. Studiyanın musiqiçiləri dincəlməyə otururlar, Elvis isə Semin otaqdan çıxdığını, səsyazma təchizatının, mikrofonların söndürüldüyünü görən kimi, gitarasını əlinə götürüb bayaqkı mahnılardan birini – “Thats All Right” (“Hər şey qaydasındadır”) oxumağa başlayır. Elə şövqlə oxuyur ki, Fillipsin musiqiçiləri də ona qoşulurlar. Və o an eşitdiyi ecazkar səsin sehrinə düşən proddüsser də öz otağından tələsik studiyaya qayıdır, həmin mahnının indicə eşitdiyi variantını bir də ifa etmələrinə nail olur. Elə həmin variant da lentə alınır...

İndi adam fikirləşir: Elvisin blüzə məhəbbəti axı çoxdan bəlli idi. Bəs nədən studiyadakı sınaqlarına məhz elə blüzdən başlamamışdı? Bu sualın cavabını Presli özü neçə il sonra, bir müsahibəsində verib: “Həmişə məni blüzu çox sevməkdə qınayırdılar. Ona görə blüzdən qaçırdım. Amma Memfisdə blüz ruhun musiqisi sayılırdı. Əslində isə, o vaxtlar mənim üçün nə oxumağın o qədər də fərqi yox idi...”

İrqçiliyi ilə seçilən cənubda ağdərili bir oğlanın zənci blüzu ifa etməsi yolverilməz idi. Fillips də bunu yaxşı bildiyindən həmin axşam Elvisin bir dənə də “normal” mahnısını lentə alır – “Blue Monn Of Kentucky” (“Kentukkinin Mavi Ay”).

Və sonra fantastik bir şey baş verir. Fillips lentləri yerli radiostansiyalara aparır. Blüza zəncilərin radiostansiyasında qulaq asanlar maraqlanırlar ki, bizim musiqini oxuyan bu ağdərili kimdir görəsən? İkinci mahnını dinləyən ağlar isə onu qaradərili bir müğənninin ifa etdiyini düşünürlər. Onlardan biri Fillipsə hələ sual da verir: “Bir zəncinin bizim musiqimizə burun soxmasıyla necə barışırsınız?!”

Nə başınızı ağrıdım, Elvisin ilk blüzu efirdən səslənir, populyarlaşır. Onun birinci valını almağa başlayırlar və az sonra “Phillips Sun Records” ilk yerli hiti hazırlayan studiya kimi ad çıxarır. Elvisin adı isə bütün Cənubda tanınmağa başlayır...

Radioda ən məşhur “Grand Ole Opry” şousu onu sınaq dinləməsinə dəvət edir, amma səsindəki zənci çalarından məmnun qalmayaraq rədd eləyir. Lakin digər populyar şou “Louisiana Hayride” Presli ilə birillik kontrakt imzalayır. Elvis bütün Cənubu dolaşıb Hilbilli Cat (Kənd Pişiyi) təxəllüsüylə konsertlər verməyə başlayır...

Onun ilk irimiqyaslı konserti 1954-cü ilin avqustunda Memfisin “Overton Park Shell Auditorium” zalında baş tutur.

Özü həmin konserti belə xatırlayır: “Mən konsertdə ilk valımdan olan sürətli bir şey ifa edirdim, zalda isə qışqırıq, qiyamət vardı... Sonra səhnə arxasına keçdim, orda kimsə mənə dedi ki, yançaqlarımı yaman bərk burcuduram - camaat da ona görə dəli olub çığırır...”

Az sonra, Elvis Presli özü də anladı ki, zaldakı səs-küy onun erotik hərəkətlərinin intensivliyilə birbaşa bağlıdır. Belə açıq-saçıq hərəkətlərə nə qədər çox yol verirdisə, tamaşaçılar bir o qədər ekstaza girirdilər. Və həmin gündən səsindən çox, hərəkətlərinə önəm verməyə başladı...

Hə, bu minvalla Elvisin həyatında elə bir zaman yetişdi ki, bir qarnı ac keçirdiyi uşaqlıq illərinin acısını artıq özünə unutdura bilərdi. Oğlanın çoxdan kökəlmiş anası öz balasına zırpı, yağı daman kotletlər, yekə sendviçlər hazırlamaqdan əsl zövq alırdı...

...Bir az pullanan kimi, bu “ana uşağı” “Qreyslənd” malikanəsini aldı (indi orda Elvis Presli muzeyi yerləşir), özünə məxsusi aşpaz da tutdu. Yeri gəlmişkən, o aşpaz qadın indi də həmin malikanədə, Elvisin şəxsən bağışladığı iki otağında yaşayır. Qadın onun içində kotlet olan yekə kökələri, qat-qat sendviçləri necə sevdiyindən bütün qəzetçilərə məmnuniyyətlə söhbət açır...

