Stilist: “Brilliant Dadaşova çox zövqsüzdüır” - MÜSAHİBƏ
12 mart 2010 17:00 (UTC +04:00)

Stilist: “Brilliant Dadaşova çox zövqsüzdüır” - MÜSAHİBƏ

“Yeganə bəyəndiyim müğənni Nuradır”

Lent.az-ın müsahibi tanınmış stilist Samir Əliyevdir.


- Artıq yaz gəlir. Bu ilin yaz-yay mövsümündə hansı geyimlər, rənglər, saç düzümləri və makiyaj növləri dəbdə olacaq?


- Bu il yenə qısa, kare saç düzümləri gündəmdədir. Makiyajda isə təbii rənglər dəbdədir. Yaşıl, narıncı, parlaq göz kölgələri aktualdır. Geyimə gəldikdə isə bu ilin dəbi qısa yubkalar və güllü parçalardır. Ən çox ağ, narıncı, çəhrayı rənglər dəbdədir. Bütün qadınlara məsləhət görərdim ki, daha çox üzərində gül şəkli olan geyimlərdən istifadə etsinlər. Bu, kök xanımlara da şamil edilir. Çünki bu cür rənglərdir diqqət çəkir. Əgər kök xanım güllü paltar geyinsə, diqqət mərkəzində ancaq o geyim olacaq, köklük, başqa eyiblər nəzərə çarpmayacaq.

- Amma həmişə deyirlər ki, kök xanımlar qara rəngli paltarlar geyinməlidirlər ki, bir az arıq görünsünlər.

- Əksinə. Əgər qara geyinirsənsə, camaat daha çox başa düşür ki, sən hansısa eybini gizlətmək üçün bunu geyinmisən. Əslində bu il qara heç də dəbdə deyil.

- Bəs deyirlər bu il qara və ağ rənglər çox dəbdədir?

- Keçən il Maykl Cekson dünyasını dəyişdiyinə görə bütün dünya stilistləri, dizaynerləri bu pop ulduzun stilinə yönəlmişdi. Həm də bu bir piar idi. Sanki onun ölümünə yas saxlayırmışlar kimi çoxu qara geyinirdi. Qara rəng insanı qapalı saxlayır, əhval-ruhiyyəsini pozur, özünə əminlik təlqin etmir. Qara rəngi həmişə problemi olan insanlar geyinir. Maykl Cekson özü nə qədər xoşbəxt idisə, bir o qədər də bədbəxt insan idi. Onun həyatında çoxlu qara məqam vardı. Qaranlıq otağa qapanıb saatlarla orda otururdu. Ona görə qara rəngi sevirdi. Ağ rəng onun fanatları, uğuru, qara isə problemləri demək idi. Qeyd edim ki, bu il ekologiya ili olduğuna görə dizaynerlər gül, çiçək əksi olan geyimlərə üstünlük verirlər. Hətta təbii güldən aksesuar kimi istifadə etmək də aktualdır. Yayda paltarlarda, ayaqqabılarda, “vyetnamkalarda” gül elementləri olacaq. Bu o deməkdir ki, artıq dünya insanları sülhə səsləyir.

- Bu dəbin hansısa elementlərini üzdə olan qadınlarda hiss edə bilirsiniz?

- Əlbəttə gərək bu məlumat verilməlidir ki, insanlar da dəbi qəbul etsinlər. Nədənsə Azərbaycanda dəbi gec qəbul edirlər. Artıq yeniləri yarananda bizdə hələ 2 il öncənin dəbi meydana çıxır. Düzdür, hərənin öz zövqü var. Hərə öz sevdiyi rənglərdən istifadə etməyi xoşlayır. Maraqlıdır ki, bu il həm də zövqsüz insanların ilidir. Dizaynerlər elə düşünüblər ki, hətta zövqsüz geyinən insanlar belə dəbli görünəcəklər. Məsələn, ağ ayaqqabı ilə qəhvəyi çanta, qızıl sırğa ilə gümüş qolbağı və s. Bir-birinə heç bir dəxli olmayan rənglər, geyimlər dəbdə olacaq. Mən inanıram ki, bu dəbi tez qəbul edəcəklər.

