Rövşən Cahangirov: “Məni daha çox Elnarənin həyat yoldaşı kimi tanıyırlar”
02 mart 2010 12:30 (UTC +04:00)

Rövşən Cahangirov: “Məni daha çox Elnarənin həyat yoldaşı kimi tanıyırlar”

Lent.az-ın “Yaxın adam” rubrikasının qonağı müğənni Elnarənin həyat yoldaşı Rövşən Cahangirovdur.


- Hələ indinin özündə də sizin evliliyinizi gözlənilməz və təəccüblə qarşılayanlar var: Elnarə şux, deyib-gülən, Qərb düşüncəli, Rövşən isə ciddi və mentalitet şüurlu.

- Bilirsən necədir, bu da maraqlıdır, çoxu fikirləşir ki, Qərbdə ciddi adam yoxdur. İnsanlar məqsədyönlü olmalıdır. Bir insan ömrünün sonunadək ciddi ola bilməz. Və yaxud insan ömrünün axırınadək şən ola, hamının üzünə gülə bilməz. Elə insan var ki, onunla gülüb danışırsan, zarafat edirsən, elə insan var ki, özünə heç yaxın buraxmırsan. Elə yer var ki, orda ciddi olmalısan, elə yerə də var ki, səmimi olmalısan. Elə yer var ki, sən orada sadəcə özünü göstərməlisən.

Yaşım Elnarədən çoxdur. Hər halda bu şou-biznes, mədəniyyət, televiziya sahəsində stajım da çoxdur. Elnarə tədricən bu gün artıq mənim bir neçə il əvvəl olduğum yaşa çatdıqca, o da başa düşür ki, hamının üzünə gülmək olmaz, hamı ilə zarafat etmək olmaz. Ona görə də əslində biz fərqli-fərqli yaşlarda idik, mən də 22-23 yaşımadək Şən və Hazırcavablar Klubunda oynayırdım, məni gülərüz, zarafatcıl oğlan kimi tanıyırdılar. Amma yaş öz sözünü deyir. Yaşa dolduqca yerini seçirsən. Burda gülə bilərəm, burda gülə bilmərəm. Burda zarafat edə bilərəm, burda zarafat edə bilmərəm. Ona görə də düşünmürəm ki, biz fərqli insanlarıq. Biz əslində eyni insanlarıq. Sadəcə fərqli zamanlarda görüşmüşük. O yaşının az vaxtında artıq populyar idi, mən bir az keçəndən sonra bir az tanınırdım. Elnarə 23 yaşında ciddi ola bilməzdi ki, o yaşının tələbi idi.

- Elnarə ilə evləndikdən sonra onun populyarlığını öldürmədin ki?

- Hər şeyin başlanğıcı və sonu var. Ay batır, günəş çıxır. Hər şeyi Allah yaradır. Biz baxdığımız zaman hər şey eyni olur. Ola bilsin ki, mənimlə Elnarənin münasibətlərindən sonra Elnarənin baxışları başqa bir istiqamətə yönəldi. Amma bu o demək deyil ki, mən onun populyarlığını öldürdüm. Ucuz populyar olmaqdansa, bir şeylə tarixdə qalmaq daha yaxşıdır. Bu gün Azərbaycanda nə qədər populyar insan var ki, populyar olum deyə, hər şey edirlər, amma insanların ona nifrəti artır. Mən hesab edirəm ki, qadın üçün müqəddəs bir şey ana olub övladını böyütməkdir. Bu gün Elnarə bütün bunlara nail olub və bir qadının bundan böyük uğuru ola bilməz.

- Evlilik dönəmində Elnarəyə hansısa qadağaların - “Artıq bitdi!” dediyin nəsə olub?