Ötən söhbətlərimdən birində sizə Elvis Preslinin şöhrətin zirvəsinə qalxdığı zaman əsgərliyə aparılmasından danışmışdım. O həqiqətən artıq böyük ulduz ikən əsgərlik həyatı da yaşadı - Qərbi Almaniyadakı Amerika qoşunlarının tərkibində. Orada, təbii ki, kefi istəyən şeyləri yemək mümkün olmurdu. Çünki orduda hər şey nizamnaməyə uyğun tənzimlənir. Tank atıcısı ixtisasına yiyələnən Elvis üçün əsgərlik vaxtı ən çətin şey də xörəyini çəngəl-bıçaqla yemək idi. Əsgərlik yoldaşları danışırdılar ki, o da Mark Tvenin qəhrəmanları kimi, yeməyi ağzına əlləriylə təpirmiş...

Elvisin qarınqululuğundan uzun-uzadı danışmaq olar. Amma gəlin onun yaradıcılığına qayıdaq. Sem Fillips bu ulduzu kəşf edən ilk prodüssür olsa da, Preslini ölkə miqyasına çıxarmağa vəsaiti yox idi. Yeri gəlmişkən, bir neçə kəlmə də ondan danışaq. İstedadlar aşkarlamağa xüsusi qabiliyyəti olan Fillips indi Alan Fridlə yanaşı rokun xaç atası sayılır. Təkcə bunu qeyd etsək kifayətdir ki, o Elvisdən başqa Cerri Li Lüis, Conni Keş, Karl Perkins, Roy Robinson kimi meqaulduzlara da ilk həyat vəsiqəsi verib, böyük sənətə yola salıb. Və onların heç biri sonadək Sem Fillipslə qalmayıb. O, kəşf etdiyi ulduzları az sonra imkanlı insanlara satır, imkanlı insanlar da bu musiqiçilərdən superulduzlar düzəldirdilər. Dahi prodüsser istəsəydi onun studiyasından keçən istedadlı cavanlardan milyonlar qazana bilərdi. Amma bu barədə heç düşünmür, daimi istedad axtarışlarını yorulmadan davam etdirirdi. Bir dəfə Cerri Li Lüis onun barəsində belə demişdi: “Sem anormaldır... Kaş onun bir az sağlam məntiqi olaydı...”

Beləliklə, Elvisə də əyalətdən çıxmaq üçün menecer lazım idi. Belə bir menecer polkovnik Tom Parker oldu. Onun köməyilə Presli bir neçə aya superulduza çevrildi. Şübhəsiz ki, Parker gözəl bir biznesmen idi, amma özü etiraf edirdi ki, “əslində gözəl olan onun satdığı məhsul idi...”

Hollivud prodüsserləri arasında öz koloriti ilə seçilən Sem Qoldvin isə belə deyirdi: “Prodüsserlər ulduz düzəltmir. Ulduzları Tanrı yaradır və sonra tamaşaçılar Tanrının yaratdığı ulduzu prodüsserlərin vasitəçililə qəbul edirlər”.

Bu fikirdə böyük həqiqət var. Parker Elvislə tanış olanda onun artıq imici də vardı, ifa üslubu da. Prodüsserə ancaq sərfəli müqavilələr bağlamaq qalırdı...

Həmin andan etibarən Elvis kütlənin pərəstiş obyektinə çevrildi. Ceksonvill şəhərindəki konsertdə qızlar az qaldı onu səhnədən dartıb yerə salalar. Onun ayaqqabısını çıxardılar, pencəyini tikə-tikə etdilər, şalvarının bir qıçını qoparıb təbərrük kimi özləriylə apardılar...

İlk konsertlərinin birində onunla eyni səhnədə çıxış edən və o vaxt artıq böyük ulduz sayılan Pat Bun həmin konsertdən iyirmi il sonra “Rollinq Stone” jurnalına müsahibəsində belə bir etiraf edirdi: “İlk dəfə onunla Klivlend konsertində rastlaşdıq. Mənim çıxışım həmin konsertdə əsas idi. Yəni Elvis səhnəyə məndən qabaq çıxdı... O vaxtdan bəri Elvisdən sonra oxumağı birdəfəlik tərgitdim. Yaxşı ki, onda repertuarımda tanınmış bir hit vardı. Məni elə bu xilas elədi. Yoxsa, lap məhv olardım...”

* * *

Nə başınızı ağrıdım, həmin vaxtdan etibarən artıq Elvisin qarşısını kəsmək mümkün deyildi, baxmayaraq ki, valideynlər, kilsə xadimləri, hakimiyyət dairələri, tənqidçilər, köhnə ulduzlar və mass-media şefləri ona dərin, patoloji bir nifrət bəsləyirdilər. Onlar müğənninin dalınca danışır, kütləvi aksiyalar keçirib müqəvvalarını, vallarını, müsahibələri çıxan qəzetləri yandırırdılar - amma yolunu kəsə bilmirdilər ki, bilmirdilər.
Elvisə qarşı mübarizə aparanlar mənasız işlə məşğul idilər - çünki onun qarşısını kəsmək elə Rokun qarşısını kəsmək kimi mümkünsüz idi...

Ardı var...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1960

Oxşar yazılar