- Siz bayaq dediniz ki, qara geyimi hansısa problemini gizlətmək üçün geyinirlər. Zülfiyyə Xanbabayeva demək olar ki, həmişə qara rəngli paltar geyinir...

- Zülfiyyə xanım çox qapalı, kompleksli, utancaq xanımdır. Onun dənizə getdiyini, çimərlik paltarı geyindiyini görmək mümkün deyil. Amma fikir verəndə görürsən ki, parlaq rənglərdən də istifadə edir. O cür paltar geyinəndə də köklüyü hiss olunmur. O saat deyirlər ki, Zülfiyyə xanım arıqlayıb. Geyim insanın xasiyyəti deməkdir. Geyiminə baxanda bilmək olur ki, bu xanımın nə problemi, nə düşüncəsi var.

- Hazırda hansı müğənni ilə işləyirsiniz?

- Heç kimlə. Bir çox insan məndən soruşur ki, niyə müğənnilərlə işləmək istəmirəm? Çünki müğənnilər tamam başqa, mənə uyğun olmayan insanlardır.

- Nə mənada?

- Bizim müğənnilərin çoxu çalışır ki, ancaq öz gözəlliklərini göstərsinlər. Amma gözəllikdən əlavə sənət, səs, şou olmalıdır. Bir də görürsən ki, hansısa müğənni yanıma gəlib deyir, “məni geyindir, saçımı, makiyajımı düzəlt”.
Deyirəm “əvvəl mahnınıza qulaq asım, ona uyğun nəsə edim”.
Bunu qəbul etmək istəmirlər. Belə şeylərə görə mən müğənnilərlə işləyə bilmirəm. Hazırda mən yalnız “Next” qrupu ilə çalışıram. Mən nə deyirəmsə, onu da edirlər. Çünki öz görünüşlərini mənə həvalə ediblər. Stilist kimi etibar ediblər. Amma müğənnilər stilistləri ciddi qəbul etmirlər. Bu, bizim işimizdir, buna görə pul alırıq, ideyalarımızı ortaya qoyuruq. Bildiyimizi edirik, sonra da bəyənmirlər.

- “Eurovision”-ın seçim turunda Səfurə Əlizadənin makiyajını sən etmişdin. Deyəsən o da işini bəyənməmişdi.

- Orda cəmi 2 usta vardı – Anar Atakişiyev və mən. Mənə dedilər, Səfurənin imicini dəyişim. Mən bunu etdim. 5 dəqiqə ərzində çıxdı yuxarı, mənim etdiyim makiyajı pozub, özü istədiyi kimi çəkdi. Mən onun gözlərini böyütmüşdüm, kölgə çəkmişdim, üzünə uyğun makiyaj etmişdim. O isə tam pozmasa da, nəzərə çarpan dəyişikliklər etdi. Kölgələri pozdu, gözünə “quş” çəkib uzatdı. Əgər gözün uzundursa, onun nəyini uzadırsan? Əgər sən özünü Beyonsa oxşatmaq istəyirsənsə, onda niyə “Eurovision”a gedirsən? Sənin adın Beyons, Ledi Qaqa deyil, Səfurədir. Sən özünə oxşamalısan, başqasına yox. Hər iştirakçının öz “kaprizi” var. Olduqları kimi görünmək istəyirlər. Belə olmur axı. Sən evində, hansısa şou-proqramda, kiçik tədbirdə özün kimi görünə bilərsən. Amma burda mənim adım gedir axı. Çoxu dedi ki, Səfurənin gözləri uzun görünürdü, “quş”u çox çəkilmişdi? Onları necə başa salmaq olar ki, mən etməmişəm. Özü gedib dəyişib. Mən artıq 15 ildir, bu sahədə çalışıram. Səfurə isə 2 ildir sənətdədir. Səfurə orda mənə qarşı hörmətsizlik etdi.