- Mən elə insanam ki, hətta özümə belə qadağa qoymuram. Çünki nəyə ki qadağa qoyursan, insan o istiqamətə də meyl edir. Özümə kifayət qədər qadağalar qoyublar deyə, həyat təcrübəmdən görmüşəm ki, bu qadağalar məni çəkib. Ona görə də nəinki Elnarəyə, heç övladlarıma da qadağa qoymaq fikirmi yoxdur. İnsanı başa salıb deyəndə ki, bunu etmə, açıqlayıb şərh gətirəndə, hətta razılaşmayanda ona bunu etməsinə imkan verirsən və sonra səhv edəndə xatırladırsan və deyirsən, “yadındadı, mən sənə bunu bir il əvvəl demişdim...” Artıq o insan başa düşür ki, bunu kənarda baxan daha yaxşı görür.
Olub ki, çox vaxt mən Elnarəyə nəyisə başa salmışam və o başa düşüb ki, həqiqətən bunu etmək olmaz. Amma belə konkret qadağa qoymamışam. “Belə geyinmə, orda oxuma”, belə şeylər olmayıb.

- Sizin ailəyə baxanda istər-istəməz səni dominant görürük. Elə bir istiqamət varmı ki, orda Elnarə səndən daha üstün olsun?

- Əslində bu sualı cürbəcür sahələrə bölmək olar. Sən hansı tərəfdən yanaşırsan, mən elə o tərəfdən cavablandırım?

- Ailədaxili.

- Bizdə ailə içində dominantlıq yoxdur. Uşağa bu lazımdırsa, olacaq. Ola bilsin mən gedim mağazaya, hansısa bir oyuncaq xoşuma gəlsin, uşağa alıb gətirim. Ürəyim istəyir ki, Burlanı götürüm, aparım şəhərə gəzməyə. Hətta burda belə mən evdə deyirəm, ki, uşaq mənimlə gedəcək. Ola bilər ki, mənə desinlər, bu gün Burlanın peyvəndi olacaq, yaxud bu gün evdən çölə çıxmayacaq. “Yox! Mən dediyim olmalıdır” deyə fikir yoxdur.
Ailəyə lazım olan hər şey bizdə məsləhətlədir. Misal üçün, mebel lazımdır, oturub danışırıq. Niyə lazımdır, hara qoyacağıq? Mənim cibimdə pul var, mən bunu alım, yaxud da Elnarə pərdəni dəyişmək istəyir. Təktərəfli heç nə yoxdur. Ən adi məişət problemlərindən danışıram. Misal üçün, evə bazarlıq edəndə anam kağıza yazır, qoyur stolun üstünə, lazım olanda mən alıram. Mən əslində evdə bir vasitəçiyəm. Ola bilsin kənardan elə görünür, ki mən Elnarədən üstünəm. Amma evin içində sırf məişət problemlərini götürəndə, heç vaxt demirəm, bu olar-bu olmaz. Mən və Elnarə istəyirdik, bu il Burlanı uşaq bağçasına qoyaq, amma anam qoymadı, çünki bu il çoxlu xəstəlik var idi. Qərar belə oldu ki, Burla bu il bağçaya getməyəcək. Vəssəlam, ailədə qərar qəbul olundu ki, uşaq getməsin.

- Mən bilirəm ki, ilkin mərhələdə böyüklər sizin evlənməyinizə qarşı çıxıb. Elnarə onları necə inandırdı?

- Elnarə onları inandırmadı ki... İnandıra da bilməzdi, çünki mənim valideynlərimi tanımırdı. Mən elə insanam ki, hər şeyi illərlə zamana buraxa bilərəm. İnsanı tanımaq lazımdır ki, ona qiymət verəsən. Əslində mən insanı ilk baxışdan tanıyıram və yanılmıram. Evdə bir problem var idi ki, bu müğənnidir. Cəmiyyətdə də müğənnilərə olan fikir təbii ki, insanların qarşısında bir baryer kimi dayanır. Danışdıqca, ünsiyyətdə olduqca daha yaxından bələd olursan. Mən inandırmadım. Hətta inadkarlıq da etmədim. Hər dəfə söhbət düşdükcə vaxtı uzatdım. Vaxt uzandıqca, zaman bizi yetişdirdi, pis və yaxşı tərəflərimizi açdı, insanlar bir-birlərinə yaxınlaşdı.

- Elnarənin rəfiqələri subay vaxtı ünsiyyətdə olduğu insanlardır, yoxsa artıq çevrəsi dəyişib?

- Dostlar həmin dostlardır, amma yoldaşlar bir az azalıb.

- Dostu var?

- Onun ən yaxın rəfiqələri şou-biznesə aidiyyəti olmayan insanlardır. Onlarla ailəvi dostuq, mən də onların həyat yoldaşları ilə dostluq edirəm.

- Evdə tez-tez dalaşırsınız?

- Yox, heç vaxt dalaşmamışıq. Xırda mübahisələrimiz olub, olub, “evə niyə gec gəlirsən, nə çox idmana gedirsən...” Və yaxud Elnarə harasa gedib mən narahat olmuşam, telefonuna zəng çatmayıb. Mübahisə olub, dava etməmişik. Bax, səmimi deyirəm, dava etməmişik. Bəlkə də tək yaşasaydıq ola bilərdi, onun üçün mühit yoxdur. Evdə nənəm, anam, qardaşım var. Mühit hətta dava salmaq istəsən belə, buna imkan vermir, istəsən belə!

- Elnarədə təbiətcə həlimlik var, amma sən daha iddialısan. Mənə elə gəlir ki, Elnarə sənə daha çox güzəştə gedir, nəinki sən ona... Müğənninin öz kaprizləri var, əslində bəlkə başqa cür olmalı idi. Nədənsə mənə elə gəlir ki, güzəştə gedən tərəf odur.

- Baxır, nədə güzəşt ...

- Mən bir dəfə sizin mübahisəli bir mövzuda söhbətinizin şahidi oldum. Elnarə o mövzunu elə sakit şəkildə sonlandırdı ki, mən olsaydım, tamam başqa şəkildə reaksiya verərdim.

- Elnarənin sevdiyim xüsusiyyətlərindən biri də odur ki, yaxından tanış olmadığı bir şeyin heç vaxt mübahisəsini etmir. Məni tez qıcıqlandırmaq olar, o isə əmin olmadığı bir şeyi etmir. O bilir ki, bax bu telefon danışmaq üçündür, ancaq danışır, bununla şəkil çəkmək lazımdır, çəkir. Başqa cür istifadə etmir. O ikisi bir yerdə olan şeyləri xoşlamır. Həm fotoaparat alacaq, həm videokamera. Mən onu mübahisəyə çəkirəmsə belə, görür ki, istəyirəm diskussiya edəm, deyir hə, belə istəyirsən, belə olsun. O demək deyil ki, həmin vaxt Elnarə razılaşır.

- Gizli siyasət işlədir, hə?

- Yox gizli siyasət deyil e, əslində onun xarakteri odur. Çox yaxşı xüsusiyyətdir. Mən də musiqidə onunla mübahisə etmirəm, çünki onun kimi bilmirəm.

- Bəs onun sevmədiyin hansı xüsusiyyəti var, hansı ki sən sevmirsən və səni təbdən çıxarır?

- Mənim? Hə var, çox ləngdir. Bax, işdən çıxıb zəng vururam ki, gəlirəm çıxırıq. Bu sözü artıq indi deyirəm. Əvvəl isə belə deyildi. Bilirəm ki, mən gələnə qədər ancaq hazırlaşar. Bəzən gəlirəm ki, hazır deyil, hələ hazırlaşır. Hər dəfə buna görə hirslənirəm, özümdən asılı olmur- “sən nə vaxt vaxtında evdən çıxacaqsan?”...

- Uşaqlar kimə bənzəyir?

- Vallah nə deyim, hərə birinə oxşayır.

- Burla sənə oxşayır.

- Burla mənə oxşayır. “Qaqaş” (oğlunu nəzərdə tutur) mənim atama daha çox bənzəyir. Demək olmaz ki, Burla 100 faiz mənə bənzəyir. Əsas xarakteri mənə oxşayır. Elə cizgiləri var ki, baxırsan Elnarədir. Evdə bizdə Elnarənin də uşaqlıq şəkli var, Burlanın da. Heç kim seçə bilməz ki, bu Burladır, bu Elnarə.

- Uşaqların kimə oxşamasını istəyirsən, səmimi de.

- Mən istəyirəm ki, uşaqlar fərqli olsun, nə mənə oxşasın, nə Elnarəyə. Qoy özləri olsun.