- Yeri gəlmişkən, o müsabiqənin iştirakçılarının əksəriyyətinin geyimi bəyənilmədi. Bəziləri dedi zövqsüzdü, bəziləri dedi vulqar, açıq-saçıqdır. Elə Səfurənin də geyimi tənqid hədəfinə çevrilmişdi.

- Professionala müraciət etmək lazımdır axı. Səfurə özü demişdi ki, belə görünmək istəyir. Çünki Səfurə özünə yox, Ledi Qaqaya, başqa müğənniyə oxşamaq istəyir. Səfurə gənc müğənnidi, onun ixtiyarı yox idi, desin “mən belə geyinməliyəm”. Onu da deyim ki, əgər mən Səfurəni geyindirsəydim, heç vaxt onun ayaqlarını açmazdım. Çalışardım milli elementlərimizdən müasir şəkildə istifadə edəm. Bu, çox vacibdir. Bəli, Səfurə qəşəng qızdır, boy-buxunu, hər şeyi yerindədir. Amma bu o demək deyil ki, mən onu soyundurmalıyam. Mən tamam başqa bir şey edərdim. O Azərbaycanın mədəniyyətini dünyada təmsil edəcək. Həm səsi, danışığı, səhnə mədəniyyəti, həm də geyimi ilə. Orda qalacağı müddət ərzində bütün dünya jurnalistlərinin qarşısına çıxacaq. Onun üzərində elə işləmək lazımdır ki, görsünlər, Azərbaycanın necə zövqlü xanımları, dizaynerləri var. Ancaq ayaqlarını nümayiş etdirməklə deyil. Mən artıq neçə ildir, o müsabiqənin aparıcısı Hüsniyyə ilə çalışıram. Əgər o qız müğənni olsaydı, çox qabağa gedərdi. Çünki imicdən, stilistdən qorxmayan, komplekssiz insandır. Əslində belə olmalıdır. Məncə, müğənni, sənət adamı heç nədən utanmamalıdır.

- Niyə onlarla xarici stilistlər məşğul olur, bizimkilər yox? Bizdə o səviyyəli stilist yoxdur məgər?

- Çünki bizə inanmırlar. Bu da o cür xırda söz-söhbətlərdən yaranır. Məsələn, Səfurənin geyiminin mənə heç bir dəxli yoxdur. Amma hər yerdə söz yayılıb ki, onu açıq-saçıq geyindirən Samir Əliyevdir. İndi soyunmaq yox, geyinmək dəbdədir. Ona görə mən çalışardım ki, Səfurəni buna uyğun geyindirim. Göstərərdim ki, Səfurə çoxlarının dediyi kimi arıq yox, qəşəng Azərbaycan xanımıdır.

- Deyirlər, Səfurə 11-ci sinif şagirdinə görə yaşından çox böyük görünür.

- Stilistlər onun uşaqlığını gizlədib yaşından böyük göstərməyə çalışırlar ki, insanlar ona hörmətlə yanaşsınlar. Onun ağlı uşaq kimidir, bir söz desən, o saat ağlayacaq. Sadəcə olaraq, tez bir müddətdə və öyrənməyə-öyrənməyə birbaşa səhnəyə çıxdı. O, indi heç nə bilmir. Neçə ölkə müğənnisinə rəqib olacaq. Amma hamı onu yenə də uşaq kimi qəbul edəcək. 17 yaşlı bir qızın dünya arenasına çıxması bəlkə də insanları şoka salası bir nüansdır. Bəlkə də Səfurənin uğursuzluğu səhnəyə tez çıxmasındadır. İnsanlar nəyə görə onu qəbul etmirlər? Çünki o pillə-pillə yüksəlmədi. İradə İbrahimova, İzzət Bağırov, Tünzalə Ağayeva və başqaları tədricən sənətdə uğur qazandılar. Mən münsiflər heyətini də qınamıram. Şou göstərdiyinə, gənc olduğuna görə birinciliyi əldə etdi.