- Burlanın müğənni olmasını istəyərsən?

- İstəyərəm yox e, qoymaram.

- Niyə? Həyat yoldaşın müğənnidir, hər halda bu sənəti qəbul etmisən ki, evlənmisən də...

- Söhbət müğənnilikdən getmir. Mən televiziyada işləyəndə peşəkarlar işləyirdi. Televiziyada təsadüfi adamlar 5-10 nəfər olardı. İndi mən müğənnidən heç danışmıram, telekanaldan içəri girib 5-10 nəfər peşəkar görəndə həqiqətən də sevinirsən. Müğənnilər də belədir. Mənim istəyim odur ki, qızım həkim olsun. Ola bilsin ki, sabah başqa sahəni seçsin. Ola bilsin, elə bir zaman gələcək ki, Azərbaycanda həkimə münasibət bugünkü kimi olmayacaq. İnsan harda olur-olsun, cəmiyyətdə hörmətli yerdə olsun.

- Elnarəni zaman-zaman qalmaqallarda görüncə necə reaksiya verirsən?

- Baxır nəyə də. Elə qalmaqal var ki, bilərəkdən yaranıb. Bizim vaxtilə jurnalistlərlə münasibətimiz pozulub, o da jurnalistləri toya buraxmadığımız üçün...

- Yox, bəzən olub ki, müğənnilərin hansısa Elnarəyə nəsə deyib, o da bir şəkildə cavab verib.

- Mən inanmıram ki, Elnarə hansısa bir müğənninin cavabını qaytarsın. Deyir, sən sözünü de, yiyəsi götürsün.

- Elnarənin əlindən hazırlanan hansı dadlı xörəyi yemisən? Ümumiyyətlə yemək bişirməyi bacarır? Yemək bişirir?

- Bişirir. Yaxşı bulqur plovu hazırlayır, xoşuma gəlir, həqiqətən.

- Bəs sən onun üçün nə vaxtsa yemək hazırlamısan?

- Mən əslində yemək hazırlamağı çox sevirəm...

- Amma uzaqdan görünüşün çox çaşdırır. Hər şeyə mental düşüncə tərzi ilə yanaşan insan kimi görünürsən.

- Mən özümü inkişaf etmiş azərbaycanlı kimi görürəm. Mən Azərbaycanı, Azərbaycan sənətçisini fantastik görmək istəyirəm. Qayıdıram sənin birinci sualına, mənim üçün qəbul olunan və qəbul olunmayan, yaxın olan və yaxın olmayan şeylər var. Azərbaycanda rahat yaşamaq üçün lazım olan formanı yaratmaq lazımdır, lazım olanda ciddi, ailədə rahat, sərbəst, bəzi yerlərdə qapalı... bizdə hər şey başqadır.

- Rövşən Cahangirov –Elnarənin həyat yoldaşını tez tanıyırlar, yoxsa, Elnarə- Rövşən Cahangirovun xanımını?

- Məni daha çox Elnarənin həyat yoldaşı kimi tanıyırlar, kütləvi olaraq. Amma mənim sferam elə Rövşən kimi tanıyır.

- İçində narahatlıq yoxdur ki? Bircə bu təqdimatdan qurtulsaydım...

- O olmayıb. Bir var, insan tanınmaq, cəmiyyətdə özünü tanıtmaq istəyir, narahatdır. Mən axı narahat deyiləm. Hər şeyə sıfırdan başlaya bilərəm. Özümə arxayın adamam. Vaxt var idi, məni Emin Musəvi ilə səhv salırdılar. Olub ki, onun adından avtoqraf da vermişəm. Onu da mənimlə qarışıq salıblar. Bu da məni narahat etmir. O qədər şayiələr olub. Narahat o insan olur ki, özünə arxayın deyil. Əsas odur ki, ailəmdə bilirlər, Elnarənin və mənim qohumlarım bilir ki, əslində bütün görünənlər bu deyil, Rövşən və Elnarə var... Mən aşağıdan biri olsaydım, Elnarə ilə evlənməzdim.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11238

Oxşar yazılar