- Sən münsif olsaydın, kimi seçərdin?

- Mən Məryəm Şabanovanı seçərdim. Çünki Məryəm çox savadlı, ağıllıdır. Vaqif Gərayzadə məktəbi keçib. “Bakı payızı”nda olub. O fikirləşdi ki, artıq yaşı da, sənət imkanları da bu müsabiqədə iştirak etməyə imkan verir. Yüksələ-yüksələ gəldi, lakin finalda düşdü. Bu onun üçün zərbədir. Məhz buna görə bir çox ulduzlar bu müsabiqədə iştirakdan imtina edir. Məsələn, Röya Səfurə ilə birlikdə finala çıxsaydı və ona uduzsaydı, onun kimi bir müğənniyə böyük zərbə dəymiş olardı. Vaqif Gərayzadə, “W trio” məktəbi keçmiş, zəhməti ilə yüksəlmiş bir müğənninin 11-ci sinif şagirdinə uduzması stresslə, depressiya ilə nəticələnirdi. Maraqlı bir şey də var ki, bütün dünya bu müsabiqəni o qədər də ciddi qəbul etmirlər. Amma bizdə əksinədir.

- Bizim müğənnilərdən hansının imicini, görünüşünü bəyənirsən?

- Mən Nuranın imicini, geyimini olduqca bəyənirəm. Səhnəyə yaraşan xanımdır. Efirdə ona baxanda geyimindəki düzgünlüyü görünür. Bahalı və bədəninə uyğun geyinir. Həmişə bədən quruluşuna fikir verir, qarnı çıxmır.

- Elə bircə Nuranı bəyənirsən, başqası yoxdur?

- Başqa bəyəndiyim yoxdur.

- Deməli qalan müğənnilərin hamısını zövqsüz hesab edirsən.

- Bəli, zövqsüz hesab edirəm. Mən yenə deyirəm, zövqsüz olmaq ala-bula geyinmək demək deyil. Əlbəttə ki, hər bir xanım öz yaşına uyğun görünməlidir. Məsələn, İradə İbrahimova son vaxtlar yaşından çox böyük görünür. Özü də əvvəl onun zövqünə heyran qalırdım. Dünyanın ən yaxşı dizaynerlərinin geyimlərini geyinir. Amma yaşına, mahnısına, səsinə baxanda ona heç uyğun gəlmir. Ailə qurandan sonra onun geyimini bəyənmirəm. Amma Nura da ailəlidir. Özü də 3 uşaq dünyaya gətirib. İradənin isə hələ heç biri də yoxdur. Samira da xoşuma gəlir. Özünə fikir verir. Kökəlmir, düzgün, sadə geyinir. Başqa zövqlü saydığım müğənni yoxdur.

- Bəs ən zövqsüz kimdir, sənin fikrincə?

- Kim deyil axı? Biri elə Şəbnəm Tapdıq. Mən hələ ondan zövqsüzünü görməmişəm. Mən elə bilirdim ki, ən zövqsüz Mətanət İsgəndərli ilə Nüşabə Ələsgərlidir. Amma onlara şükür.

- Bəs hansısa müğənni imicini dəyişmək məqsədilə sənə müraciət etsə, razılıq verərsən? Bayaq dedin ki, heç biri ilə hazırda işləmirsən.

- Yox, razılaşmaram. Mən qarşıma məqsəd qoymuşam ki, hansısa müğənni ilə işləyib özümə reklam qazanmayacağam. Çünki mənim ideyalarım var. Artıq məni tanıyırlar. Mən bilirəm ki, sabah hansısa müğənni mənimlə işləmək istəsə, orda başqa məqsəd var – onu tənqid etməyim. Əgər Azərbaycanda Ledi Qaqa kimi müğənni olsa, onunla işəməyə razı olardım. İndi “Next” qrupu ilə çalışıram. Nə deyirəmsə, onunla da razılaşırlar. Amma hansısa müğənnini bəzəyim, mən çölə çıxan kimi də öz istədiyini eləsin, belə olmur. Ona görə istəmirəm.

- Belə müdaxilələr çox olur?

- Olduqca çox. Heç bir müğənni öz imicini stilistə tam həvalə etmir. Müğənninin mahnı cəhətdən zövqü ola bilər, amma geyim baxımından yox. Götürək elə Brilliant Dadaşovanı. Brilliant Dadaşova çox zövqsüz xanımdır. Zövqü yoxdur, maraqsızdır. Amma səsinə qulaq asanda hər şey yaddan çıxır – zövq də, geyim də. Brilliant xanımla da işləyən var. Ruxa dəfələrlə mənim yanımda məcbur edib, “Brilliant xanım bu koftanı geyin”, deyib “yox, geyinə bilmərəm”. Onda kompleks var. Başı çıxan adam ona nə qədər deyirsə də, elə öz bildiyini edir, geyinir.


- Səncə, bu müdaxilələr, etibarsızlıq hardan qaynaqlanır? Ola bilərmi ki, konkret elə sənin haqqında deyirlər ki, “özü məgər zövqlə geyinir ki, bizi də zövqlə geyindirsin?”

- Elədir. Mən axı adi insan kimi geyinməməliyəm. Mən elə geyinməliyəm ki, bu, yenilik olmalıdır. Bəyənənlər də var, bəyənməyənlər də. Bəyənməyənlər zövqsüz adamlardır. Dəbdən biraz başı çıxanlarsa bəyənir. Rəqsanə verilişlərin birində demişdi ki, “Samir özü nədir ki, hələ bizi də geyindirsin”. Rəqsanə, Məhəbbət Kazımov, Fərda kimi insanlar mənə zövqsüz deyəcəklər də. Məni necə zövqsüz adlandırarlar ki, heç kimin etmədiklərini edirəm. Saçımı saraldıram, başıma “nakolka” vurdururam, eynək, bahalı şərflər taxıram. Məndən sonra neçə müğənni şərf, eynək taxdı. Deməli bəyənirlər də. Bəyənməsələr, zövqsüz olsa etməzlər də.

- Müğənniləri bəyənmirsən, bəs aktrisalardan necə, imicini normal qəbul etdiyin biri var?

- Mən hardasa 1995-ci ildə Məleykə Əsədovanı bəyənirdim. Bayram tədbirlərinin birində aktrisalar içində ən yaxşı geyinən o idi. Bir ildən sonra xoşuma gəlmədi. İndiyə qədər də belədir. Axırıncı dəfə Naibə Allahverdiyeva ilə verilişə çıxmışdım. Çox zövqsüz geyinmişdi. Parik taxıb Kleopatra obrazı yaratmışdı. Bəzən aktrisalara baxanda elə bilirsən ki, bu dəqiqə qrimdən çıxıb. Adi həyatda da səhnədəki kimi olurlar. Parikdə necə küçəyə çıxa bilərsən? Bu, dünyada qəbul olunmamış haldır. Vəfa Zeynalova da xoşuma gəlmir. Onu görəndə kanalı dəyişirəm. Məni heç cəlb etmir.

Mən ümumiyyətlə onu demək istəyirəm ki, qadın eybəcər olmur, gözəl olur. Ancaq o gözəlliyinizi dəyərləndirməsəniz, çirkin vəziyyətdə nümayiş etdirsəniz, uduzarsınız. Gözəlliyinizin, sağlamlığınızın, cavanlığınızın qədrini bilin, qiymətləndirin. Həyatı sevin. Çünki hər dəqiqə ömürdən gedir.

Xəyalə MURADLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1739

Oxşar yazılar

© 2007 - 2024 Bütün müəllif hüquqları qorunur.